Məhkəmə qərarları › İş №1(011)-75/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-75/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-75/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kuryer işləyən, Mingəçevir şəhəri, Məhəmməd ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində nömrəsiz evdə kirayə yaşamış, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 170.1, 177.2.1, 177.2.3, 177.2.4 ve 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 manat miqdarında cərimə cəzası təyin edilmiş, 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, azadlıqdan məhrum etmə ilə bağlı olan cəzasını çəkib qurtardığı gündən iki il keçdiyi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cu maddəsinə əsasən məhkumluğu ödənilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasınada saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 29 nömrəli binanın yaxınlığına gəlib həmin binada hər hansı bir mənzildən oğurluq etmək üçün müşahidə aparıb binanın açıq giriş qapısından daxil olaraq liftlə 15-ci mərtəbəyə qalxmış, 196 nömrəli mənzildə sakinlərin olmadığına əmin olmaqla mərtəbədə ümumi istifadədə olan eyvandan 196 nömrəli mənzilin eyvanına keçərək dəmir əşya ilə uşaq otağının plastikdən olan giriş qapısını sıxma yolu ilə açmaqla saat 22:38-də mənzilə qanunsuz daxil olub, qarderob otağında saxlanc yeri hesab edilən pul daxılını sındıraraq 1500 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1500 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismən etirafedici və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə əlavə edilmiş sənədlər, rəsmi sənədlər və digər mötəbər və təkzibedilməz sübutların məcmusunda öz əksini tapan özünün etirafları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 3-4 ay öncə «Uber» şirkətində kuryer işləmiş, moped idarə etmişdir. Kuryer işləməklə yaxşı qazanc əldə edə bilmədiyi üçün tez-tez pula ehtiyacı olurdu. Çıxış yolunu oğurluq etməkdə görmüşdür. Belə ki, 31 avqust 2024cü il tarixdə saat 21 radələrində Xətai rayonu ərazisində olan yeni inşa edilmiş bir binanın yaxınlığına gəlib orada dayanıb gözləmişdir ki, görsün hansı mənzilin işığı yanmayacaq, yəni bu cür mənzildə sakinlərin olmadığına əmin olmaq istəmişdir. Təxminən saat yarım gözləyəndən sonra binanın 15-ci mərtəbəsində olan bir mənzildə uzun müddət işığın yanmadığını görüb həmin mənzildən oğurluq etmək qərarına gəlmiş və mopedlə mənzilin olduğu giriş blokuna gəlmişdir. Blokun giriş qapısı açıq vəziyyətdə olmuşdur. Özü ilə iş çantasını götürüb liftlə 15-ci mərtəbəyə qalxmışdır. Çantasını da ona görə götürmüşdür ki, mənzilin qapısını döyər - açan olsa, deyəcəydi ki, guya sifariş götürməyə gəlmiş, mənzil sahibi isə «Uber»e sifariş vermədiyini dedikdə, üzr istəyib qayıdacaydı. Oğurluq etmək istədiyi mənzilin giriş qapısının zəngini basmış qapını açan olmamışdır. Mənzildə heç kimin olmadığına bir daha əmin olduqdan sonra 15-ci mərtəbənin ümumi istifadədə olan eyvanına çıxmış və həmin eyvandan mənzilin eyvanına keçmişdir. İki eyvan arasında məsafə təxminən bir metrdir. Otağın giriş qapısı bağlı olduğu üçün eyvanda tapdığı dəmir əşya ilə plastikdən olan qapını aralayıb telefon işığı ilə otağa daxil olmuşdur. Həmin otağa nəzər salmış, lakin orada qiymətli bir şey tapa bilmədiyi üçün digər otaqları gəzmişdir. Otaqlarda heç bir əşyaya toxunmurdu, sadəcə baxırdı qiymətli bir şey olsaydı, onu götürəcəydi. Qarderob otağına daxil olanda orada divara montaj edilmiş bir seyf görmüş, lakin seyf bağlı idi, onu açmaq mümkün deyildi. Qarderob otağında yerdə pul daxılı da olmuşdur. Həmin daxılı götürəndə içərsində pulların olduğunu görmüş və əlləri ilə daxılı aralayıb içindən bütün pullan götürüb cibinə qoymuşdur, sonra isə mənzilə daxil olduğu üsulla oran tərk etmişdir. Həyətə düşüb giriş blokunun yanında saxladığı mopedə minib şəhər istiqamətində hərəkət etmişdir. Küçələrin birində mopedi saxlayıb mənzildən oğurladığı pulları saymış bütün əskinazlardan olan pullar var idi-təxminən 1000 manat idi. Oğurladığı pulların bir hissəsi ilə borcunu bağlamış, qalan hissəsini isə restoranlarda və masaj salonunda xərcləmişdir. Etdiyi əməldən peşmandır, bu əməli tək törətmiş və bu haqda heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, vurulmuş 1000 manat zərəri ödəmək istəsə də, zərərçəkmiş şəxs həmin məbləği qəbul etməkdən imtina etdiyini bildirmişdir. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, ev 29, 196 nömrəli mənzil həyat yoldaşı X2 adına olsa da, faktiki olaraq özünə məxsusdur. Həmin mənzildə həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Yay mövsümü başlayandan sonra ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən bağına köçmüş, lakin buna baxmayaraq tez-tez daimi yaşadıqları mənzilə gəlib baş çəkmişdir. Sonuncu dəfə həmin mənzilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində gəlmiş və mənzildə təxminən bir saat qalıb bağa qayıtmışdır. 02 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində həyat yoldaşı ilə mənzilinə gelib baş çəkmişdir. Mənzilin uşaq otağına daxil olanda eyvana çıxan qapının açıq vəziyyətdə olduğunu və yerdə xalçanın üzərində tozlu ayaq izlərinin olduğunu görmüşdür. Başa düşmüşdür ki, kimsə eyvandan otağa daxil olub. Dərhal seyfin quraşdırıldığı qarderob otağına keçmiş seyf bağlı vəziyyətdə idi, lakin ailəsinə məxsus olan taxta materialından hazırlanmış pul qabı yerdə sınmış vəziyyətdə idi, içərisində olan pullar isə yox idi. Anlamışdır ki, həmin pullan mənzilə daxil olan şəxs götürüb. Sonra mənzilin digər otaqlarına nəzər salmış, lakin oradan heç nə götürülməmişdir. Mənzilində videomüşahidə kameraları quraşdırıldığı üçün dərhal xx.xx.2024-cü il saat 18:00-da başlayan videogörüntülərə baxmış və müəyyən etmişdir ki, bir cavan oğlan xx.xx.2024-cü il tarixdə saat 22:38-də mənzilə daxil olub orada axtanş aparır. Oğurluğu aşkar edəndən sonra bu haqda binanın komendantına məlumat vermiş və DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra isə mənzilə polisə əməkdaşlan gəlmişlər. Mənzildən təxminən 1000 manat pul oğurlanmışdır. Hal-hazırda ona dəymiş zərər ödənilməmiş, həmin məbləği də qəbul etmir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2024-cü il tarixli, HK-1-2684 saylı raportdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixində, saat 11:07 radələrində DİN-nin 102 XZMS-dən daxil olmuş məlumatdan Zərərçəkmiş şəxs adlı şəxsin xx.xx.2024-cü il tarixdə evindən eyvan qapısından daxil olma ilə 1500 manat pulunun oğurlamasını bildirmişdir.(i.v 6) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri hesab edilən ünvan 3 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, foto şəkillər çəkilmiş və bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir.(i.v 8- 9) 05 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 21) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir. (i.v 33-40) şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə, saat 19:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur.(i.v.51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 56-57); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v 69-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3, 177.2.4 və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 manat miqdarında cərimə cəzası təyin edilmiş, 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş. (i.v 73-75); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.20218-ci il tarixli, 1(004)-166/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəlləri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edimiş, 05 ay müddət ona təyin olunmuş cəzadan çıxılmış və qəti olaraq 03 (üç) il 07(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasından çəkilməmiş 200 manat cərimə cəzası hissəsi, hazırki hökmlə təyin olunan cəza ilə tamamilə birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və ona 200 (iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası və azadlıqdan məhrum etmə cəzası müstəqil icra edilməsi. Azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi hökm olunmuşdur. (i.v 80-88). sübutların qiymətləndirilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 07 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd optik disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, iş üzrə toplanmış digər sübutlar sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v. 92-95); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin həcmi ilə bağlı ona ittiham zərərçəkmiş şəxsin ifadəsinə əsasən 1500 manat olaraq verilsə də, cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxs ona 1000-1500 manat pulunun oğurlanmasını bildirmiş, həmçinin məhkəmə iclas zalında ona 1000 manat pulunun oğurlanaraq zərər vurulmasını bildirmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittihamın həcmi 1500 manatdan 1000 manata azaldılmalıdır. Təqsirləndirilən şəxsə verilmiş ittihamın həcminin azaldılması onun törətdiyi cinayət əməlinin tövsifinə heç bir təsir etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 177.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il (iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar