Məhkəmə qərarları › İş №1(011)-67/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-67/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-67/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Ədalət oğlunun iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Ədalət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədalət oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 01 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında X1 məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda olan təmiz çəkisi 0,435 qram olan narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, 02 sentyabr 2022-ci il tarixdə saat 05:20-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ən Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd ümumi təmiz çəkisi 0,435 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Ədalət oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, özünün etirafedici ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ədalət oğlu özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə məhkum olunmuşdur, bu səbəbdəndə səhətində olan xəstəliklə bağlı ağrılarını sakitləşdirmək məqsədi ilə 01 ilə yaxındır ki, inyeksiya üsulu ilə narkotik vasitə olan heroin qəbul edir. 01 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında olarkən Rza adlı şəxslə görüşərək 10 manat pul müqabilində ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. O, Rzadan 01 ədəd narkotik vasitə heroini sellofana bükülmüş vəziyyətdə almışdır. Həmin narkotik vasitə heroini üzərində gəzdirmişdir. 02 sentyabr 2022-ci il tarixdə saat 06 radələrində ünvan 3 ünvanda olarkən mülkü geyimli polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edib əllərini ciblərinə salmağa imkan verməyərək onu yaxınlıqda yerləşən 35-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində ona hüquq və vəzifəsləri izah olunmuşdur. Onun istəyi ilə vəkil dəvət olunmuşdur. Vəkil və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman ona təhqiqatçı tərəfindən qanunla qadağan olmuş əşyaları təqdim edilməsi təklif olunduqda o, əynində olan göy rəngli şalvarımın sağ yan cibindən 01 ədəd bükülü olan narkotik vasitə heroini cibindən çıxardaraq təqdim etmişdir. Həmin narkotik vasitə heroinin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün Rza adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsində aldığını bildirmişdir. O, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. O, saxlanılan zaman polis əməkdaşları üzərinə baxış keçirməmiş və ona heç bir fiziki güc tətbiq etmədiklərini bildirmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin Cinayət Axtarış Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Məxfi əməkdaşdan ünvan 6 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat almasını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 02 sentyabr 2022-ci il tarixdə saat 05:20-də ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək Təqsirləndirilən şəxs 35-ci PB-nə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 35-ci PB-nə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Bölmədə onun üzərində şəxsi axtarışdan öncə təhqiqatçı X10 Əhədovun üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsində yerləşən “Məlhəm” hospitalının yanında üzlə tanıdığı, anket məlumatlarını bilmədiyi Rza adlı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər şahid X9 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2, Təqsirləndirilən şəxs Ədalət oğlunun barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 6); cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materillarından X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır.(i.v 1- 3) şübhəli şəxsin tutulması haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlu 02 sentyabr 2022-ci il tarixdə, saat 05:50-də şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 36-cı polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 10:00da müdafiəçinin iştirakı Xətai RPİ-nin 35-cı PB-nin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 05:20-dən hesablanmışdır (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin 35-ci PB-in əməliyyat müvəkkili polis kapitanı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Ədalət oğlunun, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs Ədalət oğlunu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Ədalət oğlu əynində olan göy rəngli şalvarın sağ yan çibindən bir ədəd politren selofana bükülmüş açıq qəhvəyi rəngli, toz şəkilli heroina oxşar maddəni təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu və həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə tanıdığı Rza adlı şəxsdən özü istifadə etmək üçün 10 manata almasını, üzərində gəzdirməsini və xx.xx.2022-ci il tarixdə təxminən saat 05:20 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi politren sellofana bükülmüş bir ədəd bükümün içərisindəki maddənin çəkisini müəyyən etmək məqsədiylə elektron tərəzi ilə çəkilən zaman sellofanla birlikdə çəkisinin 0.47 qram olması müəyyən olundu. (i.v. 35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli, 6/4721 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 154” möhür əksi, “Xəqani...” və soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,435 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 42-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, saat 13:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 62); Tibbi sosial Ekspert Komissiyasının cavabından görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlu İİ qrup əlildir, Diagnoz: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabetin ağırlaşmaları Sol ayağın diabetik yaş qanqrenasına görə, fliqmonasına görə baldırın yuxarı 1/3 hissəsinin amputasiyasından sonrakı vəziyyət. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sol aşağı ətrafda hərəkətin və yerişin funksional pozğunluğu. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol baldır və budda aşağı ətraf əzələlərin atrofiyası. Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafin diabetik angiopatiyası. Ağırlaşma R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Daima ağrı. Ağırlaşma G63.2 Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), . Ağırlaşma Z89.8 Yuxarı və aşağı ətrafların qazanılma olmaması (hər hansı bir səviyyədə), Sol baldırın yuxarı 1/3-nin amputasiyasından sonrakı vəziyyət. Ağırlaşma 177.1 Arteriyaların daralması, Sol aşağı ǝtrafin arteriyalarının daralması. Sol diz altı arteriyasının 25-30% stenozu. Arxa qamış arteriyasının distal 1/3-nin ciddi stenozu, ön qamış arteriyasının orta 1/3-də distal 1/3-da keçid nahiyyəsində axın izlənilmir. Yanaşı xəstəliklər H35.8 Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar, OU-Torlu qişanı angiopatiyası. Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX.Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, . Yanaşı xəstəliklər Ell İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2.İnsulin tələbli. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfli senso nevral ağıreşitmə. Yanaşı xəstəliklər 150.0 Durğunluq ürək çatmamazlığı, ÜÇ İİ fs.(i.v 15) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlunun xx.xx.2009-cü il təvəllüdlü X7 adlı övladı var.(i.v 16) xx.xx.2022-ci il tarixli vəsatətin təmin olunmasindan imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə müraciət olunmasına dair vəsatətin təmin olunmasından imtina olunmuşdur.(i.v 79-80) xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlu barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v 81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əhədov X11 Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur ( i.v. 94-95); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Əhədov X11 Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 10 il müddətə azadlıqdan məhrumetmə cəzasının dörddə üç hissəsindən çox hissəsini çəkdiyindən, cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsindən şərti olaraq azad olunmuşdur(i.v 96-99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 5539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğlunda Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs Ədalət oğlunun İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 100- 101); sübutların qiymətləndirilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədalət oğluna xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham əlavə və dəyişikliklər edilmədən saxlanılması, Təqsirləndirilən şəxs Ədalət oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs Ədalət oğlu şübhəli şəxs qismində tutulub üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan narkotik vasitə olan heroinin çəkisi ilə həmin kütlənin məhkəmə kimyəvi ekspertizasının rəyində qeyd olunan çəkisi arasında fərqlər yarandığından, ekspertiza rəyində göstərilən çəki əsas götürülməsi, Təqsirləndirilən şəxs Ədalət oğlunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq 0.229 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilsin, təqsirləndirilən şəxs iş materilları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs Ədalət oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ila çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə olunması, iş üzrə məhkəmə kimyəvi ekspertizalarının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai i rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin soyadı "Rüsdəmov" kimi qəbul edilməsi və oxunması qərara alınmışdır. (i.v. 95-102); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs Ədalət oğlunun barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs Ədalət oğlunun sağ yan çibindən bir ədəd politren selofana bükülmüş açıq qəhvəyi rəngli, toz şəkilli heroina oxşar maddəni təqdim etməsi, təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu və həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə tanıdığı Rza adlı şəxsdən özü istifadə etmək üçün 10 manata almasını, üzərində gəzdirməsini və xx.xx.2022-ci il tarixdə təxminən saat 05:20 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilməsini bildirməsi, həmin bükümün sellofanla birlikdə çəkisinin 0.47 qram olması həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Ədalət oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Ədalət oğlunun törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,435 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Ədalət oğlunun əməlindən səmimi peşman olmasını (CM-59.2) və himayəsində 1 azyaşlı uşağının olmasını(CM59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ədalət oğlunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 10 il müddətə azadlıqdan məhrumetmə cəzasının dörddə üç hissəsindən çox hissəsini çəkdiyindən, cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsindən şərti olaraq azad olunduğundan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Ədalət oğlunun əməlində residivin olması(CM61.1.1) ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Ədalət oğlunun digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Ədalət oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran cinayətin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun haqqında həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ədalət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Ədalət oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Ədalət oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ədalət oğlunun məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədalət oğlu Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,385 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Ədalət oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs Ədalət oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar