Məhkəmə qərarları › İş №1(011)-594/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-594/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-594/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Samanlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 07:30 radələrində X4 məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Accent» minik markalı 99- RK-353 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində şəhər istiqamətinə mərkəzə doğru saatda 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yol-hərəkəti qaydalarına riayət etməyərək Bakı şəhəri Xətai rayonu 8 noyabr prospektində şəhər istiqamətində yolun sağdan sola doğru keçməkdə olan piyada X5 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona İ-İİ dərəcəli travmatik şok və komatoz vəziyyətlə müşayiət olunan başın və bədinin küt travması, baş-beyin silkələnməsi, baş-beyin ödemi, ikitərəfli hemopnevmotoraks, qarın boşluğuna qanaxma, nazik bağırsaq müsariqəsinin cırılmış yarası, sol aşıq-baldır oynağının qapalı sınıq kimi həyati olub, ölümlə birbaşa səbəbli əlaqəli olan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Qızxanım Əfəndiyevanın ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdən etibarnəmə əsasında «Hyundai Accent» minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobil X4 məxsus olmuşdur. 26 iyul 2023-cü il tarixdə təxminən saat 07 radələrində taksiçilik fəaliyyəti ilə məşğul olaraq Xətai rayonu 8 noyabr prospekti ilə üzü şəhər mərkəzi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobili təxminən 50-60 km/saat sürət ilə yolun sol hərəkət hissəsi ilə idarə edirmiş, sağ tərəfi ilə isə, yəni yolun digər hərəkət hissələri ilə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillər hərəkət etmişdir. Həmin vaxt sağ hərəkət hissəsi ilə dövlət qeydiyyat nişanını xatırlamadığı «Opel» markalı avtomobil işıqlarını yandıraraq yol verməsini, ötmə əməliyyatı etmək istəməsini bildirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobilin hərəkət sürətini azaltmış, nəticədə həmin avtomobil ötmə əməliyyatı edərək onun qarşısına çıxmaqla hərəkətinə davam elmişdir. Həmin zaman avtomobilinin ön şüşəsinə nəisə dəydiyini görmüşdür. Bundan sonra dərhal avtomobili yolda saxlamış, avtomobildən aşağı düşdükdə sonradan adını öyrəndiyi X2 yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal yaxınlaşmış, Qızxanım Əfəndiyevanın xəsarətlər aldığını gördüyündən xəstəxanaya aparmaq məqsədi ilə idarə etdiyi avtomobilin arxa oturacağının üzərinə yerləşdirmiş, daha sonra idarə etdiyi avtomobilə əyləşərək 2 saylı şəhər klinik xəstəxanasına getmişdir. O, 2 saylı şəhər klinik xəstəxanasında olduqdan sonra orada olan təcili tibbi yardım avtomobili ilə Qızxanım Əfəndiyevanı 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. 31 iyul 2023-cü il tarixdə Qızxanım Əfəndiyeva aldığı xəsarətlərdən 3 saylı şəhər klinik xəstəxanasında ölmüşdür. Məhrumun yas və dəfn mərasimlərinin keçirilməsinə maddi köməklik göstərilmişdir. Bundan başqa əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, ondan şikayətçi olmadığını, himayəsində bir körpə azyaşlı uşaq olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qardaşı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə təxminən saat 07:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Acccnt» minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu 8 noyabr prospektində şəhər istiqamətində mərkəzə doğru hərəkətdə olarkən yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkətdə olan piyada bacısı X5 vurmuşdur. Sürücü Qızxanımı aldığı xəsarətlərlə əlaqədar Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Həkimlərin səylərinə baxmayaraq 31 iyul 2023-cü il tarixdə isə Qızxanım yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi Zərərçəkmiş şəxs hadisənin ehtiyatsızlıqdan olduğunu, Təqsirləndirilən şəxs yas mərasiminin keçirilməsinə maddi köməklik etdiyini, təqsirləndirilən şəxslə barışdığını ona qarşı şikayətin və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Hyundai Accent» minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsi və ön farasının şüşəsi sınıq, avtomobilin kapotunun sağ tərəfi isə əzik vəziyyətdə olması aşkar edilmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində şəhər istiqamətində baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 26 iyul 2023cü il tarixli 2/23824 saylı protokoldan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 20 avqust 2023-cü il tarixli 65 saylı rəyindən görünür ki, mərhum X3 İ-İİ dərəcəli travmatik şok və komatoz vəziyyətlə müşayiət olunar, başın və bədinin kül travması, baş-beyin silkələnməsi, baş-beyin ödemi, ikitərəfli hemopnevmotoraks, qarın boşluğuna qanaxma, nazik bağırsaq müsariqəsinin cırılmış yarası, sol aşıq-baldır oynağının qapalı sınığı müəyyən edildi. Xəsarətlər həyati olub bərk-küt əşya(lar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində ağciyər-ürək çatışmamazlığı olmuşdur, ölüm xx.xx.2023-cü il tarixdə saat 19:00-da X11 baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 8/3000 nömrəli rəyindən görünür ki, Hyundai Accent markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-cü il tarixədək etibarlı olan) BDYPİ QİŞ tərəfindən AE 329626 nömrəli “B C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 23 oktyabr 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan doğum haqqında şəhadətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X6 adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanımaq barədə qərardan görünür ki, «Hyundai Accent» minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün mülkiyyətçisi X4 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs müsbət bir insan kimi xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X13 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və X4 təhvil verilmiş «Hyundai Accent» minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X13 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün X4 verilmiş “Hyundai Accent” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar