Məhkəmə qərarları › İş №1(011)-68/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-68/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-68/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə bacısı Zərərçəkmiş şəxs işlədiyi ofisin qapısının açarını 20 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 11, ev 20-də olan zaman ofisin açarı digər açarlardan fərqləndiyi üçün rahat şəkildə ələ keçirib həmin tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11 ünvanında yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsindəki ofisin qarşısına gəlib qapısını həmin açar vasitəsi ilə açaraq qanunsuz olaraq içəri daxil olub orada saxlanc yeri olan dolabın siyirməsindən 2200 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2200 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Evoğlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, yük avtomobili sürücülüyü edərək dolanışığını təmin edir, rəsmi şəkildə heç bir yerdə işləmir. 20 avqust 2021-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mənzilinə təxminən saat 11 radələrində qonaq gəlmişdir. Onun mənzilinə çatdıqdan sonra bacısı ilə birlikdə bacısının işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11 ünvanında yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofisinə getmişdir. Onlar ofisə daxil olan zaman bacısı Elmiranın çantasından pul çıxararaq dolabın siyirməsinə qoymasını görmüşdür. Orada bir az oturduqdan sonra bacısı Zərərçəkmiş şəxs ilə birlikdə işlərini həll etməsi üçün Zərərçəkmiş şəxs məxsus olan “Nissan Tida” markalı avtomobillə 2 saylı “Asan” xidmətin qarşısına getmişdirlər. Zərərçəkmiş şəxs avtomobili 2 saylı “Asan” xidmətin yanında saxlamış, özü isə işlərini həll etmək məqsədi ilə “Asan” xidmətə daxil olmuşdur. O təxminən 30 dəqiqə avtomobildə Zərərçəkmiş şəxs gözləmş, sonra bacısı qayıtmış və onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mənzilinə getmişlər. Zərərçəkmiş şəxs mənzilinə çatan zaman evdə onlardan başqa heç kim olmadığından və Zərərçəkmiş şəxs həmin vaxt digər otağa keçməsindən istifadə edərək, bacısına məxsus açarların içərisindən ofisin açarını seçmiş və ofisdə dolaba qoymuş olduğu pulu oğurlamaq məqsədi ilə açarı cibinə qoymuşdur. Həmin gün Zərərçəkmiş şəxs özünə məxsus olan bağ evinə getməyə hazırlaşdığını bilmişdir. Zərərçəkmiş şəxs mənzilində təxminən bir saata yaxın müddət ərzində oturduqdan sonra təxminən günorta saat 16 radələrində həmin mənzili tərk etmiş, onun işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11 ünvanında yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofisinə bacısının dolaba qoyduğu pulu oğurlamaq məqsədi ilə getmişdir. Əvvəllər də Zərərçəkmiş şəxs yanına həmin ofisə getdiyi üçün qapıda olan mühafizəçi ondan heç nə soruşmadan onu binaya buraxmışdır. “Russel Plazada” olan ofisin qapısına çatdıqdan sonra Zərərçəkmiş şəxs gizli olaraq götürdüyü açarla qapını açmış, sonra dolaba yaxınlaşmış və siyirmədə olan 2200 manat pulu götürərək “Russel Plaza”nı tərk etmişdir. Oğurluq hadisəsini törətdikdən sonra yaşadığı Tərtər rayonu, Evoğlu kəndinə geri qayıtmışdır. Oğurluq etməsi barədə heç kimə heç bir məlumat verməmişdir. Həmin pulu özünün şəxsi tələbatları üçün xərcləmişdir. 23 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng vurub oğurluq etdiyini bildirən zaman ona mobil telefonda pulu şəxsi ehtiyaclarına görə oğurladığını, tez bir zamanda pulunu geri qaytaracağını bildirmişdir. 30.11.2021-ci il tarixdə təxminən saat 16 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona oğurluq cinayəti ilə bağlı axtarışda olduğunu bildirərək onu Xətai rayon Polis İdarəsinə gətirmişdirlər. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofisdə işləyir. Təqsirləndirilən şəxs onun qardaşıdır. 20 avqust 2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs onun yanına Bakı şəhərinə onun mənzilinə qonaq gəlmişdir, qardaşı Mehmanla birlikdə ilk növbədə işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Russel Plaza”da yerləşən ofiisinə getmişdir, ofisə çatdıqdan sonra çantasında olan 2200 manat pulu ofisdə olan dolabın siyirməsinə qoymuşdur, həmin zaman Mehman yanında olmuşdur, bundan sonra qardaşı Mehmanla birlikdə ona məxsus olan “Nissan Tida” markalı avtomobillə Xətai rayonu, 2 saylı Asan xidmətə getmiş, binanın yanında avtomobilini saxladıqdan sonra qardaşı Mehman ona məxsus olan avtomobildə əyləşib onu gözləmişdir, işini həll edib qurtardıqdan sonra birlikdə yaşadıqları evə getmişlər. Təqsirləndirilən şəxsla bir az söhbət etdikdən sonra Mehman çıxıb getmişdir. Həftənin şənbə və bazar günləri işləmədiyi üçün bağ evinə getmişdir. 23 avqust 2021-ci il tarixdə işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "Russel Plaza"da yerləşən ofisinə gəldikdə, ofisdə qapını açmaq istəyərkən kilidə salmış olduğu açarların qapını açmadığını, həmin açarlara nəzər saldıqda ofisin açarının yerində olmadığını görmüş, açarı evdə unutduğunu fikirləşərək yenidən yaşadığı ünvana qayıtmış, lakin açarı tapa bilmədiyi üçün ofisin ehtiyat açarını yaşadığı mənzildə digər otaqdan götürüb yenidən ofisə qayıtmışdır. İçəri daxil olan zaman hər şeyin qaydasında olmasını, daha sonra isə ofisdə olan dolabın siyirməsinə qoyduğu pulun yerində olub-olmadığını yoxlayan zaman dolaba qoymuş olduğu 2200 manat pulun yerində olmamasını aşkar etmişdir. Bununla bağlı Plazada yerləşən müşahidə kamerasına nəzər saldıqda, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs ondan icazəsiz ofisə gələrək, içəri daxil olmasını və içəridən çıxmasını görmüş, bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus olan 2200 manat pulunu oğurlamışdır. Bununla bağlı o, qardaşı Təqsirləndirilən şəxsla danışdıqda o, müxtəlif bəhanələr gətirərək borcunun olmasını ona görə də ona məxsus olan pulu oğurladığını bildirmişdir. O, həmin günün çox hisssəsini qardaşı Təqsirləndirilən şəxslə birlikdə keçirdiyinə görə onun açarı nə zaman və harada götürməsi barədə məlumatı olmamışdır. Həmçinin açar onun üçün maddi əhəmiyyət kəsb etmədiyindən baş vermiş oğurluq hadisəsindən sonra kilidi dəyişdirmiş və köhnə açarı tullamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid bildirmişdir ki, o, “Russel Plaza” da komendant nəzarətçi vəzifəsində təxminən bir ildən artıq müddətdir ki, çalışır. Zərərçəkmiş şəxs tanıyır, çalışdığı binanın 5-ci mərtəbəsində onun ofisi yerləşir, Zərərçəkmiş şəxs hər gün öz işi ilə əlaqədar olaraq işə gəlir, neçə dəfə də müxtəlif vaxtlarda həmin ofisə qardaşı və tanışları ilə gəlmişdir , həmin ofisdə baş vermiş oğurluq hadisəsi ilə bağlı 23.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs mühafizə xidmətinə yaxınlaşaraq, ofisindən oğurluq olduğunu və video görüntülərə baxmaq istədiyini bildirmişdir, videogörüntüyə baxan zaman 20.08.2021-ci il tarixdə ofisinə daxil olan şəxsin qardaşı olduğunu, həmin videogörüntülərdən görsəndiyi kimi qardaşı olan Mehmanın həmin gün hadisədən bir neçə saat əvvəl onunla birlikdə ofisə gəlməsi əks olunmuşdur. Həmin gün yenidən Mehman oraya gələn zaman onun ofisə hansı məqsədlə gəldiyini bilmədiyi üçün Mehmanın içəriyə keçməsinə heç bir etiraz bildirməmişdir, buna əsas səbəbdə həmin ofisə bacısı olan Elmira ilə bir neçə dəfə gəldiyi üçün onun oğurluq edə biləcəyini düşünməmişdir. Həmçinin Mehman oraya əvvəllər də dəfələrlə gəlmiş, lakin belə bir hal baş verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 11.09.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11 ünvanında yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofisə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-13); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 23-24); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 28.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin 15.07.2002-ci il tarixli hökmünə əsasən CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (i.v. 36-37); axtarışda olan şübhəli şəxsin tutulması barədə 30.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da tutulmuşdur (i.v. 47); diskə baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofislərindən birinə bir nəfər qara rəngli qısaqol köynək, göy rəngli cins şlalvar geyinmiş şəxsin qapının açarını açaraq daxil olması və oradan çıxması görüntüləri əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videoda olan şəxsin özü olmasını, 20.08.2021-ci il tarixdə saat 16 radələrində ofisə daxil olmasını və dolabdan 2200 manat pul oğurlamasını bildrimişdir (i.v. 74); ifadənin yerində yoxlanılması haqqında 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 75- 77); cinayət əməlinin tövsif edilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 78-79); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 82-83); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 98-100); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar sübüt növü kimi qiymətləndirilmiş, cinayət işinə əlavə edilmiş 01 ədəd CD-R formatlı disk maddi süut növü kimi tanınmışdır (i.v. 117-121); zərərçəkmiş şəxs X1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı bir ədəd diskə baxış keçirilmiş, həmin videogörüntüdən görünür ki, 20.08.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Russel Plaza”nın 5-ci mərtəbəsində yerləşən ofislərindən birinə bir nəfər qara rəngli qısaqol köynək, göy rəngli cins şlalvar geyinmiş şəxs qapını açaraq daxil olur və bir müddət sonra oradan çıxır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan Qazax Hərbi Məhkəməsinin 15.07.2002-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 30 noyabr 2021-ci il tarixdən 2 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tərtər rayonu, Evoğlu kəndində yerləşən ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdən 2 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Evoğlu kəndində yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar