Məhkəmə qərarları › İş №1(011)-584/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-584/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-584/2025 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Mohsümzadə Tural Kamran oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2006-cı ildə Cəlilabad rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan iş üzrə barəsində "baqşa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 07 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanında evin yataq otağındakı dolabdan qayınanası Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisindən 5.000 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 5.000 (beş min) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 2024-cü il aprel ayının 22-də Şahid1 ilə ailə arasında yığıncaq edərək, qeyri-rəsmi ailə həyatı qurub ünvan 3 ünvanında yaşayamağa başlamışdır. Zərərçəkmiş şəxs Ramilin anasıdır və birlikdə yaşayırlar. 2025ci ilin yay aylarından etibarən Ramillə ailə münasibətləri korlanmışdır. Bu səbəbdən Ramillə birlikdə yaşamaq istəmədiyini və evdən çıxıb gedəcəyini bildirmişdir. 2025-ci ilin sentyabr ayının sonlarında istifadəsindəki mobil telefonda “Tap.az” internet saytında tanışlıq elanlarında axtarış edərkən “Teymur” adlı şəxslə tanış olub istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəylə “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən danışmağa başlamışdır. İki həftə müddətində Teymurla danışıb tanış olmuşdur. Teymur, onun yaşadığı ailə barədə məlumatları öyrənmiş və Ramillə münasibətinin pis olmasından xəbərdar olmuşdur. 07 oktyabr 2025-ci il tarixdə Teymurla danışarkən ona bildirmişdir ki, Bərdə rayonundan Bakı şəhərinə gəlir. Qayınanası Rayilə, yoldaşı rəhmətə getdikdən sonra təqaüdünü adına keçirib hər ay alaraq həmin pulu yaşadığı evdə yataq otağındakı güzgülü dolabda pul kisəsinin içərisində yığmışdır. 04 oktyabr 2025-ci il tarixdə Rayilə evdə olmayan zaman gizli olaraq həmin pulu saymış və 5.000 manat pul olmasından xəbərdar olmuşdur. Bu səbəbdən 07 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində Rayilənin evin hamam otağında olmasından istifadə edib, gizli olaraq həmin 5.000 manat pulu saxladığı yerdən götürüb evi tərk etmişdir. Həmin vaxt Ramil işdə olduğundan evdə başqa heç-kim olmamışdır. Mobil telefonu Ramil tərəfindən şifrəsi dəyişdirildiyindən kilidə düşdüyü üçün yarasız olduğundan Teymurla zəngləşdiyi evdəki sadə menyulu “Nokia” markalı mobil telefonu götürüb evdən çıxıb, Bakı şəhəri Yasamal rayonu, M.Əcəmidə yerləşən “Başkənd” adlı restoranın yaxınlığındakı parka getmiş və Teymurla görüşmüşdür. Birlikdə həmin ərazidə yerləşən evlərin birində 3 gün müddətində kirayə yaşamışlar. 07 oktyabr 2025-ci il tarixdə Ramil mütəmadi olaraq ona zəng etdiyi üçün saat 20:05-də 102 xidmətinə zəng edib Ramilin onu narahat etməsi barədə məlumat vermişdir. 08 oktyabr 2025-ci il tarixdə oğurluq məqsədi olmadan sədəcə əlaqə saxlamaq üçün evdən götürdüyü “Nokia” markalı mobil telefonu taksi sifariş edib Ramilə göndərsə də 5.000 manatı qaytarmamışdır. xx.xx.2025-ci il tarixdə anası ilə əlaqə saxlamış, anası bildirmişdir ki 35-ci polis bölməsinə barəsində şikayət edilib polis axtarır. Bundan sonra Teymurla birlikdə Bakı şəhəri 20 Yanvar metrostansiyasına gəlmiş və orada Teymur demişdir ki, “sən get polis bölməsinə ehtiyyac olarsa mən də gələcəm”. 10 oktyabr 2025-ci il tarixdə saat 19 radələrində könüllü olaraq 35-ci polis bölməsinə gəlmişdir. 5.000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Teymurun 5.000 manat puldan məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Ramilin qeyri-rəsmi həyat yoldaşıdır və iki ildir eyni ünvanda ailə münasibətlərində yaşayırlar. Əvvəllər aralarında hər-hansı bir ədavət olmasa da Fatimə ilə Ramil mütəmadi olaraq Fatimənin mobil telefonla danışıqlar aparması səbəbindən mübahisə edirlər. Belə olduqda Fatimə telefonunu sındırır və ya evdən çıxıb gedəcəyini bildirir. 2025-ci il oktyabr ayının əvvəllərində Ramillə, Fatimə arasında münasibətlər daha da pisləşmişdir. Həyat yoldaşı Zakir 2020-ci il rəhmətə getdikdən sonra təqaüdü adına keçirib ayda 1.000 manat olmaqla almışdır. Bu yolla həmin təqaüd pulu ilə şəxsi ehtiyyacları qarşılayır. Topladığı 5.000 manat pulu yataq otağımdakı geyim dolabının içərisində saxlamışdır. 07 oktyabr 2025-ci il tarixdə evin birinci mərtəbəsində olarkən Fatimə səhər saatlarında evdən çıxıb mobil telefonu sındığından təmir üçün getmişdir. Fatimənin həmin gün saat 15 radələrində yenidən evə qayıdıb qısa müddət sonra yenidən evən çıxmasını gördükdə ilk öncə qonşuya getməsini baş düşsə də sonradan yataq otağına daxil olub, dolabın qapısının açıq olmasını gördükdə dərhal pulun olduğu yerə baxaraq 5.000 manatın yerində olmadığını aşkar etmişdir. Bundan sonra oğlu Ramilə məlumat vermişdir. Ramil, Fatimə ilə əlaqə saxlayıb evə qayıtmasını, pulu gətirməsinin tələb etdikdə, Fatimə tələblərinə əhəmiyyət verməmişdir. Fatimə evdən çıxan zaman apardığı ümumi olaraq istifadə etdikləri “Nokia” markalı sadə menyulu mobil telefonu sonradan evə göndərsə də hazırda gizli olaraq oğurladığı 5.000 manat pulu qaytarmamışdır. Fatimə evdən başqa heç-bir əşya oğurlamamışdır. Ramil bununla bağlı polisə müraciət etmiş və izahatları alınmışdır. Hadisə üzrə ona 5.000 manat məbləğdə maddi ziyan dəymişdir. Ona məxsus olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 5000 manat pulu bağışlayır və ondan tələb etmir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi həyat yoldaşıdır. 2025-ci ilin oktyabr ayının əvvələrində Fatimə ilə münasibətləri pozulmuşdur. 04 oktyabr 2025-ci il tarixdə yaşadığı evdə olarkən Fatimənin mobil telefonla danışması ilə bağlı aralarında sözlə mübahisə baş vermişdir. Fatimənin mobil telefonunun şifrəsini dəyişdirdiyi üçün şifrəni səhv yığması səbəbindən telefon bloka düşmüşdür. 07 oktyabr 2025-ci il tarixdə Fatimə bildirmişdir ki, mobil telefonu təmirə aparacaqdır. Həmin gün işdə olarkən saat 17 radələrində yaşadığı evə gəlmişdir. Rayilədən Fatimənin harada olmasını soruşduqda, Fatimənin yataq otağındakı 5.000 manat nağd pulu oğurlamasını və evdən çıxıb getdiyini bildirmişdir. Fatimə evdən çıxan zaman mobil telefonu işləmədiyindən, evdəki sadə menyulu “Nokia” markalı mobil telefonu apardığından həmin telefona zəng edib harada olmasını soruşub evə qayıtmasını tələb etmişdir. Fatimə telefonda bildirmişdir ki, “sənə nə var haradayam, özümə yeni həyat qurmuşam”. Eyni zamanda Fatimə 102 xidmətinə zəng edib guya narahat etməsini bildirmişdir. Sonradan Fatimə “Nokia” markalı mobil telefonu taksi vasitəsi ilə ona qaytarmışdır. İş üzrə ona hər-hansı maddi ziyan dəyməmişdir. Maddi ziyan anasına dəymişdir. Həmin pulu anası rəhmətə getmiş atasının təqaüdündən aylıq olaraq əldə edib həm ailə ehtiyaclarına xərcləmiş həm də, toparlamışdır. Fatimənin evdən oğurluq edərək getdiyi 3 gün boyunca harada olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin sentyabr ayında internet saytında tanışlıqla bağlı ***-***-**-** saylı mobil nömrədən elan yerləşdirmişdir. Sentyabr ayının sonlarında ***-***-**-** saylı mobil nömrədən həmin elanla bağlı Fatimə adlı qız onunla mesajlaşıb danışmağa başlamışdır. Tanışlığı təxminən iki həftə davam etmiş və Fatimə ona ailəsində problemlər olmasını, yaşadığı evdən çıxmaq istəməsini bildirmişdir. 07 oktyabr 2025-ci il tarixdə Bərdə rayonundan Bakı şəhərinə gəlmiş və Yasamal rayonu, M.Əcəmidə yerləşən parkda Fatimə ilə görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra kirayə mənzil tapmış və orada 3 gün Fatimə ilə birlikdə yaşamışdır. Fatiməyə mütəmadi olaraq zəng gəldikdə bilmişdir ki, Fatimənin ailəsi var və polis tərəfindən axtarılır. Belə olduqda Fatiməni polis bölməsinə getməsi üçün yola salmışdır. Fatimə ona bildirmişdir ki, əvvəllər də belə bir halla rastlaşıb, gedib məsələni həll edib qayıdacaqdır. O, Fatiməyə gələrkən evdən pul götürməsini deməmiş eyni zamanda, Fatimə, ona 5.000 manat məbləğdə pul verməmişdir. Birlikdə qaldığı 3 gün müddətindən Fatimədə pul olub-olmaması barədə məlumatı olmayıb və görməmişdir. Fatimə getdikdən sonra polislər tərəfindən çağırıldıqda məsələdən xəbərdar olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 07 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı evin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-10); İş materiallarına əlavə olunmuş şəxsin könüllü gəlməsi haqqında 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs həmin gün saat 19:30 dəqiqədə könüllü olaraq polis bölməsinə getmişdir. (i.v.19); İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 07 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yaşadığı evin yataq otağındakı dolabdan qayınanası Zərərçəkmiş şəxs məxsus çəhrayı rəngli pul kisəsinin içərisindəki 5000 manat nağd pulu ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdən saat 22:45 dəqiqədən tutulmuş hesab edilməsi barədə qərar qəbul edilmişdir. (i.v.38); İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 56); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.68); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad etmə və qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.82-85,87); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.88); İş materiallarına əlavə olunmuş məhkəmə ambulator-psixiatrik ekspertizasının təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli 3518 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, hazırki müayinə zamanı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (i.v.95-97); İş materiallarına əlavə olunmuş axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə şübhəli şəxs Şahid2 olduğu yeri müəyyən etmək onun istintaqda iştirakının təmin edilməsi mümkün olmadığından sonuncu barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat dayandırılmışdır. (i.v.101,103); İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında protokol və cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbiri nəticəsində Şahid2 tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə iş üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.108,109); İş materiallarına əlavə olunmuş üzləşdirmə istintaq hərəkəti haqqında xx.xx.2025-ci il protokldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini şübhəli şəxs Şahid2 üzünə qarşı qismən təsdiq edərək Şahid2 5.000 manat məbləğdə pul vermədiyini, həmin puldan Teymurun məlumatlı olmadığını, pulu öz şəxsi ehtiyyaclarına xərclədiyini, ailə üzvlərindən qorxduğu üçün ilkin istintaq ifadəsində Şahid2 pul verdiyini deməsini, pulu öz şəxsi ehtiytaclarına xərclədiyini bildirmişdir. (i.v.127-129); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən CM-nin 59.1.12-ci maddəsi ilə yüngülləşdirici halların, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 2 çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi vəzifəsi qoyulmalı, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 3(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, saxlanıldığı 02 (iki) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar