Məhkəmə qərarları › İş №1(011)-585/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-585/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-585/2022 29.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx xxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)- 137/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində tanışı Şahid1 15 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,416 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, 21 sentyabr 2022-ci il tarixdə saat 15:30 dəqiqədə ünvan 1 ünvanındakı “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əyində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X5 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək və məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Şahid1 adlıl şəxsdən narkotik vasitə almamışdır. Narkotik vasitəni kubinka adlanan ərazidə tanımadığı şəxsdən almışdır. Tutulduğu gün üzərində narkotik vasitə olsa da, lakin az olmuşdur. Şirinbalanı yaşadığı Əhmədli qəsəbəsindən tanıyır. Yolda qarşılaşmış və onun da üzərində narkotik vasitə olduğunu bildiyi üçün qərara almışlar ki, birlikdə narkotik vasitə istifadə etsinlər. Polislər ona bölmədə fiziki təsir göstərərək narkotik vasitəni Şirinbaladan aldığını bildirmiş, o da, polislərdən çəkindiyi üçün ibtidai istintaq zamanı narkotik vasitəni Şirinbaladan alması ilə bağlı ifadə vermişdir. Törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunaraq azadlıqdan məhrum edilmiş, cəzasını çəkib azadlığa buraxılmış və müxtəlif işlərlə məşğul olmuşdur. Bir neçə aydır ki, narkotik vasitə heroindən istifadə edir, belə ki, narkotik vasitə aludəçisidir və narkotik vasitənin aslılığındadır, bədənində ağrılar olur və buna dözə bilmir, ağrıların qarşısını almaq üçün də narkotik vasitə əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul edir ki, ağrıların qarşısını alsın. Narkotik vasitəni tanımadığı şəxslərdən pulla alır. 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq narkotik vasitə əldə etmək üçün Əhmədli qəsəbəsinə gəlmişdir. Küçə ilə piyada hərəkət edən zaman narkotik vasitə satan şəxs kimi tanıdığı Şirinbala adlı şəxs ilə rastlaşmışdır. Şirinbaladan narkotik vasitə istəmişdir. Şirinbala cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb ona vermişdir. Bükümü açmış və içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Bundan sonra isə Şirinbalaya 15 manat pul vermiş və narkotik vasitəni cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bakı Metropolitenin “Əhmədli” stansiyası yaxınlığına gəlmişdir. Metronun yanında bir qədər olduqdan sonra yaşadığı evə getməyə başlamışdır. M.Hadi küçəsində olan “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən zaman saat təxminən 15:30 dəqiqədə iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə onu sorğu-sual edib 34-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni həmin günü Əhmədli qəsəbəsində Şirinbala adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı vardır. O heç vaxt Şirinbala ilə narkotik vasitə istifadə etməmiş, onunla narkotik vasitə əldə etməmiş, onun narkorik vasitəni haradan və hansı yolla əldə etməsini bilmir, Şirinbalanın başqa şəxslərə də narkotik vasitə satması və narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olmasını bilmişdir. Şirinbala üzərindən aşkar edilmiş narkotik vasitəni cibindən çıxarıb ona vermiş, Şirinbalada başqa narkotik vasitə olub-olmamasını bilmir. Ona qarşı istər polis bölməsinə gətirilən zaman, istərsədə polis bölməsində təzyiq olunmamışdır. (i.v.115-117, 124- 127); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o əvvəllər dəfələrlə narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuşdur. Lakin heç vaxtı narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs yaşadığı Əhmədli qəsəbəsindən tanıyır. Ona narkotik satmamışdır. Əgər Təqsirləndirilən şəxs narkotik satmış olsa idi, tutukarkən üzərindən pul çxmış olmalı idi. Lakin, onun üzərində pul olmayıb. Onların arasında üzləşdirilmə keçirilməmişdir. Müstəntiq sadəcə sənədləri vermiş o da imzalamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CMnin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş və azadlıqdan məhrum edilmiş, cəzanı çəkib azadlığa buraxılmış və müxtəlif işlərlə məşğul olmuş, uzun illərdir ki, narkotik maddələrin müxtəlif növündən qəbul edir, narkotik vasitə aludəçisidir və narkotik vasitənin aslılığındadır, bədənində ağrılar olur və buna dözə bilmir, ağrıların qarşısını almaq üçün də narkotik maddələr əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul edir ki, ağrılarının qarşısını alır. Narkotik vasitəni tanımadığı şəxslərdən pulla alır. 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq narkotik vasitə əldə etmək üçün Əhmədli qəsəbəsinə gəlmişdir. Küçə ilə piyada hərəkət edən zaman tanımadığı bir nəfər şəxs ilə rastlaşmışdır. Həmin şəxsin hərəkətlərindən onun narkotik vasitə istifadəçisi olduğundan şübhələnmiş və yaxınlaşmışdır. Həmin şəxs ilə söhbət edən zaman ondan narkotik vasitə olmasını öyrəndikdən sonra sonuncuya 35 manat pul vermiş və iki ədəd şəffaf sellofan bükümləri almışdır. Bükmləri açmış və içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Narkotik vasitə bükümlərini cibinə qoymuş və oradan uzaqlaşmağa başlamışdır. Yolla gələn zaman tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Fərid narkotik vasitə istifadəçisidir. Fərid onun narkotik vasitə istifadəçisi olduğunu bildirmişdi. Fərid ondan narkotik vasitə istəmişdir. O da ona narkotik vasitə aldığını bildirib satacağını demişdir. Fərid ona 15 manat pul vermişdir. Nisbətən kiçik bükümü cibindən çıxarıb Fəridə vermişdir. Fərid bükümü açaraq baxmış, sonra isə cibinə qoymuşdur. Bundan sonra onlar ayrılmışlar. Bir neçə dəqiqə Əhmədli qəsəbəsində olduqdan sonra Bakı Metropolitenin “Əhmədli” stansiyası yaxınlığına gəlmişdir. Metronun yaxınlığında işlərini həll etdikdən sonra yaşadığı evə getmək üçün marşurut gözləmiş, saat təxminən 18 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə onu sorğu-sual edib 34-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni həmin günü Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi və satmaq üçün 35 manata almış, narkotik vasitənin bir bükümünü Fərid adlı şəxsə 15 manata satmışdır. Aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.93 qram olmuşdur. Üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdi etmişlər. Narkotik vasitəni ilkin olaraq şəxsi istifadəsi və istəyən olacağı halda satmaq üçün əldə etmişdir. Ona görə də bir bükümünü satmış, bir bükümünü isə özü istifadə etmək üçün saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsi və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı vardır. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Heç vaxt Təqsirləndirilən şəxs ilə narkotik vasitə istifadə etməmiş, onunla narkotik vasitə əldə etməmiş, onun kimlərdənsə narkorik vasitə əldə etməsini bilmir, yalnız onun şifahi olaraq narkotik vasitə istifadə etməsini bilmiş, ilk dəfə imiş ki, Fəridə nakotik vasitə satırmış. Başqa heç kimə narkotik vasitə satmamış və verməmişdir. Narkotik vasitə aldığı şəxsi tanımır, həmin şəxsi ilk dəfə görürmüş.(i.v 138-140, 147-150) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid2, üzvü isə o, təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 21 sentyabr 2022-ci il tarixdə saat 15:30 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısı ilə piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid3la birlikdə ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər, o da adının Fərid soyadının isə Yusifli olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər, şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb şöbə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. 34-cü Polis Şöbəsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Fərhad Yusiflinin üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində əvvəllər tanıdığı “Şirinbala” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi ilə çəkilən zaman çəkisinin 0.50 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm qablaşdırılıb möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 əməliyyat-axtarış tədbirləri nəticəsində 21 sentyabr 2022-ci il tarixdə, saat 15:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 34-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 16:00-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 34-ci PŞnin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-ci PB-in sahə inspektoru, polis kapitanı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs X5, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində əvvəllər tanıdığı “Şirinbala” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan kütlələr elektron tərəzidə çəkilmiş, çəkilən zaman 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli maddəninin çəkisinin isə 0.50 qram olması müəyyən edilmişdir. Zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənərək götürülmüşdür. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 6/5433 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 152” dairəvi möhür əksi və “...Yusifli-imza, üçimza; Tərtib etdi: A.Abdullayev –imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01(bir) ədəd bükümdəki təmiz çəkisi-0,416 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (i.v. 78-81); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirir və təkrar olaraq hüquq və vəzifələri izah edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində əvvəllər tanıdığı “Şirinbala” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan kütlələr elektron tərəzidə çəkilmiş, çəkilən zaman 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli maddəninin çəkisinin isə 0.50 qram olması müəyyən edilmişdir. Zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənərək götürülmüşdür. ( i.v. 94);. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X11 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 106-107); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-497/2022 saylı qərarəndan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (i.v 124-127) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il müddətinə şərti sınaq müddəti təyin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş və məhkumluğu götürülmüş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə "8 noyabr- Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 11 ay 26 gün hissəsi 6 ay azaldılmışdır. ( i.v. 164- 165); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-137/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumemtə cəzasına məhkum olunmuşdur(i.v 171-182) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-372/2022 saylı qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(007)-137/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 ve 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 11 ay 26 gün hissəsi 6 ay azaldılmışdır.(i.v 214-215) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X2 17 oktyabr 2022-ci il tarixli, 6100 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 216-217); sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, İş üzrə təqsirləndirilən şəxs X8 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fərid Yaqubov tərəfindən həmin tarixdə barəsində həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxs Şahid1 Sattar oğluna 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 vs 234.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Farid Yaqubov tərəfindən həmin tarixdə barəsində həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1 va 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə təqsirləndirilən şəxs Şahid1 Sattar oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1 va 234.2-ci maddələri ilə cinayət işinin ayrılması və ayrılmış cinayət işi icraatıma qəbul edilərək ibtidai istintaqı davam etdirilməsi barədə qərar qəbul edilməsi, Azərbaycan Respublikası 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi Təqsirləndirilən şəxs və Şahid1 Sattar oğluna şamil edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin daha mötəbər sübut növü olan məhkəmə-kimyavi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 6/5433 nömrəli rəyinə uyğun olaraq 0,416 qram olması əsas götürülməsi, Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin daha mötəbər sübut növü olan məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 6/5414 nömrəli rəyinə uyğun olaraq 0,730 qram olması əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilarak götürülmüş 01 adad bükümda təmiz çəkisi 0,416 qram olan narkotik vasita heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çokisi 0,366 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroin saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, Şahid1 Sattar oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,730 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,680 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroin saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, "Şəxsi axtarış və götürmə aparılması" haqqında 21 sentyabr 2022-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 02 adǝd "DVD_R" formath disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınması, məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 6/5433 nömrəli və 22 sentyabr 2022-ci il tarixli, 6/5414 nömrəli rəyləri, Məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 6100 nömrəli və 17 oktyabr 2022-ci il tarixli, 6095 nömrəli rəyləri, "şəxsi axtarış və götürmə aparılması haqqında" 21 sentyabr 2022-ci il tarixli protokollar, taqsirləndirilən şəxslərin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs və Şahid1 Sattar oğlunun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməsi, cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər görülməsi, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılmasının ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. (i.v. 227-240); 21 noyabr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1 va 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və ayrılmış cinayət işi icraatıma qəbul edilərək ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır(i.v 242-244). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə X5 barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, X5 əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində əvvəllər tanıdığı “Şirinbala” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirməsi, aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,50 qram müəyyən edilməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, təqsirləndirilən şəxs X5 narkotik vasitə olan heroini Şahid1 almaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi Şahid1 cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə qiymət verərək məhkəmə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi, məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə və digər sübutlarla təkzib olunur. İbtidai istintaq zamanı bu cür ifadə verməsini ona ibtidai istintaq zamanı təzyiq olunması ilə əsaslandırmış, bu isə həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı təsdiq olunmamışdır. O hazırki iş üzrə şahid olsa da, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi ayrılaraq məhkəmə baxışında olduğundan məhkəmə hesab edir ki, onun yalan ifadə verməsinə görə material ayrılması məqsədə müvafiq hesab edilmir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə X11 özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,864 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X5 törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X5 əməlində residivin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. X5 əvvəllər də soyğunçuluq cinayətini və hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməllərini törətməsini, həmin cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, əməlində ağırlaşdırıcı hal residivin müəyyən edilməsi, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X11 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X5 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. X11 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,366 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X9 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul X4 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. X5 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar