Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-609/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, Xüsusi ittihamçı X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2, X9, X18, X13, X5, X6 və X4, X9 müdafiəçisi Union vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X2, X9, X18, X13, X5, X10, X6 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X11 özünün iş üzrə xüsusi ittihamçı qismində tanınması, X7, X19, X24, X29, X15, X20, X16 və X14 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməllərə görə xüsusi ittiham qaydasında cinayət cinayət işi başlanılması və təqsirləndirilən şəxslər barəsində həmin maddələr üzrə qanunla nəzərdə tutulmuş cəza tədbirlərinin tətbiq edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8, “Respublika Təcili və X12 Mərkəzi” direktorunun müvafiq əmrinə əsasən Yasamal rayon TTTYS-nin 1 və 2 saylı bölmələrinə müdir vəzifəsinə təyin olunmuşdur. Təyinat aldığı gündən etibarən fəaliyyətini yalnız bölmə müdirinin vəzifə təlimatının tələblərinə uyğun şəkildə həyata keçirmiş, təlimatla ona verilmiş hüquqlar çərçivəsində hərəkət etmiş və qərarlar qəbul etmişdir. Barəsində şikayət etdiyi şəxslər - X7, X19, X24, X29, X15, X20, X16 və X1 rayon TTTYS-nın 2 saylı bölməsində həkim vəzifəsində çalışırlar. Həmin şəxslər fəaliyyətilə bağlı ona qarşı dəfələrlə TƏBİB-in rəhbərliyinə və Yasamal rayon prokurorluğuna şikayət ərizələri ilə müraciət etmiş, habelə Xəzər TV-nin “Axşam xəbərləri” proqramında müsahibə verərərək onu stansiya işçilərinin hüquqlarını pozmaqda və onlardan rüşvət almaqda ittiham etmişdirlər. Haqqında yazılmış şikayət ərizəsində qeyd olunan iddialarla əlaqədar olaraq TƏBİB-in rəhbərliyinin müvafiq göstərişi əsasında aidiyyəti struktur bölmə tərəfindən barəsində xidməti araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində qeyd edilən şikayətlərin əsassız olduğu sübuta yetirilmiş, rüşvət alma faktı isə öz təsdiqini tapmamışdır. X7 və yuxarıda adları qeyd olunan digər şəxslər barəsində yalan və böhtan xarakterli, əsassız şikayət ərizəsi ilə Yasamal rayon Prokurorluğuna da müraciət edərək onu rüşvət almaq kimi ağır cinayət əməli törətməyimi iddia etmişlər. Yasamal rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı izahatım alınmış və nəticədə haqqında irəli sürülmüş şikayətlərin əssasız olduğu, əməlimdə (hərəkət və ya hərəkətsizlik) hər hansı cinayət tərkibinin mövcud olmadığı rəsmən təsbit edilmişdir. Bununla əlaqədar prokurorluq tərəfindən 29 avqust 2025-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul etmişdir (qərar əlavə olunur). X7 və yuxarıda adları qeyd olunan digər şəxslər xx.xx.2025-ci il tarixdə Xəzər TV-də yayımlanan “Axşam xəbərləri” proqramında müsahibə verərək (xəbər proqramından çıxarış əlavə olunur), haqqımda irəli sürdükləri əsassız iddiaları ictimai şəkildə davam etdirmiş, prokurorluğun müvafiq qərarına və TƏBİB tərəfindən aparılmış xidməti araşdırmanın nəticələrinə məhəl qoymayaraq, bölmə daxilində səsyazma funksiyasına malik müşahidə kameralarının quraşdırıldığını bildikləri halda belə (kamera görüntüləri əlavə edilir), bilərəkdən və məqsədli şəkildə haqqımda əsassız iddialar səsləndirmiş, təhqiramiz və nüfuzdan salan ifadələr işlətməklə şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş qanunazidd hərəkətlərini davam etdirmişlər. Qeyd olunan hərəkətlər açıq-aşkar qəsd niyyəti ilə törədilmiş olmaqla, onun işgüzar nüfuzuma, peşəkar fəaliyyətimə və şəxsi reputasiyama ciddi zərər vurmuş, iş mühitində ona qarşı mənfi münasibətin formalaşmasına səbəb olmuşdur. Həmin əməllər həm kütləvi xarakter daşıması, həm də sübutlarla təsdiqlənməsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini tam şəkildə özündə ehtiva edir. Böhtan və təhqir şəxsin şərəf və ləyaqətinə, eləcə də digər mənəvi dəyərlərinə yönəlmiş qəsd hesab olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında X9 müdafiəçisi Müdafiəçi1 şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Belə ki, xüsusi ittihamçı, X7, X19, X24, X29, X15, X20, X16 və X14 tərəfindən törədilmiş hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci hansı əməlin (əməllərin) isə 148-ci maddənin təsiri altına düşdüyünü qeyd etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, şikayətin verildiyi yer şikayətdə göstərilməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, X9, X18, X13, X5, X10, X6 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-609/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-609/2025
05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver