Məhkəmə qərarları › İş №1(011)-60/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-60/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-60/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs və onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Pro Bono Vəkil Bürosunun vəkili X10 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Göyçay rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, ev 42, mənzil 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək və hüquq verən rəsmi sənəd hesab olunan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi tərəfindən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 0,5 hektar torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2005-ci il tarixli 34025 nömrəli müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq Zərərçəkmiş şəxs özünə məxsus torpaq sahəsi kimi təqdim edib aldatmaqla sataraq Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 11-də yerləşən 18 saylı Notariat kontorunda torpaq sahəsinə dair etibarnaməni və qanunsuz hazırladığı saxta müqaviləni verdikdən sonra notariat kontorunun qarşısında sonuncudan 200 (iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340 (üç yüz qırx) manat, bir neçə saatdan sonra isə qeyd edilən ünvanda 14660 (on dörd min altı yüz altmış) manat məbləğində pul vəsaitini alıb Zərərçəkmiş şəxs məxsus əmlakı vahid niyyətlə ələ keçirib ümumilikdə 15,000 (on beş min) manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Müxtəlif vaxtlarda dələduzluq, saxta sənədlər hazırlama və həmin sənədlərdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin may ayında şərti məhkumluqla azadlığa buraxılmışdır. 2018-ci ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra müxtəlif işlərlə məşğul olmuşdur. 2019-cı ildə özünə məxsus olmayan saxta sənədlə ona məxsus olan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Həmin ilin sonlarında Hövsan qəsəbəsində alqı-satqı fəaliyyəti ilə məşğul olan Tural adlı şəxslə tanış olmuşdur. Bir müddət tanışlıqdan sonra Hövsandakı torpaq sahəsini satmaq istədiyini Turala bildirmiş, Tural da müştəri tapacağı təqdirdə ona məlumat verəcəyini söyləmişdir, 2020-ci ilin yanvar ayının son günlərində Tural ona zəng vuraraq torpaq sahəsinə müştəri tapdığını və Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 18 saylı Notariat kontorunun qarşısında görüşmək istədiklərini söyləmişdir. O, həmin gün dostu Şahid3 ilə birlikdə sonuncuya məxsus avtomobillə 18 saylı Notariat kontorunun qarşısına getmişdir. Oraya çatanda Tural, Məmməd və Ağanın onu gözlədiklərini görmüşdür. O, avtomobildən düşərək onlara yaxınlaşmış, Tərlan isə avtomobildə oturub onları gözləmişdir. Ağa Hövsan qəsəbəsində alqı-satqı ilə məşğul olduğu üçün o, Ağanı üzdən tanımış, lakin onunla heç bir münasibəti olmamışdır, Zərərçəkmiş şəxs isə ilk dəfə görmüşdür. Onlar tanış olub söhbət etməyə başlamışlar. Məmməd ona məxsus torpaq sahəsini almaq istədiyini söyləmiş, o da torpağa dair müqaviləni və şəxsiyyət vəsiqəsini Məmmədə vermişdir. Məmməd müqaviləyə və şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra onları ona geri qaytarmışdır. Söhbət zamanı Məmməd beh olaraq 200 ABŞ dolları pul vermişdir. Səhəri gün saat 12 radələrində Tural, Məmməd və o, 18 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. Görüş zamanı dostu Tərlan ona zəng vuraraq harada olduğunu soruşmuş, o da Tərlana olduğu yeri demişdir. Bir neçə dəqiqədən sonra Tərlan da oraya gəlmişdir. Məmmədlə o, notariat kontoruna daxil olmuşlar. Orada o, özündəki müqavilə əsasında Məmmədə etibarnamə vermişdir. Etibarnamə verdikdən sonra onlar çölə çıxmışlar. Orada Məmməd ona 14660 manat pul vermiş, o da etibarnaməni və müqaviləni Məmmədə geri qaytarmışdır. Pulu verdikdən sonra Məmməd çıxıb getmişdir. O, Tural və Tərlan birlikdə yaxınlıqdakı çayxanaya getmişlər. Çayxanada o, Turala 300 manat zəhmət haqqı vermişdir. Təxminən 2-3 gündən sonra Məmməd ona zəng vuraraq torpağın başqa şəxsə məxsus olduğunu və onunla görüşmək istədiyini söyləmişdir. O, Neftçilər metrosunun yaxınlığında Məmmədlə görüşmüşdür. Onlar birlikdə Məmmədə məxsus avtomobillə Keşlə qəsəbəsinə getmişlər. Orada tanımadığı bir çayxanada əyləşmiş və bir qədər sonra tanımadığı və adını xatırlamadığı bir nəfər şəxs də oraya gəlmişdir. Həmin şəxs torpaq sahəsinin özünə məxsus olduğunu söyləmiş, o isə həmin şəxsə torpağın ona məxsus olduğunu və həmin torpağı 2005-ci ildə İsfəndiyar adlı şəxsdən aldığını söyləmişdir. Bir qədər söhbət etdikdən sonra onlar sağollaşıb çıxıb getmişlər. Bundan sonra Məmmədlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamışdır. Bir müddətdən sonra mobil telefonunu itirdiyi üçün və Məmmədin mobil nömrəsini əzbər bilmədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. xx xxxx 2020-ci il tarixdə həyat yoldaşı Şahid1 Zərərçəkmiş şəxs 3000 manat pul ödəmiş, qalan 12000 manat pulu isə avqust ayının sonunadək qaytaracağı barədə Məmmədlə razılığa gəlmişdir, istintaq müddətində məhkəmə İclası baş tutmamışdan əvvəl o, 4000 manat pul yığmış və Zərərçəkmiş şəxslə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayıb ona 4000 manat ödəyə biləcəyini və qarşılığında şikayətini geri götürməsi barədə ərizə yazmasını təklif etmiş, qalan 12000 manat pulu isə ərizəni yazdıqdan sonra hissə-hissə verəcəyini bildirmiş, lakin Məmməd onunla kobud danışaraq pulun hamısını tez bir zamanda ona qaytarmağını tələb etmiş və onun təklifi ilə razılaşmamışdır. Daha sonra əməlindən peşman olmasını, vurulmuş ziyandan 3000 manat ödəniş etdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəllər tikinti işi ilə məşğul olsa da, 10 ilə yaxındır ki, elektrik kimi çalışır. 2019-cu ilin sonlarında bir az pulu olduğu üçün Hövsan qəsəbəsində torpaq sahəsi alaraq orada özünə ev tikmək qərarına gəlmiş və bu barədə əvvəllər tanıdığı ev alqı-satqısı ilə məşğul olan Ağa adlı şəxsə danışmışdır. xx xxxxxx 2020-ci il tarixdə Ağa ona zəng vuraraq Tural adlı şəxsin tanışının Hövsan qəsəbəsində 5 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini 15000 manata satdığını söyləmişdir. Həmin gün o, Ağa və Tural Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ünvanda hasarlanmış vəziyyətdə olan 5 sot torpaq sahəsinin yanında görüşmüşlər. Orada Tural hasara alınmış torpaq sahəsini göstərərək oranın tanışı Təqsirləndirilən şəxs məxsus olduğunu, onu 15000 manata satdığını və sənədlərdə heç bir problem olmadığını söyləmişdir. O, nə üçün həmin torpaq sahəsini ucuz satdığını soruşduqda Tural bildirmişdir ki, Natiqin təcili pula ehtiyacı olduğu üçün torpağı belə ucuz satır. Tural və o, hər ikisi Hövsan qəsəbəsində yaşadıqları üçün o, Turalı qiyabi olaraq tanımışdır. O, torpaq sahəsini almağa razılıq vermiş və onlar birlikdə Xətai rayonu, Əhmədli metrosu yaxınlığında yerləşən 18 saylı notariat kontorunun qarşısına gedərək orada Natiqlə görüşmüşlər. Natiqin yanında tanımadığı bir şəxs də olmuşdur. Söhbət əsnasında Natiq bildirmişdir ki, həmin torpaq sahəsi özünə məxsusdur və heç bir problemi yoxdur. Orada o, Natiqə 200 ABŞ dolları beh vermiş və torpağın sənədlərini yoxlamaq istədiyini söyləmişdir. Bu zaman Natiq Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin xx xxxxxx 2005-ci il tarixli 34025 saylı müqaviləsini ona vermiş və o, həmin müqaviləni götürərək Nərimanov rayonu ərazisində yerləşən X13 Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə getmişdir. Orada müqaviləni şifahi olaraq idarənin işçilərinə göstərdikdən sonra işçilər ona bildirmişlər ki, həmin müqavilə əsasında çıxarış sənədi ala bilər. O, oradan çıxaraq Hövsana getmiş və ona göstərilən torpaq sahəsinin qonşuluğunda yaşayan şəxslərdən torpaq barədə maraqlanmış, qonşular isə torpaq sahəsinin sahibini tanımadıqlarını bildirmişlər. Bundan sonra o, 18 saylı notariat kontorunun yanına geri qayıtmış və həmin kontorda Natiq ona etibarnamə vermişdir ki, ona verdiyi müqavilə əsasında reyestr xidmətindən həmin torpağa aid çıxarış əldə etsin. Natiq etibarnaməni verdikdən sonra onlar çölə çıxmışlar. Çöldə o, Natiqə 14660 manat pulu sayıb verən zaman Natiq pulu yanındakı şəxsə verməsini söyləmiş, o da Natiqin dediyi kimi etmişdir. Natiqin yanındakı şəxs pulu saydıqdan sonra pulun düz olmasını bildirərək pulu özündə saxlamış və onlar ayrılıb çıxıb getmişlər. Alqı-satqıdan sonra ilkin razılığa əsasən torpağı tapmaqda vasitəçi olduğu üçün Ağaya 800 manat pul verməli imiş, buna görə də, Ağaya zəng vuraraq pulu ona harada verə biləcəyini soruşmuş, Ağa isə pulu Turala verməsini söyləmiş, o da Ağanın dediyi kimi etmişdir. Bundan sonra o, həmin gün ona verilmiş etibarnamə əsasında reyestr xidmətinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, çıxarış 21 gün ərzində hazır olacaq. O, mütəmadi olaraq reyestr xidməti ilə əlaqə saxlamış və onlar tez bir zamanda gəlib torpaq sahəsini ölçəcəklərini bildirmişlər. Fevral ayında o, torpaq sahəsinə daş töküb tikinti işləri aparmaq istəyən zaman tanımadığı bır şəxs ona yaxınlaşaraq bildirmişdir ki, həmin torpaq sahəsi başqa bir şəxsə aiddir. O, bu barədə maraqlandıqda torpağın əsl sahibinin Elmar adlı şəxs olduğunu öyrənmişdir. Bir neçə gündən sonra Hövsan qəsəbəsində Elmarla görüşmüş və Elmar torpağın sənədlərini ona göstərərək, həmin torpaq sahəsinin özünə məxsus olduğunu söyləmişdir. Bundan sonra o, Natiqə zəng vuraraq bu barədə ona danışmış və görüşmək istədiyini söyləmişdir. Bir neçə gündən sonra o, Elmar və Natiq Keşlə qəsəbəsində adını xatırlamadığı çayxanada görüşmüşlər, Orada Elmar torpağa aid olan bəzi sənədləri göstərərək torpağın özünə məxsus olduğunu söyləmiş, Natiq isə onunla razılaşmayaraq torpaq sahəsinin uzun zaman əvvəl onun anasına verildiyini və bu anlaşılmazlığı tez bir zamanda həll edəcəyini bildirmişdir. Onlar ayrıldıqdan sonra o, hər gün Natiqlə əlaqə saxlamış, Natiqdən pulunu geri qaytarmasını tələb etdikdə, Natiq müqaviləni ona geri qaytarmasını və bundan sonra ona pulunu geri verəcəyini söyləmişdir. O da müqavilənin reystr xidmətində olduğunu, istədiyi vaxt notariusa gedib etibarnaməni ləğv etdirə biləcəyini söyləmişdir. Bundan sonra Tural ona zəng vuraraq Natiqdən pul istəməməsini, pulu ona özünün geri qaytaracağını söyləmiş və xx xxxx 2020-cı il tarixədək 15800 manat pulu geri qaytarması barədə ona yazılı qəbz vermişdir. Ağaya vasitəçi olduğuna görə verdiyi 800 manat pulu isə Ağa özü ona geri qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs vurduğu ziyandan sadəcə 3000 manat ödəniş etdiyini, qalan ziyanı ödəmədiyindən onunla barışmadığını, şikayətçi olduğunu bildirmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yanvar ayında Qulu adlı şəxsin vasitəçiliyi ilə tanış olmuşdur, o vaxtdan da Natiqlə aralarında dostluq münasibətləri yaranmış, Natiqlə tez-tez görüşmüşlər. Natiq həmişə Hövsan qəsəbəsində özünə məxsus torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini söyləmişdir. 2020-ci ilin yanvar ayının sonlarında Natiq ona zəng vuraraq Əhmədli metrosunun yanında torpaq üçün müştəri olduğunu söyləmiş və özünə məxsus avtomobillə onu Əhmədliyə aparmasını xahiş etmiş, o da şəxsi avtomobili ilə Natiqi Əhmədli metrosunun yaxınlığındakı 18 saylı Notariat kontorunun qarşısına aparmışdır. Orada Natiq avtomobildən düşərək 3 nəfər şəxslə görüşmüş, o isə Natiqi gözləyənə qədər yolun digər tərəfində öz tanışları ilə görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra Natiqin yanına getməyə qərar vermişdin O, oraya yaxınlaşan zaman Natiqin həmin şəxslərlə birlikdə Notariat kontorundan çıxdıqlarını görmüşdür. O, onlara yaxınlaşaraq mobil telefonla danışmağa başlamış, bu zaman həmin şəxslərdən birinin Natiqə pul verdiyinin və Natiqin də həmin pulları saydığının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, “Azfen” şirkətində çilingər kimi fəaliyyət göstərir. Atası X1 “Azərelektroterm” zavodunda çilingər kimi işləmişdir. Atasının işlədiyi dövrdə həmin zavoda məxsus “Azərelektroterm” Bağçılıq Yoldaşlıq Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin üzvlərinin xx xxx 1986-cı il tarixli 10 saylı Protokoluna əsasən atası həmin cəmiyyətə üzv qəbul olunmuş və Cəmiyyətə xx xxx 1985ci il tarixli müvafiq qərarla ayrılmış ərazidə sahəsi 500 kv metr olan B19 saylı bağ sahəsi daimi istifadə etmək üçün atası Məmməd Cavadova verilmişdir. Həmin bağ sahəsi atasına verildikdən sonra onlar oranı dəmir örtüklərlə əhatəyə almışlar, 1989-cu ildə atası rəhmətə getdikdən sonra həmin bağ sahəsinə özü nəzarət etməyə başlamışdır. Bir müddətdən sonra “Azərelektroterm” zavodu həmin bağ sahəsinə taxta materialdan hazırlanmış kiçik ölçülü ev yerləşdirmişdir. 1990-cı illərdə məlum hadisələrlə bağlı məcburi köçkünlər ondan xəbərsiz həmin bağ sahəsinə gələrək oradakı taxta evdə məskunlaşmışlar. Təxminən 9 ildən sonra onlarla aparılan danışıqların nəticəsində məcburi köçkünlər könüllü olaraq bağ sahəsindən çıxmışlar. Bundan sonra X5 həmin bağ sahəsinə sahiblənərək bağ sahəsinin ona məxsus olduğunu iddia etməyə başlamışdır. Bununla bağlı o, məhkəmə orqanlarına müraciət etmiş və bütün məhkəmə instansiyalarında onun xeyrinə qətnamə qəbul olunmuşdur. O, 2003-ci ildə Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri kimi tanıdığı İsfəndiyar adlı şəxsdən həmin bağ sahəsinin ona məxsus olduğunu təsdiqləyən X8 almışdır. İşi ilə əlaqədar həmin bağ sahəsinə tez-tez gedə bilməmişdir, 2020-ci ilin fevral ayında İntiqam adlı tanışı ona zəng vuraraq ona məxsus bağ sahəsində kənar şəxslərin tikinti işlərinə hazırlaşması barədə məlumat vermiş, o isə İntiqama onu həmin şəxslərlə görüşdürməsini söyləmişdir. Bir neçə gündən sonra tanımadığı bir şəxs ona zəng vuraraq adının Məmməd olduğunu və onunla görüşmək istədiyini söyləmişdir. Fevral ayında onlar Keşlə qəsəbəsindəki çayxanada görüşmüşlər. Görüş zamanı Məmmədin yanında bir nəfər də olmuş və adının Natiq olduğunu bildirmişdir. Görüş zamanı Məmməd ona müqavilə sənədi göstərərək bağ sahəsinin özünə məxsus olduğunu söyləmiş, o isə həmin bağ sahəsinin ona məxsus olduğunu təsdiqləyən sənədləri Məmmədlə Natiqə təqdim etmişdir. Bundan sonra Məmməd bağ sahəsinin ona aid olduğunu etiraf edərək çıxıb getmişdir. Həmin vaxtdan sonra o, həmin şəxslərlə nə görüşmüş, nə də başqa cür əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 Təqsirləndirilən şəxs həyat yoldaşı olduğundan ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında Şahid2 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, əvvəllər kənd təsərrüfatı sahəsində çalışsa da, 3 ilə yaxındır ki, işsizdir. Buna görə də müxtəlif yerlərdə tikinti sahəsində fəhlə kimi çalışıb pul qazanır. Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Onunla Hövsan qəsəbəsində çayxanada tanış olmuşdur. Tanışlıq zamanı 2020-ci ilin yanvar ayının sonlarında Natiq Hövsan qəsəbəsində, Bağlar massivi adlanan yerdə özünə məxsus 6 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini 18000 manata satmaq istədiyini bildirmişdir. Natiq həmin torpaq sahəsinin özünə məxsus olduğunu, Hövsan qəsəbəsində tanışlarının olmamasını bildirərək, torpaq sahəsini satmaqda ona köməklik göstərməyini xahiş etmişdir, qarşılığında isə ona 500 manat pul verəcəyini söyləmişdir, o da Natiqlə razılaşmış və ikisi birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Bundan bir neçə gün sonra o, alqı-satqı işi ilə məşğul olan Ağa adlı şəxsə bu barədə danışmış və ona köməklik göstərməsini xahiş etmişdir. Bir neçə gündən sonra Ağa ona zəng vuraraq Zərərçəkmiş şəxs adlı bir nəfər şəxsin torpağı almaq istədiyini söyləmişdir. O, Natiqin əlaqə nömrəsini Ağaya vermiş və onlar bir-biri ilə əlaqə saxlamışlar. O, onların nə etdiklərindən xəbərsiz olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Natiq ona zəng vuraraq Məmmədlə torpaq sahəsini 15000 manat qarşılığında satmağa razılaşdığını və alqı-satqını Xətai rayonu, Əhmədli qəsəbəsindəki 18 saylı Notariat kontorunda həyata keçirəcəklərini söyləyib, onu da oraya çağırmış, o da getmişdir. 18 saylı notariat kontorunun qarşısında Natiq, Məmməd və o, görüşmüşlər. Görüş vaxtı Natiqin yanında bir nəfər saqqallı adam da olmuş, lakin o, həmin şəxsin adını bilməmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra Məmməd beh olaraq Natiqə 200 ABŞ dolları pul vermişdir. Bundan sonra Məmmədlə Natiq notariat kontoruna daxil olmuşlar, o da oradan uzaqlaşıb kənarda gəzişməyə başlamışdır. Təxminən yarım saatdan sonra onlar notariat kontorundan çıxmışlar. Notariat kontorunun qarşısında bir qədər söhbət etdikdən sonra Məmməd ilkin verdiyi 200 ABŞ dolları behi nəzərə almaqla Natiqə ümumilikdə 15000 manat pul vermiş, Natiq də torpağa dair sənəd vermiş, lakin hansı sənədləri verdiyini bilməmişdir. Məmməd çıxıb getdikdən sonra o, Natiqə söz verdiyi 500 manat pulu verməsini söyləmiş, Natiq isə imkanının zəif olduğunu və yaxın müddət ərzində pulu ona verəcəyini söyləmişdir. Təxminən bir neçə aydan sonra Məmməd ona zəng vuraraq Natiqin ona verdiyi sənədin saxta olduğunu, torpağın başqa bir şəxsə məxsus olduğunu bildirmişdir. Bundan sonra omar dəfələrlə Natiqə zəng vursalar da, Natiq mütəmadi olaraq torpağın sənədlərinin düzgün olduğunu bildirmiş, lakin onlarla görüşə gəlməmişdir. Bundan sonra Məmməd Natiqi tapa bilmədiyi və aldadıldığı üçün o, özünü günahkar bilmiş və Məmmədlə üz-üzə gələ bilməmişdir. O, Məmmədi sakitləşdirmək üçün Natiqin tapılmadığı təqdirdə pulu ona özü qaytaracağını demişdir. O, arada qaldığı üçün Məmmədə dəymiş maddi ziyanı ödəyəcəyinə dair yazılı qəbz yazıb vermiş, lakin fəhlə İşlədiyi üçün və maddi imkanı zəif olduğu üçün həmin pulu ödəyə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X13 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli **********03 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,5 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilən sənədlərin araşdırılması zamanı X4 və İstismarı Birliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 34025 saylı, xx xxxxxx 2005-ci il tarixli müqavilə barədə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Eyni zamanda ərazi idarəsinin arxivində mövcud olan xx xxxxxx 2005-ci il tarixli, 34025 saylı müqavilənin Pirşağı bağ massivində yerləşən və ümumi sahəsi 0,12 ha olan 1055/t nömrəli bağ sahəsinə dair digər şəxsin adına verildiyi məlum olmuşdur. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 284 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx xxxxxx 2005-ci il tarixli Azərbaycan Respublikası, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti X4 və istismarı Birliyi Hövsan ərazisindəki 1055/t nömrəli bağın istifadəyə verilməsi haqqında 34025 saylı müqavilənin “İSTİFADƏÇİ” qrafasındakı imza, səthindəki əlyazma mətnləri və rəqəmləri Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş, əlyazma mətnləri və rəqəmləri qəsdən dəyişdirilməmiş və oxşadılmaqla icra olunmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyinə aid 1055/t saylı torpaq sahəsinin istifadəyə verilməsi haqqında 34025 saylı müqavilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Sənan Qüdrətlinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.3.2; 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək əməli Azərbaycan Respublikasının 29,178.3.2 və 178.2.1-ci maddələrinə tövsif olunaraq cəzası 05 il 06 aya endirilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 15 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ziyandan 3000 manat ödəmişdir. Dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 76 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan residiv nəzərə alınmadan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-cı il tarixindən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyinə aid 1055/t saylı torpaq sahəsinin istifadəyə verilməsi haqqında 34025 saylı müqavilə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyinə aid 1055/t saylı torpaq sahəsinin istifadəyə verilməsi haqqında 34025 saylı müqavilə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar