Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-60/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı CM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı X5 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib onu 10000 manat müqabilində iki ay müddətinə Bakı şəhəri, Yasamal rayonu, 20 nömrəli məktəb-liseyə ingilis dili müəlliməsi kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 21.12.2017-ci il tarixdə ünvan 1 ünvanda fəaliyyət göstərən 40 saylı notariat kontorunun inzibati binasında formal olaraq aralarında 10000 manata dair bir il müddətinə faizsiz kredit müqaviləsi bağlayıb həmin nağd pul vəsaitini həmin notariat kontorunun inzibati binasında alıb ələ keçirərək zərərçəkmiş şəxs X5 xeyli miqdar hesab edilən 10000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, X8 ilə 2017-ci ilin dekabr ayında ümumi bir tanışlarının vasitəsilə tanış olmuşdur. Həmin vaxtdan Gülnarla aralarında yaxın münasibətlər yaranmışdır. Pula ehtiyacı olduğundan Gülnardan faizə pul istəmişdir. Aralarında olan danışığa əsasən Gülnarın ona verəcəyi 10000 manat pula görə hər ay Gülnara 1000 manat pul verəcəkdir. 21.12.2017-ci ildə Xətai rayon ərazisində 40 saylı notariat ofisində Gülnar Mirzəyeva ilə arasında kredit müqaviləsi bağlanmış və sonuncu ona 10000 manat pul vermişdir. Müqavilənin müddəti bir il olmuşdur. Bir müddət sonra Gülnara borcu ödəyə bilməmişdir. Həmin vaxtdan xeyli müddət keçəndən sonra Gülnar polisə şikayət etmişdir. Yalnış şikayətində guya ondan 10000 manatı işə düzəltmək adı ilə aldığını göstərmişdir. Bu tamamilə yalan və böhtandır. Bundan başqa bildirmişdir ki, 2018ci il tarixdə barəsində gedən cinayət işi Xətai RPİ-nin sabiq müstəntiqi Şahsuvar Əliyevin icraatında olmuşdur. Həmin vaxt zərərçəkmiş səxslərə müstəntiq Şahsuvar vasitəsi ilə ödənişlər etmişdir. Bir müddət sonra Şahsuvar ona X2 borc aldığı 10000 manat pulu qaytarmaq lazım olduğunu və həmin pulu onun vasitəsilə qaytarmağı ona bildirmişdir. Buna etiraz etməmiş və təxminən iki ay müddətində hissə-hissə olmaqla Şahsuvara ümümilikdə 7000 manat pul vermişdir ki, Şahsuvar həmin pulu Gülnara qaytarsın. Lakin sonradan məlum olmuşdur ki, Şahsuvar onu aldatmış və həmin pulu Gülnara qaytarmamışdır. Bu səbəbdən bu gün də X5 borcunun olduğunu etiraf edir və azadlığa çıxdıqdan sonra ona olan borcu ödəyəcəyini bildirir. Daha sonra son sözündə Gülnar Mirzəyevadan işə düzəltmək adı ilə pul almadığını, özünü Gülnar Mirzəyevaya Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmədiyini qeyd edərək ona qarşı irəli sürülən ittihamın böhtan olduğunu, həqiqətə uyğun olmadığını nəzərə alaraq, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci il dekabr ayında bir tanışının vasitəsilə tanış olmuşdur. «Xalqlar Dostluğu» metrostansiyası yaxınlığında fəaliyyət göstərən kafelərin birində Xədicə ilə oturub söhbət etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Təhsil Nazirliyində işlədiyini bildirmişdir. İşsiz olduğu üçün fikirləşmişdir ki, Təqsirləndirilən şəxs vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərin birinə ingilis dili müəlliməsi kimi işə düzələr. Söhbət zamanı Xədicə hansı məktəbdə işləmək istədiyini soruşmuş, sonuncuya Bakı şəhərində fəaliyyət göstərən 20 nömrəli məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəlmək istədiyini bildirmişdir. Xədicə 10000 manat müqabilində iki ay müddətində 20 nömrəli məktəbə ingilis dili müəlliməsi kimi işə düzəldə biləcəyini demişdir. Xədicənin təklifini qəbul etmiş, lakin özünü «sığortalamaq» üçün Xədicə ilə borc müqaviləsi bağlamağı təklif etmişdir. Xədicə etiraz etməmişdir. 21 dekabr 2017-ci il tarixdə Xədicə ilə Xətai rayonu ərazisində fəaliyyət göstərən 40 nömrəli notariat ofisində görüşmüş və orada Xədicəyə 10000 manat pul vermişdir. İki ayın tamamında Xədicəyə zəng edib işi ilə maraqlananda Xədicə bir az gözləməyi ona bildirmişdir. Beləliklə, hər dəfə Xədicəyə zəng edəndə, Xədicə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Artıq başa düşmüşdür ki, Xədicə onu da aldadaraq 10000 manat pulunu ələ keçirib. Ona görə də Təqsirləndirilən şəxs şikayət etmək qərarına gəlmişdir. Daha sonra çıxışında zərərçəkmiş X8 dəymiş ziyanın ödənilmədiyini qeyd etmiş və buna baxmayaraq Təqsirləndirilən şəxs bir ana olmasını və bu səbəbdən cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Bundan başqa zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xədicənin 10000 manat müqabilində onu işə düzəldəcəyinə dair faktı ümumi tanışları olan Şahid kimi təsdiqləyə bilər. Məhkəmə bu səbəbdən Şahid yeganə şahid olduğunu nəzərə alıb iş üzrə əlavə şahid kimi dindirilməsi qərarına gəlmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs X6və Təqsirləndirilən şəxs tanıyır, onlarla qohumluğu və ya ədavətləri yoxdur. X4 işə düzəlmək müqabilində Təqsirləndirilən şəxs 10000 manat pul verməsi barədə ümumiyyətlə heç bir məlumatı yoxdur və bu cür danışıqların şahidi olmamışdır. Bu səbəbdən onun şahid kimi adının çəkilməsi onda yalnız sual doğurmuşdur. İş materiallarına əlavə edilmiş (iş vərəqi 22) 40 saylı notariat kontorunda təsdiq edilmiş 21.12.2017-ci il tarixli kredit müqaviləsindən məlum olur ki, X8 21.12.2017-ci il tarixdə Təqsirləndirilən şəxs bir il müddətinə borca 10000 manat pul vermişdir. Kredit müqaviləsi maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı CM-də cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməsi lüzumsuz hesab edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsindən aydın görünür ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən məlum oldu ki, istintaq ittihamı yalnız zərərçəkmiş şəxsin ifadəsi üzərində qurmuş və dələduzluğu, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməni sübut edən heç bir digər sübut əldə etməmişdir. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumi tanışları olan şəxsin vasitəsi ilə tanımışdır və həmin şəxsin iştirakı ilə 10000 manat pulu Xədicəyə işə düzəlmək müqabilində vermişdir. Həmin ümumi tanışlarının Şahid olduğunu qeyd edərək göstərdikləri xüsusatları onun məhkəmədə təsdiq edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ümumi tanışlarının Qərib olduğunu təsdiqləmişdir, lakin 10000 manatı Gülnardan işə düzəltmək adı ilə almasının yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid zərərçəkmiş şəxsin göstərdiyi xüsusatları təsdiqləməmiş və ümumiyyətlə Xədicənin Gülnarı işə düzəltmək adı ilə 10000 manat alması haqqında heç bir məlumatı yoxdur və bunun şahidi olmamışdır. İş üzrə maddi sübut olan 40 saylı notariat kontorunda təsdiq edilmiş 21.12.2017-ci il tarixli kredit müqaviləsinə sübut kimi qiymət verib təhlil edən məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi bir daha X4 Təqsirləndirilən şəxs bir il müddətinə borca 10000 manat pul verməsinin həqiqət olduğunu bir daha təsdiqləyir. Belə ki, kredit müqaviləsi hazırki iş üzrə əməli pərdələmə kimi qiymətləndirilə bilməz, çünki zərərçəkmiş şəxsin ifadəsindən məlum olur ki, müqavilə bağlamağı Xədicəyə məhz Gülnar təklif etmişdir. Bundan başqa ibtidai istintaq zamanı şahid kimi dindirilən 40 saylı notariat kontorunun xüsusi notariusu X1 iş materialarında olan ifadəsindən məlum olur ki, o, yalnız Gülnar ilə Xədicənin arasında bağlanmış kredit müqaviləsini təsdiq etmişdir. Həmin kredit müqaviləsinə əsasən Gülnar Xədicəyə bir il müddətinə faizsiz olaraq 10000 manat pul vermişdir. Həmin məbləği Gülnar onun yanında Xədicəyə vermişdir. Göründüyü kimi bu ifadə təqsirləndirilən şəxsin ifadəsini təsdiqləyir və bu səbəbdən şahid X3 ittiham tərəfindən məhkəməyə çağırılacaq şəxslərin siyahısına daxil edilmir. Buna baxmayaraq şahidin ifadəsinə ittiham haqqında istinad edilir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs dələduzluq etmə faktına dair ittihamın əsasını açıqlamır, təhlil etmir, heç bir sübut toplamır, yoxlamır və qiymətləndirmir. Hətta iş üzrə yeganə şahid olan təqsirləndirilən və zərərçəkmiş şəxsin ümumi tanışını müəyyən edib dindirmir. Bundan başqa təqsirləndirilən və zərərçəkmiş şəxs arasında baş tutmuş telefon danışıqlarını və yazışmalarını əldə etmir. Verilmiş ittiham daha çox ehtimallar üzərində qurulmuşdur. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Göründüyü kimi, məhkəmə baxışı zamanı baxılan iş üzrə ittiham tərəfi Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, barəsində başqa cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 56.0.1-ci maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 40 saylı notariat kontorunda təsdiq edilmiş 21.12.2017-ci il tarixli kredit müqaviləsi iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4 ,344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut - 40 saylı notariat kontorunda təsdiq edilmiş 21.12.2017-ci il tarixli kredit müqaviləsi iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-60/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-60/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver