Məhkəmə qərarları › İş №1(011)-591/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-591/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-591/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə çəkisi 0,316 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 8 iyul 2023-cü il tarixdə saat 12 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən "Xəzinə Palace" şadlıq sarayının yanında saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 ünvanda yerləşən Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyindən olan bir ədəd bükümün içərisində təmiz çəkisi 0,316 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Tokarev (TT) konstruksiyalı, yivli odlu döyüş silahı hesab edilən, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmiş tapançanı, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan, bircərgəli və 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı və zavod üsulu ilə istehsal olunmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən, 7.62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların 05 ədəd ştat patronunu əldə edərək sağ əlində saxladığı göy rəngli sellofan torbada gəzdirmiş, 18 sentyabr 2023-cü il tarixdə saat 13:00 dəqiqədə Xətai RPİnin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/30 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6 RPİ-nin 36-cı polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı göy rəngli sellofan torbada gəzdirdiyi həmin odlu silah, onun komplekt hissəsi hesab edilən daraq və döyüş sursatı hesab edilən beş ədəd patronla birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini tədiq etdiyini, ona istintaq zamanı heç bir təzyiq və təsirin olmadığını qeyd etmişdir. Daha sonra son sözündə əməlindən peşman olmasını, bir daha belə səhvlərə yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış və götürülmə protokolları, diskə baxış protokolları və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyul 2023-cü il tarixdə səhər saatlarında ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu ilə məşğul olması, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev küçəsində olması və üzərində narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Xırdalan şəhəri, Z.Tağıyev küçəsinə getmişlər. Həmin vaxtı Xırdalan şəhəri, Z.Tağıyev küçəsində “Xəzinə Palace" şadlıq sarayının yanında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə olması barədə məlumatın olduğunu bildirib, polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarışın keçiriləcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə və əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün narkotik vasitə heroin olduğunu və əynindəki cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkorik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonunda “Kaktus"-un yaxınlığında tanımadığı şəxsdən 10 manata özü istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, özü də protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Həmin şəxsə heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid4 ondan öncə dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanda qeydiyyatda olan, Əbilov küçəsi, 4a ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah olan tapançanı üzərində gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 daxil edilmiş, qrupa rəhbərlik isə özünə həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, 18 sentyabr 2023-cü ildə saat 13:00 dəqiqədə Xətai rayonu, Gəncə prospekti, 29/30 ünvanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun odlu silah gəzdirməkdə şübhəli olduğunu deyib ona 36cı PŞ-ə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs sağ əlində göy rəngli sellofan torba olmuşdur. Həmin torbanın içərisində odlu silahın olmasına əsaslı şübhələr olmuşdur. Bölmədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması şöbənin təhqiqatçısı Aslan Rəhimova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan torbanı masanın üzərinə qoyaraq.içərisində bir ədəd tapança və darağını olduğunu, Hövsanda dəniz qırağında gəzərkən tapdığını bildirmişdir. Təhqiqatçı tapançanın darağında olan 5 ədəd patronu çıxardıb masanın üzərinə qoymuş, sonra isə tapançanın yuvasını yoxlamışdır. Tapança, daraq və beş ədəd patron təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan öncə dindirilmiş Şahid1 göstərdiyi xüsusatları təsdiq ədərək oxşar ifadə vermişdir. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyindən olan bir ədəd bükümü təqdim etmiş, onun heroin olmasını bildirmişdir. Həmin narkotik maddəyə oxşar maddə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2023-cü il tarixli 6/3697 №-li rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs-imza,...İştirakçılar: 3-imza, Tərtib etdi: İ.Qurbanov - imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,316 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq 0.266 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 13 iyul 2023-ci il tarixli, 4393 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı Polis Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmiş, torbanın içərisindən TT markalı tapança, beş ədəd patronla birlikdə aşkar edilərək götürülmüşdür İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/711 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7.62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdırlar və atəşə yararlıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Abşeron rayon prokuroru Qabil Qasımovun 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Ayaz Gülməmmədovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,316 qram olan kustar üsulla hazırlanmış heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 0,266 qram saxlanması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. “TT konstruksiyalı tapança, onun komplekt hissəsi olan bir ədəd daraq və 02 ədəd patron maddi sübut kimi tanınmış saxlanması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş görüntüləri əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafı, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər iş materiallara ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ambulator X1 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut olan tədqiqatdan sonra qalıq qalan 0,266 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış “TT konstruksiyalı tapança, onun komplekt hissəsi olan bir ədəd daraq və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilməlidir. Maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan saxlanması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 0.266 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Maddi sübut kimi tanınmış “TT konstruksiyalı tapança, onun komplekt hissəsi olan bir ədəd daraq və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilsin. Maddi sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar