Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-622/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Kürdəmir rayonu, Dəyirmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 xalası oğlu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə-“Socar”da mühafizə rəisi vəzifəsinə işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, bu məqsədlə onun adına olan "xxxx" ASCnin 4098-5844-5820-0040 nömrəli plastik kart hesabına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi fərdi tikilmiş evdən 250 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi fərdi tikilmiş evdən 250 manat, cəmi 500 manat köçürülmüş pul vəsaitini və xx.xx.2023-cü il tarixdən 2023-cü il iyun ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda ünvan 3-də yerləşən “Bakı gecələri” adlı restoranın qarşısında hissə-hissə müxtəlif məbləğlərdə cəmi 3.000 manat, ümumilikdə 3500 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.500 (üç min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi kimi təqdim edərək “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində sürücü kimi işə qəbul etdirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə polis nəfəri kimi işə götürüləcəyində köməklik göstərəcəyi barədə yalan vəd verib bu məqsədlə 21 mart 2023cü il tarixdə saat 17 radələrində Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin Nizami rayonu, Q.Qarayev prospekti 65A ünvanında yerləşən inzibati binasının yaxınlığında 1.000 manat, 13 aprel 2023-cü il tarixdən 2023-cü ilin iyul ayınadək olan müddət ərzində həmin ünvanda hissə-hissə ayrı-ayrı məbləğlərdə cəmi 14.000 manat, ümumilikdə 15.000 (on beş min) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 15.000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin alınmasında köməklik edəcəyi barədə yalandan vəd verib, aldadaraq ilkin ödəniş kimi 23 iyun 2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Tiblisi” restoranın qarşısında 10.000 (on min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 10.000 (on min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 xalası oğlu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə-“Socar”da mühafizə rəisi vəzifəsinə işə götürülməsində köməklik göstərəcəyini bildirib adına olan kart hesabına xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, cəmi 500 manat köçürülmüş pul vəsaitini və xx.xx.2023-cü il tarixdən 2023-cü il iyun ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə cəmi 3.000 manat, ümumilikdə 3500 manat nağd pul vəsaitini almışdır. Bundan başqa özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi kimi təqdim edərək “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində sürücü kimi işə qəbul etdirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə polis nəfəri kimi işə götürüləcəyində köməklik göstərəcəyini bildirib 21 mart 2023-cü il tarixdə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında 1.000 manat, 13 aprel 2023-cü il tarixdən 2023-cü ilin iyul ayınadək olan müddət ərzində həmin ünvanda hissə-hissə ayrı-ayrı məbləğlərdə cəmi 14.000 manatını almışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 Şüvəlan qəsəbəsində yerləşən bağ evinin alınmasında köməklik edəcəyini bildirib ilkin ödəniş kimi 23 iyun 2023-cü il tarixdə “Tiblisi” restoranın qarşısında 10.000 (on min) manat nağd pul vəsaitini almışdır. Son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022ci ilin dekabr ayının əvvəllərində tik-tok sosial şəbəkəsində özünü Nuray kimi təqdim edən şəxslə tanış olmuşdur. Sonradan Nurayın Təqsirləndirilən şəxs olmasını bilmişdir. Əzizə ona Xətai Rayon Polis İdarəsində müstəntiq vəzifəsində işlədiyini demişdir. 2023-cü ilin mart ayının əvvəllərində o, Əzizə ilə telefonda söhbət edən zaman ona “Socar” şirkətində mühafizə rəisi vəzifəsi olduğunu və ondan həmin işə adam tapmağını xahiş etmişdir. O da xalası oğlu Maqsuda zəng edərək iş təklifi etmişdir. Maqsud bu təkliflə razılaşmış və ilkin olaraq Əzizənin kartına 500 manat pul göndərmişdir. Daha sonra o, Əzizə ilə Maqsudu tanış etmiş və özlərinin danışmasını bildirmişdir. Bir müddət sonra söhbət zamanı Əzizə ona sürücü işləyə bilib bilməyəcəyini soruşmuş, o da Əzizəyə nə işi olduğunu soruşmuşdur. Əzizə ona Elvin adlı qardaşının olduğunu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində mayor rütbəsində olduğunu, Dövlət Təhlükəsizlik Xidmətinin müavini, İsmayıl Bağırov adlı şəxsin sürücüsünün işdən çıxdığını və sürücü axtardığını, bunu da Elvinə etibar etdiyini demişdir. O, Əzizəyə inandığı üçün təklifi ilə razılaşmışdır. Bu vaxt Əzizə ona qardaşı kimi təqdim etdiyi Elvin adlı şəxsin mobil nömrəsini vermişdir. Elvinlə o, “whatsapp” vasitəsi ilə yazışmış, Elvin də ona Əzizənin dediklərini təsdiqləyərək, özünün də orada olduğunu, ona köməklik edəcəyini, narahat olmamağını demişdir. Elvin ona bu işə düzəlmək üçün 1000 manat pul lazım olduğunu demişdir. O, Elvinin təklifi ilə razılaşmış, Elvin də pulu Əzizəyə verməyini demişdir. O da Əzizənin sözünə əsasən xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin arxasında 1000 manat pulu Əzizəyə vermişdir. Əzizə həmin pulu aparıb qardaşına verəcəyini demişdir. Daha sonra Əzizə ona zəng edərək, İsmayıl Bağırovun onun Polis Akademiyasında oxumağının vacib olduğunu demişdir. Əzizə atasının Bakı şəhər BPİ-də polisə nəzarət şöbəsinin rəisi olduğunu, atasına onun akademiyada təhsil almağı üçün xahiş edəcəyini bildirmişdir. Bu işə görə o, özünə məxsus “Chevrolet Cruze” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmışdır. O, Əzizəyə hissə-hissə, yəni xx.xx.2023- cü il tarixdən 2023-cü ilin iyul ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif yerlərdə 14.000 manat pul vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Elvin ona zəng edərək təcili ucuz qiymətə Şüvəlan qəsəbəsində bağ evinin satıldığını, cəmi 45000 manata satılmasını ilkin olaraq 10000 pul lazım olduğunu, qalan pulu isə hissə-hissə verə biləcəyini demişdir. O, bu barədə Əzizə ilə danışmış, Əzizə də Elvinin dediyini təsdiqləmişdir. O, münasib qiymətə olduğu üçün onlarla razılaşmışdır. Əzizə həmin məbləği ona gətirməyini bildirmiş və atası tərəfindən notariusa tapşırılaraq tez müddət ərzində onun adına keçəcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Tbilisi adlı restoranın qarşısında 10.000 manat pul vermişdir. Həmin gün Əzizə ona evi satan şəxsin etibarnamə verə bilməyəcəyini demiş və sənədləşmənin yalnız sonrakı gün ərzində aparılacağını bildirmişdir. O, Əzizənin onu aldatdığını başa düşüb, xx.xx.2023 cü il tarixdə Əzizədən ev üçün verdiyi pulu tələb etmişdir. Hazırda dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası oğludur. Təqsirləndirilən şəxs da xalası oğlu Səfa vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə Səfa zəng edərək ona “Socar” şirkətində mühafizə rəisi vəzifəsi olduğunu bildirmiş, tanışının olmasını həmin şəxsin işə düzəlməkdə ona kömək edəcəyini və həmin işə girməyi üçün ilkin olaraq 500 manat lazım olduğunu demişdir. Ümumi 3500 manat tələb olunduğunu qeyd edərək qalan məbləği isə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. O, Səfadan bu işdə kimin köməklik edəcəyini soruşmuş Səfa isə yaxın tanışı olduğunu demişdir. Təxminən bir ay sonra o, həmin şəxslə yəni Əzizə ilə tanış olmuş, Əzizə özünü ona Nuray kimi təqdim etmişdir. Əzizə ona iş prinsipləri barədə məlumat vermiş və onun bədən ölçülərini soruşmuşdur. 16 mart 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi fərdi tikilmiş evdə olan zaman proqram vasitəsi ilə Əzizənin istifadəsində olan kart hesabına 250 manat, 17 mart 2023-cü il tarixdə isə həmin ünvandan 250 manat olmaqla 500 manat pul göndərmişdir. Təxmini bir ay müddətinə onun həmin vəzifəyə təyin olunacağını bildirmişdir. Bir ay keçdikdən sonra Əzizə ona bir neçə şirkəti birləşdirib vahid şirkət yaradacaqlarını onu həmin şirkətə yaxşı vəzifəyə qoyacağını demişdir. O da Əzizəyə inanmış və ona 2023-cü ilin iyun ayına kimi 3000 manat hissə-hissə “Bakı gecələri” adlı restoranda vermişdir. Daha sonra isə Əzizə müxtəlif bəhanələr gətirərək vaxt almağa çalışmışdır. O, Səfa ilə bu barədə danışan zaman Əzizənin Səfadan 15.000 manat işə düzəlmək üçün, 10000 manat isə bağ evi satmaq adı ilə aldadaraq almasını bilmişdir. Hazırda dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qızıdır. Əzizə 2020-ci ildə Kənan Baloğlanlı ilə evləndikdən sonra onlardan ayrı yaşamağa başlamışdır. Əzizə onlardan ayrı yaşasa da Əzizə ilə daima telefon əlaqəsi olmuşdur. Təxminən 2022-ci ilin sonlarında o, Kənanın törətdiyi cinayət əməlinə görə həbs olunmasını bilmişdir. Əzizədən bu barədə maraqlandıqda isə Əzizə ona heç bir aidiyyəti olmadığını demişdir. 2023-cü ilin sentyabr ayında Əzizə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onun Səfa adlı şəxsə qarşı dələduzluq etməsini bilmişdir. O, özü bu barədə sonradan öyrənmişdir. O, qızı Əzizə və oğlu Orxan heç vaxt dövlət qurumda işləməmişlər. Onun Elvin adlı oğlu olmamışdır. Məhkəmə iclasında iş üzrə Şahid2 Təqsirləndirilən şəxs qardaşı olduğundan ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəməyə təqdim edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cnayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə saxlandığı 03 (üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə saxlandığı 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-622/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-622/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver