Məhkəmə qərarları › İş №1(011)-65/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-65/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-65/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 mənzil 19 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0.130 qram və 0.153 qram olmaqla ümumi təmiz çəkisi 0.283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0.294 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Çizgiz Babayev xx xxxxxxxx 2020-ci il tarixdə saat 13.30-da Xətai rayonu, Vunqtau küçəsi, 23 saylı ünvanda saxlanılıb ünvan 2 saylı ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman, əynində olan tünd göy rəngli cins şalvarın arxa sol cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,130 qram və 0,153 qram, ümumi təmiz çəkisi 0.283 qram çəkidə 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə heroin və 0.294 qram çəkidə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə tanışları ilə görüşmək üçün yaşadığı mənzildən çıxmış, Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən “köhnə bağça” adlanan binanın girişində polis əməkdaşları onu dayandırmış, saxlanıldığı yerdə üzərinə baxış keçirilmiş, üzərindən bir ədəd mobil telefon, bir ədəd plastik bank kartı, bir qutu siqaret və bir ədəd alışqan aşkar edərək götürmüşlər. Həmin vaxt onun üzərində heç bir narkotik maddə və psixotrop maddə olmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmış, axşam saatlarına qədər bölmənin müvəqqəti saxlama məntəqəsində saxlanılmış, axşam saatlarında polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edərək üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O, baxış keçiriləcəyi otağa aparılan zaman qapıda polis əməkdaşı ona narkotik maddəni verərək videoçəkiliş zamanı həmin maddəni çıxararaq təqdim etməsini demiş, o, qorxduğundan videoçəkiliş zamanı həmin narkotik maddənin özünə məxsus olduğunu bildirərək polis əməkdaşına təqdim etmişdir. Lakin, məhkəmə istintaqında həqiqətləri demiş, saxlanılan zaman üzərində heç bir narkotik maddə olmamış, ona qarşı fiziki təzyiq göstərilməsə də, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman qorxduğundan polis əməkdaşının ona təqdim etdiyi narkotik maddənin özünə məxsus olduğunu bildirmiş, təqsirli olmadığını, barəsində cəza təyin edilərkən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı əməliyyat qrupu yaradılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan zaman videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra sonuncu əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bükümlərdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs bükümlərdən birində “şüşə” adlandırdığı psixotrop maddə olan metamfetamin, digər 2 bükümdə isə “kokos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyi soruşulduqda, sonuncu həmin narkotik maddələri 2020-ci il sentyabr ayının 2-də üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 30 (otuz) manata öz istifadəsi üçün aldığını və bir neçə dəqiqə sonra saxlanıldığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və ya təzyiq olunmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:30-da Bakı Şəhər Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhər Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis kapitan X4, Bakı Şəhər Xətai RPİ-nin 35-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı Şəhər Xətai RPİ-nin CA üzrə əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2, Bakı Şəhər Xətai RPİ-nin 35-ci PB-nin operatoru, polis serjantı X7, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə protokol tərtib olunmuşdur, ondan ötrü ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:30-da Bakı Şəhər Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, 23 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Xətai RPİ-nin 35-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Panasonic» markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tündgöy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristal şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim edərək həmin maddənin güclü təsiredici maddə hesab edilən metamfetamin və həmin cibində 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu bugünki tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 30 (otuz) manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, bir hissəsini istifadə etdikdən sonra qalanını üzərində gəzdirməsini, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13:30-da Xətai rayonu, Vunqtau küçəsi, 23 saylı ünvanın qarşısından keçərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin çəkisinin müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman siqaretin gümüşü kağızına bükülmüş kristal şəkilli maddənin çəkisinin kağızla birlikdə 0.55 qram, siqaretin qızılı rəngli kağızına bükülmüş maddənin kağızla 0.09 və 0.13 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd içərisində narkotik və güclü təsiredici vasitələrə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağıza zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə günorta vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, izalarla təsdiq edilmişdir (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1751 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,130 qram və 0,153 qram, ümumi təmiz çəkisi 0,283 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,294 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in ı siyahısına daxildirlər.(i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 59); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-555/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 78-82); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin CD diskdə əks edilmiş görüntülər xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:15-də qeydə alınır. Təbii işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı İlahi Heydərovun əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, X8un qarşısında, masa arxasında əyləşmiş şəxs 13 saylı vəkil bürosunun vəkili X3r. Xidməti otaqda X8un sağ tərəfində ayaq üstə durmuş, əynində tünd göy rəngli, üzərində naxışlar olan qısaqol köynək və qara rənglu şalvar, üzərində ağ maska olan şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında X8 Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Ondan bükümlərdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs bükümlərdən birində “şüşə” adlandırdığı narkotik vasitə olan metamfetamin, digər 02 bükümdə isə “kokos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu bildirir. Həmin narkotik vasitəyə bənzər maddələrin çəkisini müəyyən etmək üçün bölmənin baş təhqiqatçısı, polis kapitanı İlahi Heydərov həmin maddələri elektron tərəziyə qoyur və 01 ədəd bükümdə olan “şüşə” adlandırdığı metamfetaminə bənzər maddənin 0.550 qram, digər 02 bükümdə olan “kokos” adlandırdığı heroinə bənzər maddələrin miqdarı ayrı ayrılıqda 0.09 və 0.13 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd içərisində narkotik vasitələrə bənzər maddələr olan bükülülər görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. X8 tərəfindən həmin narkotik vasitənin haradan əldə etdiyi soruşulduqda isə o, həmin narkotik maddələri 2020-ci il sentyabr ayının 2-ə saat 13:30 radələrində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 30 manata aldığını və bir neçə dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir (i.v. 56); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X14 İşlər üzrə Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 (iki) ay 13 (on üç) günündən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 90-92). Məhkumluğu ödənilməmişdir (xx xxxxxxxx 2020-ci il tarixdə); maddi sübut kimi tanıma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 (iki) ədəd bükümdə ilkin təmiz çəkisi 0,283 qram olan narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə ilkin çəkisi 0,294 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,233 qram narkotik vasitə olan heroin və 0,244 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 83-84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2548 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 96-97); Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 402 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 19 ünvanında yaşayır; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahid qismində dindirilmiş Şahid1, Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişlər. Həmin şahidlər bütün izahat və ifadələrində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlayaraq daşıması, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Çizgiz Babayev saxlanılması və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman narkotik vasitə və psixotrop maddənin sonuncunun üzərindən aşkar edilməsini göstərmişlər. Şahidlərin cinayət işinin materiallarında olan izahat və ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı xx xxxxxxxx 2020-ci il tarixli izahatında törətdiyi cinayət əməlini etiraf etmiş, izahatının sonunda “izahatı özüm yazdım, əlavəm yoxdu, imzamla təsdiq edirəm” sözlərini yazmışdır. Məhkəmə baxış iclasında da izahatını özünün yazdığını qeyd etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini bildirsə də, məhkəmə istintaqı zamanı bu hal öz təsdiqini tapmamış, həmçinin iş materiallarında təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi halla bağlı hər hansı müraciətin olması müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı X14 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Babayev X5 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halı, yüngülləşdirən halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,244 qram çəkidə psixotrop maddə metamfetamin və 0,233 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar