Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-61/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1999-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Bədalan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 27 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində Şahid məxsus olan, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, qırmızı metalik rəngli, “X13 minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Əhmədli” metrostansiyasından “Ukrayna” dairəsi istiqamətində hərəkətdə olarkən, ünvan 2 ünvanda yerləşən “İST” X2rşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, əsasən yola bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri, orada yerləşən həyətlər, yaşayış masivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməli olub hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu əməl etməmiş, mövcud şəraitdə yola bitişik ərazi hesab edilən yanacaqdoldurma məntəqəsindən yola çıxarkən, avtomobilin qabaq sağ yan hissəsi ilə piyada - 1955-ci il təvəllüdlü X4 vurub, ona ehtiyyatsızlıqdan qapalı kəllə beyin travması, başın sol təpə-gicgah nahiyələrində yumşaq toxumaların əzilməsi ilə qeyd olunan geniş ölçülü dərialtı qansızmalar, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, sol yarımkürə üzərində kəskin subdural hematoma, sol gicgah payında kəskin beyin daxili hematoma, travmatik subaraxnoidal qansızma, baş beynin postravmatik ödemi, bədənin çoxsaylı qançırları ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlərdən xx.xx.2021-ci il tarixdə, saat 16:45 dəqiqədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin iyul ayında o, 2006-cı il buraxılışlı, qırmızı metallik rəngli “Toyota Prius” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin gündəlik 20 manata etibarnamə əsasında qonşusu tərəfindən icarəyə verildiyini öyrənmişdir. O, həmin avtomobilin sahibi olan Şahidlə görüşüb, onun avtomobillə bağlı dediklərini dinlədikdən sonra, onu qane etdiyi üçün aralarında razılaşmışlar. xx.xx.2021-ci il tarixdə həmin avtomobilin sahibi ilə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada etibarnamə almışdır. Həmin avtomobili idarə etmək üçün «BC» kateqoriyalı «AE» seriyalı, 446268 nömrəli sürücülük vəsiqəsi vardır. O, “Toyota Prius” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdükdən sonra, “Uber” taksi şirkətinə qoşulub işləyərək, gündəlik olaraq valideynlərini və öz şəxsi ehtiyaclarını ödəyirdi. 27 oktyabr 2021-ci il tarixdə, saat 07:30-da kiçik qardaşı X12 rayonu ərazisində yerləşən 257 nömrəli tam orta məktəbə düşürdükdən sonra, mobil nömrəsinə taksi şirkətindən sifariş gəlmişdir. O, həmin sifarişi qəbul etdikdən sonra, Xətai rayonu, Səmədbəy Mehmandarov küçəsindən götürüb, onu Əhmədli metrostansiyasına aparmışdır. Müştərini metrostansiyasının yaxınlığında endirdikdən sonra, yaşadığı evə qayıtmalı olmuşdur. “Ukrayna” dairəsi istiqamətinə tərəf hərəkət etdikdə, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “İST” X6 daxil olub, yanacaq doldurmaq istəmişdir. Lakin, cibində pul olmadığını düşünüb, X5 aparatına yaxınlaşmadan, saatda 20-30 km. sürət həddi ilə hərəkət edərək, yanacaq doldurma məntəqəsini tərk edib, baş yola doğru çıxarkən, solundan gələn avtomobillərə nəzarət etmək məqsədi ilə baxdıqda, avtomobilin sağ qabaq hissəsi, piyada olaraq hərəkətdə olan, sonradan adını bildiyi Xanım İsgəndərovaya dəymiş və həmin qadın yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış və sükanın arxasından enərək, Xanım İsgəndərovaya yaxınlaşmışdır. Onunla bərabər ətrafda olan tanımadığı şəxslər də hadisə yerinə yaxınlaşmışlar. Onlar birlikdə Xanım İsgəndərovanı avtomobilin arxa oturacağına uzandırmış və yaxınlıqda yerləşən Respublika Neyrocərrahiyyə Xəstaxanasına aparmışdır. Orada həkimlərin köməkliyi ilə onu reanimasiya şöbəsinə yerləşdirmişlər. Həmin vaxt Xanım İsgəndərovanın mobil nömrəsinə zəng gələrkən, onun əl çantasından mobil telefonunu götürüb cavab verərək, yaxın qohumlarına baş vermiş hadisəni bildirmişdir. Xanım İsgəndərova həmin xəstəxanada təxminən bir həftə qaldıqdan sonra, 03 noyabr 2021-ci il tarixdə müalicə aldığı xəstaxanada ölmüşdür. İdarə etdiyi avtomobildə hadisə baş verməzdən əvvəl hər hansi bir nasazlıqlar olmamaqla, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yolnəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş və hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, mərhum X7 onun arvadıdır. Xanım İsgəndərova ilə 1990-cı ilin fevral ayında rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan iki övladları vardır. X9 hər gün səhər saatlarında oğlu Rüstəm İsgəndərlinin evinə oğlu və gəlini işlədikləri üçün nəvələrinə nəzarət etmək məqsədi ilə gedirdir. 27 oktyabr 2021-ci il tarixdə, saat 08:00-da Xanım İsgəndərova yaşadıqları evdən tək çıxaraq, şəkərli diabet xəstəsi olduğu üçün Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Referans” klinikasının labarotoriyasına getmişdir. Həyat yoldaşı labarotoriyada analiz verdikdən sonra, “Kontakt Home” mağazasının qarşısında olan dayanacağa gedərək, oradan 11 nömrəli marşrut avtobusu ilə Xətai rayonu, Sadıqcan küçəsində yaşayan oğlu Rüstəm İsgəndərlinin yaşadığı ünvana getməli idi. Rüstəmin həyat yoldaşı həmin günü saat 09:00dək Xanımı evlərində gözlədikdə, yoldaşının gəlmədiyini görüb sonuncunun mobil nömrəsinə zəng vurmuşdur. Həmin vaxt Xanımın mobil telefonuna bir nəfər şəxs cavab verərək, yol-nəqliyyat hadisəsi zamanı Xanımın xəsarət almasına görə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına apardığını bildirmişdir. Ailə üzvləri dərhal xəstəxanaya getdikdə, Xanımın reanimasiyaya yerləşdirilməsini bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs etibarnamə əsasında idarə etdiyi “X13 minik” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xanım İsgəndərovanı avtomobilinin sağ qabaq hissəsi ilə vurmuşdur. Həyat yoldaşı xəstəxanada müalicə aldığı müddət ərzində koma vəziyyətində olmuşdur. Lakin, 03 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Xanım İsgəndərova müalicə aldığı xəstəxanada ölmüşdür. Hadisəni törədən iş üzrə Təqsirləndirilən şəxslə hazırda barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 01 oktyabr 2020-ci il tarixli, 83 saylı ekspert rəyində göstərilmişdir ki, X3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər -qapalı kəllə beyin travması, başın sol təpə-gicgah nahiyələrində yumşaq toxumaların əzilməsi ilə qeyd olunan geniş ölçülü dərialtı qansızmalar, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, sol yarımkürə üzərində kəskin subdural hematoma, sol gicgah payında kəskin beyin daxili hematoma, travmatik subaraxnoidal qansızma, baş beynin postravmatik ödemi, bədənin çoxsaylı qançırları həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə bir başa səbəbli əlaqəlidirlər. Xanim İsgəndərovanın ölümünə səbəb - başın küt travması nəticəsində yaranmış baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 8/2886 saylı ekspert rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AE seriyalı 446278 nömrəli sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi qüvvədədir. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli, 2/15521 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarından görünür ki, Şahid məxsus “X13 minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisənin videogörüntüsü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 17 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək, cəzadan dərhal azad edilmiş, üzərindən məhkumluğu götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan - Şahid məxsus “X13 minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsinin videogörüntüsü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Şahid məxsus “Toyota Prius minik” markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsinin videogörüntüsü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-61/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-61/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver