Məhkəmə qərarları › İş №1(011)-75/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-75/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-75/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1989-cu ildə Rusiya Federasiyası Novosibirsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,489 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 30 sentyabr 2022-ci il tarixdə saat 20:20 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılıb Xətai RPİ- nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əyində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş təmiz çəkisi 0,489 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ay olar ki, narkotik vasitələrdən istifadə etmiş, belə ki, Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən pulla narkotik vasitə almış və doldurma yolu ilə qəbul etmişdir. Narkotik vasitə aludəçisi deyil, narkotik vasitə aslılığında olmamış və narkotik vasitəni əhval-ruhiyyəsi yaxşı olsun deyə istifadə etmişdir. Narkotik vasitəni aldığı şəxslərin narkotik maddələri haradan almasını isə bilməmişdir. Evlidir, lakin rəsmi nikahı yoxdur və iki azyaşlı uşağı vardır. 30 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı Metropolitenin “Həzi Aslanov” metro stansiyası yaxınlığına gəzişən zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxs ilə rastlaşmış və söhbət edən zamanı həmin şəxsdə narkotik vasitə olmasını öyrənmişdir. Həmin şəxs ilə metronun bir kənarına çəkilib sonuncuya 15 manat pul vermiş və bir ədəd sellofan bükümü almışdır. Bükümü açaraq içərisinə baxmış və bükümdə narkotik vasitə heroin olmasını görmüşdür. Narkotik vasitəni cibinə qoyaraq həmin şəxsdən ayrılmışdır. Yaşadığı mənzil istiqamətində hərəkət etmiş və 20:20 dəqiqədə Xətai rayonu, P.Həşimov küçəsi 37 ünvanın yaxınlığına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etmiş, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirmişlər. Bundan sonra polis əməkdaşları Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədikdən sonra polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərimdə şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual vermiş, bu zaman bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni həmin günü Bakı Metropolitenin “Həzi Aslanov” metro stansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,77 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o, və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik maddə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, narkotik vasitə heroini əldə edərək yaşadığı evdə saxlaması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon məhkəməsinə məlumat verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid2 ilə birlikdə məlumata əsasən Bakı şəhəri, ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPl-nin 35-ci PB-yə dəvət etmişlər və oda heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsin gətirmişlər. Daha sonra polis bölməsinə vəkil dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərində qoymuş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə qəhvəyi rəngli toz şəkilində maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni həmin günü Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.77 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 30 sentyabr 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd politren selofana bülükmüş açıq qəhvəyi rəngində toz şəklində heroina oxşar maddə aşkar edilmiş, həmin narkotik maddəni 30 sentyabr 2022-ci il tarixdə təxminən 15:00 radələrində “Həzi Aslanov” metrostansiyasının yaxınlığından üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə kağız zərfə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2022-ci il tarixli, 6/5650 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdə bir ədəd bükümdə, təmiz çəkisi 0,489 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq – 0,439 qramdır. İş materiallarından görünür ki, 0,439 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd CD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 04 oktyabr 2022-ci il tarixli, 5749 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 05 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs Şəmistan Nüşrəvanlıya cəza təyin edərkən, onun 30 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,439 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd CD formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) gün həbsdə saxlama müddəti 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,439 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd CD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar