Məhkəmə qərarları › İş №1(011)-58/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-58/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-58/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkum olunmamış, Neftçala rayonu, Xolqaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ. Hacıyev küçəsi ev 51-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs etibardan sui istifadə etməklə və aldatma yolu ilə Zərərçəkmiş şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinə sürücü kimi işə düzəldəcəyinə yalandan vəd verib hissə-hissə olmaqla ondan xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən "xxxx" MMC-nin binasının qarşısında 400 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, 16 oktyabr 2021-ci il tarixdə 700 manat, 20 oktyabr 2021-ci il tarixdə 1000 manat, 01 noyabr 2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 500 manat, xx.xx.2021-ci il tarixdə 400 manat və sonuncu dəfə 15 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Billur» kafesində 400 manat, cəmi 10400 (on min dörd yüz) manat pul vəsaitini vahid niyyət ilə əhatə olunan qəsdlə almış, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs cəmi 10.400 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri aradan qaldırmış, onunla barışmış, dövlət büdcəsinə vurulmuş zərərin 25%ni, yəni 2600 manat ödəniş etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: 06 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilib, cinayət işi başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs nüraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış 80/23 nömrəli material üzrə 28 yanvar 2023-cü il tarixli qərarı ləğv edərək fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır.(i.v 1) xx.xx.2022-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, götürülmüş 01 ədəd CD-R diskdə 15 ədəd audiofayı aşkar olunur. Baxış zamanı həmin fayllarda Təqsirləndirilən şəxs səsi eşidilir və ümumi audiofayllarda olan yazılarda eyniməzmunlu monoloq olan Həbibin Bəhruza olan «borcunun» qaytarılmasına dair vədlər səslənir(i.v 31) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 52) 06 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsi və barəsində qətimkan tədbiri seçilməsi, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə diskə baxış protokolu və digər sənədlər sübut növü kimi qəbul edilməsi, Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd CD-R disk maddi sübut kimi tanınması və iş materiallarında əlavə edilməsi qərara alınmışdır(i.v 77-81) 07 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v 89-90) 07 oktyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 101)  "xxxx" ASC-nin 21903 saylı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən(1000 AZN) (i.v 104), 11950 saylı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən(200 AZN)(i.v 104), 25532 saylı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən(1300 AZN), 11672 saylı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən(100 AZN) Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 2600 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir;  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İ cild, i.v.64). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4,39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli,01 ədəd CD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD-R disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar