Məhkəmə qərarları › İş №1(011)-62/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-62/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-62/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi ev 3, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində 01 dekabr 2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Kuba” markalı “Rx9” modelli mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin, zərərçəkmiş şəxsin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri, ekspert rəyi və işin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus mopedin bəzi ehtiyyat hissələrində nasazlıq olduğu üçün maddi imkan olmadığına görə və həmin ehtiyyat hissələrinin tapılmaması səbəbindən işsiz qalmışdır. Piyada hərəkətdə olduğu zaman ünvan 1 binanın qarşısında onun mopedinə oxşar 3 ədəd moped görmüşdür. Həmin mopedləri bir neçə gün müşahidə etdikdən sonra onlardan birini yaşıl rəngli “Kuba Rx9” markalı mopedi ehtiyyat hissələrini açıb öz mopedinə qoymaq məqsədi ilə oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 05.09.2021-ci il tarixdə saat 03 radələrində yaşadığı ünvandan çıxaraq yolda tanımadığı taksiyə əl edərək saxlatdırmışdır. Həmin taksiyə 3 manat gediş haqqı ödəyərək həmin ünvana gəlmişdir. Yaşıl rəngli “Kuba Rx9” markalı mopedi əli ilə sürərək yaşadığı küçənin yaxınlığında yerləşən ət dükanını yanına aparmışdır. Bundan sonra yaşadığı evə getmişdir. Özünə məxsus mopedi səhər açıldıqdan sonra ustaya aparmışdır. Ustaya getməkdə məqsədi öz mopedində olan ehtiyyat hissələrini açdırdıqdan sonra ustadan açar götürüb həmin oğurladığı mopeddə olan ehtiyyat hissələrini söküb öz mopedinə yığmaq olmuşdur. O, 2 gün ustada öz mopedi ilə məşğul olduğu üçün oğurladığı mopedə nəzarət etmək imkanı olmamışdır. 07.09.2021ci il traixdə oğurladığı mopedə baxmaq məqsədi ilə gələrkən mopedin oradan götürüldüyünü görmüşdür. 10.09.2021-ci il tarixdə saat 13 radələrində evində olarkən polis əməkdaşları yaşadığı ünvana gəlib onu bölməyə dəvət etmişdilər. Ona həmin mopedlə bağlı sual verdikdə o, polis əməkdaşlarına həmin mopedi oğurladığını etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişə dəyən ziyanı tam olaraq ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının əvvəllərində Ağdaş rayon sakini 14.09.1991-ci il təvəllüdlü X2 2020-ci il buraxlışlı olan Kuba” markalı “Rx9” modelli mopedi 1.150 manata almışdır. Həmin mopedi alarkən saz vəziyyətdə olmuşdur. O, həmin mopedi gündəlik olaraq sürüb yaşadığı blokun qarşısında saxlamışdır. 04.09.2021-ci il tarixdə saat 19 radələrində işdən gələrək mopedi həmişəki kimi blokun qarşısında saxlayıb evinə getmişdir. 05.09.2021-ci il tarixdə saat 06 radələrində evdən çıxaraq blokun qarşısına endikdə mopedinin yerində olmadığını aşkar etmişdir. O, ətrafa baxdıqdan sonra mopedinin oğurlandığını güman edib 07:00-da DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə mopedini axtarmağa başlamışdır. 08.09.2021-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq mopedini aşkar etdiklərini bildirmişlər. O, mopedinə polis bölməsinin həyətində baxdıqda mopedinin olduğu kimi müəyyən etmişdir. Polis bölməsində mopedini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Moped qaytarıldığından təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınmış və Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, “Bolt” taksi şirkətindən icarəyə götürdüyü "Toyota Prius" markalı Az-**-BL- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğul olur. 05 sentyabr 2021ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Xətai rayonu, “NZS” qəsəbəsi istiqamətində hərəkətdə olarkən bir nəfər şəxs əl edərək avtomobilini saxlamaq üçün işarə etmişdir. Avtomobilə əyləşdikdən sonra onu, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən H.Aslanov metrostansiyasının yaxınlığına aparmağını xahiş etmişdir. Həmin şəxsi yolüstü götürdüyü üçün nömrəsini və digər məlumatlarını bilməmişdir. Həmin şəxs yolu əli ilə göstərərək onu hazırda dəqiq xatırlamadığı özünün göstərdiyi ünvana aparmışdır. Həmin şəxs təyinat nöqtəsinə çatdıqdan sonra 3 manat gediş haqqını ödəniş edib avtomobilindən düşüb getmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli baxış və götürmə aparılmasına dair protokoldan məlum olur ki, ünvan 2 ünvandan Zərərçəkmiş şəxs məxsus Kuba markalı Rx9 modelli moped hal şahidlərinin iştirakı ilə götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2021-ci il tarixli 9/8957 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 1 ədəd 2020-ci il buraxılışlı, yaşıl rəngli, 50 cm3 mühərrik həcimi olan, 12458 yürüş məsafəsi olan, “Kuba” markalı “Rx9” modelli mopedin 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 1600.00 manat müəyyən edilmişdir. İş materiallarında olan (iş vərəqi 101-104) sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 1 ədəd 2020-ci il buraxılışlı, yaşıl rəngli, 50 cm3 mühərrik həcimi olan, 12458 yürüş məsafəsi olan, “Kuba” markalı “Rx9” modelli moped maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu 01 dekabr 2021-ci il il tarixdə saat 10:00-da tutulmuşdur. İş materiallarında olan Xətai RPİ İŞ-nin müstəntiqi Cahid Musayevin 01 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından məlum olur ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur, cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs oğlunun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, vurulmuş ziyanın tamamilə ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ziyanın ödənilməsini, barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci tarixdə faktiki tutularaq saxlandığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hazırda qeydiyyatda olmaqla yaşadığı Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni araşdıraraq məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmış 1 ədəd 2020-ci il buraxılışlı, yaşıl rəngli, 50 cm3 mühərrik həcimi olan, “Kuba” markalı “Rx9” modelli moped hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci tarixdə faktiki tutularaq saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş ) ay 28 (iyirmi səkkiz ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 2020-ci il buraxılışlı, yaşıl rəngli, 50 cm3 mühərrik həcimi olan, “Kuba” markalı “Rx9” modelli moped hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə xərci 50 (əlli manat) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar