Məhkəmə qərarları › İş №1(011)-600/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-600/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-600/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1977-ci-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, Lerik rayonu, Molalan ərazi dairəsi, Sors kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan ünvan 2 ünvanındakı təmir edilən xəstəxananın açıq qapısından 19 iyul 2024-cü il tarixdə saat 22 radələrində qanunsuz daxil olub birinci mərtəbədə döşəməyə qoyulmuş, hər bir metrinin dəyəri 2 manat 42 qəpik - cəmi dəyəri 242 manat, 3x4 ölçüdə "Turksan" firmasının istehsal etdiyi 100 metr elektrik naqilini, 21 iyul 2024-cü il tarixdə saat 23 radələrində həmin ünvana eyni üsulla daxil olmaqla zirzəmidə divara işlənilmiş hər bir metrinin dəyəri 1 manat 61 qəpik - cəmi dəyəri 241 manat 50 qəpik, 3x2,5 ölçüdə “Turksan” firmasının istehsal etdiyi 150 metr, 25 iyul 2024-cü il tarixdə saat 22:30-da həmin ünvana açıq pəncərədən daxil olmaqla hər bir metrinin dəyəri 1 manat 61 qəpik - cəmi dəyəri 322 manat, 3x2,5 ölçüdə "Turksan” firmasının istehsal etdiyi 200 metr və 29 iyul 2024-cü il tarixdə saat 23 radələrində həmin ünvanda ayrıca quraşdırılmış generatordan hər bir metrinin dəyəri 8 manat 3 qəpik - cəmi dəyəri 803 manat, 4x10 ölçüdə “Turksan" firmasının istehsal etdiyi 100 metr elektrik naqilini kəsməklə, cəmi 1608 manat 50 qəpik dəyərində elektrik naqilini vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1608 (min altı yüz səkkiz) manat 50 qəpik miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 06 avqust 2024-cü il tarixdə saat 22:30-da ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarəyə götürülərək təmir etdirdiyi restorana açıq giriş qapısından qanunsuz daxil olaraq divara yeni işlənilmiş hər bir metrinin dəyəri 40 manat - cəmi dəyəri 400 manat, 5x35 ölçüdə "Prysmian kablo” firmasının istehsal etdiyi 10 metr və hər bir metrinin dəyəri 104 manat - cəmi dəyəri 406 manat, 5x95 ölçüdə "Prysmian kablo" firmasının istehsal etdiyi 4 metr elektrik naqilini, cəmi 816 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 816 (səkkiz yüz on altı) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəl özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir lakin oğurladığı kabellər ittihamda deyilən qədər olmamışdır. Əməlindən peşmandır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, restoran biznesi ilə məşğul olduğundan 2024-cü ilin may ayında ünvan 4 ünvanda binanın qarşısında yerləşən 1300 kv/m sahəsi olan qeyri yaşayış obyektini icarəyə götürmüşdür. Elə həmin vaxtdan obyektdə təmir işləri gedirmiş. Obyektin qabaq vitrin hissəsi şüşədəndir. xx.xx.2024-cü il tarixdə səhər saat 08.45 radələrində təmir etdirdiyi obyektə gəlib baxan zaman obyektin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olub baxış keçirərkən divarlara bərkidilmiş "Prysmian” firmasına məxsus təxminən 10 metr 5x35mm, 4 metr 5x95mm ölçüdə enli elektrik naqillərinin sökülərək oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı dərhal DİN-nin 102 zəng mərkəzinə xəbər vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2.000 (iki min) manat maddi ziyan dəymişdir. Belə ki, o, restoran üçün ümumilikdə "Prysmian" firmasına məxsus 15 metr 5x35 ölçüdə və 17 metr 5x95 ölçüdə kabelləri 2.000 manata almışdır. Ona dəyən zərər ödənilməmişdir və hazırda şikayətçidir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, təxminən 6 ay olar ki, özünə məxsus Xətai rayonu R.Məmmədov küçəsi 25 ünvanında yerləşən 3 mərtəbəli obyekti klinika kimi təmir etməyə başlamışdır. Ustalarla birlikdə özü hər gün axşam saat 18-19 radələrində təmir gedən obyekdən çıxıb, səhər saat 9¬10 radələrində yenidən işə qayıdırmış. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində obyektə gələndə birinci mərtəbədə yerdə olan 100 metr uzunluğunda 3x4 ölçüdə "Turksan" firmasına məxsus elektrik kabelinin yerində olmadığını aşkar etmişdir. Əvvəlcə həmin kabelin ustalar tərəfindən götürüldüyünü zənn etmişdir. Bu səbəbdən özü araşdırma aparmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə yenidən səhər saat 10 radələrində obyektə gələndə zirzəmidə elektrik şitindən və divarla çəkilmiş 150 metr uzunluğunda 3x2,5 ölçüdə "Turksan” firmasına məxsus elektrik kabelinin sökülərək oğurlandığını aşkar etmişdir. xx.xx.2024-cü il tarixdə yenidən səhər saat 10 radələrində obyektə gələndə 2-ci mərtəbədə yerdə olan və ustalar tərəfindən istifadə edilməmiş 200 metr uzunluğunda 3x2,5 ölçüdə "Turksan” firmasına məxsus elektrik kabelinin oğurlandığını aşkar etmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində obyektə gələndə arxa hissədə quraşıdırılmış generatordan 4x10 ölçüdə 100 metr uzunluğunda "Turksan” firmasına məxsus çıxış və giriş xətlərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Ustalarla bir müddət söhbətlər apardıqdan sonra polisə şikayət etmək qərarına gəlmişdir. Bu məqsədlə 36-cı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış kabellərin ümumi dəyərinin 5.000 (beş min) manat olmasını bildirmişdir. Ona dəyən zərər ödənilməmişdir və hazırda şikayətçidir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, təxminən 4 ildir ki. ünvan 5 ünvanında yerləşən avtotəmir sexində qaraj icarəyə götürərək plastik və dəmir qəbulu ilə məşğuldur, 2024-cü ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs 2 dəfə ona yaxınlaşaraq soyulmuş və doğranmış vəziyyətdə təxminən 10-12 kq. mis naqilləri gətirib ona satmışdır. O, ümumilikdə Təqsirləndirilən şəxs 132 manat pul vermişdir. Belə ki. misin hər kilosunu 12 manatdan almışdır. Təqsirləndirilən şəxs aldığı kabelləri haradan əldə etməsini soruşduqda sonuncu bildirmişdir ki, usta işlədiyi obyektdə doğranmış lazımsız kabelləri yığaraq satır. O. Təqsirləndirilən şəxs aldığı misi 12 manat 50 qəpiyə başqa dəmir qəbulu ilə məşğul olan tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında elan olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə 3 dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Lerik rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü il tarixdə azadlığa buraxıldıqdan sonra Lerik rayonuna getmişdir. 2024-cü ilin iyun ayında Bakı şəhərinə gələrək Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsində ağaclığın kənarında özünə yer düzəldib elə küçədəcə qalırmış, özünə iş tapa bilmədiyindən məcbur olub oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 22 radələrində Xətai rayonu, R.Məmmədov küçəsi 25 ünvanında yerləşən təmir işləri gedən 3 mərtəbəli obyektin giriş qapısının açıq olmasından istifadə edərək içəri daxil olub, birinci mərtəbədə yerdə olan 1 topa 3x4 ölçüdə Turksan firmasına məxsus elektrik kabelini götürərək çıxıb getmişdir. Həmin vaxtı orada divarlarda da elektrik kabellərinin bərkidilməsini görmüşdür. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində yenidən həmin ünvandakı obyektə giriş qapısının açıq olmasından istifadə edərək daxil olub zirzəmidə elektrik şitindən divara çəkilmiş təxminən 150 metr uzunluğunda Turksan firmasına məxsus 3x2,5 ölçüdə divara bərkidilmiş elektrik kabelini sökərək oğurlamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 22.30-da həmin obyektin arxa tərəfindəki açıq pəncərədən içəri daxil olaraq 2-ci mərtəbədə yerdə olan 2 topa 3x2,5 ölçüdə Turksan firmasına məxsus elektrik kabellərini oğurlamışdır. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində həmin obyektin arxa tərəfinə quraşdırılmış generatordan obyektə gedən təxminən 100 metr uzunluğunda Turksan firmasına məxsus 4x10 ölçüdə elektrik kabelini kəsərək oğurlamışdır. Oğurladığı kabelləri qaldığı yerin yaxınlığındakı boşluq olan ərazidə doğrayaraq 2024-cü ilin avqust ayının əvvəlində Xətai rayonu, Cavanşir küçəsində yerləşən dəmir qəbulu məntəqəsinə 70 manata lom mis kimi satmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə gecə saat 22.30 radələrində ünvan 6 ünvanında yerləşən obyektin qarşısından keçdiyi zaman oranın yarım təmirli vəziyyətdə olduğunu görüb obyektin şüşə qapısını əli ilə yoxlayarkən qapının açıq olmasından istifadə edib içəri daxil olmuşdur. İçəridə divara bərkidilmiş vəziyyətdə olan 5x35 ölçüdə “Prysmian” firmasına məxsus təxminən 10 metr və 5x95 ölçüdə 4 metr uzunluğunda kabeli yerdəki kəlbətinlə kəsmişdir. Obyektdə olan köhnə idman çantasının içərisinə kabelin bir hissəsini, digər hissəsini isə zibil kisəsinin içərisinə yığmışdır. Əvvəlcə idman çantasını çiyninə alıb yaxınlıqdakı yerə aparmış, sonra qayıdıb zibil kisəsinə yığdığı kabeli götürüb qapıdan çıxıb getmişdir. Həmin kabelləri də qaldığı yerin yaxınlığında bıçaqla doğrayaraq içərisindəki misi çıxartmışdır. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Cavanşir küçəsində qəbirstanlığın yanında dəmir qəbulu məntəqəsinə 62 manata satmışdır. Oğurladığı kabelləri satarkən kabellərin özünə məxsus olmasını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v.1) - Hadisə yerinə baxış keçirilməsi haqqında 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyev tərəfindən Zərərçəkmiş şəxs1 müraciəti əsasında ünvan 7 ünvanında yerləşən təmir işləri aparılan qeyri yaşayış obyektinə baxış keçirilərək foto şəkillər çəkilmiş, oğurluq hadisəsinin olması təsdiqlənmişdir; (i.v. 8-9) - 16 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.15) - 16 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 30) - 17 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilıən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v. 41-42) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-558/2024 saylı, 17 avqust 2024-cü il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1977-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Lerik rayonu, Molalan ə/d, Sors kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v. 56-59) - Cinayət işi üzrə aparılmış istintaq zamanı 17 avqust 2024-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, törətdiyi cinayət əməllərini bir daha əyani şəkildə göstərmişdir. Həmin vaxt oğurlanmış kabellərin hissələri hadisə yerindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir; (i.v. 60-67) - Hadisə yerinə baxış keçirilməsi haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ramin Ələskərov tərəfindən Zərərçəkmiş şəxs2 müraciəti əsasında ünvan 9 ünvanında yerləşən təmir işləri aparılan qeyri yaşayış obyektinə baxış keçirilərək foto şəkillər çəkilmiş, oğurluq hadisəsinin olması təsdiqlənmişdir; (i.v. 74-77) - 24 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.78) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 26 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə Lerik rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə cinayət törətmiş şəxsin məhkumluğu ödənilmiş hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaradır; (i.v. 85-97) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizaları şöbəsinin ekspertinin 9/9047 nömrəli 5 noyabr 2024-cü il tarixli rəyində göstərilmişdir ki, 5x95 ölçüdə "Prysmian kablo" firmasının istehsal etdiyi elektrik naqil (2024-cü ilin avqust ayına) 4 metr və hər metrinin qiyməti olmaqla 104 manat olmaqla cəmi 416 manat, 5x35 ölçüdə "Prysmian kablo" firmasının istehsal etdiyi elektrik naqil (2024-cü ilin avqust ayına) 10 metr və hər metrinin qiyməti 40 manat olmaqla cəmi 400 manat, 3x4 ölçüdə "Turksan" firmasının istehsal etdiyi elektrik naqil (2024-cü ilin iyul ayına) 100 metr və hər metrinin qiyməti 2,42 manat olmaqla cəmi 242 manat, 3x2,5 ölçüdə "Turksan" firmasının istehsal etdiyi elektrik naqil (2024-cü ilin iyul ayına) 150 metr və hər metrinin qiyməti 1,61 manat olmaqla cəmi 241,5 manat, 3x2,5 ölçüdə "Turksan" firmasının istehsal etdiyi elektrik naqil (2024-cü ilin iyul ayına) 200 metr və hər metrinin qiyməti 1,61 manat olmaqla cəmi 322 manat, 4x10 ölçüdə "Turksan" firmasının istehsal etdiyi elektrik naqil (2024-cü ilin iyul ayına) 100 metr və hər metrinin qiyməti 8,03 manat olmaqla cəmi 803 manat təşkil etməklə qeyd edilən elektrik kabellərinin 2024-cü ilin iyul- avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2424,50 manat təşkil edir; (i.v. 119-122) - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 vardır. - sübutların qiymətləndirilməsi haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 05 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur, Cinayət işi üzrə aparılmış istintaq zamanı aşkar edilərək götürülmüş 3x2,5, 3x4, 4x10 mm. ölçüdə "Türksan” firmasının istehsal etdiyi elektrik kabellərinin hissələri və 5x35, 5x95 mm, ölçüdə "Prysmian" firmasının istehsal etdiyi elektrik kabellərinin üst qatı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə təqsirləndirilən və zərəçəkmiş şəxslərin istintaq materialları ilə tanış olma mərhələsindən sonra saxlanılması üçün Xətai RPl-nin saxlanc yerinə təhvil verilmişdir; (i.v. 123-127) - 06 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, 06 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunaraq barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. (i.v. 137-- 138)Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 16 avqust 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş – 3x2,5, 3x4, 4x10 mm. ölçüdə 'Türksan" firmasının istehsal etdiyi elektrik kabellərinin hissələri və 5x35, 5x95 mm. ölçüdə '‘Prysmian" firmasının istehsal etdiyi elektrik kabellərinin üst qatı sahiblərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 (əlli manat) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə - "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 16 avqust 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – Xətai RPİ-nin saxlanc yerində saxlanılan elektrik kabellərinin üst qatı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar