Məhkəmə qərarları › İş №1(011)-594/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-594/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-594/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1964-cü ildə Ermənistan Respublikasının Quqark şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət vurulmasına səbəb olmuşdur. Belə ki, o, "xxxx" MMC-yə məxsus olmaqla “AD 136519” nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin cəmiyyət tərəfindən verilmiş 01 may 2024-cü il tarixli yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Karsan Atak” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla 22 may 2024-cü il tarixdə saat 14:07-də ünvan 2 ünvanla G.Mehmandarov küçəsi 4 saylı ünvan istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olarkən G.Şıxlinski küçəsi 249 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtobusu hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtobusun idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin edərək yerinə yetirməklə baş verə biləcək yolnəqliyyat hadisəsinin qarşısını almağa texnik imkanı olduğu halda bu yol-hərəkəti qaydalarına riayət etməyərək idarə etməni itirib avtobusun qarşısında hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Mitsubishi Pajero” markalı avtomobil irəliyə doğru gedərək qarşıda dayanmış vəziyyətdə olan Şahid1 01 yanvar 2024-cü il tarixli yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Ford Transit” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin axra hissəsi ilə toqquşması nəticəsində “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan soldan döş qəfəsinin İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınıqları, hemotoraks və sağ kürək sümüyün xətti sınığı ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Avtobus sürücüsü işləyir və işi səhər saat 06:00-da başlayər, gecə 00:00-da isə bitir. Hadisənin baş verdiyi gün sonuncu dayanacağa çatmasına az qalmış saatda qırx-əlli kilometr surətlə hərəkət edərkən yorğun olduğu üçün sükan arxasında yatmış, gözünü açdıqda bir avtomobillə toqquşmasına az qaldığını görsədə məsafə az olduğundan avtobusu dayandıra bilməmiş, qarşısındakı avtomobillə toqquşmuş, həmin avtomobildə qarşısında dayanmış başqa bir avtomobilə dəymişdir. Bundan sonra ona sərxoş olmamağı ilə bağlı yoxlanışdan keçməli olduğunu bildirmişlər, bu səbəbdən gedib yoxlanışdanda keçmiş və ayıq olması ilə bağlı sənəd əldə etmişdir. Daha sonra toqquşduğu avtomobildə xəsarət alan sürücü Zərərçəkmiş şəxs xəstəxanada olduğunu bilmiş, həmin xəstəxanaya gedib zərərçəkmişin atasına xəstəxana xərcləri üçün 150 (bir yüz əlli) manat, dərmanlar üçün isə 100 (bir yüz) manat məbləğində pul vermişdir. Daha sonra 1000 (bir min) manat borc taparaq zərərçəkmiş şəxsin evinə getmiş, valideyinləri onu qapıdan qovaraq dəymiş zərərin yəni, 2000 (iki min) manatın tam şəkildə ödəməyini tələb etmişdir. O həmin məbləğin hazırda olmadığını, işləmədiyini bildirsədə onlar razılığa gəlməmişlər. Əlavə olaraq dəymiş zərəri qəbul etdiyini, həmçinin sığortanın zərərçəkmiş şəxslərə pul ödəyəcəyini, onun 2000 (iki min) manatı tam olaraq ödəməyə imkanının olmadığını, hər ay 500 (beş yüz) manat ödəniş edə biləcəyini, zərərçəkmiş tərəfin onun təklifi ilə razılaşmadığını bildirərək qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin gün qəzanın baş verdiyi ünvana gedərək atasına məxsus olan etibarnamə əsasında idarə etdiyi avtomobildən enib marketə getmiş, marketdən çıxıb avtomobilə əyləşib qapını bağlamaq istəyərkən avtomobilə nəyinsə zərbə ilə dəydiyini hiss etmişdir. Gözünü açarkən sinəsinin ağrıdığını hiss etmiş, zərbə nəticəsində sükana dəydiyini düşünmüşdür. Bundan sonra ətrafda olan şəxslər ona tərəf gələrək avtomobilin zədə almış qapısını açıb onu çıxartmağa çalışmışlar, lakin çiyin və sinə tərəfi ağrıdığından onlara icazə verməmişdir. Avtomobilin oturacağını geriyə doğru verərək uzanıqlı vəziyyətdə qalmış və anasına zəng edərək qəza törətdiyi yerin ünvanını vermişdir. Anası gələnədək təcili tibbi yardım çağırmışlar, ilk öncə ciddi xəsarət almadığını düşünsədə tez-tez şüurunu itirmiş, daha sonra onu avtomobilin arxa qapısından çıxardaraq təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra bir neçə gün xəstəxanada müalicə almış və sonra evə buraxılmışdır. O hadisə vaxtı onu vuran avtobusun gəldiyini görməmiş, avtobus onu vurduqdan sonra qarşında durduğu avtobilə dəymiş, hazırda avtomobili yararsız vəziyyətdədir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş, qəzadan bir neçə gün sonra müstəntiqin təkidi ilə ona baş çəkmiş, ona dəymiş 2000 (iki min) manat zərəri ödəmədiyindən təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxs ilk məhkəmə iclasından sonra ona hər ay 500 (beş yüz) manat məbləğində pul ödəyə biləcəyini bildirmiş, o bununla razılaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, qəza baş verən avtomobil ona məxsusdur, o həmin avtomobili idarə etməsi üçün etibarnamə əsasında oğlu Zərərçəkmiş şəxs vermişdir. Yay ayı olmasını xatırlasada, tarixini dəqiq xatırlamır, o hadisə barədə məlumat aldıqdan sonra həmin yerə getmiş və oğlunu soruşmuş, ona Mətinin xəstəxanaya aparıldığını bildirmişlər. Həmin vaxt həyat yoldaşı ilə əlaqə saxlamış, sonuncu ona təcili tibbi yardımla birlikdə Mətini xəstəxanaya apardıqlarını bildirmişdir. Orada sürücünün kim olduğunu soruşmuş, Təqsirləndirilən şəxs qəzaya səbəb olan avtobusun sürücüsü olduğunu demiş, əsəbi olduğu üçün orada sonuncuya iradlarını bildirmişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirildikdən sonra avtomobilləri cərimə meydançasına aparmışlar. Hadisədən iki-üç gün keçdikdən sonra Təqsirləndirilən şəxs maraqlanmadığını görüb ona zəng edərək uşağın qabırğalarının sındığını, maraqlanmamağının səbəbini soruşmuş, sonuncu ona gələcəyini bildirmişdir. Bu danışıqdan bir qədər müddət keçdikdən sonra yanında bir nəfər şəxslə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs həkimlərə pul verilməli olduğunu dedikdə sonuncu ona pulunun olmadığını, lakin verəcəyini bildirərək 100 (bir yüz) manat pul verərək getmişdir. Mətinin müalicə, xəstəxana və dərman xərclərini özü ödəmiş, sağaldıqdan sonra həkim artıq evə gedə biləcəyini bildirmiş, bu səbəbdən yenidən Təqsirləndirilən şəxs zəng edərək həkimə pul verilməli olduğunu bildirmiş, sonuncu həmin vaxt ona Mətini xəstəxanadan çıxartmağını, bütün pul ödəyəcəyini, narahat olmamağını bildirmişdir. Yaşı çox olduğundan ona inanmış və oğlunu götürüb evə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gecə saatlarında yaşadığı ünvanın həyətinə gəlmiş və ona imkanının olmadığını deyərək 150 (bir yüz əlli) manat pul ödəmiş, qalan məbləğidə tam olaraq ödəyəcəyini bildirmişdir. O, sonuncuya verdiyi məbləğlərin az olduğunu, həmin məbləğin heç dərman xərclərini ödəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs yenidən ona narahat olmamağını, pulu ödəyəcəyini bildirərək getmiş və bir daha Mətinlə maraqlanmamışdır. O, Təqsirləndirilən şəxs zəng edərək niyə zərəri ödəmədiyini, onu aldatdığını və borca saldığını demiş, lakin ondan sonrada heç bir ödəniş edilməmişdir. Daha sonra yanında bir nəfər xanımla gələrək onu tutdurmağını, ondan şikayət etməyini, zərəri ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, oğlu ona zəng edərək qəzanın baş verdiyini, şüurunu itirdiyini, yenidən özünə gələrək zəng etdiyini bildirmiş, bu zaman Mətindən vəziyyəti və harada olması ilə bağlı soruşduqda sonuncu ona sükan arxasında uzanıqlı vəziyyətdə olduğunu demişdir. O, Mətinə təcili tibbi yardım gələnədək tərpənməməyini, onun yanına getdiyini bildirmişdir. Məsafə yaxın olduğundan qaçaraq özünü hadisənin baş verdiyi ünvana çatdırmış, daha sonra təcili tibbi yardım gəlmiş, avtomobil zədələndiyindən qapılarını rahatlıqla açmaq mümkün olmamış, Mətini çətinliklə sükan arxasından çıxardaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanaya çatdıqdan sonra həkimlər Mətini müayinə etmiş və dörd qabırğasının, həmçinin kürək sümüyünün sındığını bildirmişlər. Qəzanın baş verdiyi yerdə Təqsirləndirilən şəxs görməmiş, sonuncu oğlunun vəziyyəti ilə maraqlanmamış, xəstəxana xərclərini ödəməmiş, bir dəfə xəstəxanaya gələrək on-on beş dəqiqə dayanıb getmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ifadəsində 22 may 2024-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən marketə daxil olmaq üçün "xxxx" MMC-yə məxsus “Ford Transit” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı idarə etdiyi avtomobili yolun kənarında saxlayıb sükan arxasından enərək yük yerindən məhsulu götürüb marketə daxil olmuşdur. Həmin vaxtı saat 14:07-də çöldən toqquşma səsi eşitmişdir. Dərhal çölə çıxaraq yolda hərəkətdə olan sərnişin daşıma “Karsan Atak” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq hissəsi “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toqquşmasını görmüşdür. Zərbənin təsirindən “Mitsubishi Pajero” markalı avtomobil irəliyə doğru gedərək qarşıda dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsinə dəyərək “Mitsubishi Pajero” markalı **-KH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət almasını müşahidə etmişdir. Ətrafda olan şəxslər avtobusun sürücüsü ilə birlikdə Mətinə ilkin yardım etdikdən sonra təcili tibbi yardım briqadasına məlumat verdikdə hadisə yerinə gələn həkimlər Mətini 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Avtomobilində heç bir zədə olmadığını, heç bir maddi ziyan dəymədiyini, şikayət və tələbinin olmadığını, sığortadan və təklif edilmiş məhkəmə tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirmiş və heç bir xəsarət almadığını, avtomobilində sərnişin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 may 2024-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt beton örtüklü, düz olmuş, hadisə baş verən zaman yol quru olmuşdur. Hadisə baş verən yolun ümumi eni 8 metr olmaqla, 2 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 4 metrdir. Yol, əks istiqamətdə nəqliyyat axınını ayıran yol ayrıcından, eyni istiqamətli nəqliyyat axınlarını ayıran xətlərdən ibarətdir. (i.v. 6-11); xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə alkoqol qəbulu əlamətləri olmamış, o ayıq vəziyyətdə olmuşdur (i.v. 12); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2018-ci il buraxılışlı, Vaqon tipli, “Karsan Atak” avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir (i.v. 15); Təqsirləndirilən şəxs məxsus AD136519 seriya nömrəli, BCD kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2028-ci il tarixə qədər qüvvədədir (i.v 14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 73); Azərbycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2024-cü il tarixli 565 nömrəli ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü vət.Zərərçəkmiş şəxs məhkəmə - tibbi ekspertizasına və onun adına təqdim edilmiş xəstəlik tarixinin kserosurətində qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qərarda qoyulmuş suallara uyğun belə nəticəyə gəlmişdir ki, vət.Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – soldan döş qəfəsin İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınıqları, hematoraks və sağ kürək sümüyün xətti sınığı bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni sürücü qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (i.v. 28-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 8/1623 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Karsan Atak markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Pajero markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyi göstərilmişdir. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transit markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb edilmədiyi göstərilmişdir. ( i.v. 34-37); video diskə baxış keçirilməsi barədə 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən baxış keçirilmiş, video görüntüdən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus olan “Karsan Atak” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus 22 may 2024-cü il tarixdə saat 14:07-də ünvan 4 ünvanla G.Mehmandarov küçəsi 4 saylı ünvan istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olarkən G.Şıxlinski küçəsi 249 saylı ünvanın qarşısında idarə etməni itirib avtobusun qarşısında hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısını açıb əyləşdikdən sonra avtomobilin irəliyə doğru gedərək qarşıda dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi "xxxx" MMC-yə məxsus “Ford Transit” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Baxış zamanı iş üzrə şahid Təqsirləndirilən şəxs videogörüntüdə görünən “Karsan Atak” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun həmin zaman özünün idarə etdiyini, “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən şəxsin isə Zərərçəkmiş şəxs olduğunu bildirdiyi qeyd edilmişdir. Həmçinin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmiş, bir ədəd CD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işin əlavə ediləcəyi göstərilmişdir (i.v 53) Eyni zamanda məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntülərdə hadisənin diskə baxış keçirilməsi haqqında protokolda göstərildiyi şəkildə davam etdiyi müəyyən edilmişdir. 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 97-99) Sübutların qiymətləndirilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Azərbycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2024-cü il tarixli 565 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 8/1623 nömrəli ekspert rəyi və hadisəni özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilərək istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi "Karsan Atak" markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi qərara alınmışdır. ( i.v. 110-116); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə dəymiş zərərin tam olaraq ödənilməməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Karsan Atak” markalı **-JZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin, “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin, “Ford Transit” markalı **-JO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM- 198.1.). İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Karsan Atak” markalı **-JZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin, “Mitsubishi Pajero” markalı **-KH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin, “Ford Transit” markalı **-JO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar