Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-65/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Lənkəran rayonu, Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 10 manat nağd pul müqabilində, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,280 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 17 sentyabr 2022-ci il tarixdə saat 01:30-da Xətai Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılıb, Bakı şəhəri, Xətai rayonu, Şahid1 küçəsi 69 saylı ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 0,280 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən alır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunu, Qara Qarayev metrostansiyasının yaxınlığından şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığım şəxsdən 10 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroin almış, axşam saatları olduğu üçün narkotik vasitəni ertəsi gün istifadə etmək qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə iş axtarmaq üçün şəhərin müxtəlif yerlərinə getdiyindən narkotik vasitəni istifadə etməmiş, xx.xx.2022-ci il tarixdə günorta saatlarında bədənində ağrılar olması səbəbindən narkotik vasitənin bir qədərini istifadə edərək qalan hissəsini şalvarının sağ yan cibinə qoymuş, xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 01:30 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək, özlərini təqdim etdikdən sonra, onu ərazinin polis şöbəsi olan 37-ci Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsində səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini demiş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan heroini çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, eyni zamanda həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, narkotik vasitəni 3 gün əvvəl Bakı şəhəri, Nizami rayonu “Qara Qarayev” metrostansiyası yaxınlığından şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmiş, bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Fərid adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, 17 sentyabr 2022-ci il tarixdə saat 01:30-da Xətai RPİnin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 01:30-da Şahid2 ilə birlikdə ünvan 1 ünvanın yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmiş, bundan sonra ondan şəxsiyyəti barədə məlumat soruşduqda o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİnin 37-ci PŞ-nə dəvət etmiş, o da buna etiraz etmədikdən sonra Xətai RPİ-nin 37-ci PŞ-nə aparılaraq şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində nə olması soruşduqda o həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və bundan başqa həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manat pul verib aldığını bildirmiş, Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkidə 0.41 qram olması müəyyən olunmuşdur. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə, saat 01:30-da şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 02:15-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 01:30-dan hesablanmışdır (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xətai RPİnin CAŞ-nın kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızını təqdim etmiş və həmin bükümün içərisində olan maddələri narkotik maddə olan "heroin" olmasını bildirmiş. Həmin siqaretin gümüşü kağızı açıldıqda, içərisində qəhvəyi toz şəkilli malik kütlə aşkar edilmiş. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkiləri çəkilmiş və çəkisi isə 0.41 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, 3 gün öncə Nizami rayonu, Q.Qarayev metrosunun yaxınlığında üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5277 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxsn –imza, üç-imza; Tərtib etdi: Ş.Nurəliyev –imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,280 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 43-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, saat 10:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57); Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-487/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 sentyabr 2022-ci il arixdən hesablanmışdır.(i.v 80-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 04 ay 10 gün müddət cəzasının çəkilməmiş hissəsindən şərti olarq azad olunmuşdur. xx.xx.2018-ci il tarixdə şərti olarq azad olunmanın müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bakı Şəhəri Nərimnaov Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur ( i.v. 97-99); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6514 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. ( i.v. 100-101); Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanması hökm olunmuşdur.(i.v 103-117) sübutların qiymətləndirilməsi haqqında 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5277 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6514 nömrəli rəyi və şahidlərin ifadələri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroinin çəkisi eskpert rəyinə uyğun götürülməsi və 0,280 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ilkin təmiz çəkisi 0,280 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınması və qalıq qalmış 0,230 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilsin qərarın surəti əməliyyat-axtarış tədbirlərinin va gücləndiriməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. (i.v. 126- 130); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs 1 ədəd gümüşü rəngli siqaret kağızını təqdim etməsi və həmin bükümün içərisində olan maddələri narkotik maddə olan "heroin" olmasını bildirməsi, həmin narkotik vasitəni 3 gün öncə Nizami rayonu, Q.Qarayev metrosunun yaxınlığında üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almasını və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamasını bildirməsi, narkotik vasitənin möhürlənərək götürülməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,280 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində residivin olması (CM61.1.1) ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıranhal kimi cinayətin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,230 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-65/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-65/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver