Məhkəmə qərarları › İş №1(011)-59/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-59/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-59/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1996-cı ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 02 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 20 (iyirmi) manat müqabilində 0,390 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:00-da Bakı şəhəri, Xətai rayonu “Əhmədli” metrostansiyasının yaxınlığında olan zaman, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən siqaret qızılı kağıza bükülmüş, təmiz çəkisi 0,390 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni Xətai rayonunda, “Əhmədli” metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən alır. Sonuncu dəfə 02 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində həmin ərazidə olan zaman, əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, lakin adını bilmədiyi şəxslə rastlaşmış və söhbət əsasında həmin şəxs ona narkotik vasitə «heroin» təklif etmişdir. Bundan sonra, bir büküm narkotikə görə ondan 20 (iyirmi) manat pul istənilmişdir. Bundan sonra razılaşmaya əsasən 20 manat pulu verərək, narkotiki sonuncudan almışdır. Sonra istifadə etmək niyyəti ilə, narkotik maddəni əynindəki cins şalvarın cibinə qoyaraq, bir az piyada getmiş və “Əhmədli” metrostansiyasının yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu bildirmiş və xidməti vəsiqələrini təqdim edərək, ondan özünü təqdim etməyini tələb etmişlər. Lakin, cibində narkotik vasitə olduğundan, özünü narahat hiss etmişdir. Polis əməkdaşları ondan şübhələnib, onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olan zaman, dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmiş, daha sonra isə ondan üzərində nə varsa təqdim etməyini bildirdikdə, əynindəki cins şalvarın cibindən siqaretin qızılı kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan bükülünü çıxararaq, polis əməkdaşlarına təqdim etmişdir. Sonra isə üzərindən aşkar olunaraq götürülmüş bir büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək, iştirakçılar tərəfindən heç bir etiraz olunmadan imzalanmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən o, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 noyabr 2021-ci il tarixdə 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə raportla məruzə edilərək, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2021-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 18:00-da “Əhmədli” metrostansiyasının yaxınlığında, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsi görüb, həmin şəxsin özünü narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli apardığından, yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vətəndaşla ünsiyyətdə olan zaman, onun hərəkətləri narkotik vasitəyə meyilli şəxsin hərəkətlərinə oxşadığından və bu hal onlarda şübhə doğurduğu üçün, həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Lakin, həmin şəxsin şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmadığından, onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra, dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə etməklə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı kağızına bükülmüş bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin qızılı kağızda olan bükülünün nədən ibarət olması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin narkotik vasitə heroin olmasını, xx.xx.2021-ci il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 02 noyabr 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş 0,60 qram çəkisi olan tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq, təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən, sonuncu bildirmişdir ki, əynində olan tünd boz rəngli cins şalvarının cibindən çıxan bükülmüş maddə “heroin” adlanan narkotik vasitədir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2021-ci il tarixli, 6/4870 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 152” dairəvi möhür əksi “ Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,340 qramdır. İş materiallarından görünür ki, 0,340 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd “CD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 22 noyabr 2021-ci il tarixli, 4607 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 16 noyabr 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2012-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə məbləğini xx.xx.2013-cü il tarixdə müvafiq bank hesabına ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,340 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,340 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar