Məhkəmə qərarları › İş №1(011)-7/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-7/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-7/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Bakı Şəhər Prokurorluğunun X1 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 125 ünvanında qeydiyyatda olan və ünvan 1nda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talamaq məqsədilə 06 avqust 2021-ci il tarixdə satıcı kimi işlədiyi ünvan 2 ünvanda yerləşən “Fərid Telekom” adlı mağazadan Zərərçəkmiş şəxs məxsus bir ədəd 1.650 manat qiymətində “İphone” markalı, “11 Pro Max” modelli, bir ədəd 1.520 manat qiymətində “İphone” markalı, “11 Pro Max” modelli, bir ədəd 110 manat qiymətində “Samsung” markalı, “A11” modelli, bir ədəd 230 manat qiymətində “Samsung” markalı, “A70” modelli, bir ədəd 400 manat qiymətində “Samsung” markalı, “A71” modelli, bir ədəd 340 manat qiymətində “İphone” markalı “7” modelli və bir ədəd 110 manat qiymətində “Samsung” markalı, “A8” modelli mobil telefon aparatlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4.360 manat (dörd min üç yüz altmış) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında yerləşən “Fərid Telekom” adlı mağazada satıcı işləmişdir. Həmin mağazanın müdiri Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs həmin mağazanı icarəyə götürmüşdür. Mağazada ondan başqa Şahid3 da kassir işləmişdir. Həmin mağazada müxtəlif növ telefonlar, telefonlara aid aksessuarlar və ehtiyyat hissələri satılır. İş fəaliyyəti mağazada olan malları satmaqdan ibarət olmuşdur. Müştəriyə malları satan zaman aldığı pulu mağazada olan kassaya qoymuşdur. Mağazada aylıq 350 manat əmək haqqı almışdır. Hər gün səhər saat 09 radələrindən axşam saat 22 radələrinədək həmin mağazada olmuşdur. 06 avqust 2021-ci il tarixdə Elnura zəng vuraraq maddi vəziyyətinin yaxşı olmadığını və vitrində olan iki ədəd “İphone”, markalı, “11 pro max” modelli, bir ədəd “Samsung” markalı, “A11” modelli, bir ədəd “Samsung” markalı, “A71” modelli və bir ədəd “Samsung” markalı, “A8” modelli telefonları götürüb satmaq istədiyini bildirmişdir. Elnur da razılaşmış və heç bir etirazının olmadığını bildirmişdir. Onunla danışıb qurtardıqdan sonra həmin vitrində olan telefonları götürüb satmaq üçün “Tap.az” saytına yerləşdirmişdir. “Samsung” markalı, “A71” modelli mobil telefonu isə həmin günü, yəni xx.xx.2021-ci il tarixdə Bakı Metropolitenin Nəsimi rayonu ərazisində olan “28 May” stansiyası yaxınlığında yerləşən “Mega Telecom” adlı mağazada 300 manata satmışdır. 2-3 gün müddətində tanımadığı müxtəlif adamlara “İphone” markalı “11 pro max” modelli telefonları hər birini 1.100 manata, digər “Samsung” markalı, “A11” modelli mobil telefonu 100 manata satmışdır. Bir ədəd “Samsung” markalı, “A8” modelli telefonu isə bir müddət özü istifadə etmişdir. Sonradan isə telefonu Ağcabədi şəhərində mağazada satmışdır. Telefonları satdığı şəxsləri tanımır. Yalnız Bakı Metropolitenin Nəsimi rayonu ərazisində olan “28 May” stansiyası yaxınlığında yerləşən “Mega Telecom” adlı mağazanı tanıyır. Telefonları sataraq əldə etdiyi pulla borclarını ödəmişdir. Bundan sonra Elnurun müdiri olduğu mağazaya getməmişdir. Bir neçə gün sonra Elnura zəng vurub həmin telefonları satdığını və ondan əldə etdiyi pulları xərclədiyini, lakin tez bir zamanda pulları geri qaytaracağını bildirmişdir. O, da həmin telefonların pulunu verməyəcəyi halda polisə şikayət edəcəyini bildirmişdir. Lakin pulu olmamış və pulu qaytara bilməmişdir. Sonradan eşitmişdir ki, Elnur polisə şikayət etmişdir. Tutulacağından qorxub iş axtarmaq üçün Ağcabədi rayonuna getmişdir. Daha sonra Xətai RPİ-nin 34-cü PŞ-yə gedərək özünü təqdim etmişdir. O, mağazadan ümumilikdə 5 ədəd telefon iki ədəd “İphone”, markalı, “11 pro max” modelli, bir ədəd “Samsung” markalı, “A11” modelli, bir ədəd “Samsung” markalı, “A71” modelli və bir ədəd “Samsung” markalı, “A8” modelli telefonları götürmüşdür. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu ərazisində olan Bakı Metropolitenin “Əhmədli” stansiyası yaxınlığında yerləşən mağazanı icarəyə götürmüşdür. Həmin mağazada mobil telefonların və telefonlara aid aksessuarların alqı-satqısı ilə məşğul olur. Mağazanın adı “Fərid Telekom”dur. Mağazanı icarəyə götürməyi ilə əlaqədar obyekt sahibi ilə müqavilə bağlamış, eyni zamanda VÖEN-i olmaqla dövlətə vergidə ödəyir. Mağazada Təqsirləndirilən şəxs satıcı kimi, Şahid3 isə kassir işləmişdir. Mağazada daima olmamış, belə ki, gün ərzində bir neçə dəfə mağazaya gələrək nəzarət edib getmişdir. Mağazanın müdiri kimi mağazada işləyən Xəyal və Xanlara deməmiş, mağazadan hər hansı bir əşyanı götürməsinə və mağazadan kənara çıxarmasına icazə verməmişdir. Xanların iş fəaliyyəti yalnız mağazaya gələn müştərilərə malların qiymətini demək və satışını həyata keçirmək olmuşdur. Xəyalın iş fəaliyyəti isə atılan malların pulunu almaq olmuşdur. Daima Xanlar və Xəyal ilə münasibəti normal olmuşdur. Xanlara aylıq 350 manat əmək haqqı vermişdir. Xəyala isə əmək haqı 400 manat vermişdir. Mağazada müxtəlif növ telefon aksessuarları və müxtəlif növ telefonlar olmuşdur. 19 avqust 2021-ci il tarixdə saat 13:30 dəqiqədə mağazaya gəlmişdir ki, nəzarət etsin. Həmin vaxt mağazada yalnız Xəyalı görmüşdür. Xanlar isə mağazada olmamışdır. Xəyaldan Xanların harada olmasını soruşmuş, o da Xanları görmədiyini demişdir. Mağazada olan vitrinlərdəki telefonlara baxmış və həmin vaxt müəyyən etmişdir ki, vitrində olan iki ədəd “İphone” markalı, “11 Pro Max” modelli, bir ədəd “Samsung” markalı, “A11” modelli, bir ədəd “Samsung” markalı, “A70” modelli, bir ədəd “Samsung” markalı, “A71” modelli, bir ədəd “İphone” markalı “7” modelli və bir ədəd “Samsung” markalı, “A8” modelli mobil telefonların vitrində olmamasını aşkar etmişdir. Kassir Xəyaldan telefonların harada olmasını soruşmuş, o da xəbərinin olmadığını bildirmişdir. Sonra Xanlara zəng edərək harada olmasını və mağazadan çoxsayda telefonların olmamasını soruşmuşdur. Bu zaman Xanlar bildirmişdir ki, mağazadan telefonları o, götürmüşdür. Bundan sonra Xanlarla əlaqəsi kəsilmişdir. Ancaq onunla mütamadi olaraq danışmış və telefonları tələb etmiş, lakin Xanlar hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Hadisə nəticəsində ümumilikdə 4.250 manat maddi ziyan dəymişdir. Bir ədəd “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonun dəyəri 1.650 manat, bir ədəd “İphone” markalı, “11 Pro Max” modelli mobil telefonun dəyəri 1.520 manat, bir ədəd “Samsung” markalı, “A11” modelli telefonun dəyəri 110 manat, bir ədəd “Samsung” markalı, “A70” modelli telefonun dəyəri 230 manat, bir ədəd “Samsung” markalı, “A71” modelli telefonun dəyəri 280 manat, bir ədəd “İphone” markalı “7” modelli telefonun dəyəri 340 manat və bir ədəd “Samsung” markalı, “A8” modelli mobil telefonun dəyəri 110 manat və işlək vəziyyətdə olmuşdur. “11 Pro Max” markalı, **********294 imei kodlu, “11 Pro Max” markalı, **********87783 imei kodlu, “Samsung A 11 markalı” **********5500 imei kodlu, “Samsung A70” markalı **********99695 imei kodlu, “Samsung A71” markalı **********31109 imei kodlu, “İphone 7” markalı **********59232 imei kodlu olmuşdur. Digərlərinin imei kodunu isə bilməmişdir. Xanlara mağazada satılan telefonlardan və digər əşyalardan götürməsinə icazə verməmişdir. Xanlar telefonları mağazadan deməmiş və icazəsi olmadan götürüb oğurlamışdır. Ona dəymiş ziyan hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Ona görə də hazırda heç bir tələb və şikayətinin olmadığını qeyd edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında dindirilmiş Şahid3 göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən “Əhmədli” stansiyası yaxınlığında yerləşən “Fərid Telekom” mağazasında kassir işləyir. Təqsirləndirilən şəxs da həmin mağazada satıcı kimi işləmişdir. Mağazada müxtəlif növ telefonlar, telefonlara aid aksessuarlar və ehtiyat hissələri satılır. İş fəaliyyəti mağazaya gələn müştərilərdin sifarişini yerinə yetirmək olmuşdur. Müştəridən pulu aldıqdan sonra mağazada olan kassaya qoyulmuşdur. Mağazanın müdiri Zərərçəkmiş şəxsdur. Elnur daima mağazada olmamış, lakin mütamadi olaraq gəlib mağazaya nəzarət edib getmişdir. Xanlar mağazada satılan malların pulunu alıb kassaya qoymuşdur. Onların kassadan pul və mağazadan hər hansı bir malı götürməyə icazəsi olmamışdır. Belə ki, mağazanın müdiri Zərərçəkmiş şəxs ona və Xanlara mağazadan telefonları və malları çıxarmağa icazə verməmişdir. Mağazanı hər gün saat 09 radələrində açmış və axşam saat 22 radələrində bağlamışdır. 2021-ci ilin avqust ayında mağazanın müdiri Zərərçəkmiş şəxs Naxçıvan Muxtar Respublikasında olmuşdur. Mağazanın açarları onda olmuşdur. Xanlarda isə açarlar olmamışdır. Bəzən mağazadan çıxmış və Xanlar mağazada tək qalmışdır. 2021-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs mağazaya gəlmiş və mağazada olan mallara baxış keçirən zaman 7 ədəd telefonların olmadığını aşkar etmişdir. Elnur telefonların harada olmasını soruşmuş, o da sonuncuya xəbərinin olmadığını demişdir. Bundan sonra Elnur Xanlara zəng etmiş və onunla danışan zaman məlum olmuşdur ki, telefonları Xanlar o, mağazada olmayan zaman oğurlamışdır. Elnur Xanlara telefonları geri qaytarmasını demiş, sonuncu da telefonların pulunu ödəyəcəyinə söz vermişdir. Lakin Xanlar nə telefonları qaytarmamış, nə də ki, pulunu ödəməmişdir. Həmin gündən də işə gəlməmişdir. Sonradan öyrənmişlər ki, Xanlar telefonları satmışdır. Mağazadan Xanlar iki ədəd “İphone” markalı, “11 Pro Max” modelli, bir ədəd “Samsung” markalı, “A11” modelli, bir ədəd “Samsung” markalı, “A70” modelli, bir ədəd “Samsung” markalı, “A71” modelli, bir ədəd “İphone” markalı “7” modelli və bir ədəd “Samsung” markalı, “A8” modelli mobil telefonlar oğurlamışdır. Təqsirləndirilən şəxs mağazadan telefonları götürməsini görməmiş, belə ki, sonuncu o, mağazada olmayan zaman oğurluq etmişdir. Elnur yalnız onlara mağazada telefon, aksessuarlar və ehtiyyat hissələri satamağa icazə vermişdir. Mağazada satılan malları və telefonları kənara çıxarmağa icazə verməmişdir. Eyni zamanda onun və Xanların iş fəaliyyəti mağazada telefonları, aksessuarları və ehtiyyat hissələrini satmaq olmuşdur. Xanların mağazadan telefon götürməsini görməmişdir. Xanlar yanında Zərərçəkmiş şəxs zəng etməmiş və telefonları da götürəcəyini deməmişdir. Təqsirləndirilən şəxs mağazadan telefonları 2021-ci ilin avqust ayının əvvəllərində götürüşdür. Xanlar 12 avqust 2021-ci il tarixədək mağazaya gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli Cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin 23 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs həmin polis şöbəsinə zəng edib bildirmişdir ki, Xətai rayonu Əhmədli metrosunun yanında işlətdiyi mobil telefon mağazasında işçi kimi işləyən Təqsirləndirilən şəxs ona xəbər etmədən 5 ədəd ümumi dəyəri 4300 manat məbləğində mobil telefonları götürərək getmişdir. İş materiallarından görünür ki, olan 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi üçün tutulması haqqında qərarlar qəbul edilmişdir. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gələrək özünü təqdim etmiş və ona ittiham elan olunmuşdur. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 20 dekabr 2021-ci il tarixli 9/9223 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “EWPT 9BDA” yazıları olan mobil telefon platasının 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 100,0 manat müəyyən edilir. Qərarda göstərilən 01 ədəd “Samsung” markalı, “A71” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 400,0 manat müəyyən edilir. Cinayət işində olan "xxxx" MMC-dən daxil olmuş siyahıdan görünür ki, 01 avqust 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək olan müddət ərzində **********31109 imei kodlu telefonda ***-***-**-** saylı nömrə istifadə edilmişdir. Cinayət işində olan zəmanət kartından görünür ki, Şahid1 03 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 25 B ünvanda yerləşən “Mega Telecom” adlı mağazada satıcı Şahid4 650 manata bir ədəd “Samsung” markalı, “A71” modelli **********13483 imei kodlu mobil telefon aparatını almışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin üzərində “***-***-**-**, imza, Samsung A71, imei **********31109 və xx.xx.2021” sözləri və rəqəmləri yazılmışdır. 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs alınan bir ədəd “Samsung” markalı, “A71” modelli, **********31109 imei kodlu mobil telefon aparatının platası Şahid5 götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, xx xxxx 1992-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(001)-164/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan olunmuşdur. Bu qərara əsasən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmuş və xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bununla əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli «həbs» növündə qətimkan tədbirinin seçilməsi barədə qərarı icra edilməmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(001)- 164/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) ay 11 (on bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 164/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli hökmü çıxarıldıqdan sonra hazırkı cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və birinci hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(001)-164/2022 saylı qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli “həbs” qətimkan tədbirinin seçilməsi barədə qərarının icra olunması ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli “həbs” qətimkan tədbirinin seçilməsi barədə qərarı icra edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə dəyişdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd “Samsung” markalı, “A71” modelli, **********31109 imei kodlu mobil telefon aparatının platası sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ilə əvəz edilsin və «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Xətai Rayon Polis İdarəsində saxlanılan bir ədəd “Samsung” markalı, “A71” modelli, **********31109 imei kodlu mobil telefon aparatının platası sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar