Məhkəmə qərarları › İş №1(011)-62/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-62/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-62/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Masallı rayonu, Ətçələr kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 25 avqust 2022-ci il tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində əvvəllər tanıdığı Şahid1 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş təmiz çəkisi 0,188 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxın olar ki, narkotik maddələrdən istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən pulla almışdır. 26 avqust 2022-ci il tarixdə evdə olan zaman polis əməkdaşları gələrək onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində olan zaman polis əməkdaşları ona psixi və fiziki təzyiq göstərərək narkotik vasitələri üzərində daşımasını etiraf etməsini bildirmişlər, əks təqdirdə onun evinə külli miqdarda narkotik vasitə qoyulacağı və barəsində daha ağır maddə ilə cinayət işinin başlanılacağı bildirilmişdir. Həmin günü onun üzərində narkotik vasitə olmamışdır, belə ki, əgər narkotik vasitə olsaydı onu üzərində gəzdirmək əvəzinə istifadə edərdi. Sadəcə olaraq o, narkotik vasitə almaq üçün Tural adlı şəxsə zəng etmiş və bundan sonra polis əməkdaşları tərəfindən yeri müəyyən edilərək tutulmuşdur. Polis Şöbəsinə gətirildikdən sonra üzərinə videoçəkilişdən əvvəl şəxsi axtarış keçirilmiş və əynindəki şalvarının cibindən yalnız 37 manat pul, şəxsiyyət vəsiqəsi və telefon aşkar edilmişdir. Lakin sonra onun üzərinə narkotik vasitə qoyulmuş və videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirdiyi təqdirdə onu prokurorluq orqanının köməyi ilə sərbəst buraxacaqlarını bildirmişlər. O, da məcbur qalıb törətmədiyi əməli etiraf etmiş və bundan sonra barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən bir il olar ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etmişdir. Həmin narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyindən narkotik vasitəni istifadə etmədikdə bədənində ağrılar olmuş və ona görə də o, həmin narkotik vasitəni tapıb alaraq istifadə etmişdir. 25 avqust 2022-ci il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində tək piyada hərəkət edən zaman əvvəllər tanıdığı Şahid1 görmüşdür. O, Turalın narkotik vasitə istifadəçisi olduğunu bilib onda narkotik vasitə olduğunu soruşmuş və Tural ona bildirmişdir ki, narkotik vasitə olan heroin var və həmin bükümü ona 10 manata sata bilər. O, buna razılığını bildirmiş və 10 manata Turaldan 1 büküm narkotik vasitə olan heroini almış və əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Sonradan o, yaşadığı evə getmiş və həmin narkotik vasitə olan heroini özündə saxlamışdır. 26 avqust 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər və ondan anket məlumatları barədə maraqlanmışlar, o, həmin şəxslərə özünü təqdim etmiş və onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə keçməyə dəvət etmişlər. O, həmin şəxslərə öz razılığını bildirmiş və həmin şəxslərlə birlikdə polis şöbəsinə getmişdir. Yolda gedən zaman həmin polis əməkdaşları ona əllərini ciblərinə salmağa imkan verməmişdirlər. Daha sonra polis şöbəsində xidməti otaqda ona təqdim olunmuş vəkil və videoçəkiliş ilə hüquqlarını izah edərək narkotik vasitəni qanunsuz daşıması və saxlanılmasında şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddənin və ya əşyanın olmasını, olduğu halda təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə olan heroindir və o, həmin narkotik vasitə olan heroini 25 avqust 2022-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Xətai rayonu, ‘‘Kənd Əhmədli” qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manat müqabilində almışdır. Ondan aşkar olunaraq götürülmüş 1 bükümdə olan narkotik vasitə heroin orada olan tərəzi vasitəsi ilə çəkilmiş və həmin bükümün çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. 26 avqust 2022-ci il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Xətai rayon inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, aidiyyəti üzrə raportla PŞ-nin rəhbərliyinə müraciət etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə o və Xətai RPİ-nin 34cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o, təyin olunmuşdur. Bundan sonra o, Şahid2 ilə birlikdə ünvan 1 ünvanının qarşısına getmiş və orada 19 radələrində Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin təqdim etmişlər və ondan da özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşıb polis bölməsinə getmişdir. Xətai RPİ-nin 34-cü PŞ-ə müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmişdir. Həmçinin onun üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirlmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq təqdim etmiş və həmin bükümdə heroin olmasını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini 25 avqust 2022-ci il tarixdə öz istifadəsi üçün Xətai rayonu, Əhmədli qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitəyə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra həmin maddə qablaşdırılmış və proses iştirakçıları tərəfindən zərf imzalanmış, daha sonra bununla bağlı protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Bundan sonra o, Tural adlı şəxsin müəyyən edilməsi və qanunsuz əməllərin ifşa edilməsindən ötrü Şahid2 ilə ünvan 4 ünvanının qarşısına gedib 21:30 radələrində Təqsirləndirilən şəxs heroin aldığı Şahid1 tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş X1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir alışverişi olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqları gün nə Təqsirləndirilən şəxs, nə də onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ondan heç nə almamışdır. Onların polis bölməsində olan zaman üzərlərində narkotik vasitə aşkarlanmamışdır. Həmin narkotik vasitələri üzərlərinə polis əməkdaşları qoymuşlar. Orada üzərlərində apardıqları axtarış zamanı müdafiəçi də olmuşdur, lakin o, polis əməkdaşlarının etdiklərinə hər hansı bir şəkildə etiraz etməmişdir. Daha sonra isə məhkəmənin qəbul etdiyi sanksiyaya əsasən onu Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparmışlar. Hal-hazırda ona qarşı irəli sürülmüş ittiham əsasında cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılır. O, nə polis əməkdaşları tərəfindən saxlanıldıqları gün, nə də ondan əvvəlki müddətdə Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olamamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqları gün Təqsirləndirilən şəxslə görüşməmişdir. İbtidai istintaq zamanı ona qarşı fiziki zor tətbiq edilməsi nəticəsində həmin ifadəni verməyə məcbur qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-3); cinayət işinin başlanması və icraata götürülməsi haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin maddələr ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 5-6); şübhəli şəxsin tutulması haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 27); şəxsi axtarış və götürmə aparılması haqqında 26 avqust 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olması və necə əldə etdiyi soruşulduqda o, bildirmişdir ki, 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə hesab edilən heroindir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanıdığı Tural adlı şəxsdən 10 manata əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 0.31 qram çəkidə olması məlum olmuşdur (i.v. 37-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2022-ci il tarixli, 6/4574 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs" sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 52-54); şübhəli şəxsin dindirilməsi haqqında 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, o, təxminən bir il olar ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etdiyini, həmin narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyindən narkotik vasitəni istifadə etmədikdə bədənində ağrılar olduğuna görə də həmin narkotik vasitəni tapıb alaraq istifadə etdiyini, 25 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində tək piyada hərəkət edən zaman əvvəllər tanıdığı Şahid1 gördüyünü və həmin şəxsdən 01 ədəd bükümdə öz şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə olan heroin alaraq əynində olan şalvarın sol yan cibinə qoyduğunu etiraf etmiş və “ifadəm mənim sözlərimlə yazılmışdır, oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 62-64); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 71-72); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, o, təxminən bir il olar ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etdiyini, həmin narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyindən narkotik vasitəni istifadə etmədikdə bədənində ağrılar olduğuna görə də həmin narkotik vasitəni tapıb alaraq istifadə etdiyini, 25 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində tək piyada hərəkət edən zaman əvvəllər tanıdığı Şahid1 gördüyünü və həmin şəxsdən 01 ədəd bükümdə öz şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə olan heroin alaraq əynində olan şalvarın sol yan cibinə qoyduğunu etiraf etmiş və “ifadəm mənim sözlərimlə yazılmışdır, oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 80-82); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-439/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 97-98); diskə baxış keçirilməsi haqqında 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 avqust 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 xx.xx.2022-ci il tarixli 5209 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 109-110); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 67.1-ci maddələri tətbiq olunmaqla 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır (i.v. 111-112); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 22011382 nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 135- 136); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 6/4788 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində “6/4574...27 avqust 2022-ci il...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.148 qram heroin ilə üzərində “6/4575...27 avqust 2022-ci il...” sözləri qeyd edilmiş zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,315 qram heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (i.v. 137-140); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 6/4574 və 6/4575 saylı, xx.xx.2022-ci il tarixli, 6/4788 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 xx.xx.2022-ci il tarixli 5209 saylı rəyi, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, videogörüntüyə baxış keçirilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.188 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.148 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 142-154); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-599/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 03 ay 15 gün müddətinə, yəni 11 dekabr 2022-ci il tarixədək uzadılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 28 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Quliyev X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 67.1-ci maddələri tətbiq olunmaqla 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Lakin barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmədiyindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq azad edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 03 fevral 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə məcburi müalicəyə yerləşdirilməmişdir. Məhkəmə istintaqı zamanı 01 ədəd “CD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edir. Quliyev Qurbanəli oğluna həmin maddənin nədən ibarət olması və necə əldə etdiyi soruşulduqda o, bildirir ki, 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə hesab edilən heroindir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsində tanıdığı Tural adlı şəxsdən 10 manata əldə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq təqdim etmiş və həmin bükümdə heroin olmasını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini 25 avqust 2022-ci il tarixdə öz istifadəsi üçün Xətai rayonu, Əhmədli qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitəyə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra həmin maddə qablaşdırılmış və proses iştirakçıları tərəfindən zərf imzalanmış, daha sonra bununla bağlı protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq təqdim etmiş və həmin bükümdə heroin olmasını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini 25 avqust 2022-ci il tarixdə öz istifadəsi üçün Xətai rayonu, Əhmədli qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitəyə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra həmin maddə qablaşdırılmış və proses iştirakçıları tərəfindən zərf imzalanmış, daha sonra bununla bağlı protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə satmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan cinayət işi hal-hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olduğundan, bununla əlaqədar onun hazırki məhkəmə iclasında verdiyi ifadəsi inandırıcı hesab edilə bilməz. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 25 avqust 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində tək piyada hərəkət edən zaman tanımadığı şəxsdən satış məqsədi ilə 35 manata 3 büküm narkotik vasitə olan heroin əldə etdiyini, küçə ilə gəzən zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs gördüyünü və sonuncunun ondan narkotik vasitə istəməsi ilə ona 10 manata 1 büküm narkotik vasitə olan heroini satdığını etiraf etmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsini əvvəldən tanıdığı Təqsirləndirilən şəxs və özünü cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman da Təqsirləndirilən şəxs təqsirini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.188 qram olan narkotik vasitə - heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndiriən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi barədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli qərarına əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsəsən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Həmin qərarın 36-cı bəndinə əsasən narkomaniyadan müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi müalicə başa çatdıqdan sonra həll edilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edilmədiyindən, o cəzadan azad edilməmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 25 avqust 2022-ci il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.188 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.148 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin təmiz çəkisi 0.188 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.148 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar