Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-6/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X4 Həsənoviçin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1948-ci il tarixdə Zəngilan rayonu, Mincivan kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Rusiya Federasiyası, Çeçenistan Respublikası, Qroznı şəhərində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2009-cu il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş X4 Həsənoviçin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq müəyyən etmişdir ki, X4 Həsənoviç 28 avqust 2009-cu il tarixdə saat 24:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi 16 saylı evin yaxınlığında qızı X3 faktiki ər-arvad kimi yaşadığı X5 ailə münasibətlər zəminində mübahisə edib dalaşaraq hadisə yerindən götürmüş olduğu dəmir parçası ilə sonuncunu vurub ona qarnın ön divarının sol yarısının və sağ budun deşilmiş kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamılığa yüngül zərər vurmuşdur. Bu səbəbdən ittiham tərəfi X4 Həsənoviçə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham elan etmiş və cinayət işi baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs X4 Həsənoviç 10 noyabr 2009-cu il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasına üzrlü səbəb olmadan gəlməmiş, həmin tarixdə onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş və məhkəmə hazırlıq iclası 19 noyabr 2009-cu il tarixə saat 10:00-a təxirə salınmışdır. 19 noyabr 2009-cu il tarixdə təqsirləndirilən şəxs X4 Həsənoviçə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan təkrarən gəlməmiş, eləcə də onun məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar icra edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2009cu il tarixli qərarı ilə X4 Həsənoviç barəsində axtarış elan edilmiş, X1 yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ilə X4 Həsənoviçin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 311.2.1 və 53-cü maddələrinə əsasən təzələnmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.9-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aşağıdakı hallarda aparıla bilər: 299.9.1. təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda; 299.9.2. təqsirləndirilən şəxsin xahişi ilə qanunla işin qiyabi baxılmasına yol verildiyi halda. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 311.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yol verilir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X4 Həsənoviçin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsinə dair cinayət işi aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması, o cümlədən kobud pozuntulara yol verilməsi məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar olmuş və daha sonra icraat təzələnmişdir. İttiham aktından məlum olur ki, cinayət işi üzrə maddi sübut, mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs X4 Həsənoviçin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı müdafiə tərəfinin vəsatətini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, hazırlıq iclasında təqsirləndirilən şəxs X4 Həsənoviç barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. Belə ki, cinayət işindən məlum olur ki, təqsirləndirilən şəxs X4 Həsənoviçə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsində göstərilmişdir ki, “məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 1.14-cü hissəsinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarın 14-cu hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 23.5-ci bəndinə əsasən bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunur. İş materiallarından məlum olur ki, təqsirləndirilən şəxs X4 Həsənoviç böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Həmçinin Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmışdır. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X4 Həsənoviçin əməli “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 10-cu və 11-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək təqsirləndirilən şəxs X4 Həsənoviç barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Həsənoviç barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs X4 Həsənoviç barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan, məhkəmə məsrəfləri və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 Həsənoviç barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. X4 Həsənoviç barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-6/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-6/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver