Məhkəmə qərarları › İş №1(011)-79/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-79/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-79/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, A.Səhhət küçəsində yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən “Nərmin” Ticarət mərkəzinin qarşısında dayanmış velosipedin üzərinə quraşdırılmış sonuncuya məxsus üzərində hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 10 manat qiymətində ***-***-**-** və ***-***-**-** “Azercell” və "xxxx" MMC-yə məxsus mobil nömrələr, 1800 manat dəyərində 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli, **********46345 və **********22062 İMEİ kodlu telefonu Zərərçəkmiş şəxs başının qarışmasından istifadə edərək Şahid2 velosipedin üzərindən götürüb gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1810 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 iyun 2021-ci il tarixində Kürdəmir rayonundan Bakı şəhərinə işləmək üçün gəlmişdir. Bakıda Taleh adlı şəxsi tanımışdır. Taleh onunla birgə qalmasa da, onlar birlikdə işləmişlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində qaldığı parka çörək alıb Talehlə birlikdə getmişdir. Taleh ilə hərəkətdə olan zaman “Nərmin” ticarət mərkəzinin qarşısında velosipedin olduğunu görmüşlər. Həmin velosipedin üzərində quraşdırılmış telefon olduğunu görmüşlər. Aralarında olan razılaşmaya əsasən o, Talehi ətrafdan heç kəsin görmədiyindən əmin olmalı, Taleh isə velosipedin üzərindən telefonu götürməli olmuşdur. O, ətrafa nəzər yetirməyə başlamış, həmin vaxtı Taleh də onu heç kəsin görmədiyindən əmin olduqdan sonra velosipedin üzərinə quraşdırılmış İphone 12 pro max markalı mobil telefonu oğurlamışdır. Daha sonra ona yaxınlaşıb telefonu oğurladığını bildirdikdən sonra onlar oradan uzaqlaşmışlar. Taleh ilə razılaşmalarına əsasən telefonu satmağa qərarlaşdırmışlar. Onlar birlikdə Xalqlar Metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına yaxınlaşaraq telefonu 1500 manat müqabilində satmışlar. Həmin puldan Taleh ona 35 manat vermişdir. Daha sonra əməlindən peşman olduğunu, 03 azyaşlı uşağının olmasını, ilk dəfə belə bir əməl tutduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmişlə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində axşam radələrində özünə məxsus velosipedlə Əhmədli qəsəbəsində gəzintiyə çıxmışdır. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ilə hərəkət edərkən Sarayevo küçəsi ilə kəsişmədə ağ rəngli “Daewoo” markalı avtomobilin sürücüsü ona kobud formada velosipedi yolun kənarı ilə sürməli olduğunu demişdir. O, sürücüyə əvvəlcə reaksiya vermək istəməsə də, sürücünün daha da kobudlaşdığını görüb dayanmışdır. Həmin şəxs orada olan “Nərmin” ticarət mərkəzinin qarşısında avtomobilini saxlayıb yanına gəlmişdir. O, sürücü ilə kənara çəkilmiş və öz velosipedini “Nərmin” ticarət mərkəzinin qarşısında saxlamışdır. Təxminən 5 dəqiqə kənarda həmin şəxslə söhbət etmişdir. Bundan sonra velosipedinə yaxınlaşmış və velosipedin üzərində saxladığı özünə məxsus “İphone 12 Pro Max” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Dərhal DİN-nin 102 zəng xidmətinə telefonunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Nəticədə ona ümumilikdə 1810 manat ziyan dəymişdir. Bir müddət sonra istintaq tərəfindən telefonu oğurlayan şəxslər tutulmuş və telefon maddi sübut kimi tanındıqdan sonra istifadəsinə qaytarılmışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq şahidin iştirakı olmadan onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti Xalqlar metrostansiyasının Şimal Şərq çıxışında yerləşən telefon dükanında çalışır. İş prinsiplərinə əsasən müştərilərdən alqı-satqı yolu ilə telefon əşyaları qəbul edir. Alqı satqı zamanı müştərilərdən hər hansısa bir telefon əşyaları alan zaman həmin şəxsin öz xətti ilə bir ədəd kağıza telefonun özünə məxsus olması barədə qeyd yazdırır. Daha sonra həmin şəxs sənədə öz imzasını çəkir və alqı-satqı edilən tarixi qeyd edir və kağızın üst hissəsinə alqı satqı edən şəxsin şəxsiyyət vəsiqəsinin surətini əlavə edir. Şahid2 adlı şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Sadəcə həmin şəxsi o, işlətdiyi telefon mağazasına telefon satan zaman tanımışdır. Bir dəfə həmin şəxsi 01 avqust 2021ci il tarixdə İphone 12 Pro Max markalı telefon gətirərək həmin telefonu satmaq istədiyini bildirdiyinə görə tanımışdır. O, həmin şəxslə söhbət etdikdən sonra Şahid2 adlı şəxsdən həmin telefonu 1500 manat müqabilində ala biləcəyini bildirmişdir. Şahid2 də həmin telefonu 1500 manat müqabilində alqı satqı edilməsi barədə razılaşmışdır. Bundan sonra o, adəti üzrə telefonu Talehdən alqı satqı eden zaman bir ədəd ağ kağızı Şahid2 təqdim etmişdir. Şahid2 da həmin ağ kağız parçasının üzərinə satdığı telefonun özünə məxsus olması barədə qeyd apardıqdan sonra həmin kağızın üzərinə alqı satqı aparılan tarixi yazaraq öz imzasını çəkmişdir. 04 avqust 2021-ci il tarixdə polis əməkdaşları o, işlətdiyi telefon mağazasına yaxınlaşıb Talehin onun dükanına satdığı telefonun cinayət yolu ilə əldə edildiyini bildirmişlər. O da alqı satqı zamanı kağız tərtib etdiyi üçün dükanda axtarış etmiş və həqiqətən də Talehin ona telefon satan zaman tərtib edilmiş kağızı tapmışdır. Daha sonra həmin kağızı və aldığı telefonu istintaqa təqdim etmişdir. İş üzrə Şahid2 ifadəsi elan edərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ifadəsinə oxşar ifadə vermişdir. Elan edilmiş ifadələr ziddiyət təşkil etməmiş və işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli könüllü təqdim etmə protokolundan məlum olur ki, Şahid1 hal şahidlərinin iştirakı ilə Şahid2 ona satdığı 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli, **********46345 və **********22062 İMEİ kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefonu və alış zamanı tərtib edilmiş üzərində şəxsiyyət vəsiqəsinin surəti və yazılar olan bir ədəd A4 formatlı kağızı istintaqa təqdim etmişdir. İş üzrə Şahid1 xx.xx.2021-ci il tarixdə Şahid2 ona məxsus dükanda satan zaman tərtib edilmiş alqı satqı kağızının surəti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli, **********46345 və **********22062 İMEİ kodlu plastmas- metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefonu işlənmə dərəcəsindən və rəngindən tanımış və ona məxsus olmasını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 9/6049 nömrəli rəyindən məlum olur ki, 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1800,00 manat müəyyən olunur. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. İş vərəqi 214-də olan qəbzdən məlum olur ki, Zərərçəkmiş şəxs 1 ədəd 128 GB yaddaş tutumlu, “İphone 12 Pro Max” markalı, “MGC33ZA/A” modelli mobil telefonu müstəntiqdən təhvil almışdır. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videonun 2 dəqiqə 13-cü saniyəsində yolun ortasında bir nəfər piyadanın ağ rəngli avtomobildə əyləşmiş sürücü ilə söhbət etdiyi görünür. Videonun 3-cü dəqiqəsində piyada və avtomobildə əyləşmiş sürücü yolun kənarına doğru irəliləyir və şəxs avtomobildən düşərək piyadaya doğru gəlir. Daha sonra isə piyada özünə məxsus olan velosipedi götürərək həmin ağ rəngli avtomobilin yanında saxlayaraq avtomobildən kənarlaşaraq bir biriləri ilə söhbət edirlər. Videonun 3 dəqiqə 15-ci saniyəsində yolun kənarında dayanmış iki nəfər şəxs sahibsiz qalmış velosipedə yaxınlaşaraq ona nəzər yetirdikdən sonra həmin şəxslərdən biri velosipedin yanından kənarlaşır, digər şəxs isə velosipedi götürərək yolun sağına, yəni kənara doğru aparır. Velosiepedin yanında dayanmış şəxs velosipedin üzərində quraşdırılmış hər hansısa əşyanı götürüb digər şəxsə yaxınlaşaraq nəsə bildirir. Daha sonra isə həmin şəxslər oradan uzaqlaşaraq qaçır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Daxili İşlər Nazirliyinin X1 Xidmətindən daxil olmuş disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (i.v. 110) qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdır. İş vərəqi 206-da olan xx.xx.2021-ci il tarixli qərardan məlum olur ki, Xətai rayon prokuror Sərdar İmanov təqsirləndirilən Təqsirləndirilən şəxs həbs edilməsi barədə vəsatəti müdafiə etməkdən imtina edir və Təqsirləndirilən şəxs həbsdən azad edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (i.v. 208) qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışından yayındığına görə barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır. Bu səbəbdən cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmündən məlum olur ki, Şahid2 eyni epizod üzrə təqsirli bilinərək residiv nəzərə alınmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə cinayət işi üzrə maddi sübutun və məhkəmə xərclərinin müqəddəratları həll edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı uşağı var. İş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, A.Səhhət küçəsində qeydiyyatsız yaşayır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub digər şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, ilk dəfə cinayət törətməsini, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 03 (üç) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(011)-467/21 saylı hökmü ilə ekspertiza xərci, iş üzrə maddi sübut 01 ədəd “İphone 12 Pro Max” markalı telefon, alqı-satqı kağızının surəti və Daxili İşlər Nazirliyinin X1 Xidmətindən daxil olmuş disk ilə bağlı məsələlərin həll edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 19 (on doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 08 (səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(011)-467/21 saylı hökmü ilə ekspertiza xərci, iş üzrə maddi sübut 01 ədəd “İphone 12 Pro Max” markalı telefon, alqı-satqı kağızının surəti və Daxili İşlər Nazirliyinin X1 Xidmətindən daxil olmuş disk ilə bağlı məsələlərin həll edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar