Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-63/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X8 və X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli talamaq məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2021-ci ilin iyul ayının ortalarından 2021-ci ilin sentyabr ayının 8-dək olan müddət ərzində, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Bakı Xüsusi Avtomobil Zavodunun tərkibindəki sexdə Zərərçəkmiş şəxs məxsus 6 ədəd düzləşdirici aqreqatların içərisindəki, cəmi çəkisi 450 kiloqram olan mis materialdan ibarət ehtiyat hissələrini ayrı-ayrılıqda kəsib hissələrə ayıraraq, ümumi vahid niyyətlə əhatə olunan qəsdlə idarə etdiyi “Xəzər” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub qizli talamaqla, ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5850 (beş min səkkiz yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını gizli talamaq məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2021-ci ilin iyul ayının ortalarından 2021-ci ilin sentyabr ayının 8-dək olan müddət ərzində, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Bakı Xüsusi Avtomobil Zavodunun tərkibindəki sexdə Zərərçəkmiş şəxs məxsus 6 ədəd düzləşdirici aqreqatların içərisindəki, cəmi çəkisi 450 kiloqram olan mis materialdan ibarət ehtiyat hissələrini ayrı-ayrılıqda kəsib hissələrə ayıraraq, ümumi vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Xəzər” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub gizli talamaqla, ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5850 (beş min səkkiz yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, 5-ci Rezervuar küçəsində yerləşən yaşayış sahəsində yaşayır və idarə etdiyi “Xəzər” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 onun qonşusudur və aralarında münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 rəngsaz işlədiyini üçün, ara-sıra ona müraciət edərək, müəyyən ödəniş müqabilində rəngsaz işində köməklik etməyini xahiş etmişdir. 2021-ci ilin iyul ayının ortalarında o, Rüstəmin işlədiyi Xətai rayonu, 8 Noyabr prospektində yerləşən sexə getmişdir. Orada Rüstəm ona Zərərçəkmiş şəxs adlı şəxsin işlətdiyi qonşu sexdəki aqreqatlarda olan mis materialları götürüb, satmağı təklif etmişdir. O, əvvəlcə etirazını bildirsə də, sonradan Rüstəm ona həmin mislərin lazımsız olduğunu bildirdikdən sonra razılaşmışdır. Onlar həmin aqreqatlardakı külçə və naqil formalı mis ehtiyyat hissələrini kəsib, onun idarə etdiyi “Xəzər” markalı avtomobilin arxa yük yerinə yerləşdirərək, sexdən çıxartmış və Babək prospekti ərazisində metal qəbul edən sexə aparıb, 300 manata satmışlar. Beləliklə də, 08 sentyabr 2021-ci il tarixədək həmin sexdə yerləşən aqreqatlardan hissə-hissə olmaqla, cəmi dörd dəfəyə təxminən 450 kq çəkidə mis materiallarını oğurlayıb, metal qəbul sexlərinə satmışlar. Həmin mis məmulatlarının satışından əldə etdikləri pulu Təqsirləndirilən şəxs2 ilə aralarında bölmüşlər. Törətdikləri oğurluğa görə 15 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə getmişlər. Sonradan o, vurulmuş ziyandan 5000 (beş min) manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən yaşayış sahəsində yaşayır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, onlar qonşu olmuşlar. O, müxtəlif vaxtlarda, fərqli yerlərdə rəngsaz işləmişdir. 2021-ci ilin aprel aylarında o, 8 Noyabr prospekti ərazisində yerləşən zavodda rəngsaz işləməyə başlamışdır. O, ara-sıra tanışı Kamrana zəng edərək, ona kömək etməsini, qarşılığında isə pul qazanacağını bildirmişdir. 2021-ci ilin may ayının sonunda Kamran ona kömək etməyə gələn zaman, o, Zərərçəkmiş şəxs adlı şəxsin işlətdiyi sexdə olan aqreqatların içərisindəki misi oğurlamağı təklif etmişdir. Onlar oğurladıqları misi Kamranın idarə etdiyi “Xəzər” markalı avtomobillə Babək prospektində yerləşən sexə 300 manat müqabilində satmışlar. Bundan təxminən on gün sonra, yenidən oğurladıqları misi həmin yerə 200 manat müqabilində satmışlar. Üzərindən bir müddət keçdikdən sonra, onlar yenidən misi oğurlayaraq, Əhmədli metrostansiyasının yaxınlığında satmışlar. Sonuncu dəfə isə onlar 08 sentyabr 2021-ci il tarixdə, oğurladıqları misi Babək prospektində yerləşən sexə 200 manat müqabilində satmışlar. Beləliklə, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqları cəmi 450 kiloqram çəkidə olan mis məmulatlarının satışından əldə etdikləri pulu öz aralarında bölüşdürmüşlər. 15 sentyabr 2021-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq, onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparmışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Bakı avtomobil zavodunda sex rəisi vəzifəsində işləyir. Həmin sexdə aqreqatların hesabına metalları erroziyadan qorunmaq üçün örtüklərin çəkilməsi həyata keçirilir. Həmin sexdə onunla birlikdə altı nəfər işçi var. Sexdə olan aqreqatları təxminən on il əvvəl öz vəsaiti hesabına almışdır. 08 sentyabr 2021-ci il tarixdə o, sexə gəlib aqreqatlara baxan zaman, mis hissələrinin kəsildiyini aşkar etmişdir. Təqsirləndirilən şəxs2 onun aqreqatlarının olduğu yerdə, Rəşad adlı şəxsin sexində rəngsaz işləmişdir. 2021-ci ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs2 işlərin çoxluğunu bəhanə edərək, gecələr onun aqreqatlarının olduğu sexə gəlmişdir. İşlətdiyi sexdə olan aqreqatlardan 1600 amperlik olanın qiyməti 7000 manat, 750 amperlik olanın qiyməti 5000 manat, 4 ədəd 450 amperlik aqreqatların bir ədədinin qiyməti isə 4000 manat olmuşdur. Həmin aqreqatların içərisində olan təxminən 450 qram çəkidə mis naqillər Təqsirləndirilən şəxs2 və Rüstəmin tanışı Təqsirləndirilən şəxs1 adlı şəxs tərəfindən oğurlanmışdır. Həmin mis naqillər aqreqatların işləməsini təmin edən əsas hissələr olmuşdur. Ona görə də, o, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ünvanladığı şikayət ərizəsində 6 ədəd aqreqatların cəmi dəyərini hesablamaqla, ona dəymiş zərərin 28000 manat qiymətləndirmişdir. Oğurlanan əşyalar isə 6 ədəd aqreqatların içərisində olan təxminən 450 kq çəkidə mis naqillər olmuşdur. İbtidai istintaq müddətində iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın bir hissəsi kimi 5000 manat ödəniş edilmişdir. Lakin, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona hər hansı bir məbləğdə ödəniş etməmişdir. Bu səbəbdən, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş maddi zərərə görə 24000 manat, əldən çıxmış faydaya görə 2000 manat, ona vurulmuş mənəvi zərərə görə 2000 manat olmaqla, ümumilikdə 28000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 ağır cəza, digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 isə qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin avqust ayının axırlarında Rüstəm və Kamran ona üç dəfə olmaqla, mis materialları gətirmiş və o, misin hər kiloqramı üçün onlara 11 manat pul verməklə, Kamran və Rüstəmdən 200 manat dəyərində misi qəbul etmişdir. O, Kamran və Rizvandan misi qəbul edən zaman, heç bir qeydiyyat aparmamışdır. Aldığı həmin mis materialları naqil formasında, kiçik ölçülü külçə formasında olmuşdur. O, mislərin oğurluq olduğunu bilməmiş, yalnız polis bölməsində izahat verərkən, Kamran və Rüstəmdən qəbul etdiyi mis naqillərin oğurluq olduğunu öyrənmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. Onlar arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu sexində işləyir və ayrı-ayrı şəxslərdən metalları qəbul etmək, daha sonra isə başqa şəxslərə metalları satmaqla məşğul olur. Ondan metalları alan şəxslər materialları ərinməsi üçün zavodlara aparırlar. Ayrı-ayrı şəxslərdən qəbul etdiyi metalların üzərinə qazanc əldə etmək üçün, müəyyən miqdarda pul qoymaqla, ərinməsi üçün zavodlara göndərir. 2021-ci ilin avqust ayının ortalarında o, sexdə olan zaman, Kamran onun işlədiyi sexə gəlib, 5-6 kiloqram misinin olduğunu və satmaq istədiyini deyib, alması üçün ona təklif etmişdir. O, misin hər kiloqramı üçün 11 manat pul verəcəyini bildirərək, ümumillikdə Kamrana 66 manat pul vermiş, həmin misi sonradan ərinməsi üçün tanımadığı şəxsə vermişdir. Misin çəkisi az olduğu üçün Kamrandan almış və heç bir sənədləşdirmə aparmamışdır. Lakin, o, Kamrandan aldığı mis məmulatlarının oğurluq olduğunu bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli, 9/8479 nömrəli ekspert rəyindən görünür ki, 01 kiloqram külçə formalı və elektrik naqilinə aid misin qırıntı kimi orta bazar qiyməti nəzəri qaydada təxminən 13 manat müəyyən olunur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, 17 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və onlar saxlandıqları Xətai RPİ-nin MSY-dən azad olunmuşdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 22 sentyabr 2021-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi zərərə görə 26000 manat, mənəvi zərərə görə 2000 manat olmaqla, ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində pulun və ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, ona ödənilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkməsini, cinayət nəticəsində Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Eyni zamanda, məhkəmə iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi mülki iddiasına aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, işə mahiyyəti üzrə baxılması üçün müvafiq sübutlar təqdim edilmədiyindən, həmin mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azəbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanmalı, ona cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. X3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada X4 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın və ona cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-63/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-63/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver