Məhkəmə qərarları › İş №1(011)-75/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-75/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-75/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı -Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu 20 yanvar küçəsi 22-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 18 radələrində istintaqa şəxsiyyəti məlum olmayan Məhəmməd adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 mənzil 54 ünvanının qarşısından sonuncuya məxsus 350 manat dəyərində “Sport” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 350 manat zərər vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin istintaq zaman vermiş olduğu və məhkəmə zalında elan olunmuş ifadəsi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə dostu Məhəmmədlə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən “Papanin” adlı yerdə görüşmüş, birlikdə söhbət edib haradansa velosiped oğurlayıb satmaq qərarına gəlmişlər. Məhəmmədlə birlikdə Bakı şəhəri Xətai rayonu Babək prospektinə yaxın yerdə yerləşən hündür mərtəbəli binaya girmiş, binanın içərisindəki liftə minmiş, yuxarıda yerləşən ən axırıncı mərtəbəyə qalxmış, sonra velosiped axtarmaq ümidi ilə mərtəbələri gəzə-gəzə aşağı düşmüşlər. Xatırlaya bilmədiyi mərtəbələrin birində qapıya söykənmiş “Sport” markalı velosiped görmüş, Məhəmmədlə birlikdə həmin velosipedi götürüb pilləkənlə aşağı düşmüş və binanın arakəsməsindən çıxan kimi o, velosipedi sürüb oradan uzaqlaşmış, Məhəmməd isə piyada şəkildə oradan uzaqlaşmışdır. Həmin gün o, velosipedi Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən 3-cü mikrorayon dairəsi yaxınlığında tanımadığı şəxsə 70 (yetmiş) manata satmış, 70 (yetmiş) manat pulun yarısını, yəni 35 (otuz beş) manatını Bakı şəhərinin Yasamal rayonu ərazisindəki “Papanin” adlı yerdə Məhəmmədə vermiş, qalan pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olmuşdur, dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, 6-7 ay bundan əvvəl Rusiya Federasiyasında yaşayan dayısı oğlu təxminən 350 (üç yüz əlli) manat dəyərində olan “Sport” markalı velosipedi övladına pay göndərmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə övladına məxsus “Sport” markalı velosipedi yaşadıqları ünvan 3 mənzil 54 ünvanının qarşısına qoymuşdur. xx.xx.2019-cu il tarixdə, saat 15:00-da yaşadığı evə qayıdarkən velosipedi yerində görməmişdir. Təxminən saat 18 radələrində azyaşlı uşaqlar mənzilin qapısına gələrək övladına məxsus velosipedin iki nəfər şəxs tərəfindən aparıldığını bildirmiş, övladı bunu ona xəbər verdikdə tez həyətə düşüb binanın mühafizəçisinə məlumat vermiş və birlikdə müşahidə kameralarına baxmışlar. Müşahidə kameralarındakı videogörüntüyə baxan zaman, həqiqətən bir nəfər şəxsin velosipedi sürdüyünü, digər bir nəfərin isə onun arxasınca getdiyini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 01); xx.xx.2019-cu il tarixli maddi sübutun götürülməsi protokolundan görünür ki, Xətai RPİ-nin 37-ci PB-nin təhqiqatçısı, polis kapitanı Mirsoltan Sarıyev, Zərərçəkmiş şəxs Əliheydər oğlunun yaşadığı ünvan 2 A mənzil 54 ünvanına baxış keçirilmiş və Zərərçəkmiş şəxs yaşadığı binanın ərazisində yerləşdirilmiş təhlükəsizlik kameraları vasitəsi ilə hadisə zamanı lentə alınmış video görüntüləri əks etdirən 01 ədəd disk sübutu əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür (i.v. 07); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 31); şübhəli olan şəxsin tutulması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32-33); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(011)-640/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 73-79); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (i.v. 80); xx.xx.2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X5, Təqsirləndirilən şəxs iştirakı ilə, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən təqdim edilmiş 01 ədəd “SD” diskə Xətai RPİ-nin inzibati binasında yerləşən xidməti otağda “HP” markalı noutbuk vasitəsi ilə baxış keçirilmiş, video görüntünün 1-ci saniyəsindən etibarən binanın giriş hissəsindən iki nəfər kişi cinsindən olan şəxsin biri qabaqda, digərinin isə arxada içəriyə daxil olması, öndə gedənin arıq bədən quruluşlu, ortaboylu şəxsin əynində qara rəngli gödəkçə, göy rəngli cins şalvar və boz rəngli jaket olması, arxadan gələn kişi cinsindən olan arıq bədən quruluşlu və orta boylu şəxsin əynində isə qara rəngli şalvar, boynu ağ rəngli xəz dəri ilə örtülmüş qara rəngli gödəkçə və boz rəngli jaketdə olması və videogörüntünün 15-ci saniyəsindən etibarən həmin şəxslərin görüntüdən yoxa çıxmaları müəyyən olunmuşdur. VİD-20190328-WA0004.mp4 saylı fayla baxış keçirdikdə, həmin faylın 21 saniyədən ibarət oİduğu, videogörüntünün birinci saniyəsindən etibarən əynində qara rəngli gödəkçə, göy rəngli cins şalvar və boz rəngli jaket olan şəxsin velosipedə əyləşərək cəld şəkildə velosipedi sürüb gözdən itməsi, videogörüntünün 14-cü saniyəsindən etibarən isə əynində qara rəngli şalvar, boynu ağ rəngli xəz dəri ilə örtülmüş qara rəngli gödəkçə və boz rəngli jaket olan şəxsin isə videogörüntüdə əks olunan piyada keçidinin üzəri ilə cəld şəkildə qaçıb gözdən itməsi, VİD-20190328-WA0005.mp4 saylı fayla baxış keçirdikdə, həmin faylın 22 saniyədən ibarət olduğu, videogörüntünün birinci saniyəsindən etibarən əynində qara rəngli gödəkçə, göy rəngli cins şalvar və boz rəngli jaket olan şəxsin velosipedi sürərək binanın giriş hissəsindən bayıra çıxması, videogörüntünün 15-ci saniyəsindən etibarən isə əynində qara rəngli şalvar, boynu ağ rəngli xəz dəri ilə örtülmüş qara rəngli gödəkçə və boz jaket olan şəxsin isə iti yerişlə irəliləyərək binanın giriş hissəsindən bayıra çıxdığı müəyyən olunmuşdur (i.v. 85); əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 01 ədəd CD markalı disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Xarkov şəhəri Konters rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 206.3, 101.1 və 42-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i.v. 102-104); sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə yeni xüsusatlar meydana çıxmadığından, həmin ittihamın tam əsaslı olduğu üçün qüvvədə saxlanılması və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolu sübut növü kimi qiymətləndirilmiş, iş üzrə baş vermiş oğurluq hadisəsi ilə bağlı içərisində videogörüntü olan “CD” formatlı disk maddi sübut növü kimi qiymətləndirilib cinayət işinə əlavə edilməsi nəzərə alınmış, iş üzrə oğurlanmış 01 ədəd “Sport” markalı velosipedin dəyəri Zərərçəkmiş şəxs ifadəsinə əsasən qəbul olunmuş, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs qarşı oğurluq etmiş istintaqa məlum olmayan «Məhəmməd» adlı şəxsin barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs “Sport” markalı velosipedi satdığı, istintaqa məlum olmayan şəxsin əməlində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini, bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə məsuliyyət nəzərdə tutulan CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından, istintaqa məlum olmayan şəxsin barəsində həmin xüsusat üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmişdir (i.v. 115-118); cinayət işinin ayrılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə X3 qarşı oğurluq etmiş istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxs barəsində ********* nömrəli cinayət işindən CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, həmin ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir (i.v. 121-122). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(011)-75/2020 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxsbarəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nin CAB-nın əməkdaşları tərəfindən tutulmuş və xx xxxx 2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqramından görünür ki, hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özünün və Məhəmməd adlı tanışının olduğunu etiraf etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verənzərərçəkmiş şəxsin istintaq zamanı vermiş olduğu və məhkəmə zalında tədqiq olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 28 (iyirmi səkkiz) gün, ümumilikdə 30 (otuz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar