Məhkəmə qərarları › İş №1(011)-78/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-78/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-78/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 34, mənzil 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən mənzilin giriş qapısını özü ilə gətirdiyi açardan istifadə edərək açarseçmə yolu ilə qanunsuz içəri daxil olub mənzilin mətbəx otağından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 30 manat dəyərində “Panasonic” markalı ev telefonu, 01 ədəd 45 manat dəyərində “TP-LİNK” markalı modern aparatı və 01 ədəd 200 manat dəyərində 24 litr tutumlu “ARCELİK” markalı su qızdırıcı sistemi gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 275 (iki yüz yetmiş beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən xx.xx.2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 34, mənzil 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən mənzilin giriş qapısını özü ilə gətirdiyi açardan istifadə edərək açarseçmə yolu ilə qanunsuz içəri daxil olub mənzilin mətbəx otağından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 890 manat dəyərində 8 kq tutumlu, boz rəngli “LG” markalı paltaryuyan aparatını gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 890 (səkkiz yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, nömrəsiz evdə anası X3, atası X2, həyat yoldaşı X6, oğlu 2008-ci il təvəllüdlü X4 və qızı 2011-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə günorta radələrində yaşadığı ünvanın yaxınlığında ünvan 4 2-ci mərtəbəsində sol tərəfdə yerləşən taxta qapıdan olan evin giriş qapısına nəzər yetirdikdə müəyyən etmişdir ki, həmin mənzildə yaşayış yoxdur. Mənzilin giriş qapısına yaxınlaşmış və üzərində olan açarlar ilə qapını açmağa cəhd etmişdir. Üzərində olan açarla bir neçə dəfə cəhd etdikdən sonra qapını açmağa nail olmuşdur. Mənzilə daxil olduqdan sonra stolun üzərində olan 01 ədəd ev telelefonu və 01 ədəd “TP LİNK” markalı modern aparatını götürmüş və həmin mənzildə tapdığı ağ rəngli sellfona qoymuşdur. Bundan sonra həmin otaqda olan balaca su qızdırıcı sistemi də götürmüşdür. Əşyaları götürdükdən sonra mənzilin qapısını kilidləyib, “8 KM” bazarına getmişdir. Həmin bazarda əşyaları ümumilikdə 45 manata tanımadığı şəxsə satmışdır. Həmin əldə etdiyi pulla şəxsi tələbatlarını ödəmək üçün istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə günorta radələrində yenə də həmin ünvana oğurluq etmək üçün gəlmiş və mətbəx otağında “LG” markalı paltaryuyan aparatını görmüşdür. Həmin paltaryuyan aparatını oğurlamaq qərarına gəlmişdir. Paltaryuyan ağır olduğundan Babək prospektinə çıxaraq yolun kənarında keçən taksilərdən birini saxlamışdır. Həmin taksidən xahiş etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 34, mənzil 9 ünvanında yaşayır və həmin mənzildə ona məxsus paltaryuyan maşınını kömək edərək Bakı şəhəri, Nizami rayonunda yerləşən “8 KM” bazarına aparsınlar. Həmin taksi vasitəsi ilə qeyd olunan binanın qarşısına gəlmişdir. İlkin olaraq o, binanın ikinci mərtəbəsinə qalxmış və qeyd olunan mənzilin qapısını yenə də əvvəlki kimi üzərində olan açar vasitəsi ilə açmışdır. Sonra həmin taksi sürücüsünü də çağırmışdır ki, həmin paltaryuyan aparatını avtomobilə daşımaqda ona köməklik etsin. Həmin şəxs də onun xahişini qəbul etmiş və onlar birlikdə paltaryuyan aparatını mənzildən çıxarmış və o, mənzilin qapısını yenidən kilidləyib, taksi sürücüsü ilə birlikdə paltaryuyan aparatını avtomobilə yerləşdirmişlər. Bundan sonra “8 KM” bazarına getmişdir. Bazara çatdıqda həmin bazarın yolun kənar hissəsində yerləşən paltaryuyan aparatının satışı və təmiri olan dükanlardan birində taksini saxlamağını istəmişdir. Bundan sonra əvvəlcədən razılaşma əsasında taksi sürücsünə 20 manat pul vermişdir. Daha sonra taksi sürücüsü ona kömək edərək paltaryuyan aparatını taksinin baqaj hissəsindən düşürmüşdür. Bundan sonra həmin dükana yaxınlaşmış və 300 manata paltaryuyan aparatı satdığını bildirmişdir. Həmin dükanda işləyən və adını sonradan Niyaməddin bildiyi şəxs ona həmin paltaryuyan aparatını 210 manata ala biləcəyini bildirmişdir. O da razılaşaraq, həmin paltaryuyan aparatını 210 manata satmışdır. O, həmin ünvanı taksi sürücüsünə öz mənzili olduğunu bildirmişdir. Ona görə taksi sürücüsü onun oğurluq etməyi barədə məlumatı olmamışdır. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətlərinin olmamasını, iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü ailə qurmaq ərəfəsində olduğu üçün özünə məxsus ünvan 5 ünvanında bir müddətdir ki, yaşamamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər radələrində yaşadığı ünvana gələrək evi yoxlamışdır. Həmin zaman yaşadığı ünvanda yerləşən mətbəx otağında ona məxsus “Arcelik” markalı suqızdırıcı sistemi, “TP-LİNK” markalı moderni və “Panasonic” markalı ev telefonunun yerində olmadığını aşkar etmişdir. Lakin o, rəsmi olaraq polis orqanına müraciət etməmiş və ona məxsus mənzildən çıxıb qapını yenidən kilitləyib getmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvana gəldikdə girişdə ona məxsus 8 kq-lıq, boz rəngli “LG” markalı paltaryuyan aparatının oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal ərazinin polis şöbəsi olan 37-ci Polis Şöbəsinə yaxınlaşaraq baş vermiş oğurluq cinayəti barədə müraciət etmişdir. Yaşadığı mənzildə baş vermiş cinayət hadisəsi zamanı 01 ədəd 890 manat dəyərində 8 kq-lıq, boz rəngli “LG” markalı paltaryuyan aparatı, 01 ədəd 200 manat dəyərində “Arcelik” markalı su qızdırıcısı sistem, 01 ədəd 45 manat dəyərində “TP-LİNK” markalı modern və 01 ədəd 30 manat dəyərində “Panasonic” ev telefonu oğurlanaraq ona ümumilikdə 1165 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin anası tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Şahid təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə verərək işin yuxarıda tədqiq edilmiş xüsusatlarını bir daha təsdiq edərək Təqsirləndirilən şəxs 8 kq-lıq, boz rəngli “LG” markalı paltaryuyan aparatının 210 manat müqabilində almasını və iki gün sonra tanımadığı müştəriyə 240 manat müqabilində satmasını təsdiq etmişdir. İş materialında olan (iş vərəqi 85) Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokolundan görünür ki, o, ifadəsində qeyd olunan ünvan 6 ünvanda yerləşən mənzilə qanunsuz daxil olub, gizli olaraq Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Panasonic” markalı ev telefonu, 01 ədəd “TP-LİNK” markalı modern aparatı, 01 ədəd “ARCELİK” markalı su qızdırıcı sistem və 01 ədəd “LG” markalı paltaryuyan aparatını oğurladığı yeri göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi oğurlanmış əşyaların satış qaiməsindən görünür ki, 01 ədəd “LG” markalı paltaryuyan aparatının 890 manat, 01 ədəd “Arcelik” markalı su qızdırıcı sistemi 200 manat, 01 ədəd “TP-Link” modern aparatı 45 manat və 01 ədəd “Panasonic” markalı ev telefonu 30 manatdır. İş materialında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1383 saylı rəyindən məlum olur ki, təqdim edilmiş silindrik mexanizmin açar yuvasının giriş səthində, daxili mexanizminin detalları üzərində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər (zədələr) aşkar edilməmişdir. Təqdim edilmiş silindrik mexanizmin tədqiqata təqdim edilmiş açarla və ya onlara dəqiq uyğunlaşdırılmış açarlarla, həmçinin, kilidaçanla iz yaratmadan açılıb-bağlanması mümkündür. İş materialında olan 05 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, iş üzrə 01 ədəd qıfılın silindrik mexanizmi və 01 ədəd üzərində “AKKPES” yazısı həkk edilmiş açar maddi sübut kimi tanınmışdır. 01 ədəd qıfılın silindrik mexanizmi Zərərçəkmiş şəxs saxlanılması üçün qaytarılmışdır. 01 ədəd üzərində “AKKPES” yazısı həkk edilmiş açar Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd oğurlanmış əşyaların satış qaiməsi iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 23 avqust 2022-ci il tarixdə tutulmuşdur. İş vərəqi 93-də olan Xətai rayon prokurorunu əvəz edən Şükran Məmmədovun vəsatətin müdafiəsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal həsdən azad edilmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimatın təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Xətai RPİ 37-ci Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq Xətai RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixidə tutularaq Bakı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2006-ci il təvəllüdlü X5 adlı 2 uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etiraflı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs saxlanc yerinə təkrar qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş 01 ədəd qıfılın silindrik mexanizmi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “AKKPES” yazısı həkk edilmiş açar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd oğurlanmış əşyaların satış qaiməsi maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 06 (altı) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş 01 ədəd qıfılın silindrik mexanizmi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “AKKPES” yazısı həkk edilmiş açar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi maddi sübut kimi tanınmış 01 ədəd oğurlanmış əşyaların satış qaiməsi iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar