Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-629/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, o texniki cəhətdən saz və xüsusi mülkiyyətində olan “Mersedes Benz” minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili “BA030559” nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi ilə 07 dekabr 2022-ci il tarixdə saat 11-də 60 km/saat sürətlə idarə edərkən ünvan 2 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarəsi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək avtomobilin ön sağ hissəsi ilə əvvəlcə Şahid1 yolun sağ tərəfində dayandırdığı “Lexus-LX 570” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf arxa qanad və təkər hissəsi ilə toqquşduqdan sonra 2-ci zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyoto Prius” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ əlin V daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi, əməlindən peşman olduğu, dəymiş zərəri tam ödədiyi, Zərərçəkmiş şəxs ilə barışdığı barədə ərizəsini məhkəməyə təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi, ona dəymiş zərərin tam ödənildiyi, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanında baş vermişdir (i.v. 6-13); xx.xx.2022-ci il tarixli, 2/40344 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. (i.v.15) xx.xx.2022-ci il tarixli, 2/40354 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs ayıq olmuşdur. (i.v.14) xx.xx.2022-ci il tarixli, 2/40378 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şahid1 ayıq olmuşdur. (i.v.16) Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, BA 030559 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2031-ci il tarixə qədər qüvvədədir.(i.v 19) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V №959548 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X1 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixinədək 2001-ci il buraxılışlı, BAN WDB1680332J647752, “Mercedes Benz A160” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə idarə etmək səlahiyyəti verilmişdir. (i.v. 20); Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, AD 205244 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2029-cu il tarixə qədər qüvvədədir. (i.v 24) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİ №344071 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X2 tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixinədək 2008-ci il buraxılışlı, BAN JTDKB20U587777455, “X7” minik markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə idarə etmək səlahiyyəti verilmişdir. (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2022-ci il tarixli, 1401 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sağ əlin V daraq sümüyünün sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v.34-36) xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə müvafiq ekspertiza rəyləri alınmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. (i.v 46-48) Cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin müstəntiqi Namiq Mirzəbəyli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (i.v. 63-64) Azərbaycan Respublikası DİN-in Xətai RPİ-dən alınmış məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına olan BA030559 saylı sürücülük vəsiqəsi DİN BDYP-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.2031-ci il tarixədək aktivdir və onun sürücülük hüququnda məhrum edilməsi ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v 92) Azərbaycan Respublikası Məhkəmə Ekpertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 24 avqust 2023-cü il tarixli 8/2339 nömrəli rəyindən görünür ki, “Mercedes Benz A160” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v 95-97) Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rafiq Ağəliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v.98) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş az ağır dərəcəli xəsarətlə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (i.v 100) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 101-102) 20 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i.v 115) 25 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v 118) 25 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (i.v 132-133) 25 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 148-149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 162); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2023-cü il tarixli, 18/1410 saylı əlavə rəyindən məlum olur ki, Şahid2 müəyyən edilmiş xəsarətlər – başın alın gicgah və sifət nahiyələrində otuz ədəd əzilmiş səthi dəri yaraları, sağ diz oynağı nahiyəsində sıyrıq və sol diz oynağı nahiyəsində cərrahi tikişlər olan əzilmiş yara bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişin qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i.v.163-164) 16 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamın və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, hadisə yerinə baxış protokolunun, məhkəmətibbi ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Şahid2 oğlunun almış olduğu yüngül dərəcəli bədən xəsarəti cinayət məsuliyyətinə səbəb olmadığından bu barədə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Mercedes Benz A160” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, yol-nəqliyyat hadisəsi anını özündə əks etdirən 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və işə əlavə olunması, Zərərçəkmiş şəxs və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət işi başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində inzibati icraat açıması məsələsinə baxılması üçün zəruri sənədlərin surətlərinin Xətai rayon prokuroruna göndərilməsi, Şahid1 istifadəsində olan “LEXUS LX570” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olmasının izah edilməsi və qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 169-176) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərər çəkmiş şəxsin və şahidin elan edilmiş ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 263.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan “Mercedes Benz A160” minik markalı, 10TY 918 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi)manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 305, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan “Mercedes Benz A160” minik markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi)manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-629/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-629/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver