Məhkəmə qərarları › İş №1(011)-592/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-592/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-592/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 24, mənzil 54-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 5,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 19 oktyabr 2024-cü il tarixdə saat 11:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 ünvanın qarşısında saxlanılaraq Xətai rayonu, M.Mehdizadə 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə təmiz çəkisi - 5,82 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, həmin gün gecə növbəsindən işdən gəlmiş, yeməyini yemiş və yatmışdır. Həmin vaxt atası da evdə olmuşdur. Saat 10-11 arası qapı döyülmüş, qapını anası açmışdır. Gələn şəxslər onun anasına Elmiri çağırmasını bildirmiş, anası onlardan kim olduqları soruşmuş, lakin onlar bildirmişdirlər ki, “Elmiri çağır, o özü bilir”. Anası da gəlib ona demişdir ki, 2 nəfər onu çağırır. Daha sonra həmin şəxslər ona bildirmişdirlər ki, 37-ci Polis Bölməsindən gəliblər və rəis onu görmək istəyir. Hansı səbəbdən çağırdığını soruşanda isə onun həbsdən təzə çıxdığını və rəisin onunla danışmaq istədiyini bildirmişlər. O isə demişdir ki, axşam özü gələr polis bölməsinə, lakin həmin şəxslər bildirmişlər ki, onlarla getməlidir. Daha sonra onu maşına əyləşdirib polis bölməsinə aparmış, atası da öz maşını ilə onların arxasınca gəlmişdir. Lakin atasını polis bölməsinə buraxmamışdırlar. Onu isə otağa salaraq “həbsdən təzə çıxmısan, yenidən həbsə getməlisən” demişdirlər. O isə heç bir cinayət törətmədiyi halda hansı səbəbdən yenidən həbsə getməli olduğunu bildirmişdir. Lakin ona bildirmişdirlər ki, 234.2-ci maddə ilə həbsə getməlidir. Həmçinin orada əməliyyatçılar ona təzyiq göstərmişdirlər. Üzərində olan xəsarətlərlə bağlı prokurorluqdan gəlib qeydiyyata almışdırlar. Daha sonra rəisin müavini və 2 nəfər şəxs gəlmişdir, guya onlardan mal alıb. Halbuki həmin şəxsləri heç vaxt görməmiş və heç nə almamışdır. Bundan sonra rəisin müavini ona bildirmişdir ki, əgər 234.1-ci maddə ilə ittihamı qəbul etsə ona güzəştə gedər. O da bununla bağlı məhkəmədə hakimə bildirəcəyini bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2 nəfər şəxs onu aparanda məhəllədə onu görənlər olmuşdur. Onu evindən götürüb aparıb bölmədə yükləyiblər. Üzərindən çıxan narkotik onda olmayıb. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsini daşıyır. 19 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 ünvanının qarşısında oğurluq cinayətinin törədilməsində şübhəli kimi saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmişdir. PŞ-də Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra polis şöbəsinin inzibati otaqlarının birində onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda o, bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi marixuanadır. Həmin şəffaf selofana bükülmüş bükülü açıldıqda işərisində tünd yaşıl rəngli spesifik iyə malik otşəkilli kütlə aşkar olunmuş və həmin tünd yaşıl rəngli kütlə elektron tərəzidə çəkisi çəkilmiş və çəkisi 6.24 qram olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən nə vaxt, haradan alması soruşulduqda E. Babayev həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xaqlar Dostluğu metrosunun yaxınlığında adını Əli kimi bildiyi lakin heç bir ankel məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və ya maddə olub-olmaması barədə soruşulduqda başqa heç nə olmadığını demişdir. Daha sonra həmin narkotik vasitə marixunaya bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, şəxsi axtarış və götürmə zamanı videoçəkilişın əks olduğu disk protokola əlavə edilmişdir Təqsirləndirilən şəxs və müdafiəçi protokolla tanış olub imza etmişlor. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklid daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, səhər saat 11-in yarısında qonşusu Elvin ilə iş dalınca getməli idi. Elvin turizm şirkətində işləyir, onunla birlikdə şəhər tərəfə getməli idilər. Səhər eyvana çıxanda Elvinə zəng edib onun oyanıb-oyanmamağını soruşmuşdur. Həmin vaxt görmüşdür ki, 2 nəfər mülki şəxs Elmirin qoluna girib onu aparırlar, Elmir də ev paltarında idi. O da bu barədə Elvinə demişdir ki, Elmiri aparırlar və qara maşına əyləşdirəcəklər. Elvin də dərhal Elmirin valideyinlərinə zəng edib bu məsələ ilə maraqlanmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, səhər işə gedəcəkdi, eyvanda durub siqaret çəkirdi. Qonşusu ona zəng edib oyanıboyanmadığını soruşmuşdur. Həmin vaxt görmüşdür ki, Elmiri 2 nəfər blokdan götürüb apardı. Dərhal Elmirin anasına zəng edib nə baş verdiyini soruşmuşdur. Anası da nə baş verdiyindən məlumatsız olduğunu bildirmişdir. Həmin vaxt məhəllədə kameralar da var idi, lakin 1 həftə sonra həmin görüntüləri istəyəndə bildirdilər ki, görüntülər silinib. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, təxminən 3-4 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, hər dəfə ona naroktik vasitə marixuana lazım olduqda Bakı şəhərində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə edir. 18 sentyabr 2024-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Xalqlar Dostlduğu” stansiyasının yaxınlığında heç bir anket məlumatlarını və ünvanını bilmədiyi, lakin üzdən tanıdığı və adının Əli olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün bir büküm qurudulmuş marixuananı 15 manata alaraq uzərində saxlamış, 19 sentyabr 2024-cü il tarixdə saal 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 ünvanının yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib oğurluqda şübhəli olduğunu deyib Xətai rayon 37-ci polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları tərəfindən onunla profilaktik söhbətlər aparıldıqda narkotik vasitə istifadəçisi olduğunu və üzərində nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, bundan sonra şöbədə təhqiqatçı tərəfindən ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunaraq dövlət hesabına hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində qanunla qadağa olunmuş əşyalar və ya maddə vardırsa könüllü olaraq çıxaraq təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülü ot kütləsini çıxarıb təqdim etmiş və sorğu zamanı həmin ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Xalqlar Dostlduğu” stansiyasının yaxınlığında heç bir anket məlumatlarını və ünvanını bilmədiyi, lakin üzdən tanıdığı və adının Əli olduğunu bildiyi şəxsdən 15 manata aldığını bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək çəkisinin 6,24 qram olması müəyyən edilmiş, həmin bir büküm narkotik vasitə olan qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 19 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə saat 11:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi "marixuana" olmasını bildirmişdir. Həmin şəffaf sellofana bükülmüş bükülü açıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik otşəkilli kütlə aşkar olunmuşdur. Həmin tünd yaşıl rəngli kütlənin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 6,24 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında adını Əli kimi bildiyi lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v.32-33) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16-2-7/1557 nömrəli 20 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs..." yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 5,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 5,82 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 5,77 qram; (i.v.41-44) - diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Kamran Əhmədovun xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Kamran Əhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edir. Baş təhqiqatçı tərəfindən sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını, özünə məxsus olmasını və 18 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi Əli adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almasını bildirir. Bundan sonra baş təhqiqatçı Kamran Əhmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm kütlə elektron tərəzidə çəkilir və çəkisinin 6,24 qram olması müəyyən edilir. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir; (i.v.53) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.54-55) - şəxsin MSY-dən çıxarılması haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Xətai RPİ-nin MSY-də saxlanılan və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai rayon prokurorluğuna və Xətai rayon Məhkəməsinə aparılması qərara alınmışdır; (i.v.77-78) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-618/2024 saylı, 21 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.79-83) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 ”Bakı Baş Səhiyyə Mərkəzi” X6 28 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 26 sentyabr 2024cü il tarixli, 18-1-1-37/2-96/2024 №-li məktubdan görünür ki, xx.xx.1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 28 №-li Şəhər Poliklinikasının ruhi-əsəb (həkim-psixiatrın) kabinetində qeydiyyatda yoxdur; (i.v.93-94) - Bakı şəhəri Xətai rayon 110 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci il tarixdən Bakı şəhəri Xətai rayonu 110 saylı MKİS-nin xidməti ərazisi olan Xocalı küçəsi 24 saylı evin 54 saylı mənzilində qeydiyyatdadır və yaşayır. Yaşadığı müddət ərzində onun haqqında qonşular tərəfindən şikayət və narazılıq 110 saylı MKİS-nə heç bir vaxt daxil olmamışdır; (i.v.95) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5 və 69.3-cü maddələri ilə 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmış və Xətai rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması 02 ay 17 gün müddətinə azadlığdan məhrum etmə ilə əvəz edilərək xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; (i.v.97-98) - Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 1(006)- 63/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 03 ay 09 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; (i.v.99-104) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 7(011)-115/2024 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-63/2023 saylı, 26 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 05 (beş) gün hissəsi iki günə bir gün hesabı ilə nəzərə alınmaqla, 02 (iki) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır;(i.v.105- 112) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 30 sentyabr 2024-cü il tarixli 6565 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.120-121) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 13064 №-li məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 54-də qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.99) - 25 oktyabr 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən təmiz çəkisi 5.82 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 5.77 qram marixuana saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi, ambulator məcburi-narkoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin prosesi əks etdirən videogörüntünün olduğu 01 ədəd disk, həmin diskə baxış protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.134-140) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına və məhkəmə baxışı zamanı əldə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, 2 nəfər şəxs onu evindən götürüb 37-ci PB-nə aparmaları, orada ona 234.2-ci maddə ilə həbsə getməlidir bildirmələri, əməliyyatçıların ona təzyiq göstərmələri, daha sonra narkotik aldığını bildirilən 2 nəfər şəxs gəlməsi, rəisin müavininin ona 234.1-ci maddə ilə ittihamı qəbul etdiyi halda güzəştə gedəcəyini, üzərindən çıxan narkotikin onda məxsus olmaması həqiqətə uyğun deyil. Belə ki, təqsirləndirilən şəxsin öz mənzilindən tutulmasını müdafiə tərəfinin vəsatəti ilə çağırılmış şahidlər də təsdiq edə bilməmişlər, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi "marixuana" olmasını bildirmişdir. Həmin şəffaf sellofana bükülmüş bükülü açıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik otşəkilli kütlə aşkar olunmuşdur. Həmin tünd yaşıl rəngli kütlənin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 6,24 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında adını Əli kimi bildiyi lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata alıb üzərində saxlamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş « Narkotik vasitələr » adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 5,82 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,77 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 5,77 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar