Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-73/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 15, mənzil 14 ünvanında qeydiyyatda olan, ünvan 1ndə fərdi tikilmiş evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 26.07.2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasnın yaxınlığında tanışı X2 vasitəsi ilə istintaqa məlum olmayan “İsmayıl” adlı şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,819 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 26 iyul 2021-ci il tarixdə saat 19:30 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi “Mercedes Renz” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısında X4 ilə birlikdə saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək video çəkilişlə polis əməkdaşları tərəfindən üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,449 qram, 0,414 qram və 0,486 qram olmaqla ümumi təmiz çəkisi 1,819 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, himayəsində üç azyaşlı övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus “Mercedes Benz” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. 30.06.2018-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. X3 təxminən 3 ildir ki, tanımışdır. Sevda ilə tanışlığı taksi kimi fəaliyyət göstərdiyi avtomobildən müştəri kimi, istifadə edən zaman olmuşdur. Sevda teztez onun idarə etdiyi avtomobildən taksi kimi istifadə etdiyi üçün aralarında dostluq münasibəti yaranmış və o, Sevdanı istədiyi ünvanlara müştəri kimi aparıb gətirmişdir. İlk vaxtlar bilməsə də, sonradan Sevdanın da onun kimi narkotik vasitələrdən istifadə etdiyini öyrənmişdir. Narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 26.07.2021-ci il tarixdə saat 12 radələrində Sevda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsindən istifadə etdiyi ***-***- **-** saylı mobil nömrəyə zəng edərək onu Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. İdarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Sevdanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən evinin qarşısına gedərək Sevdanı götürüb Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığına aparmışdır. Yolda olan zaman Sevda telefonla danışmış və Sevda telefonda danışdığı şəxsdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmişdir. Sevda onun narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün telefonda həmin şəxslə sərbəst şəkildə danışmışdır. O da narkotik vasitələrdən istifadə etdiyi üçün Sevdaya həmin şəxsdən onun üçün də narkotik vasitə olan heroin almasını xahiş etmişdir. Sevda da etiraz etməmiş və o, Sevdaya onun üçün narkotik vasitə olan heroin alması məqsədi ilə 50 manat pul vermişdir. Sevda avtomobildən düşüb çıxıb getmiş və təxminən 35-40 dəqiqə sonra geri dönərək idarə etdiyi avtomobilə əyləşərək ona 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroini vermişdir. O da həmin heroini əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sevdanı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən “Ucuzluq” adlı marketin qarşısına aparmışdır. Həmin ünvanda Sevda avtomobildən düşmək istəyən zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 04 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Daha sonra ona məlum olmuşdur ki, polis bölməsində Sevdanın üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 18 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 12 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 iyul 2021-ci il tarixdə 19.11.1988-ci ildə Qəbələ şəhəri, Daşca kəndinsə doğulmuş, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan X2 mütəmadi olaraq narkotik vasitələrin qanunsuz qəbul etməsi və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Mehdi və Sadiq birlikdə məlumat əsasında saat 19:30 radələrində ünvan 2 ünvanında yerləşən “Ucuzluq” adlı marketin qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Sevdanın əlamətləri ilə üst-üstə düşən bir nəfər qadının “Mercedes Benz” markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşdüyünü görmüşlər. Onlar tez həmin qadına və avtomobilin sürücüsünə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlə və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən qadın olan özünü 19.11.1988-ci ildə Qəbələ şəhəri, Daşca kəndində doğulmuş, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan X1, avtomobilin sürücüsü isə özünü xx.xx.1989-cu ildə ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 1ndə fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Sevda və Aqilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Qalib və Sevda buna etiraz etmədikdən sonra onları PB-nə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı Müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov da Sevda Hüseynova və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün hər biri üçün vəkil dəvət edərək, həmin vəkillərin iştirakı ilə onları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə ilk olaraq X2 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Sevdaya üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Sevda da əlində saxladığı qara rəngli pul kisəsinin içərisindən çıxartdığı kiçik ölçülü qəhvəyi rəngli pul kisəsindən 18 ədəd şəffaf rəngli sellofan bükümləri və kiçik ölçülü digər qara rəngli pul kisəsinin içərisində olan 12 ədəd rəngli sellofan bükümləri təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Sevda Hüseynova 18 ədədə şəffaf rəngli sellofan bükümlərdə olan maddənin psixotrop maddə olan metamfetamin, 12 ədədə şəffaf rəngli sellofan bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddələri istifadə və satış məqsədi ilə 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında İsmayıl adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Sonra Sevdanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Sevdanın üzərindən başqa heç bir qanunsuz niaddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sevdanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sevda tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid3 onlardan öncə dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Bununla da cinayət işinin yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,449 qram, 0,414 qram və 0,486 qram olmaqla ümumi təmiz çəkisi 1,819 qram olan narkotik vasitə herion aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3119 saylı, 27 iyul 2021ci il tarixli rəyindən görünür ki, üzərində “...(imza) Qasımov...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qr., 0,449 qr., 0,414 qr., 0,486 qr., ümumi təmiz çəkisi 1,819 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir və üzərində “...Şübhəli şəxs : (imza) Hüseynova S. ...” sözləri olan bir ədəd zərfdəki 12 ədəd bükümdə ümumi təmiz çəkisi 10,674 qram olan qəhvəyi rəngli maddələrlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 3044 saylı, 24 avqust 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 1,819 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,739 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə saat 19:30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1900 manat cərimə cəzasına məhkum olunmuş, 03.05.2016cı il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3. 177.2.4-cü maddələrinə əsasən barəsində seçilmiş 1900 manat cərimə cəzası dəyişdirilərək 02 il 01 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və 30.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 03.10.2011-ci il təvəllüdlü X6, 19.12.2012-ci il təvəllüdlü X7, 10.12.2016-cı il təvəllüdlü X5 adlı azyaşlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, səmimi etirafını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Yüxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26 iyul 2021-ci il tarixdən, 28 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 1,739 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri - 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq qalmış 1,739 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-73/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-73/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver