Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-602/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi Kiçikbəyov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-431/2023 saylı qərarına əsasən barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 09 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasına müştəri qismində daxil olduqdan sonra, saat 20:22-də həmin mağazanın telefon vitrinində olan "xxxx" MMC-yə məxsus 1699,99 (bir min altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat dəyərində bir ədəd «Motorola Edge 30 Fusion 5G 12/256 GB - Cosmic Grey» modelli, **********40213 İMEİ kodlu mobil telefon aparatını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1699,99 (bir min altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və verilmiş mülki iddianı tam qəbul edərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün hazırda barəsində Abşeron Rayon Məhkəməsində cinayət işinin istintaqı aparılır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün pul lazım olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 09 may 2023-cü il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasına getmişdir. O, mağazaya müştəri qismində daxil olduqdan sonra vitrinlərdəki mobil telefonlara baxıb hansı mobil telefonu oğurlamağın əlverişli olmasına baxmışdır. Bir qədər mağazada gəzişdikdən sonra mobil telefon vitrinlərindən birinə yaxınlaşmış və ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin vitrində olan bir ədəd «Motorola» modelli mobil telefonu oğurlayaraq həmin mağazanı tərk edib uzaqlaşaraq getmişdir. Bir neçə gün həmin mobil telefon onda qalsa da, sonradan sata bilməyəcəyini və satdığı təqdirdə polis tərəfindən tutula biləcəyini düşündüyü üçün oğurladığı mobil telefonu sındırıb hissələrə ayıraraq hazırda xatırlamadığı zibillik sahəyə atmışdır. Həmin vaxt tək olmuş və bu barədə heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, mülki iddianı qəbul etdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı "xxxx" MMCnin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından "xxxx" MMC-də hüquqşünas işləyir. 10 may 2023-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasının müdir müavini Şahid mağazaya baxış keçirən zaman telefon vitrinində olan bir ədəd «Motorola Edge 30 Fusion 5G 12/256 GB - Cosmic Grey» modelli mobil telefon aparatının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra mağazaya quraşdırılmış müşahidə kameralarına baxış keçirilən zaman hadisənin 09 may 2023-cü il tarixdə baş verdiyi müəyyən edilmişdir. Belə ki, 09 may 2023-cü il tarixdə mağazaya müştəri qismində daxil olmuş naməlum kişi cinsli şəxs, saat 20:23-də mağazadakı mobil telefon vitrininə yaxınlaşaraq orada olan 1699,99 manat dəyərində bir ədəd «Motorola Edge 30 Fusion» modelli mobil telefon aparatını oğurlayaraq mağazadan uzaqlaşmışdır. Bundan sonra 10 may 2023-cü il tarixdə DİN-in 102 XZM-ə bu barədə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanı ödəməməsini, verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasının müdir müavini vəzifəsində işləyir. 10 may 2023-cü il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasına baxış keçirən zaman telefon vitrinində olan bir ədəd «Motorola Edge 30 Fusion 5G 12/256 GB - Cosmic Grey» modelli mobil telefon aparatının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra mağazaya quraşdırılmış müşahidə kameralarına baxış keçirilən zaman hadisənin 09 may 2023-cü il tarixdə baş verdiyini müəyyən etmişdir. Belə ki, 09 may 2023-cü il tarixdə mağazaya müştəri qismində daxil olmuş naməlum kişi cinsli şəxs, saat 20:23-də mağazadakı mobil telefon vitrininə yaxınlaşaraq orada olan "xxxx" MMC-yə məxsus 1699,99 manat dəyərində bir ədəd «Motorola Edge 30 Fusion 5G 12/256 GB - Cosmic Grey» modelli mobil telefon aparatını oğurlayaraq mağazadan uzaqlaşmışdır. Bundan sonra 10 may 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 XZM-ə bu barədə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət etmişdir. İş materiallarında olan video diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oxşar şəxs 09 may 2023-cü il tarixdə saat 19:57:58-də müştəri qismində ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasına daxil olmuş və saat 20:22:40-da bir ədəd mobil telefonu götürərək mağazanı tərk edib getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət hadisəsinin qeydə alındığı video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi marşrut üzrə ünvan 3 ünvanında yerləşən «Kontakt Home» mağazasına gəlinmiş, törətdiyi cinayət əməlini əyani formada göstərmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)- 431/2023 saylı qərarından görünür ki, digər cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş-mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində 1700 manat məbləğində maddi zərər və 37 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, videogörüntü, ifadənin yerində yoxlanılması protokolu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasan Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət törətməsini yüngülləşdirici hallar kimi müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu tarixdən, yəni 26 dekabr 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-431/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 1699,99 (bir min altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat miqdarında maddi ziyan dəydiyindən verilmiş mülki iddia qismən təmin edilməli, maddi ziyana görə 1699.99 (bir min altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və 37 (otuz yeddi) manat manat dövlət rüsumu zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-431/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 1699.99 (bir min altı yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti və 37 (otuz yeddi) manat manat dövlət rüsumu, ümumilikdə 1736.99 (bir min yeddi yüz otuz altı manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-602/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-602/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver