Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-64/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, X1 iştirakçısı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, 14 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 20 (iyirmi) manat ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,92 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 4 binanın yaxınlığında saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 7,92 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, İ Qarabağ müharibəsində iştirak edərək vətənini və əzizlərini qorumuşdur. Müharibə zamanı kontuziya aldıqdan sonra səhhətində problemlər yaranmağa başlamış və güclü baş ağrıları ortaya çıxmışdır. O, həmin ağrılara qarşı marixuanadan istifadə etməyə başlamışdır. 14 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasınm yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir şəxsə 20 (iyirmi) manat ödəyərək bir büküm marixuana almışdır. Aldıqdan sonra sellofan bükümündə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 14 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 4 binanın yaxınlığında olan zaman polis formasını geyinmiş şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Onu şübhəli şəxs kimi Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O isə heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi təqdim edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman təhqiqatçı tərəfindən üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini xahiş etmişdir. O isə gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyularaq möhürlənmiş və prosedur iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra yaşını, müharibə iştirakçısı olmasını, xəstəlikdən əziyyət çəkdiyini, himayəsində yaşlı anasının olmasını, əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 36-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 73 mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə qərərsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yolxanılması məqsədilə o və 36-cı PB-nin sahə rəisi, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:00-da ünvan 4 ünvanın qarşısında xx.xx.1967-ci il təvəllüdlü, ünvan 5nında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi 6 ünvanda yerləşən 36-cı PB-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Vüqar Həsənovun xidməti otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə tədbirində iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları könüllü surətdə təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofandakı bükümü çıxararaq masanın üstünə qoymuş və təqdim etdiyi bükümünün içərisindəkinin narkotik vasitə “marixuana” olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadə üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. 01 ədəd bükümdəki yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə “marixuana”nın polis mayoru Vüqar Həsənov tərəfindən 01 ədəd sellofan zərfdə qablaşdırılmasını və möhürləndiyini görmüşdür. Daha sonra aparılmış prosessual hərəkətləri özündə əks edən protokola imza atmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. Verilmiş ifadələr ziddiyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “marixuana” vardır, 14 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Neftçilər metrosunun yaxınlığında üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 20 manata alaraq üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 151 saylı möhür ilə möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin videogörüntüsü olan 01 ədəd daşıyıcı protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli 7/1037 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün dairəvi möhür əksi olan “imza Muradov“ yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7.92 qram yaşıl rəngli maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 sentyabr 2022-ci il tarixli 5610 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman anlaqlı olub-olmamasını müəyyən etmək məqsədi ilə iş üzrə ambulator kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizası təyin edilmişdir. Ekspertizanın təqdim etdiyi, xx.xx.2022ci il tarixli 2723 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir, lakin o, anlaqlıdır və onun əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasmm CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,87 qram qurudulmuş marixuana saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 21:00-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək həbsdən azad edilmiş və barəsində əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1, 234.1, 237.1 və 29. 317-2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı Cəzaçəkmə müəssisəsinin 307 saylı arayışından məlum olur ki, xx.xx.2022-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azadılmışdır. Cəzasını çəkmiş və 22 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu 14 sentyabr 2022-ci il tarixədək ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Çinar” Azərbaycan İstehsal Birliyinin qəzetinin xx.xx.1992-ci il tarixli buraxılışında dərc edilmiş məqalədən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs X1 iştirakçısı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin (7.92 qram qurudulmuş marixuana) miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutudulğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-64/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-64/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver