Məhkəmə qərarları › İş №1(011)-588/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-588/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-588/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sərliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı istintaqa Şahid2 kimi məlum olan, lakin kimliyi rəsmi məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 avqust 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 2 ünvana, mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs tərəfindən pilləkən meydançasındakı su sayğacı qutusunda gizlədilmiş daxili qıfılın açarını götürüb həmin mənzilin giriş qapısını açaraq qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində “İphone 8” markalı mobil telefonu 100 manat dəyərində ***-***-**-** GSM nömrə ilə, 350 manat dəyərində bir cüt üzərində “Michael Kors” yazıları olan ayaqqabını, cəmi dəyəri 150 manat olan iki ədəd üzərində “Mybelline sky high” yazıları olan tuju, bir ədəd “Na Ked12” dodaq boyasını, bir ədəd “X4” dodaq balzamını, bir ədəd “Violet” dodaq karandaşını və bir ədəd üzərində “Miss Fidi MF27” yazısı olan fırçanı, 400 manat dəyərində içərisində və korpusun alt tərəfində “Alexander Westin A1206-910619” yazıları olan bir ədəd qol saatını, 30 manat dəyərində üzərində 925 əyar damğası həkk olunmuş gümüşə uyğun bir ədəd üzüyü, 150 manat dəyərində üzərində “X5” 50 ml yazıları olan bir ədəd ətiri, 25 manat dəyərində üzərində “X1” 30 ml yazıları olan bir ədəd tonal kremini, 30 manat dəyərində üzərində “Montale” yazısı olan bir ədəd ətri və cəmi 5 manat nağd pul vəsaitini (1 manatlıq əskinazlarla) gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1540 (min beş yüz qırx) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş və təzəliklə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Şahid2 ilə qeyri rəsmi ərarvad münasibətindədir və onların normal münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Elyanora ona zəng vuraraq kirayədə yaşadığı Xətai rayonu, Telnov küçəsinə gəlməsini demişdir. Həmin vaxt o, Elyanora ilə küsülü olmuş və mobil telefon vasitəsi ilə danışan zaman, Elyanora onunla görüşmək istədiyini bildirmişdir. O, da yaşadığı evdən çıxıb Elyanora ilə görüşmüş və bir neçə yerə gedib-qayıtmışlar. Elyanora ona demişdir ki, onun üzərində narkotik vasitə olmuşdur və həmin narkotik vasitəni harasa qoyub və qoyduğu yeri yadından çıxartmışdır. Bundan sonra onlar narkotik vasitəni axtarmaq məqsədi ilə Elyanoranın olduğu ünvan 3 ünvanında 4-cü mərtəbəyə pilləkənlərə qalxmış və həmin yeri bir qədər axtardıqdan sonra blokda quraşdırılan su sayğaclarının qutusuna baxan zaman, oradan 1 ədəd ev kilidinin açarını görmüşdür. Bundan sonra tapdıqları açarı həmin mərtəbədə olan mənzillərin qapısında olan kilidə salaraq yoxlamışlar və həmin gün saat 16:00 radələrində 4-cü mərtəbədə olan sağ tərəfdəki mənzilin qapısına açarı salanda görmüşlər ki, tapdıqları açar həmin mənzilə aiddir. Bundan sonra onlar oğurluq etmək qərarına gələrək açarla həmin mənzilin qapısını açıb Elyanora ilə birlikdə mənzilə daxil olmuşlar, mənzilə daxil olduqdan sonra, mənzili axtarmış və oradan 1 ədəd qadın üçün parfümü, 1 ədəd qol saatını, 1 cüt qadın ayaqqabısını, 1 ədəd İphone 8 markalı mobil telefonu, 5 manata yaxın xırda pul əskinazlarını, 1 ədəd gümüşü rəngli üzüyü və bir neçə kosmetika əşyalarını oğurlayıb Elyanora ilə birlikdə mənzildən çıxan zaman görmüşlər ki, mənzilin qapısının qarşısında bir nəfər tanımadığı qadın dayanıb. Həmin qadın ev yiyəsi Sevincin evdə olub-olmadığını soruşan zaman, o, dərhal pilləkənlərlə oradan həyətə düşmüş, Elyanora isə həmin qadına Sevincin azyaşlı övladının dalınca gətirmək üçün getdiyini bildirib onun arxası ilə həyətə düşərək oradan uzaqlaşıb getmişlər. Oğurladıqları əşyaları isə yaşadıqları evdə saxlamışlar. Beləliklə o, hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, onunla barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngün cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi qaydada rəsm müəlliməsi kimi çalışır. 11 avqust 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb evin qapısını bağlamış və evin açarını qapının yanında quraşdırılmış su sayğacının qutusunun içərisinə qoymuşdur ki, qohumu Şahid1 onun yaşadığı evə gələndə açarı ordan götürsün. Sonra Fatiməyə zəng vurub açarı hara qoyduğunu söyləmiş və işə getmişdir. Həmin gün saat 16 radələrində o, özünə məxsus mobil telefona baxanda görmüşdür ki, Fatimə 3-4 dəfə ona zəng vurub. O, Fatiməyə zəng vuran zaman Fatimə demişdir ki, evin açarını tapa bilmədiyinə görə ona zəng vurmuş, lakin onun tanışlarının evdən çıxdığını görəndən sonra mənzilə daxil olmuşdur. O, Fatiməyə demişdir ki, onun heç bir tanışı evə onsuz gələ bilməz və həmin şəxslər oğrulardır. O, Fatiməyə demişdir ki, evə nəzər salsın və ona nəticəsini desin. Fatimə də evə baxıb ona demişdir ki, evin əşyaları dağınıq vəziyyətdədir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və dərhal yaşadığı evə getmişdir. O, yaşadığı evə gələndə görmüşdür ki, polis əməkdaşları hadisə yerini, yəni onun yaşadığı evi müayinə edirlər. O da evə nəzər salandan sonra görmüşdür ki, həmin naməlum iki nəfər şəxs onun yaşadığı evdən 01 ədəd “Montale” markalı qadın ətrini, 01 ədəd “Boos” markalı qadın ətri, 01 cüt “Maykl Kors” markalı qadın ayaqqabısını, 01 ədəd “İphone 8” markalı mobil telefonu, 01 ədəd qol saatını, 01 ədəd gümüş üzüyü, kosmetika əşyalarını və xırda pul əslkinazlarını oğurlamışlar. İş üzrə alınmış ekspert rəyində göstərilmiş qiymətlərlə razıdır. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur və normal münasibətləri vardır. 11 avqust 2024-cü il tarixdə o, Sevincin yaşadığı evə getməli idi, həmin gün saat 11 radələrində Sevinc ona zəng vurub bildirmişdir ki, evdən çıxıb işə gedir və evin açarını blokda qurlaşdırılmış su sayğacının qutusunun içərisinə qoyub ki, gələndə həmin yerdən açarı götürüb evin qapısını açsın. Həmin gün saat 16 radələrində o, Sevincin yaşadığı evə gəlmiş və binanın 4-cü mərtəbəsində quraşdırılmış su sayğacının qutusunun içərisinə baxanda mənzilin açarının orada olmamasını görüb mənzilin qapısının qarşısında dayanıb Sevincə bir neçə dəfə zəng vurmuş, lakin həmin vaxt Sevinc onun zənglərinə cavab verməmişdir. Bir neçə dəqiqə keçəndən sonra Sevincin yaşadığı mənzilin qapısı açılmış və içəridən bir qadın və bir kişi çıxmışdır. Kişi onu görən kimi pilləkənlərlə aşağı düşmüş, o, isə qadından Sevincin evdə olub-olmamasını soruşanda, həmin şəxs ona demişdir ki, Sevinc övladının dalınca gedib. Bundan sonra həmin qadın da pilləkənlərlə düşüb getmişdir. Bu zaman Sevinc ona zəng vurmuş və ona demişdir ki, telefonu səssizdə olduğundan cavab verə bilməmişdir. O, isə Sevincə demişdir ki, su sayğacının içərisində mənzilin açarının olmadığını görüb ona zəng vurmuş, lakin onun tanışları evdən çıxdığına görə mənzilə daxil olmuşdur. Sevinc isə ona demişdir ki, onun heç bir tanışı onsuz evə daxil ola bilməz və evdən çıxan şəxslər oğrulardır. Sevinc ondan xahiş etmişdir ki, o, evə nəzər salsın. O da evə nəzər salanda evdə olan əşyaların dağıdılmış vəziyyətdə olduğunu görüb bu barədə Sevincə məlumat vermişdir. Sevinc də DİN 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və özü də yaşadığı evə gəlmişdir. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gələrək hadisə yerini müayinə etmiş və Sevinc baş vermiş oğurluq hadisəsi barədə ərizə yazmışdır. Daha sonra isə Sevinc evdə olan əşyalara nəzər salanda müəyyən etmişdir ki, naməlum şəxslər evə daxil olaraq oradan 01 ədəd “Montale” markalı qadın ətrini, 01 ədəd “Boos” markalı qadın ətrini, 01 cüt “Maykl Kors” markalı qadın ayaqqabısını, 01 ədəd “İphone 8” markalı mobil telefonu, içində olan nömrəni, 01 ədəd qol saatını, 01 ədəd gümüş üzüyü, müxtəlif çeşidli kosmetika əşyalarını və 5 manat xırda pul əskinazlarını oğurlamışlar. Şahid1 əlavə olaraq bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs yaşadığı mənzilə gələrkən açarı qutunun içərisində olmadığını görüb mənzilin qapısının qarşısında dayanıb Sevincə bir neçə dəfə zəng vurmuş, lakin həmin şəxslər qapını açıb mənzildən çıxan zaman o, elə bilmişdir ki, həmin şəxslər Sevincin tanışlarıdır, lakin Sevinclə danışandan sonra ona məlum olmuşdur ki, evdən çıxan şəxslər Sevincin evinə oğurluq etmək üçün daxil olmuşlar. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ər-arvad münasibətindədir və normal münasibətləri var. Rəhim ondan küsülü olduğu üçün xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Rəhimin kirayədə yaşadığı Xətai rayonu, Telnov küçəsinə gələrək oradan Rəhimə zəng vurub gəldiyini bildirmişdir. Rəhim də yaşadığı evdən çıxıb onunla həyətdə görüşmüş və birlikdə bir neçə yerə gedib-qayıtmışlar. Həmin vaxt o, Rəhimə demişdir ki, onun üzərində narkotik vasitə olmuş və həmin narkotik vasitəni hardasa gizlətmişdir. Lakin harda gizlətdiyini xatırlamır. Bundan sonra onlar narkotik vasitəni axtarmaq məqsədi ilə onun olduğu ünvan 3 ünvanında 4-cü mərtəbəyə pilləkənlərə qalxıb həmin yeri bir qədər axtardıqdan sonra blokda quraşdırılan su sayğaclarının qutusuna baxan zaman orada 1 ədəd ev kilidinin açarını görmüşdür. Onlar tapdıqları açarı həmin mərtəbədə olan mənzillərin qapısında olan kilidə salaraq yoxlamışlar və həmin gün saat 16 radələrində 4-cü mərtəbədə olan sağ tərəfdəki mənzilin qapısına açarı salanda görmüşlər ki, tapdıqları açar həmin mənzilə aiddir. Sonra onlar oğurluq etmək qərarına gələrək açarla həmin mənzilin qapısını açıb Rəhimlə birlikdə mənzilə daxil olmuşlar, mənzilə daxil olduqdan sonra, mənzili axtarmışlar və oradan 1 ədəd qadın üçün parfümü, 1 ədəd qol saatını, 1 cüt qadın ayaqqabısını, 1 ədəd İphone 8 markalı mobil telefonu, 5 manata yaxın xırda pul əskinazlarını, 1 ədəd gümüşü rəngli üzüyü və bir neçə kosmetika əşyalarını oğurlayıb Rəhimlə birlikdə mənzildən çıxmışlar və görmüşlər ki, mənzilin qapısının qarşısında bir nəfər tanımadığı qadın dayanıb, həmin qadın ev yiyəsi Sevincin evdə olub-olmadığını soruşan zaman, Rəhim dərhal pilləkənlərlə oradan həyətə düşmüş, o, isə həmin qadına Sevincin azyaşlı övladını dalınca gətirmək üçün getdiyini bildirib Rəhimin arxası ilə həyətə düşərək oradan uzaqlaşıb getmişlər. Oğurladıqları əşyaları isə yaşadıqları evdə saxlamışlar. Şahid2 əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadə edir, Rəhim həmin gün onun narkotik vasitə istifadə etdiyini bilmiş, lakin Rəhim onunla birlikdə narkotik vasitə istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, ünvan 3, mənzil 161 ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-12); təqdim etmə və götürmə barədə 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 1 ədəd “İphone 8” markalı mobil telefonu, 1 cüt qadın ayaqqabısını, 1 ədəd parfümü, 1 ədəd qol saatını, 1 ədəd gümüşü rəngli göy daşlı üzüyü, ümumilikdə 7 ədəd qadın kosmetika əşyalarını könüllü surətdə təqdim etmişdir (i.v. 15); şübhəli şəxsin tutulması haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 37); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 72-73); şəxsin tanınması haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 soldan sağda 3-cü yerdə dayanan şəxsin xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq edib çıxan şəxs olduğunu bildirmişdir (i.v. 88-89); şəxsin tanınması haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 soldan sağa 2-ci yerdə dayanan şəxsin xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq edib çıxan şəxs olduğunu bildirmişdir (i.v. 90-91); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 92-93); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-559/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 133-136); ifadənin yerində yoxlanılması haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir (i.v. 137-138); ifadənin yerində yoxlanılması haqqında 17 avqust 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid2 törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir (i.v. 139-140); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 143-144); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4267-9/6927 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olnumuş 07 malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 446 manat müəyyən edilir. Təqdim edilmiş digər 05 adda mallar gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir (i.v. 189-192); sübutların qiymətləndirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid2 cinayət yolu ilə ələ keçirdikləri 01 ədəd “İphone 8” markalı mobil telefon, həmin mobil telefonun üzərində olan 01 ədəd GSM nömrə, 01 cüt üzərində “Michael Kors” yazıları olan ayaqqabı, 02 ədəd üzərində “Mybelline sky high” yazıları olan tuj, 01 ədəd üzərində “Na Ked12” yazıları olan dodaq boyası, 01 ədəd üzərində “X4” yazıları olan dodaq balzamı, 01 ədəd üzərində “Violet” yazısı olan dodaq karandaşı, 01 ədəd üzərində “Miss Fidi MF27” yazıları olan fırça, 01 ədəd içərisində və korpusun alt tərəfində “Alexander Westin A1206-910619” yazıları olan qol saatı, 01 ədəd üzərində “925” əyar damğası həkk olunmuş gümüşə uyğun üzük, 01 ədəd üzərində “X5” 50 ml yazıları olan ətir və 01 ədəd üzərində “X1” 30 ml yazıları olan tonal krem maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələrinin tərkibi olmadığından həmin hissə üzrə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4267-9/6927 saylı ekspert rəyi, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 204-215); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 225-226). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını talama məqsədi ilə ünvan 2 ünvana qanunsuz daxil olub Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində “İphone 8” markalı mobil telefonu 100 manat dəyərində ***-***-**-** GSM nömrə ilə, 350 manat dəyərində bir cüt üzərində “Michael Kors” yazıları olan ayaqqabını, cəmi dəyəri 150 manat olan iki ədəd üzərində “Mybelline sky high” yazıları olan tuju, bir ədəd “Na Ked12” dodaq boyasını, bir ədəd “X4” dodaq balzamını, bir ədəd “Violet” dodaq karandaşını və bir ədəd üzərində “Miss Fidi MF27” yazısı olan fırçanı, 400 manat dəyərində içərisində və korpusun alt tərəfində “Alexander Westin A1206-910619” yazıları olan bir ədəd qol saatını, 30 manat dəyərində üzərində 925 əyar damğası həkk olunmuş gümüşə uyğun bir ədəd üzüyü, 150 manat dəyərində üzərində “X5” 50 ml yazıları olan bir ədəd ətiri, 25 manat dəyərində üzərində “X1” 30 ml yazıları olan bir ədəd tonal kremini, 30 manat dəyərində üzərində “Montale” yazısı olan bir ədəd ətri və cəmi 5 manat nağd pul vəsaitini (1 manatlıq əskinazlarla) gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1540 (min beş yüz qırx) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4267-9/6927 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olnumuş 07 malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 446 manat müəyyən edilir. Belə ki, 01 ədəd sarı rəngli metaldan korpusu, qara rəngli dəri kəməri və gümüşü rəngli kilid yeri olan tarix göstəricili (qurucu mexanizmi yoxdur) - içərisində “ALEXANDER WESTİN”, korpusun alt tərəfində “ALEXANDER WESTİN A1206-910619” yazıları həkk olunmuş, metalı qiymətsiz metal (dəmir, xrom, nikel, titan) elementindən hazırlanmış, sverpladı leyko-sapfirdir, ümumi çəkisi 53,88 qram olan qol saatı -100,00 manat; - 01 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan - üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 4,47 qram, daşı qiymətli daşlar aid olmayan üzük - 22,00 manat; - 01 ədəd üzərində “BOSS HUGO BOSS” 50 ml yazıları olan ətir (təxminən 50%-i istifadə olunub) - 50,00 manat; - 01 ədəd üzərində “X1” 30 ml yazıları olan tonal krem (bir hissəsi istifadə olunub) - 25,00 manat; - 01 ədəd Çin istehsalı, qara rəngli, “İphone 8” markalı mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla – 220,00 manat; - 01 ədəd mobil telefonun üzərində olan GSM nömrə (dublikatı)- 4,00 manat; - 01 ədəd üzərində “Michael Kors” yazıları olan ayaqqabı- 25,00 manat. Göründüyü kimi istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 01 ədəd içərisində və korpusun alt tərəfində “Alexander Westin A1206-910619” yazıları olan qol saatını oğurlamaqla 400 manat, 01 ədəd üzərində 925 əyar damğası həkk olunmuş gümüşə uyğun üzüyü oğurlamaqla 30 manat, 01 ədəd üzərində “BOSS HUGO BOSS” 50 ml yazıları olan ətri oğurlamaqla 150 manat, 01 ədəd üzərində “X1” 30 ml yazıları olan tonal kremi oğurlamaqla 25 manat, 01 ədəd “İphone 8” markalı mobil telefonu oğurlamaqla 300 manat, 01 ədəd mobil telefonun üzərində olan GSM nömrəni oğurlamaqla 100 manat, 01 ədəd üzərində “Michael Kors” yazıları olan ayaqqabını oğurlamaqla 350 manat məbləğində maddi ziyan vurmasını qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4267-9/6927 saylı ekspert rəyində ekspertizaya təqdim olunmuş yuxarıda adıçəkiləm 07 ədəd malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 446 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın (ekspert rəyi ilə qiyməti müəyyənləşdirilmiş mallar, zərərçəkmiş şəxsin ifadəsinə uyğun qiyməti müəyyənləşdirilmiş mallar və pul əskinazları) ümumi miqdarının 631 (altı yüz otuz bir) manat olması müəyyən edilməli, lakin vurulmuş maddi ziyanın həcminin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 11 avqust 2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın soyğunçuluq cinayətinə münasibətdə tətbiq edilməsi istisna edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd “İphone 8” markalı mobil telefon, həmin mobil telefonun üzərində olan 01 ədəd GSM nömrə, 01 cüt üzərində “Michael Kors” yazıları olan ayaqqabı, 02 ədəd üzərində “Mybelline sky high” yazıları olan tuj, 01 ədəd üzərində “Na Ked12” yazıları olan dodaq boyası, 01 ədəd üzərində “X4” yazıları olan dodaq balzamı, 01 ədəd üzərində “Violet” yazısı olan dodaq karandaşı, 01 ədəd üzərində “Miss Fidi MF27” yazıları olan fırça, 01 ədəd içərisində və korpusun alt tərəfində “Alexander Westin A1206-910619” yazıları olan qol saatı, 01 ədəd üzərində “925” əyar damğası həkk olunmuş gümüşə uyğun üzük, 01 ədəd üzərində “X5” 50 ml yazıları olan ətir və 01 ədəd üzərində “X1” 30 ml yazıları olan tonal krem sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı (CPM- 132), 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “İphone 8” markalı mobil telefon, həmin mobil telefonun üzərində olan 01 ədəd GSM nömrə, 01 cüt üzərində “Michael Kors” yazıları olan ayaqqabı, 02 ədəd üzərində “Mybelline sky high” yazıları olan tuj, 01 ədəd üzərində “Na Ked12” yazıları olan dodaq boyası, 01 ədəd üzərində “X4” yazıları olan dodaq balzamı, 01 ədəd üzərində “Violet” yazısı olan dodaq karandaşı, 01 ədəd üzərində “Miss Fidi MF27” yazıları olan fırça, 01 ədəd içərisində və korpusun alt tərəfində “Alexander Westin A1206- 910619” yazıları olan qol saatı, 01 ədəd üzərində “925” əyar damğası həkk olunmuş gümüşə uyğun üzük, 01 ədəd üzərində “X5” 50 ml yazıları olan ətir və 01 ədəd üzərində “X1” 30 ml yazıları olan tonal krem sahibinə qaytarılsın və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar