Məhkəmə qərarları › İş №1(011)-63/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-63/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-63/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, 02 iyul 2022-ci il tarixdə saat 13:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəldikdən sonra, evin qarşısında keçmiş qaynanası Zərərçəkmiş şəxs onun keçmiş arvadı X1 olduğu yer barədə ona məlumat verməməsini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan üzərinə hücum edərək vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, mətbəxdən götürdüyü istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə etdiyi bıçağı silahın real tətbiqinə əsaslar olduğu halda bir əli ilə zərərçəkmişin boğaz nahiyəsindən sıxıb sonuncunun qarın nahiyəsi istiqamətində tutmaqla hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə hədələmiş, həmin vaxt qonşuluqda yaşayan Şahid2 müdaxiləsi nəticəsində Zərərçəkmiş şəxs kənarlaşdırılıb mənzildən çıxarıldıqdan sonra mətbəxdən götürdüyü fincandan silah qismində istifadə edərək həmin fincanı Zərərçəkmiş şəxs baş nahiyəsi istiqamətində atmalqa sonuncunun yayınmasından sonra fincanın fərdi yaşayış evinin divarına dəyərək qırıqlarının onun sağ ayaq nahiyyəsinə dəyməsi nəticəsində ona sağ ayaq pəncəsinin kəsilmiş səthi yarası xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, ardınca öznündə olan bıçaqla fərdi yaşayış evinin pəncərələri üzərindəki toru cırmaqla zədələyib, habelə mətbəxdə olan qab-qacaq əşyalarını sındırmaqla məhv edib, qərəzli hərəkətlərini təxminən 15 dəqiqə müddət ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 200 manat ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 134 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2008-ci ilin dekabr ayından 2018-ci ilin avqust ayınadək X2 ilə evli olmuş və rəsmi qaydada boşanmışlar, həmin nikahdan üç övladları var. 2018-ci ilin avqust ayının ortalarında qısqanclıq zəminində Hafizəyə xəsarət yetirmiş, 23 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 2021-ci ilin noyabr ayında amnistiya elan edilməsi bağlı azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra keçmiş həyat yoldaşı Hafizə Cabbarova ilə övladlarının üzərində bir neçə dəfə mübahisələr olmuş, 2022-ci ilin iyun ayının sonlarında Hafizə qızı, 2014-cü il təvəllüdlü Aylini götürüb, ona qızını müaliəcəyə aparacağını bildirərək onun xəbəri olmadan Türkiyəyə getmişdir. Buna görə xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində o, keçmiş qaynanası Zərərçəkmiş şəxs Hafizənin olduğu yer barədə məlumat almaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, Oksigen zavodu küçəsi 16 ünvanına getmiş, həmin vaxt Minayə, Minayənin qudası Nənəş çöl tərəfdə yerləşən mətbəxin içərisində olmuşlar, o, Minayəni qapının qarşısına çağıraraq sakit formada Hafizənin harada olmasını soruşmuş, Minayə isə ona konkret cavab verməyərək söhbəti yayındırmağa başlamış, o, bundan qəzəblənərək yüksək səslə Hafizənin harada olmasını ondan bir daha soruşmuş, lakin Minayə yenidən ona kinayəli cavablar verdiyi üçün əlləri ilə onun yaxasından tutmaqla irəli-geri silkələmiş və cavab verməsini istəmiş, bu zaman Nənəş gələrək onu uzaqlaşdırmış və Minayənin hər hansı məlumatının olmamasını təsdiq etmişdir. Minayə isə həmin vaxt evin içərisinə tərəf getmiş, Minayə içəridə olan zaman qəzəbli şəkildə pəncərənin torunu əli ilə cırmaqla əlində olan stəkanı evin içərisinə tərəf atmış, sonradan geri qayıdaraq Nənəşə onun və qızı Günəşin də Hafizənin harada olmasını bildiyini deyərək onun yeri barədə məlumat vermələrini tələb etmiş, onlar yenidən Hafizənin və qızı Aylinin yerini deməkdən imtina etdikləri üçün onlarla sözlə mübahisə etməyə başlamış, bu zaman qəzəbləndiyi üçün əlində olan fincanı divara ataraq onların üzərinə qışqırmaqla Hafizənin yerini demələrini tələb etmiş, bu zaman səs-küyə qonşuluqda yaşayan şəxslər toplaşmışlar. Hadisə evin daxilində baş vermiş, o, xuliqanlıq etməmişdir. Minayəni sadəcə yaxasından tutub silkələmişdir. Onun əlində bıçaq olmamışdır. Keçmiş qaynanası onu şərləyir. Əməlindən peşmandır. Ədalətli qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2008-ci ilin dekabr ayından 2018-ci ilin avqust ayınadək X2 ilə evli olmuş və rəsmi qaydada boşanmışlar, həmin nikahdan üç övladları var. 2018-ci ilin avqust ayının ortalarında qısqanclıq zəminində Hafizəyə xəsarət yetirmiş, 23 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası tədbiri seçilmişdir. 2021-ci ilin noyabr ayında amnistiya elan edilməsi bağlı azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra keçmiş həyat yoldaşı Hafizə Cabbarova ilə övladlarının üzərində bir neçə dəfə mübahisələr olmuş, 2022-ci ilin iyun ayının sonlarında Hafizə qızı 2014-cü il təvəllüdlü Aylini götürərək ona qızını müalicəyə aparacağını bildirərək onun xəbəri olmadan Türkiyəyə getmişdir. Buna görə xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində o, keçmiş qaynanası Zərərçəkmiş şəxs Hafizənin olduğu yer barədə məlumat almaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, Oksigen zavodu küçəsi 16 ünvanına getmiş, həmin vaxt Minayə, Minayənin qudası Nənəş çöl tərəfdə yerləşən mətbəxin içərisində olmuşlar, o, Minayəni qapının qarşısına çağıraraq sakit formada Hafizənin harada olmasını soruşmuş, Minayə isə ona konkret olaraq cavab verməyərək söhbəti yayındırmağa başlamış, o, bundan qəzəblənərək yüksək səslə Hafizənin harada olmasını ondan bir daha soruşmuş, lakin Minayə yenidən ona kinayəli cavablar verdiyi üçün əlləri ilə onun yaxasından tutmaqla irəli geri silkələmiş və cavab verməsini istəmiş, bu zaman Nənəş gələrək onu uzaqlaşdırmış və Minayənin hər hansı məlumatının olmamasını təsdiq etmişdir. Minayə isə həmin vaxt evin içərisinə tərəf getmiş, Minayə içəridə olan zaman qəzəbli şəkildə pəncərənin torunu əli ilə cırmaqla əlində olan stəkanı evin içərisinə tərəf atmış, sonradan geri qayıdaraq Nənəşə onun və qızı Günəşin də Hafizənin harada olmasını bildiyini deyərək onun yeri barədə məlumat vermələrini tələb etmiş, onlar yenidən Hafizənin və qızı Aylinin yerini deməkdən imtina etdikləri üçün onlarla sözlə mübahisə etməyə başlamış, bu zaman qəzəbləndiyi üçün əlində olan fincanı divara ataraq onların üzərinə qışqırmaqla Hafizənin yerini demələrini tələb etmiş, bu zaman səs-küyə qonşuluqda yaşayan şəxslər toplaşmışlar. Lakin qonşular onların daimi münaqişəli vəziyyətdə yaşamalarını bildikləri üçün yaxınlaşmayıblar. Bu zaman o, çöldə mübahisə etdikləri üçün səs-küyün böyüməməsi məqsədilə oradan uzaqlaşmışdır. Mübahisə 4-5 dəqiqə davam etmiş, mübahisə zamanı Nənəş yanlarında olmuş, sonradan mübahisəyə qonşular toplaşmış, Zərərçəkmiş şəxs boğmaq fikri olmamış, sadəcə olaraq onun sualına cavab vermədikdə qəzəbləndiyi üçün yaxasından tutmaqla silkələmiş, fincanı isə əsəbi olduğu üçün evin divarına tərəf atmış, nəticədə Minayənin xəsarət alması ona məlum olmamışdır. (i.v 83-85; 108-109) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qızı Hafizə Cabbarova Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub və onların 3 azyaşlı övladı var. Təxminən 2018-ci ilin əvvəlindən Hafizə və Zaur boşanma ərəfəsində olan zaman Zaur mütəmadi olaraq qızı Hafizəni hədələyərək öldürəcəyini bildirirmiş, sonradan 2018-ci ilin yay aylarında Zaur Hafizəyə bıçaqla xəsarət yetirmiş və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası ilə cəzalandırılmışdır. 2021-ci ilin noyabr ayında Zaur azadlığa çıxdıqdan sonra yenidən yaşadıqları ünvana gələrək onu və ailə üzvlərini hədələmiş, onlar Zaurun yenidən Hafizəyə xəsarət yetirməsindən narahat olduqları üçün Hafizəni ölkə xaricinə göndərmək qərarına gəlmişlər və Hafizə ölkə xaricinə getdikdən sonra Zaur yenidən yaşadıqları ünvana gəlib Hafizənin yerini bildirməyini deyərək onu öldürməklə hədələməyə başlamış, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində o, gəlini Günəşin anası Nənəş evdə olan zaman Zaur evə gələrək onunla söhbət etmək istədiyini bildirmiş, mətbəxin qapısının qarşısında Zaurla söhbət edən zaman Zaur ondan Hafizənin olduğu yeri soruşduqda o, Zaura bilmədiyini bildirmişdir. Onlar sakit şəkildə danışdıqları halda Zaur qəfildən onu itələyərək içəri girmiş və Nənəşin üzərində gedərək qışqırmaqla Hafizənin yerini ona demələrini tələb etmiş, onlar yerini bilmədiklərini dedikdən sonra Zaur mətbəxdə masanın üzərində olan bıçağı götürərək onun üzərinə hücum çəkmiş və boğaz nahiyyəsindən sol əli ilə tutmaqla sağ əlində bıçaqla Hafizənin yerini deməyəcəyi halda onu öldürəcəyini demişdir. Bu zaman ilkin olaraq Nənəş gələrək Zauru ondan uzaqlaşdırmağa çalışmış, lakin o, Nənəşi də itələyərək kənarlaşdırmış, səs küyə digər qonşusu Nəzakət gələrək Zauru ondan uzaqlaşdırmış, sonradan Zaur pəncərənin torunu əlində olan bıçaqla kəsməklə pəncərənin yaxınlığında olan masanın üzərindəki fincanı götürərək onun baş nahiyyəsinə tərəf atmış, o, kənara çəkildikdə fincan divara dəymiş və parçalandıqdan sonra fincanın hissələri onun sağ ayağına dəyərək xəsarət yetirmişdir. O, əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisələr baş verən ev əvvəllər qızı Hafizə ilə Zaurun yaşadığı lakin ona məxsus evdir, həmin evə bitişik isə özünün əvvəldən yaşadığı nömrəsiz həyət evi var. Zaur fincanı ona tərəf atdıqdan sonra yenidən başqa fincanı götürərək digər evin pəncərəsinə tərəf getmiş və pəncərənin torunu əlində olan bıçaqla kəsmək istədikdə o, Zaurun qarşısını almağa çalışmış, bu zaman Zaur yenidən sol əli ilə onun boğaz nahiyyəsindən tutmuşdur. Həmin vaxt Nəzakət və Nənəş Zauru onu uzaqlaşdırmışlar. Mübahisə zamanı Zaurun əlində olan bıçağın dəstəyi sınaraq yerə düşmüş və onların polisə məlumat vermələrini bildikdən sonra bıçağı evin arxa hissəsinə tərəf ataraq oradan uzaqlaşmışdır. Mübahisə ünvan 3 ünvanında yerləşən həyət evinin qarşısında təxminən 15-20 dəqiqə davam edib, mübahisə zamanı orada Nənəş, Nəzakət və sonradan toplaşan bir neçə nəfər tanımadığı şəxslər olmuş, Zaurun bir neçə qab-qacağı sındırması və 2 ədəd pəncərənin torunu kəsməsi nəticəsində ona 200 (iki yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusu və qudası Zərərçəkmiş şəxs qızı Hafizə ilə evli olan zaman tanımışdır, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrinda qızı Günəşin qaynanası Minayə gilin yaşadığı ünvan 4 ünvanında nömrəsiz fərdi yaşayış evinin mətbəxində olan zaman Təqsirləndirilən şəxs evin qarşısına gələrək Minayəni mətbəxin qapısının qarşısına çağıraraq Minayədən Hafizənin hansı ölkədə olmasını soruşmuş, Minayə ona bilməməsini və onu narahat etməməsini dedikdə Zaur onunla yüksək səslə kobud ifadələr işlədərək danışmağa başlamış və Minayənin boğaz nahiyyəsindən tutmaqlaa içəriyə tərəf itələmiş, həmçinin onun üzərinə də getməklə nalayiq ifadələr işlətmiş, sonradan Zaur mətbəxdə masanın üzərində olan bıçağı götürmüş və sağ əlində tutmaqla Minayəyə Hafizənin yerini deməyəcəyi halda bıçaqla vuracağını bildirmişdir. O, araya girərək Zauru ondan uzaqlaşdırmaq istədikdə Zaur onu kənara tərəf itələmiş və bu zaman səs-küyə yaxınlıqda yaşayan digər qonşusu Nəzakət və məhəllədən keçən 2-3 nəfər tanımadığı şəxs toplaşmışlar, Zaur əlində olan bıçaqla yaxınlığındakı pəncərənin torunu kəsmiş və masanın üzərində olan fincanı götürərək Minayəyə tərəf atmış, Zaur fincanı atdıqdan sonra Minayə xəsarət almasını demiş və onların bu barədə DİN-in 102 xidmətinə məlumat verməsini anlayan Zaur əlində olan bıçağı evin arxa hissəsinə tərəf yüksəkdən atmaqla oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 29 il olar ki, ünvan 4 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşayır, və həmin vaxtdan Minayəni tanıyır. Təqsirləndirilən şəxs isə Minayənin qızı Hafizə ilə evli olan zaman tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində evdə olan zaman qonşuluqdan səs-küy gəlməsini eşitmiş, bundan sonra səs-küy gələn tərəfə getdikdə Zaurun sağ əlində bıçaq sol əli ilə Minayənin boğazından tutaraq öldürəcəyi ilə hədələməsinin şahidi olmuş, dərhal onların yanına gedərək digər qonşuları Nənəşlə birlikdə Zauru Minayədən uzaqlaşdırmağa çalışmışlar, Zaur kənarlaşdıqdan sonra əlində bıçaqla onun üzərinə gələrək nalayiq ifadələr işlətmiş, o, Zaura cavab qaytardıqda Zaur geriyə tərəf çevrilərək evin pəncərəsinin torunu əlindəki bıçaqla kəsmiş və içəridə olan masadan fincanı götürərək Minayəni təhqir etməklə ona tərəf atmış, bu zaman Minayə ayağını tutmaqla ayağının kəsilməsini bildirmiş və Zaur yenidən nalayiq ifadələr səsləndirərək digər pəncərənin torunu zədələmiş, Minayə bunun qarşısını almaq üçün üzərinə getdikdə Zaur yenidən onun boğazından tutaraq öldürəcəyini bildirmişdir. Həmin vaxt onlar yenidən Zauru Minayədən uzaqlaşdırmışlar və səs-küyə tanımadığı bir neçə nəfər şəxs də toplaşmış, Nənəş bu barədə DİN-in 102 xidmətinə məlumat verdikdən sonra isə Zaur əlində olan bıçağı uzağa ataraq yenidən onları hədələməklə oradan uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, vət. Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsində toplanmış HK-1/1398/22 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış xx.xx.2022-ciil tarixli ərizədən görünür ki, qızının keçmiş əri Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək qonşuların yanında münaqişə yaradıb ona xəsarət yetirməklə ərazidən uzaqlaşmışdır. (i.v 8) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaq, mətbəxdən, hasarla əhatələnməmiş həyətyanı sahədən ibarət evin qarşısında baş verib, həmin evin çöl hissəsində olan mətbəxdə və mətbəxin qarşısında sındırılmış qab-qacaq parçaları, pəncərənin kəsilmiş vəziyyətdə olan torları aşkar edilmiş, fotoşəkillər çəkilərə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X5 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 746 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət- sağ ayaq pəncəsinin kəsilmiş səthi yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və zərərçəkmişin göstərdiyi şəraitdə yetirilə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Vət.Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin şəxsin özü-özünə yetirməsi az inandırıcıdır. (i.v 22-23) 22 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:30-da tutulmuşdur. (i.v. 73) 22 oktyabr 2022-ci il tarixl üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə ilə bağlı ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v 86-88) 22 oktyabr 2022-ci il tarixl üzləşdirmə protokolundan görünür ki, Şahid1 hadisə ilə bağlı ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v 89-91) 22 oktyabr 2022-ci il tarixl üzləşdirmə protokolundan görünür ki, Şahid2 hadisə ilə bağlı ifadəsində göstərdikləri xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v 92-94) 24 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 134 və 221.3-cü maddələrinə tövsif edilmişdir(i.v 95-96) 24 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 221.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 98-99) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-557/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 oktyabr 2022-ci il tarixdən hesablanması qərara aınmışdır. (i.v. 125-128) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş, iş üzrə icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad ounmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədiməsində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. (i.v. 129-131); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur (i.v132-133) Bakı Şəhəri Xətai Rayon Məhəməsinin 22 may 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. (i.v. 134-137) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması hökm olunmuşdur. (i.v. 134-140) xx.xx.2021-ci il tarixli Amnistiya aktının tədbiq edilməsi barədə qərardan gprünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad olunmuşdur. Həmin qərarın 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. 14 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 221.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində Bakı şəhəri. Xətai Rayon Məhkəməsi tərəfindən seçilmiş "həbs qətimkan tədbiri nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, onlar arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolları, "hadisə yerinə baxış keçirmə" haqqind protokol, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və X5 rayon şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli 746 nömrəli rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs Firqaçi oğlunun əvvəllər törətdiyi cinayətə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürüldüyündən, həmin cinayətə görə məhkumluğunun residivin müəyyən edilməsi zamanı nəzərə alınmaması qərara alınmışdır. (i.v 151-161) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladları var.(i.v 110-112) Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs hadisə evin daxilində baş verdiyindən xuliqanlıq etməməsi, zərər çəkmiş şəxsə xəsarət yetirməməsi və bıçaqdan istifadə etməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 4(011)-557/2022 saylı, xx.xx.2022 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 134-cü maddəsinə görə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə görə eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 01 saylı 23 mart 2004-cü il tarixli qərarına əsasən xuliqanlıq zamanı zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda, qeyd olunan hərəkətlər Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq, Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. CM-in 134-cü maddəsinin təsbitindən irəli gələn tələb ondan ibarətdir ki, şəxsin törətdiyi əməlin CM-nin 134-cü maddəsi ilə tövsif edilməsi üçün əvvəla təqsirkar şəxs həmin maddənin dispoziyasında göstərilən hədəni söyləməli, hədənin gerçəkdən icra edilə bilməsinə əsaslar müəyyən edilməsi, bu hədənin icra ediləcəyinə zərər çəkmiş şəxs də inandırılmalı, yəni hədə real olmalı, digər tərəfdən isə zərər çəkmiş şəxs də həmin hədənin reallaşa biləcəyinə əmin olmalıdır. Belə əminlik isə təqsirkarın öldürməklə və ya sağlamlığa zərər vurmaqla hədə-qorxu söyləməsi zamanı müəyyən üsullardan və ya predmetlərdən istifadə etməsi, nümayiş etdirməsi nəticəsində yarana bilər. Məsələn, təqsirkarın zərər çəkmiş şəxsi öldürməklə hədələməsi zamanı kəsici-deşici alǝt, odlu silah, partlayıcı maddə və ya qurğu nümayiş etdirməsi, yaxud da zərərçəkmişin gözü qarşısında başqa şəxsi öldürməsi, ya da başqa şəxsin sağlamlığına ağır zərər vurması ünvanına belə əməllərin törədiləcəyi hədəsi söylənilmiş zərərçəkmişdə həmin hədənin real olaraq icra ediləcəyinə əminlik yarada bilər. Eyni zamanda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmənin real olmasına əsas kimi təqsirkarın mövcud vəziyyəti və şəxsiyyətini səciyyələndirən hallar da çıxış edə bilər. Təqsirkarın zərərçəkmişə hədə-qorxu söyləyərkən alkoqollu içkilər və ya narkotik vasitələr istifadə etməsi nəticəsində sərxoşluq vəziyyətində olması, yaxud onun əvvəllər qəsdən adam öldürmə və ya sağlamlığa ağır, az ağır və yüngül zərər vurma, ya da hər hansı ağır və ya xüsusilə ağır cinayətlər törətdiyinə məhkum olunması kimi hallar da zərər çəkmiş şəxsdə hədənin real olması, yəni icra edilə biləcəyinə dair fikir formalaşdıra bilər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM 59.1.4), əməlini qismən səmimi etiraf etməsini (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib cəzasının çəkilməmiş hissəsindən azad olunduğundan üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 02 ay müddətinə, həmin Məcəllənin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkm edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar