Məhkəmə qərarları › İş №1(011)-77/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-77/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-77/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 oğlu və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orla təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində ‘‘polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, 14 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4n, barəsində “polisin nəzarəti altına vermə”qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir q r u p şəxs halında 25 iyul 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən mebel sexinin giriş qapısının qıfılını o, əlləri ilə sındırıb qanunsuz olaraq mebel sexinə daxil olub sexin içərisində giriş qapısının yanında olan 1 ədəd 700 manat qiymətində olan “Voll” markalı kompressoru, sexin içərisində olan hər birinin qiyməti 120 manat olan 2 ədəd “Lobziki”, hər birinin qiyməti 50 manat olan 2 ədəd işləməyən “lobzikləri”, 1 ədəd 130 manat qiymətində laqundanı, 1 ədəd 150 manat qiymətində “Bosch” markalı perforatoru, hər birinin qiyməti 120 manat olan 2 ədəd elektriksiz əl drellərini, 1 ədəd 30 manat qiymətində işlək vəziyyətdə olan və elektriklə işləyən əl drelini, 1 ədəd 20 manat qiymətində elektriklə işləyən “Haina” markalı, 620 W-luq perforatoru və 1 ədəd 40 manat qiymətində feni gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 1650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanda yerləşən istifadə olunmayan obyektin arxa hissəsində olan pəncərəsindən qanunsuz olaraq obyektə daxil olub otaqda olan 1 ədəd 300 manat qiymətində İtaliya Respublikasında istehsal edilmiş 100 litr həcmində su tulumu olan su qızdırıcı aparatını, 250 manat qiymətində 60 metr uzunluğunda 3 fazalı təzə işıq kabelini, 12 manat qiymətində ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan 10 metr uzunluğunda işıq kabelini, obyektin həyətindən 2 ədəd 32 manat qiymətində projektor işıqlarım və 2 ədəd 40 manat qiymətində “HİKVİSİON” markalı videomüşahidə kameralarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 634 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 oğlu, özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən mebel sexinin giriş qapısının qıfılını Təqsirləndirilən şəxs1 əlləri ilə sındırdıqdan sonra qanunsuz olaraq mebel sexinə daxil olub sexin içərisində giriş qapısının yanında olan 1 ədəd 700 manat qiymətində olan “Volt” markalı kompressoru, sexin içərisində olan hər birinin qiyməti 120 manat olan 2 ədəd “Lobziki”, hər birinin qiyməti 50 manat olan 2 ədəd işləməyən “lobzikləri”, 1 ədəd 130 manat qiymətində laqundanı, 1 ədəd 150 manat qiymətində “Bosch” markalı perforatoru, hər birinin qiyməti 120 manat olan 2 ədəd elektriksiz əl drellərini, 1 ədəd 30 manat qiymətində işlək vəziyyətdə olan və elektirklə işləyən əl drelini, 1 ədəd 20 manat qiymətində elektriklə işləyən “Haina” markalı, 620 W-luq perforatoru və 1 ədəd 40 manat qiymətində feni gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 1650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanda yerləşən istifadə olunmayan obyektin arxa hissəsində olan pəncərəsindən qanunsuz olaraq obyektə daxil olub otaqda olan 1 ədəd 300 manat qiymətində İtaliya Respublikasında istehsal edilmiş 100 litr həcmində su tutumu olan su qızdırıcı aparatını, 250 manat qiymətində 60 metr uzunluğunda 3 fazalı təzə işıq kabelini, 12 manat qiymətində ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan 10 metr uzunluğunda işıq kabelini, obyektin həyətindən 2 ədəd 32 manat qiymətində projektor işıqlarını və 2 ədəd 40 manat qiymətində “HİKVİSİON” markalı videomüşahidə kameralarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 634 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə yaşayır və heç yerdə işləmir. Atası 1993-cü ildə 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. 2007-ci il tarixdən isə Xətai rayonunda yaşayır. Yaşadığı binanın qarşısında yerləşən hündürmərləbəli binanın 1-ci mərtəbəsində mebel təmiri sexi yerləşir. Həmin sexi Böyükağa adlı şəxs işlədir. Hərdən həmin mebel sexinə gedib orada təmizlik işlərini görür, bunun əvəzində Böyükağa ona pul verir. Həmin sexə gedib işlədiyi üçün sexin içərisində olan mebel təmiri üçün nəzərdə tutulmuş elektrik avadanlıqlarının yerini bilir. Pula ehtiyacı olduğu üçün həmin sexdən elektriklə işləyən avadanlıqları oğurlayıb aparıb satmaq qərarına gəlmişdir. Buna görə dostu Orxan adlı şəxsə demişdir ki, bir yerdə sexdən oğurluq etsinlər, oğurladıqları avadanlıqları daha sonra sataraq pul əldə etsinlər. Orxan onunla razılaşmış və 24 iyul 2021-ci il tarixdə gecə təxminən 23 radələrində həmin sexdə oğurluq etmək qərarına gəlmişlər. 25 iyul 2021-ci il tarixdə gecə 02 radələrində sexin qarşısına gəlmişlər, o, əli ilə mebel sexinin plastik qapısının qıfılını sındırmış, birlikdə sexin içərisinə daxil olmuşlar. Sexin içərisindən o, 2 ədəd drel, laqunda, lobzik və feni, Orxan isə direlləri və digər avadanlıqları götürüb bayırda sexin qarşısına qoymuşlar. Daha sonra sexin qapısının yanında olan kompressoru sexdən bayıra çıxardıb oğurladıqları avadanlıqların yanına yığmışlar. Sonra Orxanla sexdən oğurladıqları elektrik avadanlıqlarını və kompressoru götürüb Kənd Əhmədli qəsəbəsinə aparıb orada gizlətmişlər. Səhər oğurladıqları avadanlıqları Kənd Əhmədli qəsəbəsində Orxanla biryerdə dəmir alışı ilə məşğul plan Şaiq adlı şəxsə 80 manata satmışlar. Həmin pulu Orxanla yarıbayarı bölmüşlər. 25 iyul 2021 -ci il tarixdə oğurluq etdiyi mebel sexinin yanına getmiş və Böyükağaya zəng edib demişdir ki, sexdən oğurluq olub. Böyükağa sexə gəlmiş, DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Zəngdən sonra Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. 29 iyul 2021-ci il tarixdə sexdə olan zaman Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları sexə gəlib ondan şübhələndikləri üçün polis bölməsinə aparıb sorğu-sual etmişlər və o, törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Hal-hazırda 25 iyul 2021-ci il tarixdə etdiyi əmələ görə peşmançılıq çəkdiyini qeyd etmişdir. Həmçinin o qeyd etmişdir ki, 16 avqust 2021-ci il tarixli hadisəni o törətməmişdir və bu hadisə barədə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə gecə saat 02 radələrində Orxanla qərara gəlmişlər ki, yenidən evlərinin yanında yerləşən işləməyən obyektdən oğurluq edib aparıb satıb pul qazansınlar. Bu məqsədlə ikisi də həmin işləməyən obyektin yanına gəlib arxa tərəfdə olan açıq pəncərədən obyektin içərisinə daxil olub otaqda olan 1 ədəd su qızdırıcını, işıq kabellərini otaqda olan divardan çıxardıb həyətə keçib həyətdə quraşdırılmış 2 ədəd projektor işıqlarını və videomüşahidə kameralarını oğurlayıb oradan uzaqlaşıb getmişlər və oğurladıqları əşyaları biryerdə gizlətmişlər. Səhər açılan kimi oğurladıqları kabeli yaxınlıqda yerləşən obyektdə mühafizəçi işləyən İnşallah adlı şəxsə 10 manata salmış, pulu Orxanla bölmüşlər. Daha sonra oğurladıqları digər əşyaları metal yığan tanımadığı və adını bilmədiyi şəxsə hamısını bir yerdə 100 manata satıb pulu Orxanla yarıbayarı bölmüşlər. Həmçinin yenidən bildirmişdir ki, Böyükağanın mebel sexindən və həmin sexə yaxın yerdə yerləşən işləməyən digər obyektdən oğurluğu Orxanla bir yerdə törətmişlər. Hal-hazırda əməlindən səmimi peşmançılıq keçirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası ilə kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Xaqani Xətai rayonu, X.Məmmədov küçəsi 33A ünvanında yerləşən mebel sexində işləyir. 24 iyul 2021-ci il tarixdə gecə təxminən 11 radələrində Xaqani demişdir ki, mebel sexindən oğurluq etsinlər. O, da Xaqanin sözü ilə razı olmuş və 25 iyul 2021-ci il tarixdə gecə saat 2 radələrində Xaqani ilə birlikdə mebel sexinin qarışısına gəlmişlər. Xaqani əli ilə mebel sexinin qapısının qıfılını sındırıb ikisi də biryerdə sexin içərisinə daxil olmuşlar. O, sexin içərisindən 2 ədəd drel, Xaqani laqunda, lobziki və digər avadanlıqları götürüb bayıra çıxardıb sexin qarşısına yerə qoymuşlar. Daha sonra sexin qapısının yanında olan kompressoru birlikdə sexdən bayıra çıxartmışlar. Sexdən oğurladıqları avadanlıqları sexin qarşısına yığmışlar. Sonra Xaqani ilə biryerdə oğurladıqları avadanlıqları əllərinə götürüb ikisi də biryerdə Kənd Əhmədli qəsəbəsinə aparıb orada gizlətmişlər. Səhər açılan kimi oğurladıqları avadanlıqları Kənd Əhmədlidə metal alışı ilə məşğul olan Şaiq adlı oğlana 80 manata satmışlar. Həmin puldan ona 40 manat düşmüşdür. Bundan sonra 2021-ci ilin 16 avqust tarixində Xaqani ilə bir yerdə mebel sexinin yaxınlığında yerləşən obyektdən kabel, su qızdırıcı, və həyətdə olan işıq avadanlıqlarınıı oğurlamışlar. Oğurladıqları əşyalardan kabelləri Xaqani aparıb İnşallah adlı mühafizəçiyə 10 manata satmışdır. 06 sentyabr 2021-ci il tarixdə Xətai RPİ- nin 36-cı PB-nin əməkdaşları onu saxlayıb 36-cı PB-nə gətirmişlər və o, Xaqani ilə törətdiyi əməli etiraf etmiş, avadanlıqları satdıqları yeri göstərmişdir. Polislər həmin oğurladıqları dreldən birini götürmüşlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkir və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir müddətdir, ünvan 7 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mebel sexini icarəyə götürüb işlədir. Həmin sex təxminən 40 kv metrdir. Mebel sexində istehsal və təmir işi ilə məşğul olur. Mebel sexində müxtəlif avadanlıqları var. Sexin giriş qapısı plastik qapıdan olmaqla qıfıl açarla bağlanır. Həmin mebel sexini 24 iyul 2021-ci il tarixdə saat 19 radələrində bağlayıb evə getmiş, 25 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində qonşuluqda yaşayan Xəqani adlı şəxs zəng edib demişdir ki, sexin qapısı açılıb və sexdən oğurlub olub. Tez sexə gəlib görmüşdür ki, sexin giriş qapısının qıfılı sındırılıb və naməlum şəxslər sexə daxil olublar. Dərhal başa düşmüşdür ki, sexdən oğurluq olub. Tez sexin içərisinə keçib baxış keçirən zaman görmüşdür ki, sexin içərisində giriş qapısının yanında olan 700 manat qiymətində olan 1 ədəd “Volt” markalı kompressor, sexin içərisində olan hər birinin qiyməti 120 manat olan 2 ədəd “Lobzik”, hər birinin qiyməti 50 manat olan 2 ədəd işləməyən, lakin təmir olunarsa işlək vəziyyətə gətirmək olan "lobzik”, 1 ədəd 130 manat qiymətində laqunda, 1 ədəd 150 manat qiymətində “Bosch” markalı perforator, hər birinin qiyməti 120 manat olan 2 ədəd elektriksiz əl dreli, 30 manat qiymətində bir ədəd işlək vəziyyətdə olan və elektriklə işləyən əl dreli, 30 manat qiymətində bir ədəd işlək vəziyyətdə olmayan və elektriklə işləyən əl dreli və 1 ədəd 40 manat qiymətində fen oğurlanmışdır. Oğurluq nəticəsində 1660 manat maddi ziyan vurulmuşdur. Daha sonra oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verib Xətai RPİ-nin 36-cı PBnin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. O, oğurluq barədə şikayət ərizəsi yazmış, ona məlum olmuşdur ki, işlədiyi sexdən oğurluğu edən şəxs Xəqani olmuşdur. Təxminən 2 il olar ki, Xəqani onun işlətdiyi sexə gəlib gedir və sexin təmizliyində ona köməklik edir. Xəqani sexə gəlib getdiyi üçün ona məxsus avadanlıqların sexin hansı hissəsində yerləşməsini bilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Azərenerji ASC-də mütəxəssis işləyir. ünvan 8 ünvanında yerləşən 408 kvm sahəsi olan qeyri yaşayış sahəsi ona məxsusdur. O tez-tez obyektə gəlib baxış keçirmiş və nəzarət elmişdir. Həmin obyekt əvvəllər kafe kimi fəaliyyət göstərsə də təxminən 5-10 il olar ki, fəaliyyətini dayandırıb və hazırda bağlıdır. Bununla yanaşı 2021-ci ilini mart ayında həmin obyektdə təmir işlərinə başlamış, obyektdə təmir işləri aparmışdır. 16 avqust 2021-ci il tarixdə axşam saatlarında obyektə gəldiyi vaxt içəri girib görmüşdür ki, obyektin daxilində olan kabellər, otaqda olan su qızdırıcı, həyətdə projektorlar və müşahidə kameraları oğurlanıb. Müəyyən etmişdir ki, naməlum şəxslər obyektin arxa hissəsində yerləşən pəncərədən obyektə girərək onunobyektindən oğurluq etmişlər. 17 avqust 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş, bir qədər sonra Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ona 642 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olar ki, ünvan 9 ünvanın yaxınlığında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən obyektdə mühafizəçi işləyir. İşə səhər saat 09 radələrində gəlib, axşam saat 18 radələrində evə gedir. 2021-ci ilin təxminən iyul ayının axırlarında saat təxminən 18 radələrində işdə olan zaman əvvəllər tanıdığı Orxan adlı şəxs yanında bir nəfər tanımadığı şəxslə obyektə gələrək demişdir ki, onlarda kabel var, satırlar. O kabelləri neçəyə satdıqlarını soruşmuş, daha sonra 10 manata razılaşmışlar. Həmin şəxslər 10 manata kabelləri ona satmış, o, da həmin kabelləri obyektdə su matoruna qoşmuşdur. Kabel təxminən 10-15 metr olmuşdur. Kabelin oğurluq olmasını bilməmiş, sonradan bilmişdir ki, kabelləri gətirmiş şəxslər kabelləri oğurlamış, daha sonra isə ona satmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından ünvan 10 ünvanında yerləşən qarajları icarəyə götürüb metal qəbulu məntəqəsi kimi işlədir. Aldığı metal və dəmir materialdan olan əşyaları alıb Bakı şəhərində yerləşən zavoda satır. 2021-ci ilin iyul ayının axırlarında gündüz vaxtlarında işdə olan zaman əvvəllər Xətai rayonunda yerləşən Mənzil İstismar Sahəsində fəhlə işləyən Orxan adlı şəxs iş yerinə gələrək iki ədəd markasını bilmədiyi işləməyən drelləri satdığını bildirmişdir. O, da onun gətirdiyi iki ədəd işlək vəziyyətdə olmayan drelə baxıb 12 manat qiymət qoymuş, Orxan demişdir ki, həmin drelləri zibillikdən tapıb pul lazım olduğu üçün satır. O, Orxana 12 manat pul verib həmin 2 ədəd dreli ondan almış, Orxandan aldığı 1 ədəd dreli metal kimi zavoda təhvil vermiş, digər dreli isə iş yerində saxlamışdır ki, düzəltdirib isifadə edər. Sonradan Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları işlədiyi yerə gəlib həmin dreli ondan götürmüşlər. Həmin vaxt bilmişdir ki, Orxan ona satdığı 2 ədəd dreli hansısa mebel sexindən oğurlamışdır. Orxanın satdığı drellərin oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 29.07.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 11 ünvanına baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 8-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.16); şübhəli şəxsi tutma haqqında 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 iyul 2021-ci il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 18); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.48); vəsatətin müdafiə edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi haqqında 31.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək dərhal azad edilmiş, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 31.07.2021-ci il tarixli qərarı ləğv edilmişdir (cild 1, i.v. 59-61); şübhəli şəxsi tutma haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 sentyabr 2021-ci il tarixdə saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 84); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (cild 1, i.v. 95); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 08.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Xətai RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i.v.107); qətimkan tədbirinin seçilməsi haqqında 08.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.105); hadisə yerinə baxış keçirilməsi haqqında 18.09.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 12 ünvanına baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 121- 132); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18.09.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.135); təqdim edilmiş maddi sübuta baxış keçirilməsi və götürülməsi barədə 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 01 ədəd “Haina” markalı, 620 V-luq perforatoru istintaqa təqdim etmiş və perforator protokolla götürülərək istintaq materialına əlavə edilmişdir (cild 1, i.v.153); əşyanı tanınmaya təqdim etmə barədə 01.10.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 01 ədəd direli tanıyaraq ona məxsus mebel sexindən oğurlanan direl olduğunu bildirmişdir(cild 1, i.v.155-156); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 3/1541 №-li rəyindən görünür ki, təqdim edilmiş 1,2,3 «a» saylı daktiolentlərin səthindəki əl-barmaq izləri, 3, «b», 4 “a”, “b”, 5 saylı daktiolentlərin səthindəki yararlı papilyar naxış izləri 6 və 7 “a”, “b” saylı daktiolentlərin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,47, 8-24 saylı daktiolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar.Təqdim edilmiş 1 saylı daktiolentlərin səthindəki əlbarmaq izi X1 əlinin şəhadət barmağından qalmışdır (cild 1, i.v.159-171); təqdim edilmiş maddi sübuta baxış keçirilməsi və götürülməsi barədə 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-san rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabel protokolla götürülərək istintaq materialına əlavə edilmişdir (cild 1, i.v.181); əşyanı tanınmaya təqdim etmə barədə 23.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş ağ rəngli kabeli tanıyaraq ona məxsus obyektdən oğurlanan kabel olduğunu bildirmişdir (cild 1, i.v.182-183); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli 9/7742 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Haina” markalı, 620 V-luq perforatorun istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 20,0 manat müəyyən edilir. Həmin perforatorun işlək vəziyyətdə olub-olmaması ekspert əmtəəşünasın səlahiyyətlərinə aid deyil (cild 1, i.v.194-196); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli 6/5244-9/8441 №-li rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş ağ rəngli, rczinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabelin istifadədə olması nəzərə alınmaqla 1 metrinin orta bazar qiyməti təxminən 1,20 manat kimi müəyyən edilir (cild 1, i.v.200-204); ifadənin yerində yoxlanılması haqqında 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 33A ünvanında olan hadisə yerində yoxlanılaraq fotoşəkillər çəkilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.209-216); ifadənin yerində yoxlanılması haqqında 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 29E ünvanında olan hadisə yerində yoxlanılaraq fotoşəkillər çəkilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.217-227); ifadənin yerində yoxlanılması haqqında 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 33A ünvanında olan hadisə yerində yoxlanılaraq fotoşəkillər çəkilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.243-248); ifadənin yerində yoxlanılması haqqında 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 29E ünvanında olan hadisə yerində yoxlanılaraq fotoşəkillər çəkilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.249-251); sübutların qiymətləndirilməsi haqqında 15.12.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, cinayət işi üzrə maddi sübut 01 ədəd “Haina” markalı, 620 V-luq perforator, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabel maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi qərara alınmışdır (cild 2, i.v.1-8); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini etiraf etmiş və “ifadəmə əlavə yoxdur, ifadəmi oxudum düzdür, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 2, i.v. 41-42); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 20.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır(cild 2, i.v. 50-51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 20.12.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ACDİÜ AR Məhkəməsinin 02.10.2009-cu il tarixli hökmü ilə CM-nin 216-cı maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.07.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, i.v.51-54). Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslərlə barışmamışdır, onlara qarşı şikayəti var. Ona dəymiş ziyan ödənilmədiyindən məhkəmədən təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrində sözügedən oğurluq əməlini Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyini qeyd etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin dindirilməsi haqqında 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini etiraf etmiş və müdafiəçinin iştirakı ilə “ifadəmə əlavə yoxdur, ifadəmi oxudum düzdür, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır. Həmin dindirmə zamanı Təqsirləndirilən şəxs1 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etdiyini bildirmiş, həmin hadisəni təfərrüatları ilə təsvir etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi əməl CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəhid övladı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində olan ACDİÜ AR Məhkəməsinin 02.10.2009-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun əməlindən peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 oğlu CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut – 01 ədəd “Haina” markalı, 620 V-luq perforator, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabelin saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 311,11 (üç yüz on bir manat on bir qəpik) manat ekspertiza xərcinin 155.56 (yüz əlli beş manat əlli altı qəpik) manatı Təqsirləndirilən şəxs1, 155.55 (yüz əlli beş manat əlli beş qəpik) manatı isə Təqsirləndirilən şəxs2 oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəlri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.İş üzrə maddi sübut – 01 ədəd “Haina” markalı, 620 V-luq perforator, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 2 ədəd ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9 mm, damarların hər birinin diametri təxminən 3,37 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabelin saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 311,11 (üç yüz on bir manat on bir qəpik) manat ekspertiza xərcinin 155.56 (yüz əlli beş manat əlli altı qəpik) manatı Təqsirləndirilən şəxs1, 155.55 (yüz əlli beş manat əlli beş qəpik) manatı isə Təqsirləndirilən şəxs2 oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar