Məhkəmə qərarları › İş №1(011)-69/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-69/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-69/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində olan digər cinayət işi üzrə isə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,364 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 sentyabr 2022-ci il tarixdə saat 14:00 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 36-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,364 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 20 ilə yaxındır ki, narkotik və psixotrop maddələrdən istifadə edir. 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında olan zaman adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsi görmüş, ona yaxınlaşaraq üzərində psixotrop maddə olan metamfetaminin olub-olmadığını soruşmuş, sonuncu da psixotrop maddə olan metamfetaminin bir büküm olmasını bildirmiş və üzərində olan 15 manat pulu həmin şəxsə verərək psixotrop maddəni alaraq əynində olan göy rəngli idman şalvarın sağ yan cibinə qoymuşdur. Psixotrop maddə metamfetamini alaraq yaşadığı ünvan istiqamətinə gəlmişdir. Əldə etdiyi psixotrop maddə olan metamfetamini üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman münasib yer taparaq orada istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Cibində saxladığı bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş olan bükülünü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Son sözündə əməlindən peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PB-nin sahə rəisi vəzifəsində işləyir. 07 sentyabr 2022-i il tarixdə 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Şahid1n ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra İlkin ilə birlikdə məlumat əsasında saat 14 radələrində ünvan 2 ünvanın yaxınlığına gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Akifin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Akifə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Akif də etiraz etmədikdən sonra sonuncunu PB-nə gətirmişlər və bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Sonra bölməyə vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkiliş olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Akif əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli rəngli bükülmüş olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, “Neftçilər” stansiyası yaxınlığında adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Akifin üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin və Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd qara rəngli siqaretin kağızına bükülmüş bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,56 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4867 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd təmiz çəkisi 0,364 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatdan sonra qalıq 0.314 qram. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 6354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq aindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd disk və sonuncunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0.314 qram psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş və psixotrop maddə saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhər Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan digər cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddə olan metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin etirafı, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, şəxsi axtarış və götürmə protokolları digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmiş və ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hökmün tarixindən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,314 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 55 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,314 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman videoçəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar