Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-79/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Union Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən qudası Zərərçəkmiş şəxs2 və kürəkəni Zərərçəkmiş şəxs1 əvvəlcədən məlumat vermədən ona məxsus evə gəlmələrini və azyaşlı nəvəsi X4 anasının razılığı olmadan aparmaq istədiklərini bəhanə edib davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmçinin şəxslər üzərində zor təbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs2 vuraraq ona sağ bazu oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu və sol körpücük nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər, habelə əli ilə Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya başın ənsə və sağ gicgah nahiyələrinin yumşaq toxumalarının şişkinliyi halında əzilmələri və dərialtı hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qızı X9 xx.xx.2012-ci ildə Zərərçəkmiş şəxs1 ilə ailə qurmuş və həmin nikahdan 1 qız övladları vardır. Bir müddət sonra qızının həmin evdə ailə mübahisələri olduğu üçün 2015-ci ildə çıxıb onun evinə gəlmiş və boşanma üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2015-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq nikahları pozulmuşdur. Məhkəmə qərarı ilə uşaq anaya verilmiş və ataya 108 manat aliment tələb kəsilmişdir. Lakin o, İbrahimin vəfat etmiş atasının xatirinə aliment tələbini etməmişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayının sonlarında qayınanası Nairə qızını evdən qızıl oğurluğunda ittiham etdiyi üçün qızı çıxıb onlara gəlmişdir. Buna baxmayaraq İbrahim arada gəlib qızı ilə və övladı ilə görüşmüşdür. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə olduğu zaman İbrahim və anası Nairə həyətə gəlmişdirlər. Bu baradə qızı Sədaqət ona gəlib xəbər vermişdir. O, həyətə düşəndə görmüşdür ki, İbrahim ilə anası Nairə nəvəsi Xədicəni dartıb evdən aparmaq istəyirlər. O, gəlib nəvəsinin əlindən tutub aranı sakitləşdirmək üçün və sakit şəkildə məsələni aydınlaşdırmaq üçün nə baş verdiyini soruşmuşdur. Həmin vaxt görmüşdür ki, İbrahim dirsəyi ilə yoldaşı Fatmanı üzündən vurub yerə yıxmışdır. Sonra isə İbrahim əli ilə onun sağ qoluna da zərbə vurmuş və həmin vaxt Naira üstünə gəldiyi zaman o, özünü qorumaq üçün əli ilə boğazından tutmuş və saxlamışdır onu vura bilməsin. İbrahim yenə də üstünə gəldiyindən İbrahimi özündən kənarlaşdırmaq üçün baş nahiyəsindən əli ilə itələyərək polisə məlumat verəcəyini bildirmişdir. Yoldaşının yerdə olduğunu görüb bir anlıq özünü itirmiş və başı yoldaşına qarışmışdır. Sonra İbrahimi qorxutmaq və dava dalaşın olmasının qarşısını almaq məqsədi ilə tez maşının yük yerindən taxta parçasını götürmüşdür. Həmin vaxt İbrahim qızını götürüb çölə çıxarmış və o, İbrahimin qardaşı İsmayılın da çöldə gözlədiyini görmüşdür. İbrahimgil Xədicəni apardıqdan sonra o, yoldaşının halının pisləşdiyini görüb bu barədə TTYS-na məlumat vermişdir. Həkimlər gəlib yoldaşına ilkin tibbi yardım göstərmişdirlər. Sonra isə yaşadığı evə polislər gəlmiş və ona məlum olmuşdur ki, Nairə və oğlu onların barəsində PŞ-nə müraciət etmişdirlər. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı ödədiyini bildirərək əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Oktay oğlu onun oğlu, X9 isə gəlinidir. Onlar 2013-cü ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2014-cü il təvəllüdlü X10 adında övladları vardır. 2015-ci ildə Sədaqət ayrı yaşamaq qərarına gəldiyindən evdən çıxıb getmişdir. 02 yanvar 2016-cı il tarixdə Sədaqət yenidən onların evinə qayıtmışdır. Təxminən 3 ay müddətində anasıgilə getməmişdir. 3 aydan sonra Sədaqət Novruz bayramı vaxtı anasıgilə getmiş və qayıtdıqdan sonra anasının onun boşanmasını tələb etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, ad gününə getdiyi zaman öz qızıllarını Sədaqətin otağına qoyaraq qızıllara nəzarət etməyi tapşırmışdır. Axşam evə gəldiyi zaman üzərində olan qızılları da çıxarıb həmin qızılların yanına qoyanda qızıllarına kiminsə əl vurduğunu hiss etmiş və oğlu İbrahimlə gəlini Sədaqətə bunu bildirəndə hər ikisi qızıllara əl vurmadıqlarını bildirmişdirlər. Lakin 2 gün sonra Sədaqət ona etiraf etmişdir ki, qızılları aparıb Moskva univermağında satmışdır. O, qızılları qaytarmaq üçün həmin univermağa gedib qızılları geri götürmək istədiyini bildirsə də, qızılı alan şəxs artıq qızılın satıldığını bildirmişdir. O, həmin gün bu barədə Sədaqətin valideynlərinə məlumat vermiş və onlar qızlarını evlərinə aparacaqlarını və məsələni yoluna qoyacaqlarını bildirmişdirlər. Həmin gündən bəri Sədaqət bir daha evə qayıtmamışdır. Nəvəsi Xədicə ilə telefonla danışdığı zaman anasını istəmədiyini, atası ilə yaşamaq istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə oğlu İbrahimlə gedib nəvəsini bir günlük götürmək məqsədi ilə Sədaqətin valideynləri ilə birlikdə yaşadığı Xətai rayonu NZS qəsəbəsindəki evinə getmişdirlər. Qapını nəvəsi açmış, bu zaman Sədaqətin anası Əntiqə onu görüb nə üçün gəldiyini soruşmuş, o isə bir neçə günlük nəvəsini yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Həmin vaxt Sədaqətin atası Zöhrabı da söhbət etmək üçün çağırmışdır. Zöhrab gələrək onu təhqir etməyə başlamışdır. X5 üzərinə gələrək şillə ilə üz nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Zöhrab həyətində olan avtomaşının baqaj hissəsindən dubinka adlanan əşyanı götürərək yenə oğlunu baş, əl və ayaqlarına həmçinin onun kürəyindən vurmuşdur. Sədaqət və anası onun saçlarımdan tutduqdan sonra evində olan tanımadığı iki nəfər qadın da onun paltarlarından tutaraq ora-bura dartmağa başlamışdırlar. Zöhrab oğlunun yaxasından tutaraq qaraja tərəf aparan zaman Sədaqət qarajın qapısını açmış və o, hiss etmişdir ki, Zöhrab oğlunu qaraja salmaq istəyir, bu səbəbdən qışqıraraq oğluna bildirmişdir ki, imkan verməsin ki, oğlu Zöhrab qaraja salsın. O da oğlunu dartıb qaraja girməsinə mane olmuşdur. O, artıq vəziyyətin pisləşməsini görüb polisə zəng edən zaman Əntiqə yalandan guya halı pisləşdiyindən yerə yıxılmışdır. O. polisə zəng etdikdən sonra ara sakitləşmiş və o ərizə ilə PŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki. X14 anası, X9 isə arvadıdır. Onlar Sədaqət ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2014- cü il təvəllüdlü X10 adında övladları var. 2015-ci ildə Sədaqət ayrı yaşamaq qərarına gəldiyindən evdən çıxıb getmişdir. 02 yanvar 2016-cı il tarixdə Sədaqət yenidən qayıtmışdır. Təxminən 3 ay müddətində anasıgilə getməmişdir. 3 aydan sonra Sədaqət Novruz bayramı vaxtı anasıgilə getmiş və qayıtdıqdan sonra anasının onun boşanmasını tələb eldiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə anası ad gününə getdiyi zaman öz qızıllarını Sədaqətin otağına qoyaraq qızıllara nəzarət eləməyi tapşırmışdır. Axşam evə gəldiyi zaman üzəridə olan qızılları da çıxarıb həmin qızılların yanına qoyanda qızıllarına kiminsə əl vurduğunu hiss etmiş və onunla birlikdə Sədaqətə bunu bildirəndə hər ikisi qızıllara əl vurmadıqlarını bildirmişdirlər. Lakin 2 gün sonra Sədaqət anasına etiraf etmişdir ki, qızılları aparıb Moskva univermağında satmışdır. Anası qızılları qaytarmaq üçün həmin univermağa gedib qızılları geri götürmək istədiyini bildirsə də, qızılı alan şəxs artıq qızılın satıldığını bildirmişdir. Anası həmin gün bu barədə Sədaqətin valideynlərinə məlumat vermiş. Sədaqətin valideynləri qızlarını evlərinə aparacaqlarını və məsələni yoluna qoyacaqlarını bildirmişdirlər. Həmin gündən bəri Sədaqət bir daha evə qayıtmamışdır. Anası Xədicə ilə telefonla danışdığı zaman Xədicə anasına anasını istəmədiyini, onun ilə yaşamaq istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə anası ilə birlikdə gedib qızını bir neçə günlük götürmək məqsədi ilə Sədaqətin valideynləri ilə birlikdə yaşadığı Xətai rayonu NZS qəsəbəsindəki evinə getmişdir. Qapını qızı açmış, bu zaman Sədaqətin anası Əntiqə anasını görüb nə üçün gəldiklərini soruşmuş, anası isə bir neçə günlük nəvəsini yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Həmin vaxt Sədaqətin atası Zöhrabı da söhbət etmək üçün çağırmışdır. Zöhrab gələrək onu təhqir etməyə başlamışdır. Sonra Zöhrab onun üzərinə gələrək şillə ilə üz nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Zöhrab evin qarşısında olan avtomaşının baqaj hissəsindən dubinka adlanan əşyanı götürərək yenə onun baş, əl və kürəyindən vurmuşdur. Sədaqət və anası anasının saçlarından tutduqdan sonra evlərində olan tanımadığı iki nəfər qadın da anasının paltarlarından tutaraq ora-bura dartmağa başlamışdırlar. Zöhrab onun yaxasından tutaraq onu qaraja tərəfə aparan zaman Sədaqət qarajın qapısını açmış və anası qışqıraraq ona bildirmişdir ki, imkan verməsin onu Zöhrab qaraja salsın. O da özündə güc toplayıb Zöhrabın onu qaraja salmasına mane olmuş və anası onu dartıb qaraja girməyinə mane olmuşdur. Anası artıq vəziyyətin pisləşməsini görüb polisə zəng edən zaman Əntiqə yalandan guya halı pisləşdiyindən yerə yıxılmışdır. Anası polisə zəng etdikdən sonra ara sakitləşmiş və anası ərizə ilə PŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu bildirmiş və onun göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 26 ildir ki, qonşudur. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən həyətdə səs-küy eşidərək evdən bayıra çıxmış və Zöhrabgilin yaşadığı evin qarşısında Fatma ilə qudası Nairə və yeznəsi İbrahimin sözlə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Fatma nəvəsini qucaqlamış, Nairə isə nəvəsinin qolundan tutaraq özünə tərəf dartmışdır. Həmin vaxt İbrahim Fatmanı əli ilə itələmiş və Fatma yerə yıxılmışdır. Bundan sonra isə İbrahim qızını götürüb anası ilə birlikdə həmin yerdən uzaqlaşmışdır. O, mübahisə zamanı kiminsə kiməsə xəsarət yetirdiyini görməmişdir. Mübahisə vaxtı Zöhrab əsəbləşərək avtomobilinin arxa hissəsindən taxta parçasını götürdüyü zaman o bunu görüb Zöhraba yaxınlaşmış və həmin taxta parçasını niyə götürdüyünü soruşaraq ondan həmin taxta parçasını yerə atmağı xahiş etmiş və Zöhrab da ona qulaq asıb taxta parçasını yerə tullamışdır. Zöhrab həmin taxta parçası ilə heç kimi vurmamışdır İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 1-2); Hadisə yerinə baxış keçirilməsi haqqında 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 20-21); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(011)- 4028/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Zərərçəkmiş şəxs1 ilə X9 arasında 16 oktyabr 2012-ci il tarixdə Bakı Nikah evində bağlanmış 2510 saylı nikahın pozulması, birgə nikahdan olan 16 oktyabr 2013-cü il təvəllüdlü X1 anası X2 yanında saxlanılması, 08 sentyabr 2015-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs1 16 oktyabr 2013-cü il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, cavabdeh Zərərçəkmiş şəxs1 30 manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir (i.v. 46-47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 07 iyul 2024-cü il tarixli 745 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazu oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu və sol körpücük nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 68-69); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 07 iyul 2024-cü il tarixli 744 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 başın ənsə və sağ gicgah nahiyələrinin yumşaq toxumalarının şişkinliyi halında əzilımələri və dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətin xarakter lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 77-79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 07 iyul 2024-cü il tarixli 742 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bazunun sıyrıqları müəyyən edildi. Xəsarətlər bərkküt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 70-71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 07 iyul 2024-cü il tarixli 743 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Şahid1 sağ saidin və sağ əlin İ barmağının qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Şahid1 müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 72-74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 07 iyul 2024-cü il tarixli 772 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, X3 boyun nahiyəsinin, yuxarı və aşağı ətrafların qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X3 müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 75-76); 02 sentyabr 2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 111-116); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 120); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 128); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 141); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 162); qətimkan tədbirinin seçilməsi barədə 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 175-177); sübutların qiymətləndirilməsi haqqında 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunmuş, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, hadisə yerinə baxış protokolu və üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (i.v. 145-151); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara dəymiş ziyanın tam ödənildiyini qeyd etmişlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 07 iyul 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 07 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs1 keçmiş qayınatası və Zərərçəkmiş şəxs2 keçmiş qudası olan Təqsirləndirilən şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində bir birilərinə xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əli ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə mübahisənin ilk olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin yaşadığı ünvana gələrək sonuncunun nəvəsini özləri ilə aparmaq istədikləri məqamda başlaması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında əvvəllər qohumluq əlaqələri olmuş, təqsirləndirilən şəxsin qızı X9 zərərçəkmiş Zərərçəkmiş şəxs1 keçmiş arvadı olmuş, onların arasında nikah pozulduqdan sonra azyaşlı uşaq məhkəmə qətnaməsi əsasında anasının himayəsində qalmışdır. Bundan sonra X9 övladı ilə birlikdə atası Təqsirləndirilən şəxs məxsus evdə yaşamağa başlamışdır. Bundan sonra zərərçəkmiş şəxslər heç bir qanuni əsas olmadan, məhkəmə qətnaməsi əsasında ananın himayəsinə verilmiş azyaşlı uşağı özləri ilə aparmaq üçün təqsirləndirilən şəxsə məxsus evə gəlmişlər. Həm təqsirləndirilən şəxsin ifadəsi, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, tərəflər arasında qohumluq əlaqələri olmuş, qohumluq əlaqələri pozulduqdan sonra aralarında ədavət yaranmış və hadisə ailə-məişət zəmində təqsirləndirilən şəxsin yaşadığı ünvanda baş vermişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 07 iyul 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə nəticəsində zərərçəkmiş şəxslərə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Lakin məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə qızını boşamış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırkı cinayət hadisəsinin 07 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində təqsirləndirilən şəxsin yaşadığı evin (həyət evi) həyətində iş üzrə zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, qızını boşamış və aralarında ədavət olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istiqamətlənən, qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, tərəflər arasında yaranmış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər də məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad ediləcəyindən və cinayət işi üzrə icraata xitam veriləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanımış bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanımış 01 (bir) ədəd CD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-79/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-79/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver