Məhkəmə qərarları › İş №1(011)-628/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-628/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-628/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafisəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda 02 ədəd bükümlərdə ümumi çəkisi 5,22 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə saat 20:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3i RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zaman əynində olan göy rəngli cins şortun sol yan cibindən 02 ədəd sqaretin gümüşü rəngli kağız parçalarına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 2,15 qram və 3,07 qram, ümumi çəkisi 5,22 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə-qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında tək yaşayır. Ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Təxminən 5-6 ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Hər dəfə narkotik vasitə marixuananı Bakı şəhərində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxslərdən alır. Heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş bir büküm narkotik vasitə olan marixuana almış və həmin marixuananı iki büküm edərək əynində olan göy rəngli cins şortunun sol yan cibinə qoymuşdur ki, özü istifadə edər. Həmin tarixdə saat 20 radələrində Xətai rayonu, 8 noyabr prospekti 23 saylı ünvanının yaxınlığında olan vaxtı narkotik vasitədən istifadə etmək istəmişdir. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitədən istifadə etməyindən şübhələndiklərini bildirib saxalayaraq onlarla birgə Xətai RPİ-nin 37-ci polis şöbəsinə getməyini izah etmişlər. O da polis əməkdaşları ilə birgə 37-ci polis şöbəsinə gəlmişdir. Şöbədə otaqların birində polis əməkdaşı ona hüquqlarını izah etdikdən sonra hüquqlarının müdafiə olunması üçün dövlət tərəfindən təyin ediləcək vəkil siyahısı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı onun seçdiyi vəkili polis şöbəsinə dəvət etmişdir. Vəkil gəldikdən sonra onun və polis əməkdaşların iştirakları ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması başlanmışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində qanunsuz hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. Bu təklifdən sonra əynindəki göy rəngli cins şortunun sol yan cibinə qoyaraq özündə saxladığı 02 (iki) ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş bükülünü təqdim etmişdir. Ondan həmin 02 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, həmin bükümlərin içərilərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi bükülülər açıldıqda içərilərində yaşıl rəngli ot halında, spesifik iyə malik kütlələr olduğu aşkar edilmişdir. Həmin kağız bükümlərdə olan maddə kağız parçaları ilə birlikdə iştirakı ilə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlələrin bir ədədi qablaşdırma ilə birlikdə 3,55 qram, ikinci büküm isə qablaşdırma ilə birlikdə 3,62 qramdır. Ondan həmin narkotik vasitələri nə vaxt və haradan almağı barədə soruşulduqda o, həmin narkotik vasitələri vasamal rayonu, Kubinka kimi tanıdığı ərazidə, üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və özü istifadə etmək üçün 2 büküm edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş maddələr qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bundan əlavə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının DİN-nin Bakı şəhəri Xətai RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvi isə Xətai RPİ-i CAŞ-nin kiçik inspektoru polis sıravisi X2 idi. 24 avqust 2023-cü il tarixdə saat 20-də Mövsüm Həşimovla birlikdə ünvan 2 ünvanın yaxınlığında olarkən Təqsirləndirilən şəxs" oğlunu görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs dəvətlərinə etiraz etmədikdən sonra 37-ci PŞ-yə apararaq barəlsində araşdırma aparılması üçün X1yə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1977-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. X1, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah edib müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilən zaman X6 Qənbərova təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sol yan cibindən gümüşü rəngli kağız parçasına bükülmüş 02 (iki) ədəd bükümü masanın üzərinə qoyub həmin bükümlərin içərisində marixuana adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri "Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 (iyirimi) manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız parçalarına bükülmüş 02 (iki) ədəd bükülülər kağız parçası ilə birlikdə elektron tərəziyə qoyularaq ayrı- ayrılıqda çəkilmişlər. Bükümün bir ədədinin çəkisi kağız parçası ilə birlikdə 3.55, digərinin çəkisi isə kağız parçası ilə birlikdə 3.62 qram olması görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən digər heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sadiq Qənbsrov tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Araşdırma müddətində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir(i.v.90-92); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sol yan cibindən 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etmiş, nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “marixuana” olmasını bildirmiş, həmin bükümlər açıldıqda içərisində yaşıl rəngli ot halında, spesifik iyə malik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin bu gün Bakı şəhəri, Yasamal rayonu Kubinka kimi tanıdığı ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat verərək aldığını, özü istifadə etmək məqsədilə 2 büküm edərək üzərində saxladığını bildirmişdir (i.v. 35- 36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-7/1208 nömrəli 25 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Vət. Təqsirləndirilən şəxs" yazılar və imzalar olan zərfdə 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -2,15 qram; 3,07qram, ümumi çəkisi-5,22qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. (i.v. 46-49); təqsirləndirilən şəxs qismində cəb etmə haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 63-64); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.72-73); Qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Qənbərov X4 Respublikası Bielefeld rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Almaniya Respublikası CM-nin 242B 1 Abz, 248a bandi ilə hər 10 avro pul cəriməsinə görə 50 günlük pul cəriməsinin faizi, Zast rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin alm.f.r. par. 242 abz 1 par. 25 abz 2 ilə hər biri 10 avro olmaqla 30 günlük pul cəriməsi tətbiq edilmişdir(i.v. 84-85); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2023cü il tarixli 6268 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.94-95); “DVD-R” diskə baxış keçirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v.97-98); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.18 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD-R disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə olunmuş, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri və istintaq hərəkətlərinin protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 102-107); elektron məhkəmə sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şortun sol yan cibindən 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim edir, nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “marixuana” olmasını bildirir, həmin bükümlər açıldıqda içərisində yaşıl rəngli ot halında, spesifik iyə malik kütlə aşkar edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin bu gün Bakı şəhəri, Yasamal rayonu Kubinka kimi tanıdığı ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat verərək aldığını, özü istifadə etmək məqsədilə 2 büküm edərək üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının “a” bəndinə əsasən təmiz çəkisi 5.22 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qənbərov X4 Respublikası Bielefeld rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə və Zast rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilməsinə baxmayaraq həmin hökmlər üzrə məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il qərarının 7-ci bəndinə əsasən Xarici ölkələrin məhkəmələrinin hökmlərinə əsasən yaranmış məhkumluqlara görə cinayətlərin residivinin müəyyən edilməsinin mümkünlüyü məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən “yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir”. Müvafiq olaraq bu qərara görə Azərbaycan Respublikası ilə digər dövlət (dövlətlər) arasında xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluğun birbaşa və yaxud hökmün Azərbaycan Respublikasının ərazisində tanınması prosedurundan sonra nəzərə alınmasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, başqa ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluq cinayətlərin residivi məsələsinin həlli zamanı nəzərə alına bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmlər Azərbaycan Respublikası ərazisində tanınmadığından və bununla bağlı beynəlxalq müqavilə olmadığından əvvəllər məhkum olunmuş şəxs kimi, eləcə də cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.18 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (i dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (onbir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5.18 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar