Məhkəmə qərarları › İş №1(011)-595/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-595/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-595/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsnın, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, “Şəfa” kafesində müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 26 iyun 2023-cü il tarixdə saat 04:08-də ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarədarı olduğu «Korsar» balıq restoranına mətbəxin pəncərəsini əli ilə itələyib açmaq yolu ilə qanunsuz daxil olub restoranın saxlanc yeri hesab olunan kassasını üzərindəki açar vasitəsi ilə açaraq oradan 2.000 (iki min) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 2.000 (iki min) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsrində göstərmişdir ki, 2015-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində ünvan 1 ünvanında yerləşən «Korsar» restoranında kassir kimi fəaliyyət göstərmişdir. Həmin restorandan işdən azad edildikdən sonra işsiz qalmış və maddi problemləri yarandığı üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, həmin restoranın kassasında axşamlar pul saxlanıldığını və həmin pulun səhər iş fəaliyyəti başlayan zaman sayılıb götürüldüyünü bilmişdir. Bu səbəbdən gecə saatlarında restorana daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 26 iyun 2023-cü il tarixdə, saat 04 radələrində restoranın yanına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra restoranın arxa tərəfində yerləşən mətbəxə açılan pəncərəni əli ilə itələyib açaraq restorana daxil olmuşdur. Restorana daxil olduqdan sonra o, kassa olan hissəyə yaxınlaşmış və restoranda müşahidə kameralarının olduğunu bildiyi üçün kameranı söndürmüşdür. Daha sonra isə kassa olan hissəyə yaxınlaşaraq kassanı üzərindəki açar vasitəsi ilə açıb 2.000 (iki min) manat məbləğində pulu oğurlayıb restoranı daxil olduğu kimi tərk etmişdir. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs onun işlədiyi dövr ərzində həmin restoranda inzibatçı işləmişdir. Lakin onun Zərərçəkmiş şəxslə arasında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Cinayət hadisəsini törədən zaman tək olmuş və bu barədə heç kimin məlumatı olmamışdır. Son sözündə əməlindən peşman olmasını, dəymiş ziyanın qismən ödənilməsini, qalan borcun hissəhissə ödənilməsi barədə razılığa gəlinməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən «Korsar» balıq restoranına sahibkar kimi rəhbərlik etməyə başlamışdır, həmçinin özü də kassada oturaraq kassirlik etmişdir. «Korsar» balıq restoranı hər gün səhər saat 09:30-dan açılır və axşam saat 00:00-da bağlanır. Həmçinin restoranın gündəlik alveri kassada saxlanılır və səhər saatlarında işə başlananda əvvəlki günün gəliri kassadan götürülür. 25 iyun 2023-cü il tarixdə o, 00:00-da restoranı bağlayaraq yaşadığı evə getmiş və həmin günün gəliri olan 2.000 (iki min) manat kassada qalmışdır. Səhər saat 09:30-da işə gələrək restoranı açıb fəaliyyətə başlamışlar. O, həmin vaxt kassaya yaxınlaşaraq orada olan pulu sayıb təhvil götürmək istədikdə kassada olan 2.000 (iki min) manat məbləğində pulun olmadığını görmüşdür. Həmin vaxt oğurluq olmasından şübhələnib restoranda quraşdırılmış kameralara baxış keçirdikdə müəyyən etmişdir ki, əvvəllər restoranda kassir kimi fəaliyyət göstərmiş Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə gecə saat 04 radələrində restoranın arxa hissəsində olan, mətbəxə açılan pəncərəni açıb qanunsuz olaraq restorana daxil olmuş, daha sonra kassaya yaxınlaşmış və restoranın kamera müşahidəsi altında olduğunu bildiyi üçün kameranı söndürərək kassada olan 2.000 manat məbləğində pulu oğurlayıb restoranı tərk etmişdir. Bunu bildikdən sonra baş vermiş hadisə barədə DİN-in 102 Xidməti zəng mərkəzinə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Dəymiş ziyan qismən ödənilmiş, qalan borcun isə hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir. Bunu nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə saat 20:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞnin müstəntiqi Mahir Hacıyevin 11 oktyabr 2023-cü il tarixli vəsatətinin müdafiə olunmasından imtina edilərək, onun saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan video diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, videogörüntünün əks olunduğu diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, bir nəfər kişi cinsindən olan, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiq etdiyi şəxs 26 iyun 2023-cü il tarixdə saat 04:07:00-da ünvan 1 ünvanında yerləşən “Korsar” restoranının arxa tərəfində müşahidə olunur və o, siqaret çəkdikdən sonra restoranın arxa hissəsində olan pəncərəyə yaxınlaşır, saat 04:08:47-də restoranın pəncərəsini açaraq içəri daxil olur, 04:15:09-da kassaya yaxınlaşır və 04:15:48-də isə kameranın aparatını söndürür. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət hadisəsinin qeydə alındığı video çəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübt kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, qalan borcun isə hissə-hissə ödənilməsi barədə razılığa gəlindiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən “Şəfa” kafesinin qonaq otağında müvəqqəti yaşayır. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Şahin Şahverdiyev adlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Zərərçəkmiş Zərərçəkmiş şəxs çıxışında dəymiş ziyanın qismən ödənilməsini və zərərçəkmiş şəxslə razılıq əldə etdiyi üçün təqsirləndirilən şəxsə nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən zərərçəkmiş şəxsin xahişi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, himayəsində uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxslə razılıq əldə etməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Biləsuvar şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Biləsuvar şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar