Məhkəmə qərarları › İş №1(011)-609/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-609/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-609/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 18:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 45 ünvanın qarşısında saxlanılıb Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellafon bükümdə təmiz çəkisi 0,447 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, özünün etirafedici ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, Xətai rayonu, Qafqaz küçəsi ev 45 mənzil 10 ünvanında anası X2 ilə birlikdə yaşayır. Təxminən 4-5 aydır gündəlik 25 manat ödəmək şərti ilə icarəyə götürdüyü Toyota Prius markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 3 ildir müxtəlif ünvanlarda müxtəlif şəxslərdən aldığı narkotik vasitələri tüstü yolu ilə qəbul edir. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Xətai rayon Məhkəməsinin qərarı ilə 11 ay 27 gün məhkum olunmuş və 2023-cü ilin iyun ayında həbs müddəti bitdiyi üçün azadlığa buraxılmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində metronun 20 yanvar stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat nağd pul müqabilində kakos kimi tandığı narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. xx.xx.2023-cü il tarıxdə saat 18 radələrində yaşadığı Xətai rayonu, Qafqaz küçəsi ev 45 ünvanının yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olduğu zaman hüquqları izah olunmuş və hüquqlarını müdafiə etməyi üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Üzərində olan əşyaları təqdim etmək təklif olunduqda əynində olanda qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəfaf rəngli selafonda olan bükümü təqdim etmişdir. Həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu və hardan nə vaxt aldığını bildirmişdir. Bundan sonra həmin bükümün elektron tərəzidə çəkilərək zərfə qoyularaq üzəri həm imzalanmış həmdə möhürlənmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 18:30-da Xətai RPİ-nin 37-ci PŞ-də CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Mədət oğlu ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 45 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq özlərini ona təqdim edib, saxlama səbəbini izah edib Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Onun, Xətai RPİ-nin 37-ci PŞ-də CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Mədət oğlunun və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman təhqiqatçı X7 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində kakos kimi tandığı narkotik vasitə heroin olmasını bildirmiş və həmin bükümü xx.xx.2023-cü il tarixdə Bakı şəhəri metronun 20 yanvar stansiyasının yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı X7 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə bükümün 0,334 qram çəkidə olması müəyyən edilmişdir. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş, zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid2 Mədət oğlu məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə Şahid2 Mədət oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ifadəsindəki xüsusatlarla oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə, saat 19:00-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 18:30-dan hesablanmışdır (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Mədət oğlunun, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti X4 və müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Ondan həmin 1 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində nə olmasını soruşduqda o həmin bükümün içərisindəkinin narkotik maddə hesab edilən “heroin” olmasını bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkildiyi zaman həmin kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 0,334 qram olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə 20 Yanvar deyilən ərazidə heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat ödəməklə şəxsi istifadəsi üçün alaraq üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş, içində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5454 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №153" dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,447 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 57); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 16 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 86-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, 13717 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmayıb.( i.v. 107); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 gün həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəir Xətai rayon Polis İdarəsində saxlanılan 0,574 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm olunmuşdur (i.v 112-119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7101 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v. 124-125); İş üzrə şahid AR Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin ekspert iş stajına malik olan İİİ dərəcəli ədliyyə qulluqçusu X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş bükülünün çəkisinin 0,334 qram olması müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə həmin bükülünün çəkisinin 0,447 qram olması qeyd edilmişdir. Bunun səbəbi kimi polis şöbəsində şəxsi axtarış və götürmə aparılan zaman istifadə edilən tərəzinin standarta uyğun olmaması və yanlış miqdar göstərə bilməsini bildirmiş, bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyinin əsas götürülməli olduğunu və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisinin 0,447 qram olmasının nəzərə alınmasını qeyd etmişdir. (i.v. 109-110); Sübutların qiymətləndirilməsi haqqında 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5454 saylı və məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7101 saylı rəylərinin iş üzrə sübut əhəmiyyəti kəsb etdiklərindən sübut növü kimi qiymətləndirilmələri və istintaq materiallarına əlavə edilmələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,447 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,447 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,397 qram çəkidə narkotik vasitə heroinin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədǝd "DVD-R" formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən materialın ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-yə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi, Təqsirləndirilən şəxs cinayət işinin bir sıra ilkin materiallarında yanlış olaraq anadan olduğu yer Masallı rayonu və ya Bakı şəhəri olaraq qeyd edilsə də, rəsmi sənədlərdə Kürdəmir rayonunda anadan olduğundan onun anadan olduğu yerin Kürdəmir rayonu kimi qəbul edilməsi və oxunması qərara alınmışdır. (i.v. 134-139); “AZEMİS” Elektron Məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin olan bükülünü çıxararaq təqdim etməsi, həmin bükümdəki maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,334 qram olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,447 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və “Böyük Vətən” müharibəsində iştirak etməsini (CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı 22 avqust 2023-cü il tarixdən 02 il keçmədən yenidən cinayət törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,397 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar