Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-589/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Ağdam rayonu, Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Saybalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsi NQKİ, 14-cü mədən küçəsində fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 iyul 2023-cü il tarixdə saat 22 radələrində ünvan 1 ünvanda yerləşən “Bakı” çay evinin 1 saylı kabinetində olan Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun sifət, qol, bədən nahiyələrindən əl və yumruqla bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs başın sağ alın nahiyəsinde kəsilmiş səthi dəri yarası, sol gözaltı, sağ bazu və hər iki said nahiyələrində qançırlar, hər iki bazu və sol dirsək oynağı nahiyələrində sıyrıqlarla nəticələnən ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan, dərəcələri təyin olunmayan xəsarətlər yetirərək sonuncudan “Azercell” mobil operatoruna aid, danışıq saatı olmayan, 200 manat dəyərində “Samsung Galaxy S21” markalı 1 ədəd qırmızı rəngli mobil telefonu 10 manat dəyərində ***-***-**-** nömrə ilə, 50 manat dəyərində “Samsung E 1202” markalı 1 ədəd qara rəngli mobil telefonu 5 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə açıq talamaqla Zərərçəkmiş şəxs cəmi 265 manat miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə cinayət işi üzrə sübutları cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və bildirmişdir ki, “Bakı” çay evini icarə əsasında işlədən dostu Şahid1 təxminən 1 il müddətdir tanıyır. Bu səbəbdən də mütəmadi olaraq həmin çay evinə gedib gəlirmiş. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində narkotik vasitə satışı ilə məşgul olan Zərərçəkmiş şəxs həmin çay evinə görmüşdür. Rəvana bildirmişdir ki,bu Ümid cavan uşaqları zəhərliyir bunu çay evinə qoyma gəlsin.Rəvanda bildirmişdir ki, özün de qoy gəlməsin. Təxminən 5 dəqiqə sonra Ümidin kabinetə tək olduğunu görüb yaxınlaşmış gəncləri zəhərlədiyinə görə ona çay evinə gəlməməsi barədə xəbərdarlıq etmişdir. Bir qədər sözlü mübahisə etmişlər, Ümüd ona sənə nəaidyyatı var çay evidi gələrəm ,özüm bilərəm demişdir.Həmin vaxt Ümidin üz gözündə xəsarətlər olduğunu görmüşdür. Səni başa salaram diyərək masanın üzərində olan ona məxsus 02 ədəd mobil telefonu götürmüş, çay evini tərk edib oradan uzaqlaşmışdır. Bir neçə gün sonra telefonları getirib çay evinə vermişdir ki, Ümid gəlsə telefonu verin özünə və çay evinə gəlməməsini bildirin Ona. Ümidin xəsarətləri olduğunu gördüyü üçün ona əl qaldırmamışdır. Sadəcə onun kafeyə gəlməsini istəmədiyi üçün telefonlarını götürmüşdür. Hazırda Ümidin narkotik vasitələrin satışına görə həbs edilməsinin onun dediklərinin əyani sübut olduğunu qeyd etmişdir. Son sözündə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını, anasının xəstə olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, üzərində 02 kiloqram narkotik vasitə olduğundan hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. 12 iyul 2023-cü il tarixdə “Bakı” kafesinə gəlmiş, orada Anarla qarşılaşmışdır. Anar ona kafeyə gəlməyinə etiraz etdiyinə görə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Anar onun telefonlarını özüylə götürüb aparmışdır. Epilepsiya xəstəsi olduğu üçün onda tez-tez qıcolma halları olur, yıxılıb xəsarət alır. Həmin gün kafeyə gələndə həmin qıcolma ilə əlaqədar yıxıldığı üçün artıq üzündə müəyyən xəsarət izləri olmuşdur. Həmin vaxt narkotik vasitənin təsiri altında olmuşdur. Kafedən çıxdıqdan sonra həm narkotik vasitənin təsiri altında olduğundan, həm də epilepsiya qıcolması tutduğundan yolda yenə yıxılıb xəsarət almışdır. Mübahisə vaxtı Anar onun telefonlarını götürüb apardığı və onu kafeyə gəlməyə mane olduğu üçün onu 1 həftə sonra polisə şikayət etmişdir və aramızda olan prinsiplə əlaqədar əsəbi olduğundan ona xəsarət də yetirdiyini bildirmışdir.Həqiqətdə isə Anar onu vurmamışdır. Hal-hazırda Anar onun telefonlarını geri qaytarmışdır Anar ilə barışmış, dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 2 ilə yaxın müddətdir ki, ünvan 3 ünvanda yerləşən “Bakı” çay evini icarə əsasında işlədir. Anar mütəmadi olaraq çay evinə müştəri qismində gəlib getmiş və onunla münasibətləri olmuşdur. Ümid adlı şəxsdə arabir çay evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə axşam təxminən saat 22 radələrində Ümid gəlib 1 saylı kabinetdə əyləşmişdir. Həmin vaxtı Anar da çay evində olmuşdur.Anar ona yaxınlaşaraq Ümüdin narkotik vasitə satan olduğunu və bu səbəbdən onu çay evinə qoymamağı töfsiyə etmişdir. Ümid kabinetə gedib əyləşdikdən bir müddət sonra kabinetdən səs küy gəlmişdir. Dərhal Ümidin əyləşdiyi kabinetə daxil olmuşdur. Ümid Anarın 2 ədəd mobil telefonunu ələ keçirməsini ona bildirmişdir. Kabinetə daxil olanda Anar birdə səni bu çay evində görməyim diyərək Ümidə qışqırmışdır Ümidi vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, “Old Baku” kafesində ofisiant kimi işləyir. Təqsirləndirilən şəxsı daimi müştəri kimi mütəmadi olaraq çay evinə gəlib getdiyindən tanımışdır. 12 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində kabinetdən səs-küy gəldiyini eşitmiş, həmin vaxtı ilkin olaraq kabinetdə kimin olduğunu bilməmişdir. Sonra içəridən Rəvan, Anar və digər müştəri çıxmışdır. Aralarında mübahisənin nəyin üstündə baş verməsi və ya başqa xüsusat barədə məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 810 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ alın nahiyəsində kəsilmiş səthi dəri yarası, sol gözaltı, sağ bazu və hər iki said nahiyələrində qançırlar, hər iki bazu və sol dirsək oynağı nahiyələrində sıyrıqlar - Qeyd olunan xəsarətlərdən başın sağ alın nahiyəsindəki kəsilmiş səthi dəri yarası kəsici kənarlı əşyanın, digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəs tərəfindən kəsici kənarlı əşya, ola bilsin bıçaqla və əllə yetirilə bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan komisiyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli T707/2023 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs sağ alın nahiyəsində kəsilmiş səthi dəri yarası, sol gözaltı, sağ bazu və hər iki said nahiyələrində qançırlar, hər iki bazu və sol dirsək oynağı nahiyələrində sıyrıqlar olmuşdur. Qeyd edilən xəsarətlərdən sağ alın nahiyəsində kəsilmiş səthi yarası iti uclu və ya kənarlı əşyanın, ola bilsin ki, dırnağın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Onun bədənində bıçaqla yetirilməyə xarakterik xəsarətlər aşkar edilməmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.Həbsin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs həmin cəzanın 05 noyabr 2021-ci il tarixi üçün çəkilməmiş 07 (yeddi) aylıq hissəsi 06 (altı) ay azaldılmış, qalan 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 10 dekabr 2021-ci il tarixində tam çəkib qutardığına görə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur.Zərərçəkmiş ərizəsində həmçinin Təqsirləndirilən şəxs ona xəsarət yetirmədiyinidə vurğulamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət tərkibi və cinayətin tövsif edilməsi anlayışlarını açıqlayaraq bildirmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. 23. Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə, Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun sifət, qol, bədən nahiyələrindən əl və yumruqla bir neçə dəfə vuraraq ona başın sağ alın nahiyəsinde kəsilmiş səthi dəri yarası, sol gözaltı, sağ bazu və hər iki said nahiyələrində qançırlar, hər iki bazu və sol dirsək oynağı nahiyələrində sıyrıqlarla nəticələnən ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan, dərəcələri təyin olunmayan xəsarətlər yetirməkdə ittiham edilmişdir. Ekspert rəyi əsasında Zərərçəkmiş şəxs xəsarətlər müəyyən edilsə də, həmin xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs özü də sonuncuda aşkar edilmiş xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilmədiyini bildirmişlər. Zərərçəkmiş şəxs həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsini isə təqsirləndirilən şəxs ilə arasında olan ədavətlə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs isə istintaq zamanı zərərçəkmiş şəxsin hərəkətləri ilə əlaqədar ona hirsli olduğundan döyməsi barədə ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş hadisə vaxtı çay evində olmuş şahidlər də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmasını görmədiklərini, sadəcə səs-küy eşitdiklərini bildirmişlər. Bununla da məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməsi öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 33-cü bəndində təsbit edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməsi barədə ibtidai istintaq orqanı tərəfindən gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq etməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin özünün, şahidlərin ifadələri ilə tamamilə təkzib edilmişdir. Bu səbəbdən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin özünün və şahidlərin məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-589/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-589/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver