Məhkəmə qərarları › İş №1(011)-78/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-78/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-78/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə, Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin fevral ayının sonlarında özünə müraciəti ilə əlaqədar, sonuncuya özünün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı olmasını bildirib, onda özü barədə xüsusi inam və etibar formalaşdırdıqdan sonra, ona guya özünün istənilən şəxsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X2 Xidmətinə zabit qismində öz tanışları vasitəsi ilə işə qəbul etdirmək imkanına malik olmasını Bakı şəhəri, Heydər Əliyev prospekti 323 ünvanında yerləşən Bakı Olimpiya Stadionunun yaxınlığında görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar, Şahid1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, Şahid1 razılığını almaqla, sövdələşdikdən sonra, həmin adla 05 mart 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid2 məxsus “Toyota Prado” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini Şahid1 alıb, şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini ələ keçirib, ona xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar, Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2015-2020-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin İ şöbəsində mühafizəçi vəzifəsində işləmiş, öz xahişi ilə işdən azad olunmuş və həmin vaxtdan rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 dostu Cavidin əsgər yoldaşı Sərvan adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, Ruslanla ilk dəfə Bakı Olimpiya Stadionun yaxınlığında olan parkda görüşüb tanış olmuşlar. Söhbət zamanı o, özünü Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı kimi təqdim etmişdir. X5 Nazirliyinə işə qəbul olmaq istədiyini bildirərək, bu işdə ona köməklik etməyini xahiş etmişdir. O, Fövqəladə Hallar Nazirliyində əlaqələri olmasını deyərək, Ruslanı həmin Nazirliyin Kiçikhəcmli gəmilərə nəzarət idarəsinə zabit kimi işə düzəltmək imkanının olduğunu və həmin idarəyə işə düzəlməsi müqabilində 23.000 manat pul verməli olduğunu demişdir. Ruslan bu təkliflə razılaşdıqdan sonra, biri-birilərinin əlaqə nömrələrini götürüb oradan uzaqlaşmışlar. Həmin söhbətdən bir neçə gün sonra, Ruslan mobil telefonuna zəng edərək, işlə bağlı görüşüb söhbət etmək istədiyini demiş, o da razılaşmışdır. Bir qədər sonra, Nərimanov parkının yaxınlığında yerləşən restoranda Cavid, Sərvan, Ruslan, Ruslanın qardaşı Orxan və qohumu Sakit adlı şəxslə birlikdə görüşmüşlər. Söhbət zamanı bir daha əminliklə Ruslana onu işə düzəldə biləcəyini və alınmadığı təqdirdə, aldığı pulları tam geri qaytaracağını, həmçinin bu işə görə ona 1000-2000 manat pul qaldığından, 25.000 manat istədiyini bildirmişdir. Ruslan onun təklifini qəbul edib razılaşmışdır. Həmin görüşdən bir neçə gün sonra, 2021-ci ilin mart ayının əvvəlində Xətai rayonu ərazisində yerləşən “ASAN Xidmət”in qarşısında Ruslanla görüş təyin olunmuşdur. Görüşə dostu Cavidlə birlikdə getmişdir. İdarə etdiyi avtomobili park edib, “Toyota Prado” markalı maşına yaxınlaşaraq, həmin avtomobilin ön sərnişin yerində oturmuş, avtomobilin sükanı arxasında Ruslanın Sakit adlı qohumu, Ruslan isə arxa oturacaqda olmuşlar. Avtomobilə oturduqdan sonra, Ruslan ona 20, 50, 100 və 200 manatlıq əskinaslardan ibarət, ümumi tələb edilən 25.000 manat pulu təqdim etmişdir. O, pulu saydıqdan sonra, işin tezlikdə düzələcəyini bir daha Ruslan və Sakitə demişdir. Pulu sayıb götürdüyünü çöldə ön sərnişin qapısının yanında dayanan Sərvanla Cavid də görmüşlər. Həmçinin, Ruslan bütün bu prosesi onun razılığı ilə mobil telefonunun videokamerasına çəkmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Ruslanın mobil telefonuna zəng edib, ona işə düzəlmək üçün lazım olan sənədləri hazırlamasını və səhəri gün həmin sənədləri aparıb, “ağsaqqala” təqdim edəcəklərini demişdir. Ertəsi gün X5 Nazirliyinin Xətai rayonu ərazisində yerləşən idarəsinə gəlmişdir. Orada bir neçə il bundan əvvəl tanış olduğu və hal-hazırda yaxın tanışlıq münasibətlərində olduğu Novruz müəllimlə birlikdə Ruslanla görüşmüşdür. Söhbət zamanı Novruz müəllim Ruslanın gətirdiyi sənədlərlə tanış olub, sonuncuya çəkisinin çox olduğuna görə idmanla məşğul olmağı tövsiyə etmiş, turnikdən çəkinib, üzməyi bacarmalı olduğunu demiş, bundan sonra isə Ruslanla sağollaşıb oradan çıxıb getmişlər. Soyadını bilmədiyi Novruz adlı tanışının Fövqəladə Hallar Nazirliyində hansı vəzifədə işlədiyi barədə heç bir məlumatı olmamışdır. Aprel ayının sonlarında, X3 Nazirliyinin Biləcəridə yerləşən hospitalında işləyən Aqşin müəllimə yaxınlaşıb, orada tibbi müayinədən keçməli olduğunu demişdir. Aqşini şəxsən tanımamış və onun şəxsi məlumatlarını Novruzdan alıb Ruslana göndərmişdir. Ruslan müayinələrdən uğurla keçmiş və səhhətində hər hansı problem aşkarlanmamışdır. Lakin, bütün bunlardan sonra, Ruslanın işə düzəlmə məsələsi alınmamışdır. 2021-ci ilin iyul ayınadək Fövqəladə Hallar Nazirliyində işləyən tanışı Novruz vasitəsilə Şahid1 işə düzəldə bilməməsi səbəbindən, sonuncu ona barəsində aidiyyəti qurumlara şikayət edəcəyi bildirmiş, o, da öz növbəsində Ruslandan heç yerə şikayət etməməsini xahiş edərək, həmin aydan etibarən hissə-hissə olmaqla, 10.000 manat, sonra isə qalan 15.000 manatı tam olaraq Ruslana geri qaytarmış və sonuncuya heç bir borcu qalmamışdır. Həmçinin, Şahid1 işə düzəltmək üçün aldığı 25.000 manat puldan 7.000 manatını Fövqəladə Hallar Nazirliyində işləyən Novruz adlı şəxsə vermiş, Novruz isə 7.000 manatdan 2.000 manatını onda olan məlumata görə, həkim komissiyasına verməli idi, qalan 18.000 manatını isə özündə saxlayaraq, şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla belə, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə elan olunmuş ittihamı qəbul etmir. Belə ki, o, Şahid1 rüşvət verməyə təhrik etməklə bağlı hər hansı bir hərəkət etməmiş və belə bir niyyəti olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və vurulmuş ziyanı tam həcmdə Şahid1 ödədiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığından, 2020-ci ilin sonlarında iş yeri tapmaq məqsədilə, bir neçə tanışına, həmçinin dostu Sərvana müraciət etmişdir. Bundan bir neçə ay sonra, Sərvan ona birlikdə hərbi xidmətdə olmuş Cavid adlı şəxsin tanışı Turalın vasitəsilə işə düzələ biləcəyini demişdir. 2021-ci ilin fevral ayının sonlarında Sərvan ilə birlikdə ilk dəfə Cavid və Turalla Olimpiya stadionun yaxınlığında olan parkda görüşüb tanış olmuşdur. Söhbət zamanı, Tural adlı şəxs özünü Milli Qvardiyanın çavuşu kimi təqdim edib, Fövqəladə Hallar Nazirliyində yaxşı əlaqələri olduğunu, onu həmin Nazirliyin Kiçik həcmli gəmilərə nəzarət idarəsinə 23.000 manat pul müqabilində zabit qismində işə düzəldə biləcəyini bildirmiş və o, Turalın bu təklifini qəbul edib razılaşmışdır. Bundan sonra, qərara gəlmişdir ki, qohumu Şahid2la birlikdə Turalla görüşüb, iş məsələsini yenidən danışsınlar. 02 mart 2021-ci il tarixdə dostu Sərvan, qardaşı Orxan, qohumu Sakitlə birlikdə Nərimanov parkının yaxınlığında yerləşən restoranda Cavid və Turalla görüşmüşdür. Söhbət zamanı, Tural bir daha onları əmin edərək, dəfələrlə adamları işə düzəltdiyini, işləri alınmayanda pulları sahiblərinə tam qaytardığını demişdir. Tural bu işdə ona cəmi 1.000 manat qaldığını, ona görə də sərf etmədiyini, 25000 manat olarsa, işi həll edəcəyini bildirmişdir. Turalın bu təklifi ilə razılaşdıqdan sonra, özü ilə gətirdiyi hərbi bilet, attestat və diplomu sonuncuya təqdim etmiş, sonuncu isə həmin sənədlərə baxıb, surətlərinin lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra, yəni 05 mart 2021-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən “ASAN Xidmət”in qarşısında görüş təyin olunmuşdur. O, dostu Sərvan və qohumu Sakitlə birlikdə, sonuncuya məxsus “Toyota Prado” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin yerə getmişdir. Həmin vaxt Tural Cavidlə birlikdə onların maşınına yaxınlaşmışdır. Sərvan maşından düşmüş, Tural isə ön sərnişin oturacağına əyləşmişdir. X6 oturduğu ön sərnişin qapısının yanında yaxın məsafədə durmuş, sükan arxasında Sakit, özü isə arxa oturacaqda əyləşmişdir. Sakit 20, 50, 100 və 200 manatlıq əskinaslardan ibarət 25.000 manatı Turala təqdim etmişdir. Tural həmin məbləği saydıqdan sonra, işin tezliklə düzələcəyinə bir daha vəd vermişdir. Turalın pulları sayıb götürdüyünü çöldə ön sərnişin qapısının yanında dayanan Sərvanla Cavid də görmüş, özü isə bütün bu prosesi Turalın razılığı ilə mobil telefonunun videokamerasına çəkmişdir. Pulu Turala verdikdən sonra çıxıb getmişlər. Tural 2021-ci ilin aprel ayının əvvəllərində mobil telefonuna zəng edərək, ona işə düzəlmək üçün lazım olan sənədləri hazırlamasını və səhəri gün həmin sənədləri aparıb “ağsaqqala” təqdim edəcəklərini demişdir. Bu danışıqdan sonra, ertəsi gün Fövqəladə Hallar Nazirliyinin Xətai rayonu ərazisində yerləşən idarəsinə getmiş və ora çatanda Turalı yanında 40-45 yaşlarında, qarayanız bir kişi ilə dayandığını görmüşdür. Onlara yaxınlaşıb salamlaşdıqdan sonra, Tural həmin şəxsi Novruz müəllim kimi təqdim edərək, işin həll olunmasında Novruzun köməklik göstərəcəyini bildirmişdir. Gətirdiyi sənədlərin surətlərini və əsillərini Novruz müəllimə təqdim etmiş, Novruz isə sənədlərə baxdıqdan sonra, ona idman hazırlıqlarına başlamasını tövsiyə etmişdir. Onlarla bir neçə dəqiqə söhbət etdikdən sonra, sağollaşıb oradan uzaqlaşmışdır. Həmin görüşdən bir neçə həftə sonra, aprel ayının 20-də Tural ona zəng edib, Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən hospitalında işləyən Aqşin müəllimə yaxınlaşıb, orada müayinə olunacağını demişdir. Ertəsi gün həmin hospitala gedib, Aqşinlə görüşmüş, sonuncu onu hospitalın birinci mərtəbəsində analiz otağına aparmış, orada onun qolundan qan götürülmüş, analiz verdikdən sonra Aqşinlə sağollaşıb çıxıb getmişdir. Lakin, bundan bir neçə həftə keçməsinə baxmayaraq, işi düzəlməmiş, Turalla əlaqə saxladığı vaxt, sonuncu hər dəfə işlərin yaxşı olduğunu demiş, hətta Novruz müəllimin səs yazılarını ona göndərmişdir. Uzun zaman keçməsinə baxmayaraq, Tural onun iş məsələsini həll etmədiyindən, pulunu geri tələb etmiş, lakin sonuncu onun bu tələbini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən aidiyyəti qurumlara şikayət edəcəyini dedikdən sonra, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayından başlayaraq hissə-hissə olmaqla, cəmi 10.000 manat, prokurorluğa etdiyi şikayətdən sonra isə qalan 15.000 manat olmaqla, cəmi 25.000 manat pulunu tam olaraq qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2006-cı ildə o, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəlmiş və həmin nazirlikdə sürücü vəzifəsində işləyir. Şahid1 tanıyır, həmin şəxs ilə 2021 ilin aprel-may aylarında tanışı Təqsirləndirilən şəxs vasitəsilə Xətai rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin qarşısında görüşüb tanış olmuşdur. Görüş zamanı, Tural tanışları vasitəsilə X4 Nazirliyinin Xətai rayonundakı idarəsinə işə düzəltmək məqsədilə, lazım olan sənədləri hazırlayıb, aidiyyəti adamlara verdiyini demişdir. Bu səbəbdən də, Ruslanın işinin nə yerdə olması barədə Xətaidəki idarədən maraqlanıb məlumat verməyi ondan xahiş etmişdir. Bu hadisədən bir neçə gün sonra Ruslanın işə düzəlib-düzəlməməsi barədə İdarədən maraqlandığı vaxt, sonuncunun sənədlərinin İdarədən qeydiyyatdan keçmədiyini və işə düzəlmək üçün sənədlərin Nazirliyə təqdim edilməsinin lazım olduğunu öyrənib, bu haqda məlumatı zəng edib Turala bildirmişdir. Həmin gün axşam Nərimanov parkında Turalla görüşüb söhbət etdiyi vaxt, sonuncu artıq Ruslanın iş məsələsini adamları vasitəsilə həll etdiyinə görə şirinlik kimi ona 100 manat əskinaslardan ibarət, ümumilikdə 2.000 manat pul vermiş və imkan olarsa, yenidən Nazirliyin kadrlar idarəsindən bu barədə dəqiq məlumat öyrənib bildirməyi xahiş etmişdir. O da, 2000 manat pul vəsaitini götürərək, Nazirlikdə kadrlarla bu barədə maraqlanacağını demişdir. 2021-ci ilin aprel ayının sonlarında Tural bir daha iş məsələsi ilə əlaqədar zəng edib, Ruslanın Biləcəridə yerləşən həkim komissiyasından keçməli olduğunu demişdir. Orada tanıdığı birinin olub-olmamasını soruşmuş, cavabında Aqşin adlı tanışının hospitalda işlədiyini Turala bildirmişdir. Sonuncunun xahişi ilə əlaqədar, Aqşinlə danışıb vəziyyəti ona izah etmiş, bundan sonra Turala zəng edib, Aqşinin mobil nömrəsini vermişdir. 2021-ci ilin iyul ayının ortalarında Ruslan ona zəng edib, Turalın onu aldatdığını, pulunu alıb, amma işə düzəldə bilmədiyini demiş, bu səbəbdən də görüşüb söhbət etməyi xahiş etmişdir. Həmin gün Ruslan və onun qohumu Sakit adlı şəxslə Fövqəladə Hallar Nazirliyinin qarşısında görüşmüşdür. Söhbət zamanı ona məlum olmuşdur ki, Tural Ruslandan işə düzəltmək adı ilə 25.000 manat məbləğində pul alıb və deyib ki, pul Novruza çatıbdır. O, Ruslan və Sakitə ona Tural tərəfindən cəmi 2.000 manat pul verildiyini, həmin pulu da “şirinlik” olaraq verdiyi, onun kimisə işə düzəltmək imkanına malik olmadığını və heç vaxt kimisə nə Fövqəladə Hallar Nazirliyinə, nə də ki, başqa dövlət orqanlarına işə düzəltməklə məşğul olmadığını bildirmişdir. Bundan bir neçə saat sonra, Turalla Nazirliyin qarşısında görüşüb, Ruslan və Sakitlə arasında olan söhbəti Turala danışmış və sonuncuya nə üçün adından istifadə edərək, camaatı aldadıb pul almasını soruşmuş, “şirinlik” kimi aldığı 2.000 manat pulu Turala geri qaytarıb, onu belə axmaq işlərə qatmamağı bildirmişdir. Həmçinin, guya Təqsirləndirilən şəxs Şahid1 aldığı 25.000 manat pulun 7.000 manatını ona verməsi və həmin məbləğin 2.000 manatını onun tərəfindən Fövqəladə Hallar Nazirliyinin hospitalında olan həkim komissiyasına çatdırılması həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs bu barədə yalan ifadə vermişdir. O, heç vaxt heç kimdən hansısa dövlət orqanlarına və ya işlədiyi Nazirliyə işə düzəltmək üçün pul almamışdır. İş üzrə şahidlər Şahid3, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda, həmin şəxslər məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında iştirak etməmələrinin üzrlü hesab olunmasını xahiş edib, ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, Şahid1la Bakı şəhərində keçirilən avtomobil sərgilərinin birində təsadüfən tanış olmuş, həmin vaxtdan Ruslanla dostluq etmiş, bir-birilərin evinə gediş-gəlişləri yaranmışdır. 2020-ci ilin sonlarında dostu Ruslan işə düzəlmək üçün ona müraciət etmiş və o, Ruslana elə bir imkanın olmadığını, olarsa mütləq xəbər edəcəyini demişdir. Bu söhbətdən təxminən 45-50 gün sonra, əsgər yoldaşı Şahid4 mobil telefonuna zəng etdiyi vaxt, sonuncuya Ruslan adlı dostunun işsiz olması səbəbindən ona müraciət etdiyini bildirmiş və bu məsələnin həlli ilə bağlı tanışının olub-olmamasını soruşmuşdur. Cavid cavabında Tural adlı tanışının Fövqəladə Hallar Nazirliyində yaxşı əlaqələrə malik olduğunu, bu əlaqələri vasitəsi ilə Ruslanı həmin Nazirliyə işə düzəldə biləcəyini demişdir. Bir neçə gündən sonra, Cavid yenidən zəng edib, Turalla bu barədə danışdığını və ehtiyac olarsa, Ruslanla görüşüb ətraflı söhbət edə biləcəyini demişdir. Bundan sonra, bu barədə Ruslana demiş və Ruslan Turalın bu təklifini qəbul etdikdən sonra, Ruslanla birlikdə 28 fevral 2021-ci il tarixdə Bakı Olimpiya stadionun yaxınlığındakı parkda iş məsələsi ilə bağlı Cavid və Turalla görüşmüşlər. Söhbət zamanı, Tural adlı şəxs özünü Milli Qvardiyanın çavuşu kimi təqdim edib, Fövqəladə Hallar Nazirliyində yaxşı əlaqələri olduğunu, Ruslanı həmin Nazirliyin Kiçik həcmli gəmilərə nəzarət idarəsinə 23.000 manat pul müqabilində zabit qismində işə düzəldə biləcəyini bildirmiş, Ruslan isə həmin vaxt Turalın bu təklifini qəbul edib razılaşmışdır. 02 mart 2021-ci il tarixdə dostu Ruslan, Ruslanın qardaşı Orxan, qohumu Sakit adlı şəxslə birlikdə Nərimanov parkının yaxınlığında yerləşən restoranda Cavid və Turalla yenidən görüşmüşlər. Söhbət zamanı, Tural bir daha onları əmin edərək, dəfələrlə adamları işə düzəltdiyini, işləri alınmayanda pulu sahiblərinə tam qaytardığını demişdir. Ruslan Turalın bu təklifi ilə razılaşmış, sonuncu bu işdə ona cəmi 1.000 manat pul qaldığını, ona görə də sərf etmədiyini, 25.000 manat olarsa işi həll edəcəyini bildirmişdir. Ruslan Turalın bu təklifini də qəbul edərək, özü ilə gətirdiyi hərbi bilet, attestat və diplomu sonuncuya təqdim etmişdir. Tural həmin sənədlərə baxıb, surətlərinin lazım olduğunu bildirmişdir. 05 mart 2021-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən “ASAN Xidmət”in qarşısında pul verilməsi üçün görüş təyin olunmuşdur. O, dostu Ruslan və Ruslanın qohumu Sakitlə birlikdə sonuncuya məxsus “Toyota Prado” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həmin yerə getmişdir. Tural Cavidlə birlikdə gəlib, onların maşınına yaxınlaşmışdır. Həmin vaxt o, maşından düşmüş, Tural isə ön sərnişin oturacağına əyləşmişdir. Cavidlə birlikdə Turalın oturduğu ön sərnişin qapısının yanında yaxın məsafədə durmuş, sükan arxasında Sakit, Ruslan isə arxa oturacaqda əyləşmişdir. Ruslan tələb edilən 25.000 manatı Turala təqdim etmiş, sonuncu həmin məbləği sayıb götürmüş və işin tezlikdə düzələcəyinə bir daha vəd vermişdir. O, Turalın pulu necə sayıb götürdüyünü görmüş, Ruslan isə bütün bu prosesi Turalın razılığı ilə mobil telefonunun videokamerasına çəkmişdir. Tural pul vəsaitini aldıqdan sonra çıxıb getmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Ruslan ona zəng edib, Turalın iş məsələsini həll etməkdən boyun qaçırıb onu aldatdığını, may ayında işə çıxacağına söz verdiyi halda, hələ də işinin düzəlmədiyini demişdir. Həmin gün o, Ruslanla görüşüb vəziyyəti ətraflı öyrəndikdən sonra, Turalın mobil telefonuna zəng edib, Ruslanın işini soruşmuş, Tural isə cavabında səbirli olmağı və işin düzəlmək ərəfəsində olduğunu demişdir. Həmin vaxt Turala Ruslan və ailəsinin pulu geri qaytarmağı tələb etməsini bildirmiş və təxminən 20 dəqiqəlik söhbətdən sonra Tural onunla razılaşıb, qısa zamanda pulu tam şəkildə Ruslana geri qaytaracağına söz vermişdir. İyul-avqust aylarında Tural Ruslandan aldığı 25.000 manat pulu hissə-hissə geri qaytarmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 göstərmişdir ki, 2014-cü ili iyun ayından Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində gizir rütbəsində mühafizəçi vəzifəsində işləyir. Şahid1 tanıyır, onunla aralarında hər hansı düşmənçilik və ya şəxsi ədavəti yoxdur. Belə ki, Ruslanla onu 2021-ci ilin təxminən aprel ayının sonlarında Nazirlikdə sürücü işləyən Novruz müəllim tanış etmişdir. Belə ki, Novruz həmin vaxt onun mobil telefonuna zəng edib, Ruslan adında bir nəfərin işə düzəlmək üçün Hospitala gəlib, həkim müayinəsindən keçməli olduğunu və imkan daxilində Ruslana bu işdə kömək etməyi xahiş etdiyini demişdir. Cavabında Novruza heç bir problem olmadığını və deyilən adama lazımi kömək edəcəyini bildirmişdir. Səhəri gün qeydiyyat şöbəsində işləyən qızlar zəng edib, bir nəfərin onu soruşması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra, qeydiyyata yaxınlaşanda, şöbənin qarşısında 20-25 yaşlarında bir cavan oğlan olduğunu görmüş, ona özünü Novruz müəllimin dediyi adamın olmasını bildirmiş, tanışlıq vaxtı həmin şəxsin adının Ruslan olduğunu öyrənmişdir. Bundan sonra, Ruslana qan analizi verməsi üçün köməklik etmişdir. Ruslana yardım etdiyi vaxt onun hara işə düzəlməsi barədə heç nə soruşmamış, sonuncu da bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid7 göstərmişdir ki, 2008-ci ildən Fövqəladə Hallar Nazirliyində xidmətə başlayaraq, müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci ilin mart ayından Tibb mərkəzinin kadrlar üzrə zabiti vəzifəsindədir və 2021-ci ilin fevral ayından Tibb mərkəzi rəisinin müvafiq əmri ilə Mərkəzin Maddi texniki təminat şöbəsinin Mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edir. Həmin bölmənin tabeçiliyində təxminən 18 nəfərdən ibarət gizir rütbəsində əməkdaş vardır. Onun əsas vəzifəsi günün nizam qaydalarına uyğun olaraq növbəyə çıxan əməkdaşları təlimatlandırmaq, Mərkəzdə olan avadanlıqların təhlükəsizliyinin təmin olunması üçün ümumi işi təşkil etmək və s. ibarətdir. Şahid1 tanımır. Şahid6 isə Mərkəzin Maddi texniki təminat şöbəsinin Mühafizə işinin təşkili bölməsində gizir rütbəsində, mütəxəssis vəzifəsində işləyir. Bundan əlavə, Nazirliyə işə düzəlmək istəyən şəxslərin adətən göndəriş əsasında Xüsusi həkim ekspertiza komissiyasında müayinədən keçdiklərini, komissiyanın göstərişi əsasında əlavə diaqnostik müayinələrə ehtiyac olduğu zaman, Tibb mərkəzinin həkim heyəti tərəfindən müayinələrin ödənişli əsaslarla həyata keçirildiyini, həmçinin Fövqəladə Hallar Nazirliyinin 08 oktyabr 2018-ci il tarixli əmrindən sonra, Tibb mərkəzinə müalicə və müayinə olunmaq məqsədilə mülki vətəndaşların da müraciət etdiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 təqdim etdiyi diskə baxış keçirilmişdir. Təqdim olunmuş diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin yaxınlığında, ehtimalla “Toyota Prado” markalı avtomobilin ön sərnişin oturacağında əyləşib pul saydığı görünür. Videogörüntüdə Təqsirləndirilən şəxs 25.000 manat pulu 50, 100 və 200 manatlıq əskinasları saydıqdan sonra, məsələnin üç ay ərzində həll olunacağına dair vədlər verir və pulu polietilen torbaya qoyduqdan sonra, özü ilə götürür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şahid1 ümumilikdə 25.000 manat pulu götürməsi görüntülərini əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid5 əməlində cinayət tərkibi müəyyən etmək mümkün olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin, Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilmiş və o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş materiallarından görünür ki, 17 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir uşağı vardır. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü nümunəvi bir əməkdaş kimi göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, “törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun”. Həmçinin, həmin qərarda qeyd olunur ki, “özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda, təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə, sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə, onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq, pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə, onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir”. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, himayəsində azyaşlı uşağın olmasını və sabiq hərbi qulluqçu kimi xidmət etdiyi qurum tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24 iyun 2022-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs Şahid1 ümumilikdə 25.000 manat pulu götürməsi görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 56 (əlli altı) gün həbsdə saxlanıldığı müddət 112 (bir yüz on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs Hacəxələf oğlunun üzərinə yaşayış yerini saat 23:00dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs Şahid1 ümumilikdə 25.000 manat pulu götürməsi görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar