Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-64/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Göyçay rayonu, Şəkili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Göyçay rayonu, Qızılağac Ə/D, Şəkili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə «Kia-Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs satacağı barədə yalan vəd verib aldatmaqla həmin məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 16:34-də 4000 (dörd min) manat, xx.xx.2024-cü il tarixdə saat 12:16-da 750 (yeddi yüz əlli) manat, həmin gün saat 14:24-də 50 (əlli) manat olmaqla onun adına olan "xxxx" ASC-nin 4098 5844 9708 8102 nömrəli plastik kart hesabına köçürülmüş cəmi 4800 (dörd min səkkiz yüz) manat pul vəsaitini və xx.xx.2024-cü il tarixdə saat 15 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Autosell Lizing» şirkətinin qarşısında 5700 (beş min yeddi yüz) manat nəğd pul vəsaiti olmaqla ümumilikdə 10500 (on min beş yüz) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobillərin alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin mart ayında o, «Turbo.az» saytına 2007-ci il buraxılışlı «Mercedes- Benz Gl» markalı avtomobilin satılması və ya barter edilməsi ilə bağlı elan yerləşdirmişdir. Həmin elanla bağlı ona Anar adlı şəxs zəng edərək, avtomobili barter üsulu ilə almaq istədiyini bildirmişdir. Bundan sonra o, Anarla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 7 nömrəli poliklinikanın yaxınlığında görüşmüşdür. Anar həmin vaxt onunla görüşə Ruslan adlı tanışı ilə birlikdə gəlmiş və söhbət zamanı Anar ona bildirmişdir ki, ona məxsus «Ford Fusion» markalı avtomobili ona verməklə həmin «Mersedes-benz Gl» markalı avtomobili almaq istəyir. Bundan sonra o, sonuncularla birlikdə «Koroğlu» metrostansiyasının yaxınlığında yerləşən cərimə meydançasına getmiş və Anarın təklif etdiyi «Ford Fusion» markalı avtomobili bəyəndiyinə görə «Mersedes-benz Gl» markalı avtomobili barter etməyə razılaşmışdır. Bununla da, Anarla o, avtomobilləri barter etmişlər. Bir neçə gündən sonra Anar ona zəng edərək, Ruslan adlı tanışının «Chevrolet Cruze» markalı avtomobil istədiyini bildirmiş və belə bir avtomobil olub olmadığını ondan soruşmuşdur. O da Anara bildirmişdir ki, hazır lizinqdə olan «Chevrolet Cruze» markalı avtomobil var və ona 5.000 (beş min) manat verildiyi halda qeyd olunan avtomobili Ruslana verə, həmçinin aylıq ödənişləri Ruslanın adına rəsmiləşdirə bilər. Bundan sonra Anar və Ruslan həmin avtomobilə baxmaq qərarına gəlmişlər və onlar Babək prospektində yerləşən «Nurgün Motors»-un arxasındakı, bankın saxlama meydançasında görüşmüşlər. Həmin vaxt Ruslan və Anar, Ruslanın idarə etdiyi qırmızı rəngli «Kia Rio» markalı avtomobillə gəlmişlər. Həmin vaxt Ruslan «Chevrolet Cruze» markalı avtomobilə baxıb bəyənmiş və almağa razılaşmışdır. Həmçinin danışıqları zamanı Ruslan idarə etdiyi qırmızı rəngli «Kia Rio» markalı avtomobilin 13.500 (on üç min beş yüz) manata satıldığını bildirmiş və əgər razı olarsa, həmin avtomobili ona verib «Chevrolet Cruze» markalı avtomobili ondan götürmək istədiyini, həmin 5.000 manatın da, «Kia Rio» markalı avtomobilin satıldığı 13.500 manat puldan çıxmasını, yerdə qalan 8.500 manat məbləğində pulu isə iki həftə ərzində ödəyə biləcəyini demişdir. O, Ruslanla razılaşmış və «Chevrolet Cruze» markalı avtomobili Anarın adına rəsmiləşdirmişdir, həmçinin «Kia Rio» markalı avtomobili Ruslan ona vermişdir. Beləliklə o, «Kia Rio» markalı avtomobilə görə Ruslana 5.000 manat məbləğində pul ödəmiş olmuşdur. «Chevrolet Cruze» markalı avtomobili Anarın adına rəsmiləşdirməsi üçün 1.500 (bir min beş yüz) manat məbləğində pul lazım olmuş, lakin həmin pul məbləği onda olmadığı üçün Ruslandan həmin pul məbləğini borc olaraq istəmiş və Ruslan həmin pulu ona vermişdir. Daha sonra o, Ruslanın verdiyi «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12.500 (on iki min beş yüz) manata satması barədə «Turbo.az» avtomobil elanı saytında elan yerləşdirmişdir. Bundan sonra həmin elanla bağlı Zurab adlı şəxs ona zəng edərək, avtomobilə baxmaq istədiyini bildirmiş və o, Zurab adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Autosell Lizing» şirkətinin qarşısında görüşmüşdür. Zurab avtomobilə baxdıqdan sonra bəyənmiş, lakin avtomobili 12.500 manata deyil, 10.500 (on min beş yüz) manata ala biləcəyini bildirmişdir. Həmin qiymət ona sərf etdiyi üçün Zurabla bu qiymətə razılaşmışdır. Belə ki, o, həmin avtomobillə bağlı Ruslana 8.500 manat verməli idi və qalan 2.000 manat isə onun xeyri idi. Bundan sonra o, Ruslanı avtomobilin yanına çağırmış və Ruslan Anarla birlikdə «Autosell Lizing» şirkətinin qarşısına gəlmişdir. Orada o, Ruslana bildirmişdir ki, «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili Zuraba 10.500 manata satmağa razılaşmış və bununla bağlı avtomobilin sahibindən Zurabın adına baş etibarnamə vermək lazımdır. Ruslan da onunla razılaşmış və avtomobil Zuraba təhvil verilmişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə Zurab onun istifadəsində olan 4098 5844 9708 8102 №-li "xxxx" ASC-nin «Leo» plastik bank kartı hesabına 4.000 (dörd min) manat məbləğində pul göndərmişdir. O da həmin pulun 1.500 manatını Ruslandan «Chevrolet Cruze» markalı avtomobili Anarın acına rəsmiləşdirməsi üçün aldığı borcu vermişdir. xx.xx.2024-cü il tarixdə isə Zurab yenidən onun istifadəsində olan 4098 5844 9708 8102 №-li "xxxx" ASC-nin «Leo» plastik bank kartı hesabına 800 (səkkiz yüz) manat pul göndərmişdir. Bundan sonra Anar «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid3 adından çıxış edərək Zuraba baş etibarnamə vermişdir. Baş etibarnamə verildikdən sonra təxminən saat 15 radələrində o, Zurabla Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Autosell lizing» şirkətinin qarşısında görüşmüş və Zurab avtomobilin içərisində ona qalıq qalmış 5.700 (beş min yeddi yüz) manat məbləğində pulu təqdim etmişdir. Bundan sonra o, Ruslana «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə hissə-hissə olmaqla onun plastik kart hesabına, xx.xx.2024-cü il tarixdə 536 (beş yüz otuz altı) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat olmaqla cəmi 1.536 (bir min beş yüz otuz altı) manat, həmçinin əlbəəl 1.000 (bir min) manat məbləğində pulu, yəni ümumilikdə 2.536 (iki min beş yüz otuz altı) manat məbləğində pul ödəmişdir. Beləliklə onun Ruslana «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5.964 (beş min doqquz yüz altmış dörd) manat məbləğində borcu qalmışdır. 02 aprel 2024-cü il tarixdə Zurab onun istifadəsində olan mobil nömrəyə zəng edərək ona verilmiş baş etibarnamənin hansı səbəbdən ləğv edildiyini soruşduqda, o, məsələni aydınlaşdıracağını bildirmişdir. Bundan sonra Ruslana zəng edərək bu barədə soruşduqda, Ruslan ona demişdir ki, o, qalıq məbləği vermədiyi üçün avtomobilin sahibi Şahid3 baş etibarnaməni ləğv elətdirmişdir. Həmçinin Ruslan bildirmişdir ki, qalıq məbləği verəcəyi təqdirdə Leyla ilə danışıb yenidən baş etibarnamə alacaqdır. O da bu barədə Zuraba deyib narahat olmamasını bildirmişdir. Bundan sonra o, həmin pul məbləğindən Ruslanın plastik kart hesabına, xx.xx.2024-cü il tarixdə 597 (beş yüz doxsan yeddi) manat və xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat məbləğində pul ödədim. Beləliklə onun Ruslana «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə görə 4.867 (dörd min səkkiz yüz altmış yeddi) manat məbləğində borcu qalmışdır. Lakin o, Göyçay rayonunda törətdiyi cinayət əməlinə görə məhkəmə tərəfindən 01 ay 25 gün müddətində azadlıqdan məhrum edilərək həbs edilmişdir. Bu səbəbdən də, Ruslana qalıq məbləği ödəyə bilməmişdir. 03 iyun 2024-cü il tarixdə azadlığa çıxdıqda isə artıq Zurab ondan bununla bağlı Xətai RPİnin 37-ci Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. O. Zuraba satdığı «Kia Rio» markalı, **- UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Ruslana ümumilikdə 8.633 (səkkiz min altı yüz otuz üç) manat məbləğində pul edəmiş, hazırda onun Ruslana 4.867 (dörd min səkkiz yüz altmış yeddi) manat məbləğində borcu qalmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində «Turbo.az» avtomobil elanı saytında «Kia Rio» markalı, **-UB- *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.500 (on iki min beş yüz) manata satış elanını görmüşdür. Həmin elanda qoyulmuş +994 55 *** ** ** nömrəsinə zəng edərək Arif adlı şəxslə əlaqə saxlamışdır. Sonuncu ona avtomobilin yerləşdiyi məkanın konumunu göndərmiş, o da 30 dəqiqə ərzində həmin ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Autosell Lizing» şirkətinin qarşısına gəlmişdir. O, orada avtomobilə baxmış və həmin avtomobil üçün 10.500 (on min beş yüz) manat pul verə biləcəyini Arif adlı şəxsə bildirmişdir. Daha sonra həmin avtomobilin sahibi Anar və sonuncunun yaxın dostu Ruslan adlı şəxslər onlara yaxınlaşmışdır. Arif bu maşın üçün 10.500 manat pul verə biləcəyini Anar və Ruslana söyləmiş, sonuncular da onunla bu qiymətlə razılaşmışlar. Razılaşmadan sonra Arif adlı şəxsin işlərini həll edən şəxs kimi təqdim etdiyi Heybət adlı şəxs həmin avtomobili idarə edərək yaşadığı ünvana gətirmişdir. Həmin vaxt o, Anar adlı şəxsin söylədiyi kimi ona beh olaraq razılaşdıqları 4.000 (dörd min) manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə, saat 16:34-də Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən «Bravo» supermarketin içərisində olan «PashaPay» ödəmə terminalı vasitəsi ilə Arifə məxsus olan 4098 5844 9708 8102 №-li "xxxx" ASC-nin «Leo» plastik bank kartı hesabına göndərmişdir. Ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Arif ona zəng edərək bildirmişdir ki, Anar adlı şəxsə 750 (yeddi yüz əlli) manat pul lazımdır, həmin pul məbləğini özünə məxsus plastik kart hesabına göndərməsini xahiş etmişdir. O da həmin gün saat 12:16-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olan zaman həmin pul məbləğini özünə məxsus "xxxx" ASC-nin 4169 7388 9761 9452 №-li plastik kart hesabından mobil tətbiq vasitəsi ilə Arifə məxsus olan 4098 5844 9708 8102 №-li "xxxx" ASC-nin «Leo» plastik bank kartı hesabına göndərmişdir. Bundan sonra «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid3 adından çıxış edən Şahid2 tərəfindən onun adına baş etibarnamə verilmişdir. Bir qədər sonra Arif yenidən zəng edərək, sənədləşmə işləri üçün 50 (əlli) manat məbləğində pul lazım olmasını bildirmiş və o da razılaşaraq 14:24 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olan zaman həmin pul məbləğini özünə məxsus "xxxx" ASC-nin 4169 7388 9761 9452 №-li plastik kart hesabından mobil tətbiq vasitəsi ilə Arifə məxsus olan 4098 5844 9708 8102 №-li "xxxx" ASC-nin «Leo» plastik bank kartı hesabına göndərmişdir. Ona avtomobillə bağlı baş etibarnamə verildikdən sonra o, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Ariflə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Autosell lizing» şirkətinin qarşısında görüşmüş və avtomobilin içərisində ona qalıq qalmış 5.700 (beş min yeddi yüz) manat məbləğində pulu təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ona verilmiş baş etibarnamənin ləğv olunması barədə ona elektron sms gəlmişdir. Həmin vaxt o, Arifə zəng edərək bunun nə məsələ olmasını soruşmuşdur. Arif isə ona bildirmişdir ki, Anar və Ruslan adlı şəxslər belə işlərlə məşğuldurlar, avtomobillə bağlı pulu aldıqdan sonra verdikləri etibarnamələri ləğv etdirirlər. Bundan sonra o, Bakıxanov qəsəbəsində Anar və Ruslan adlı şəxslərlə görüşüb söhbət edən zaman onlar Arifin yalan dediyini, pulun tam olaraq onlara çatmadığını, Arifin onlara 5.000 manat borclu olduğunu və həmin pulu vermədiyi üçün etibarnaməni ləğv etdiklərini bildirmişlər. Həmin vaxt o, Arifi də görüş yerinə dəvət etmiş, lakin Arif həmin görüşə gəlməmiş və bundan sonra mobil telefonları söndürərək görüşməkdən yayınmağa başlamışdır. Bundan sonra o, avtomobilin sahibi Şahid3 taparaq onunla bu barədə telefon danışığı zamanı bildirmişdir ki, Anar və Ruslan adlı şəxslər onun tanışlarıdır, sonuncular avtomobili satmaq üçün ondan götürmüşlər, hətta ona 1.500 manat məbləğində pulu beh olaraq vermişlər. Bu səbəbdən Anarın adına baş etibarnamə vermişdir. Lakin avtomobilin pulu tam olaraq ödənilmədiyi üçün o, avtomobillə bağlı verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Həmçinin o, ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Tibb Universitetində proqramçı vəzifəsində işləyir. Qırmızı rəngli «Kia Rio» markalı 99-L B-345 dövlət qeydiyyat nömrəli avtomobili idarə edir. 2024-cü ilin fevral ayının axırlarında ünvan 3 ünvanında yerləşən maşın təmiri yerinə getmişdir. Çünki həmin ərəfə maşında bəzi problemlər yaranmış və bununla bağlı qeyd etdiyi tarixdə həmin ünvana getdikdə Şahid1 ilə tanış olmuşdur. Şahid1 qeyd etdiyi maşın düzəltmə yerində usta kimi fəaliyyət göstərir və onda olan məlumata görə həmin ünvanda da yaşayır. Daha sonra Ruslan onun avtomobilinə baxış keçirmişdir. Avtomobildə olan problemləri düzəltmək üçün 350 manat pul almış və avtomobilini təmir etmişdir. Həmin zaman Şahid1 ona avtomobili nasaz olduğundan satmağı məsləhət görmüşdür. O, Ruslanın təklifi ilə razılaşmış və maşını almaq istəyən olduqda ona bildirməsini demişdir. Bu söhbətdən təxminən 1 həftə keçdikdən sonra Ruslan ona zəng edərək maşına baxmaq istəyənin olduğunu demişdir. Həmin zaman o, avtomobili onun işlədiyi maşın düzəltməyə sexinə aparmışdır. Şahid1 maşının burada qalmasını və müştərinin gəlib maşına baxış keçirəcəyini, alıb-almaması barədə ona bildirəcəyini demişdir. O, Ruslanla razılaşdıqdan sonra maşını sonuncunun yanında qoyub evinə getmişdir. Bundan sonra Ruslan onunla əlaqə saxlayaraq müştərinin maşını istəmədiyini, maşının polirofka olunmasını və avtosalona qoyulmasını bildirmişdir. O da Şahid1 bu sözləri ilə razılaşmış və Şahid1 maşını avtosalona qoyaraq oradan telefon vasitəsi ilə fotoşəkil atmışdır. 19 mart 2024-cü ildə Şahid1 ona zəng edərək maşına alıcı olduğundan və müştərinin Beyləqan rayonunda yaşadığından alqı-satqı üçün etibarnamə verilməsini istəmişdir. O da Ruslana etibar edərək Qaraçuxur qəsəbəsində yerləşən notarial ofisdə Ruslanın dostu Şahid2 alqı-satqı üçün etibarnamə vermişdir. Ruslan ona həmin günü 7 saat sonra 14.700 manata satıb ödənişi təhvil verəcəyini söz vermişdir. Daha sonra Ruslanla əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirmiş və verdiyi sözə əməl etmədiyindən o, 02 aprel 2024-cü il tarixdə verdiyi etibarnaməni ləğv etmişdir. O, özünə məxsus «Kia Rio» markalı avtomobili 14.700 manat satmasını Şahid1 bildirmişdir. Şahid1 14.700 manat avtomobilini satıb pulu verəcəyini bildirsə də, ona bununla bağlı hər hansı bir məbləğdə pul verməmiş, o, avtomobilin satılıb-satılmaması ilə bağlı Şahid1 soruşduqda avtomobilin pulunu yaxın müddət ərzində ona verəcəyini bildirmişdir. Lakin Şahid1 ona yalan və boş vədlər verdiyini anladığından 02 aprel 2024-cü il tarixdə Ruslanın dostu olan Şahid2 adlı şəxsə verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Təqsirləndirilən şəxs tanımır sadəcə Ruslandan sonuncunun adını bir neçə dəfə eşitmişdir. O, Şahid1 13.500 manata satmasını yox, 14.700 manata satmasını bildirmiş, lakin Şahid1 ona məxsus avtomobili hansı bir qiymətə satmasından aslı olmayaraq ona hər hansı bir məbləğdə pul verməmişdir. Bu səbəbdən də o, avtomobilə görə verdiyi baş etibarnaməni ləğv etmişdir. Şahid1 ona şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçdiyini bildirmiş və etibarnaməni Anar adlı dostunun adına verməsini istəmişdir. Bu səbəbdəndə o, baş etibarnaməni Şahid2 adına vermişdir. Eyni zamanda Şahid1 ondan Cənubi Korea Respublikasından «Hyundai Santafe» markalı avtomobil gətizdirmək adı ilə ilkin ödəniş kimi 3.570 manat pul istəmiş, o da Ruslanla razılaşaraq həmin pul məbləğini hissə-hissə olmaqla yaşadığı ünvan 4 ünvanında olan zaman istifadəsində olan özünə məxsus "xxxx" ASC-nın və "xxxx" ASC-nin «Leobank» plastik kartları vasitəsi ilə Ruslanın istifadəsində olan "xxxx" ASC-nin «Leobank» plastik kart hesabına göndərmişdir. Lakin Ruslan onu aldadaraq vəd etdiyi avtomobili gətizdirməmiş, dələduzluq yolu ilə verdiyi 3.570 manat pulu ələ keçirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Arif adlı şəxslə 14-xx.xx.2024-cü il tarixdə Əhmədli qəsəbəsində dostu Anarla Arifin maşın dəyişməsi məsələsində tanış olmuşdur. Onlar alqı-satqısını edib bitirdikdən sonra Arif ona ilkin ödənişi 4.000 manat olan «Chevrolet Cruze» markalı avtomobili təklif etmiş və demişdir ki, sabah «Autosell Lizing» şirkətinin qarşısında maşına baxa bilər. xx.xx.2024-cü il tarixdə «Autosell Lizing» şirkətinin qarşısına gəlib orada «Chevrolet Cruze» markalı maşına baxmış və ilkin ödəniş kimi 4.000 manat verib avtomobili almağı Ariflə razılaşmışdır. Arif isə bu zaman onun idarə etdiyi, lakin Şahid3 məxsus «Kia Rio» markalı avtomobilə baxıb demişdir ki, «bunu satmaq mümkündürsə mən alım». O isə 14.000 manata bu maşını satmaq istədiyini söyləmiş, Arif də razılaşaraq demişdir ki, «xx.xx.2024-cü il tarixdə 555 servisin qarşısına gəl». Deyilən vaxtda o, orada olmuş, Arif ona 500 manat beh vermiş, o da öz növbəsində maşını Arifə vermişdir. Arif ayın 28-si geridə qalan 13.500 manat pulu verəcəyini bildirmişdir. Ayın 18-si «Autosell Lizing» şirkətinin qarşısına gəlib «Chevrolet Cruze» markalı avtomobilə görə Arifə 1.500 manat pulu əlbəəl vermiş, əlavə olaraq isə 500 və 2.000 manat olmaqla 2.500 manat olmaqla ümumilikdə 4.000 manat pulu Arifin istifadəsində olan kart hesabına göndərmişdir. Belə ki, «Chevrolet Cruze» markalı avtomobil lizinqdə olduğu üçün həmin 4.000 manat məbləğində pul Arifə avtomobili lizinqdən çıxarmaq üçün lazım olmuşdur. O da bu səbəbdən həmin məbləği Arifə vermişdir. O, pulu ödədikdən sonra Arif «Chevrolet Cruze» markalı avtomobili lizinqdən çıxarmış və Anarın adına rəsmiləşdirmişdir. Arif orada ona demişdir ki, «mən Kia Rio markalı maşınını satmağı danışdım». xx.xx.2024-cü il tarixdə Arif ona zəng edərək bildirmişdir ki, «mən sənə şəxsiyyət vəsiqəsi atacam və ona etibarnamə yazdır, sözümüz sözdür 27-si pulu tam şəkildə qaytaracam». Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün avtomobilin mülkiyyətçisi Şahid3 xahiş etmişdir ki, avtomobillə bağlı dostu Anarın adına baş etibarnamə versin. Şahid3 da avtomobilin satılmasını istədiyindən və buna razı olduğu üçün dostu Anarın adına baş etibarnamə vermişdir. Etibarnamə verildikdən sonra Arif saat 14 radələrində «Autosell Lizing» şirkətinin qarşısında onlarla görüşmüş və orada telefonundan Zurab adlı səxsin şəxsiyyət vəsiqəsini göstərərək sonuncunun adına etibarnamə verilməsini istəmişdir. Həmçinin bildirmişdir ki, mart ayının 27-si Zurab adlı şəxsdən pul alıb onlara verəcək, ya da ki, maşını lizingə salıb pulu götürüb ona verəcəkdir. xx.xx.2024-cü il tarixdə o, Arifə zəng edərək bildirmişdir ki, «bugün ayın 27-sidir pulu nə vaxt verəcəksən?» Arif isə ona demişdir ki, «iş qurtarana kimi pulu verəcəyəm». Həmin günün axşamı Arif onunla Bakıxanov qəsəbəsinə görüşüb ona 500 manat pul vermiş və demişdir ki, «Zurabdan 900 manat pul almışam bunun da 500 manatını sənə verirəm və sabahı gözlə pulu tam şəkildə sənə verəcəm». Bunun üzərindən 2-3 gün sonra o, Arifə yığsa da, sonuncu müxtəlif bəhanələr gətirib görüşə gəlməmişdir. 04-xx.xx.2024-cii il tarixlərdə Arif onunla görüşüb ona yenə 500 manat pul vermiş və demişdir ki, «mən Zurabdan pulu almışam, probasiyada problemlərimi həll etmişəm. Əlavə mənim Hyundai Santafe var 2-3 gün ərzində bu maşını satıb sənin pulunu verəcəyəm». Ancaq pulu yenə qaytarmadığından o, mülkiyyətçi Şahid3 xahiş etmişdir ki, Zurab adlı şəxsin adına olan etibarnaməni ləğv etsin. Şahid3 da verdiyi etibarnaməni ləğv etmişdir. Daha sonra Zurab ortaya çıxaraq onlarla görüşmüş, lakin Arif görüşə gəlməmişdir. Telefon vasitəsi ilə əlaqə saxlayan zaman Arif demişdir ki, «mən Ruslangilin pulunu verməmişəm, gəlib ya sizin pulunuzu verib maşını qaytaracam, ya da ki, Ruslangilin pulunu verib Zuraba etibarnamə alacam». Arif axşam da görüşə gəlməmiş və zəng edib demişdir ki, Göyçay rayonunda özünə məxsus torpağı var və birdə köhnə furqon “Mercedes Benz C class” markalı avtomobili var, bunları satıb gəlib işləri yoluna qoyacaqdır. Arif ertəsi gün saat 11 radələrində ona zəng edərək Göyçay Probasiya idarəsində problemi olduğunu və orada olduğunu bildirmişdir. Üzərindən 1 saat sonra isə Arifin istifadəsində olan mobil nömrəyə zəng çatmamışdır. Daha sonra Arifin qohumu Heybət adlı şəxslə danışan zaman Arifin tutulduğunu və Şəki türməsində olduğunu bildirmişdir. O, bu vaxt Zurabla «AZİNKO» binalarının yanında görüşüb Arifin qohumu olan Heybətin nömrəsini Zuraba verib Arifin tutulması barədə xəbəri demişdir. Daha sonra Heybətə yığıb bu məsələnin necə bitəcəyini soruşmuş, Heybət isə Arifin ailəsinin 6-cı günədək vaxt istədiyini bildirmişdir. Zurabla danışıb onlara vaxt vermişlər. Sonra Heybət ona zəng edərək demişdir ki, «Arifin ailəsinin sənə verəcək pulu yoxdur, türmədən çıxar və özü həll edər». Arif «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə əlbəəl verdiyi 1.500 manat məbləğində puldan başqa plastik kart hesabına 2.633 manat pul göndərmişdir. Ümumilikdə qeyd olunan avtomobilə görə Arif ona 4.133 (dörd min yüz otuz üç) manat məbləğində pul vermişdir. Arif «Kia Rio» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulu ona tam vermədiyi üçün o da Leylaya pulu verməmişdir. Belə ki, Leyla ondan avtomobilin pulunu tam olaraq istəmişdir. O da Arifin pulu tam verməsini gözlədiyi üçün Leylaya hər hansı məbləğdə pul verməmişdir, lakin sonradan Arif pulu vermədiyi və tutulduğu üçün, habelə həmin ərəfədə maliyyə problemləri olduğundan Arifin ona verdiyi 4.133 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə «Turbo.az» saytından 2007-ci ilin «Merscedes-benz Gl» markalı avtomobil elanını görmüş və orada olan mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrədə ad Arif yazılmışdır. O, Arif adlı şəxslə danışıb sonuncu ilə Əhmədli qəsəbəsi 7 nömrəli poliklinikanın yaxınlığında görüşüb maşınlarını dəyişdirmək qərarına gəlmişlər. Daha sonra həmin «Mersedes-benz Gl» markalı avtomobil ilə Bakıxanov qəsəbəsinə gəlib öz maşınını, yəni «Ford Fusion» markalı avtomobili Arif adlı şəxsə verib qarşılığında onun «Mersedes-benz Gl» markalı avtomobilini almışdır. Həmin gün onun dostu olan Ruslanla söhbət edən zaman Arif də orada olduğundan Ruslana lizinqlə ilkin ödənişi 4.000 manat olan «Chevrolet Cruze» markalı avtomobili təqdim etmişdir. Ruslan bununla razılaşmış və ertəsi gün «Autosell Lizinq» şirkətinin qarşısına gəlib dayanacaqda həmin «Chevrolet Cruze» markalı avtomobilə baxmışdır. Həmin vaxt orada olan zaman Arif, Ruslandan «Kia Rio» markalı avtomobili 14.000 manata almağı razılaşmışdır. Sonra Arif «Chevrolet Cruze» markalı avtomobili verə bilmədiyindən onları bir müddət gözlətmiş, sonra hər şeyi açıb danışaraq söyləmişdir ki, pulu olmadığından «Chevrolet Cruze» markalı avtomobili buradan çıxarda bilmir, bunun qarşılığında Ruslan Arifə 4.000 manat pul vermişdir ki, həmin maşını lizinqdən çıxartsın. Elə həmin gün Arif həmin maşını lizinqdən çıxardıb Ruslana tam şəkildə vermişdir. Ertəsi gün «Autosell Lizinq» şirkətinin qarşısında olan zaman həmin «Kia Rio» markalı avtomobilə Zurab adlı şəxsin 10.500 manat pul verəcəyini bilmişdir. Sonra onlar oradan uzaqlaşmışlar. Daha sonra Arif Ruslana zəng edərək «Kia Rio» markalı maşına görə Zurab adlı şəxsə baş etibarnamə verməsini bildirmişdir. Həmin maşın Ruslanın qohumunun adına olduğundan Ruslan həmin şəxsdən baş etibarnamə istəmişdir. Ruslanın öz şəxsiyyət vəsiqəsi üzərində olmadığından onun şəxsiyyət vəsiqəsini götürərək onun adına baş etibarnamə yazdırmışdır. Sonra «Autosell Lizinq» şirkətinin qarşısında Arif Ruslanla razılığa gəlmişlər ki, o, Zurab adlı şəxsə baş etibarnamə vermiş və Arifdə, 12.500 manat pulu ayın 27-si tam şəkildə çatdırsın. Elə həmin dəqiqə o. online formada Zurab adlı şəxsə baş etibarnamə vermişdir. Elə bu vaxtdan başlayaraq həmin Arif adlı şəxs pulu gecikdirməyə başlamışdır. Hər gün bir bəhanə gətirərək pulu verməmişdir. Arif 20 günə yaxın pulu verməyi yubatdığından buna görə də Ruslan Zurabın adma olan baş etibarnaməni qohumuna deyərək ləğv etdirmişdir. Bu vaxtdan sonra Zurab ortaya çıxaraq maşını Arifdən 10.500 manat qarşılığında aldığını bildirmişdir. Bu zaman onlar Ariflə əlaqələr saxlayan zaman pulu götürüb nə etdiyini və ümumiyyətlə belə bir məsələnin olub-olmadığını soruşduqda sonuncu söyləmişdir ki, «mən o pulu götürmüşəm, Probasiya ilə bağlı problemlərim olduğundan bir qismini ora vermişəm və qısa zamanda ya Zurabdan maşını alıb pulunu qaytaracam ya da ki, sizin pulunuzu verəcəm». Ertəsi gün Arif onlara zəng edərək Göyçay Rayon Məhkəməsində olduğunu bildirmişdir. Daha sonra Arifə zəng çatmadığından sonuncunun qohumundan Arifin tutulduğu xəbərini eşitmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisəsi baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Auto Lizing” alqı-satqı şirkətinin qarşısına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-9); cinayət işinin icraata qəbul edilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19-20); Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16:34-də 4.000 (dörd min) manat, xx.xx.2024-cü il tarixdə saat 12:16-da 750 (yeddi yüz əlli) manat və həmin gün saat 14:24-də 50 (əlli) manat olmaqla Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nin 4098 5844 9708 8102 nömrəli plastik kart hesabına köçürmüşdür (i.v. 30-32); 29 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 60-66); 29 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 67-72); axtarışda olan şəxsin tutulması haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il traixdə, saat 11:30 radələrində polis əməkdaşları tərəfindən tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 82); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 110-111); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 128-129); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 130-132); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 04 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələri maddəsi tətbiq edilməklə 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilməklə üzərində qəti olaraq 02 il 02 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində Binəqədi RPİ-də CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2023-cü ildə CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzası 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 133-135); sübutların qiymətləndirilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqbinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və hadisə yerinə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzləri maddi sübut kimi tanınmış və həmin qəbzlərin istintaq materiallarına əlavə ediməsi nəzərə alınmışdır (i.v. 140-150); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir; 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin və ABD163318 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Arif Ağayev (Hacalıyev), anası Aytac Ağayevadır; 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin və ABD164583 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Arif Ağayev (Hacalıyev), anası Aytac Ağayevadır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-64/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə BİT-ə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tam olaraq ödəməsini (CM-59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4cü maddəsinə müvafiq olaraq cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə həmçinin qeyd edir ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli Plenum qərarının 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərarın 5-ci hissəsinin “a” bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CMnin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən üzərində 02 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, daha sonra isə xx.xx.2024cü il tarixdə Göyçay Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməsinə və əməlində cinayətin residivinin olmasına dəlalət etmir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş ziyanı tam olaraq ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət, 24 sentyabr 2025-ci il tarixdən 13 noyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddət, ümumilikdə 01 (bir) ay 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 12 (on iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən 03 ədəd qəbzin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan Bakı şəhəri, ünvan 1 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu 1 gün müddət, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 küçəsində yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 03 ədəd qəbzin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-64/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-64/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver