Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-611/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunan və məhkumluğu ödənilən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 “həbs” qətimkan tədbiri seçilmiş, AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,980 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 11 avqust 2023-cü il tarixdə saat 22:00-da Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılıb, ünvan 4-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,980 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, özünün etirafedici ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, ünvan 1-da qeydiyyatda olmaqla Xətai rayonu, R.Bağırov küçəsi ev 27 ünvanında müvəqqəti olaraq kirayə yaşayır. Əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Təxminən 20 il müddətdir ki, müxtəlif narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Psixotrop maddəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00-da bədənində ağrılar olması səbəbindən psixotrop maddə əldə etmək qərarına gəlmiş, bu minvalla Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığında əvvəllər üzdən tanıdığı, adını Elbrus kimi bildiyi lakin şəxsiyyəti haqqında məlumatı olmadığı və əvvəllər bir neçə dəfə psixotrop maddəni tapmaqda ona köməklik edən şəxslə rastlaşmış, bir qədər hal-əhval tutduqdan sonra bədənində ağrılar olmasını bildirmiş, bu səbəbdən psixotrop maddə olan metamfetamin tapmasını xahiş etmişdir. Həmin şəxs də psixotrop maddə olan metamfetamin almaqda köməklik edəcəyini demiş, bundan sonra üzərində olan 25 manat pulu həmin şəxsə vermiş bir neçə dəqiqə gözləməsini istəmişdir. Bir qədər ətrafda piyada hərəkət etdikdən sonra verdiyi 25 manat pulun qarşılığında bir ədəd sellofan bükümü təqdim etmiş, psixotrop maddəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Psixotrop maddəni həmin gün axşam saatlarında evdə olan zaman istifadə etmək qərarına gəlmiş, həmin tarixdə saat 22:00-da ünvan 3 ünvana çatan zaman mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra polis əməkdaşları psixotrop maddənin qəbulu ilə məşğul olması barədə soruşduqda, psixotrop maddə olan metamfetamin istifadə etməsi barədə demişdir. Bundan sonra polis əməkdaşları 37-ci Polis şöbəsinə dəvət etmiş, polis şöbəsində səmimi etiraf edərək psixotrop maddə olan metamfetamin istifadə etdiyini deyib, üzərində də olan bir ədəd sellofana bükülmüş psixotrop olan metamfetamin olduğunu demişdir. Bundan sonra hüquqlarının müdafiə olunması məqsədilə dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı bükümdəki maddənin nə olmasını soruşduqda, bükümdə olan maddənin psixotrop maddənin metamfetamin olmasını bildirmişdir. Eyni zamanda həmin psixotrop maddəni haradan və kimdən almasını soruşanda, həmin maddəni Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığından Elbrus adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığnı bildirmişdir. Üzərindən aşkar edilən psixotrop maddə elektron tərəziyə qoyularaq çəkilmiş və 1,14 qram çəkidə olması müəyyən edilmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, 11 avqust 2023-cü il tarixdə saat 22:00-də 37-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 6 ünvanda bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Ondan şəxsiyyəti barədə məlumat soruşduqda özünü xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 37ci PŞ-nə dəvət etmiş, Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X5ə təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunan və məhkumluğu ödənilən, ünvan 1 ünvanında qeydiyyatda olan və Xətai rayonu, R.Bağırov küçəsi ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X5 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümün içərisində nə olmasını soruşduqda həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığından Elbrus adlı tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra bir ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkidə 1.14 qram olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); şübhəli şəxsin tutulması haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə, saat 22:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 11 avqust 2023-cü il saat 22:00-dan hesablanmışdır (i.v. 21); Şəxsi axtarış və götürmə aparılması haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 və mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində 01 ədəd sellofanın içərisində şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Həmin bükümün içərisində nə olması ondan soruşulduqda həmin kütlənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının qarşısında Elbrus adlı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,14 qram olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədə kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4314 nömrəli rəyindən görünür ki, tədqiqata taqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №153" dairəvi möhür əksləri olan, "vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş Alışov (imza)" yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) adǝd bükümdə təmiz çəkisi 0,980 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İlkin tədqiqat zamanı metamfetaminin təmiz çəkisi 0,980 qram olmuş, tadqiqata 0,05 gram sərf edildikdən sonra qalıq çəkisi 0,930 qram qalmışdır. (i.v. 42-44); Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 56); xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə müraciət olunmasına dair vəsatətin təmin olunmasından imtina olunmuşdur.(i.v 77-78) xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 81) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 4(010)- 433/2023 saylı qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinmiş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən qalan 01 il 07 ay 06 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. ( i.v. 85); Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 dekabr 2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2004-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və iş üzrə maddi sübut kimi tanınan Qaradağ RPİ-də saxlanılan 0,087 qram narkotik vasitə heroinin və içərisində narkotik vasitə heroin məhlulu olan bir ədəd şprisin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və Təqsirləndirilən şəxs 100.000 (yüz min) manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi hökm olunmuşdur (i.v 86-88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 12 oktyabr 2023-cü il tarixli 6483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v.102-103 ); Sübutların qiymətləndirilməsi haqqında 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, məhkəməkimyəvi ekspertizasının 12 avqust 2023-cü il tarixli 6/4314 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 6483 nömrəli rəyi və şahid ifadələrinin sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminin çəkisinin ekspert rəyinə uyğun götürülməsi və 0,980 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sellofan bükümdə psixotrop maddə metamfetaminin ilkin təmiz çəkisinin 0,980 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 0,930 qram çəkidə psixotrop maddə metamfetaminin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən materialın ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PB-nə göndərilməsi, Təqsirləndirilən şəxs əməlinin cinayətin residivi kimi qiymətləndirilməməsi və qərarın surətinin nəzarət üçün ibtidai prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v. 108-113); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofanın içərisində şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükülünü təqdim edərək həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında əvvəllər üzdən tanıdığı, adını Elbrus kimi bildiyi lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,980 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun haqqında həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 4(010)-433/2023 saylı qərarı il həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,930 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-611/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-611/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver