Məhkəmə qərarları › İş №1(011)-580/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-580/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-580/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə istintaqla məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, 01 şəffaf rəngli sellofona bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,301 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılıb, ünvan 4erləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində saxladığı 0,301 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 2 ildən çoxdur ki, narkotik vasitə istifadə etmirdi. Ağrıları olduğu üçün istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonunu “Kubinka” adlanan yerdən şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 15 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Saat 18:00 radələrində ünvan 6 ünvanının qarşısında iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, onu 37-ci Polis Şöbəsinə dəvət etmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmiş, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəfaff rəngli sellofona bükülmüş bükümdə olan heroini çıxardıb təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alaraq şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmiş, onların ibtidai istintaq zamanı verdikləri ifadə elan edilərək tədqiq edilmişdir. İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə şöbənin ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvü isə şöbənin sahə rəisi polis mayoru Şahid2 idi. 12 sentyabr 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Xətai rayonu, ünvan 7 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığı üçün onu saxlamış, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və o, özünü xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra onu 37-ci polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, onun, müdafiəçinin, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı Kamran Əhmədov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya və ya iş üzrə əhəmiyyət kəsb edəcək digər sənəd və əşyalar olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunu və 01 ədəd şəffaf selofona bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni, sol cibindən isə 2 AZN pulu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı narkotik vasitələri hansı məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmiş, daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, 01 ədəd bükümdə olan heroinə bənzər kütlələrin isə ümumi çəkisinin 0,42 qram olması müəyyən edilmiş, həmin narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmiş, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirsə də sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülü zərfə qoyularaq qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı və digər polis əməkdaşları tərəfindəm imzalanmışdır. İş üzrə Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstündə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunu və içərisində olan 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Daha sonra həmin ağ kağızın içərisində olan şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 6/5123 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs-imza, üç- imza; Tərtib etdi: X1- imza... “ yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,301 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (Tədqiqatdan sonra qalıq 0,251 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin 27 sentyabr 2022-ci il tarixli 5562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd bükümdə 0.251 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınmışdır. 01 ədəd bükümdə 0.251 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən 01 il 09 ay müddətində azaqlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 09 ay 04 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Amnitsya haqqqında” Qərarının 5.4-cü bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Nigar Allahquliyeva adlı yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar