Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-62/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahvələd oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən kafedə tanışı və qonşusu olan Zərərçəkmiş şəxs Şahvələd oğlu qardaşı Şahid1 ilə aralarında yaranmış sözlə mübahisə zamanı əsaslı səbəb olmadan Şahid1 yumruqla vurub yerə yıxdığı üçün Zərərçəkmiş şəxs əsəbləşərək yumruqla bir neçə dəfə çənəsindən və sifətinin müxtəlif nahiyələrindən qəsdən vurub sonuncuya alt çənənin qapalı sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına Az Ağır zərər vurmuşdur. Məhkəmə cinayət işi üzrə sübutları cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən, yəni CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şahvələd oğlunu qonşu kimi tanıyır. Onunla hər hansı yaxınlıq münasibəti olmasa da, bir-birini gördükdə tanış kimi həmişə salamlaşmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində qardaşı Əfqanla yaşadıqları evin yaxınlığında yerləşən Saday kişinin kafesinə pivə içməyə getmişlər. Masalardan birinə əyləşib hər biri iki bokal pivə içmişlər. Həmin vaxt qonşu və tanışı olan Eldar da həmin kafedə əyləşib çay içmiş, onun yanında adlarını xatırlamadığı bir neçə kənar şəxs olmuşdur. O və qardaşı Əfqan pivələrini içib qurtardıqdan sonra kafedən çıxıb getmək istəmişlər. Onlar Eldarla və onunla əyləşən şəxslərə sağ ol edib çıxmaq istəyərkən Eldar qardaşı Əfqanla kənara çəkilmişlər. Həmin an nə baş verdiyini anlamamış və elə başa düşmüşdür ki, gizli söhbətləri var. Dönüb onlara tərəf baxanda Eldarın qəflətən yumruqla qardaşı Əfqanın ağzından vurduğunu görmüşdür. Qardaşı həmin vaxt yerə yıxılmışdır. Yaxınlaşıb Eldara “sən nə edirsən, o mənim qardaşımdır?” demişdir. Eldarın onun da üzərinə gəldiyini gördüyü zaman bir neçə dəfə yumruqla Eldarı vurmuşdur. Daha sonra ətrafda olan şəxslər onları aralamış və o, qardaşı ilə birlikdə yaşadığı evə getmişdir. Baş vermiş hadisənin xuliqanliq niyyəti ilə olmadığını vurğulamış və əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs Şahvələd oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında ünvan 2 ünvanında yerləşən kafedə olan zaman həmin çayxanada qonşuluqda yaşayan Cəlal və Əfqan qardaşlarının əyləşərək söhbət etdiklərini görmüşdür. Onlar öz aralarında yüksək səslə danışmışlar. Əfqanın yüksək səslə danışıqları onu narahat etdiyi üçün onlara bir qədər asta səslə danışmalarını bildirmişdir. Əfqan onunla sözlə mübahisə etmişdir. Bu səbəbdən qolundan tutub kənara çəkmişdir. Əsəbləşdiyindən Əfqana vurmuş və o yerə yıxılmışdır. Bu vaxt Cəlal ona yaxınlaşıb onun qolundan tutmuş və “bu qardaşımdır, sən nə edirsən” demişdir ona. Bu zaman Cəlalla mübahisə etmişdir. Cəlal onun çənəsindən və sifətinin müxtəlif yerlərindən yumruqla vurmuşdur. Daha sonra kənarda olan şəxslər onları aralaşdırmışlar. Sonra sakit ayrılıb yaşadıqları evə getmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edərək ona yüngül cəza verilməsini xahiş etmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şahvələd oğlunu qonşu kimi tanıyır. Onunla hər hansı yaxınlıq münasibəti olmasa da, həmişə bir tanış kimi salamlaşmışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində qardaşı Cəlal ilə yaşadıqları evin yaxınlığında yerləşən kafedə pivə içməyə getmişlər. Həmin vaxt qonşusu və tanışı olan Eldar da həmin kafedə əyləşdiyini görmüşdür. O və qardaşı Cəlal pivələrini içib qurtardıqdan sonra kafedən çıxıb getmək istəmişlər. Həmin vaxt Eldarla səs-küy üstündə sözləşmişlər. Eldar onunla kənara çəkmiş və qəflətən vurmuşdur. Qəfildən vurduğu üçün üçün o, yerə yıxılmışdır. Bunu görən Cəlal gəlib onu yerdən qaldırmış və iradını Eldara bildirmişdir. Cəlal Eldarı ondan kənarlaşdırmaq istədikdə Eldarla aralarında mübahisə yaranmışdır. Cəlal Eldarın kənarlaşmadığını görüb bir neçə dəfə yumruqla Eldarın çənəsindən, sifətinin və bədəninin müxtəlif yerlərindən vurmuşdur. Daha sonra ətrafda olan şəxslər Cəlal ilə Eldarı aralamış və o, qardaşı ilə birlikdə yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermiş və hadisəni kafedən aralı olduğundan şəxsən görmədiyini, Əfqandan eşitdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2 X1” X3 Xətai rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 691 nömrəli rəyindən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs Şahvələd oğlunda alt çənənin qapalı sınığı müəyyən edildi. Xəsarətlər Küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərin kserosurətlərində qeyd olunan xx.xx.2023-cii tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 18 oktyabr 2023cü il tarixli tələbnamədən məlum olur ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Şahvələd oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Həsən Hüseynzadə adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq niyyəti törədilməsi ilə hadisəni xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq niyyəti ilə törədilməsi hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını ittihamda göstərməməklə təqsirləndirilən şəxsə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq niyyəti kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi şəraiti nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan, onun özünün ifadəsindən göründüyü kimi Zərərçəkmiş şəxs Şahvələd oğlunun qardaşı Şahid1 ilə aralarında yaranmış sözlə mübahisə zamanı Əfqanı yumruqla vurub yerə yıxdığı üçün Zərərçəkmiş şəxs əsəbləşərək vurmuşdur. Zərərçəkmiş şəxs Şahvələd oğlunun cinayət işinin 40-cı vərəqəsində olan izahatında Əfqanın yüksək səslə danışmasına görə onunla mübahisə etdiyini, onu yerə yıxıb vurduğu üçün qardaşı Cəlalın da onu vurmasını, mübahisənin başlamasına səbəbkarın özünün olmasını bildirmişdir. Həmçinin məhkəmə iclasında verdiyi ifadəsində Əfqanı vurduğunu, buna görə Cəlalın yaxınlaşıb mübahisə etdiyini və onu vurduğunu bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən bu hal araşdırılmamış və Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Cinayət əməli tövsif edilərkən hadisənin Zərərçəkmiş şəxs Şahvələd oğlunun təqsirləndirilən şəxsin qardaşını vurması səbəbindən baş verməsi nəzərə alınmamış, xuliqanlıq niyyətinin olmasının onun hansı hərəkətlərində öz əksini tapdığı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə başlansa da, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərarda cinayət əməlinin hansı əsasla CM-nin 127.2.3-cü maddəsinə tövsif edilməsi göstərilməmişdir. Bununla da, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətmək niyyətinin olması müəyyən edilmir. Bu xüsusatları təsdiq edən sübutlar iş materiallarında mövcüd deyil. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən az ağır xəsarəti xuliqanlıq niyyəti ilə yetirməsi barədə ibtidai istintaq orqanı tərəfindən gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə az ağır zərər yetirməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadəsi ilə tamamilə sübuta yetirilmişdir. Bu səbəbdən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verildiyindən hazırki cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışmaqla bağlı xitam verilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdıran halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-62/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-62/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver