Məhkəmə qərarları › İş №1(011)-80/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-80/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-80/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Bakı Metropoliteninə mühasib vəzifəsinə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq 15 may 2021-ci il tarixdə saat 14-15 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda “Cənnət” restoranında 23400 (iyirmi üç min dörd yüz) manat, yəni xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 3 ilə yaxın müddətdir ki, tanıyır. Elşad ilə ortaq tanışı Asiman vasitəsi ilə tanış olmuşdur. Elşad ixtisara düşdüyündən iş axtardığını ona bildirmişdir. Tanışlarının vasitəsi ilə pul müqabilində onu Bakı Metropoliteninə mühasib vəzifəsinə işə düzəldə biləcəyini söyləmişdir. 15 may 2021-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən Cənnət restoranında o, Elşad və Asiman görüşmüşdür. Həmin vaxtı o, öz xətti ilə Elşaddan 23400 manat pul aldığını qeyd etmiş və həmin qeyd də, Elşadı Bakı metropoliteninə mühasib vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. 15 may 2021-ci il tarixdə Xətai rayonu ərazisində yerləşən Cənnət restoranında Bakı Metropoliteninə mühasib vəzifəsinə işə düzəlməsi üçün dostları Asimanın iştirakı ilə Elşad ona 23400 manat pul vermişdir. Elşad pulu verdikdə ondan bu barədə yazılı qəbz almışdır. İş materiallarında olan həmin qəbzi öz xətti ilə yazmış və imzası ilə təsdiq etmişdir. Qəbzdə yazılanlar həqiqətdir. Daha sonra Elşadı işə düzəldə bilməmiş və pulunu öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən Elşad ondan polisə şikayət etmişdir. Hazırda Elşadın pulunu tam olaraq qaytarmış və onunla barışmışdır. Son sözündə Təqsirləndirilən şəxs ilk dəfə belə səhvə yol verdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 ilə yaxın müddətidir ki, tanıyır. İntiqam ilə dostu Asimanın vasitəsi ilə tanış olmuşdur. İntiqam ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. İxtisasca mühasibdir. Uzun müddət “Əmrahbank” və “Nikoil Bank”-da kassir olaraq çalışmışdır. Sonuncu dəfə 2020-ci il çalışdığı “Nikoil Bank”da aparılmış ixtisarla əlaqədar işdən çıxarılmışdır. Həmin müddətdən bəri öz ixtisasına uyğun olaraq iş axtarmışdır. Bununla bağlı həmişə dostlarına bildirmişdir. Məclislərin birində bu əsnada söhbət edən zaman təxminən 2021-ci ilin mart ayının axırlarında İntiqam ona yaxın tanışlarının olduğunu və həmin tanışlarının vasitəsi ilə onu Bakı Metropoliteninə mühasib vəzifəsinə işə düzəldə biləcəyini söyləmişdir. Həmin vaxtı məclisdə dostları Asimanda olmuşdur. İntiqam etdiyi təklif ilə bağlı söhbətləşmiş və İntiqam ona bu barədə məsləhətləşdikdən sonra yekun qərar söyləyəcəyini bildirmişdir. Bu söhbətdən 10 gün sonra İntiqam onunla əlaqə saxlayaraq Bakı Metropoliteninə mühasib vəzifəsinə onu işə düzəldə biləcəyini söyləmişdir. O, İntiqamdan bunun üçün nə etməli olduğunu soruşan zaman sonuncu ona 27.000 manat müqabilində onu həmin işə düzəldə biləcəyini söyləmişdir. O isə İntiqama bu barədə məsləhətləşdikdən sonra cavab söyləyəcəyini bildirmişdir. Bir müddət sonra İntiqam ilə əlaqə saxlayıb 23400 manat pul düzəldə bildiyini söyləmişdir. 15 may 2021-ci il tarixdə günorta saatlarında, yəni 14-15 radələrində Xətai rayonu, Babək prospektində yerləşən “Cənnət” restoranında görüşmüşlər. Onlar restorana daxil olduqdan sonra orada olan kabinetlərin birində əyləşmişlər. Həmin vaxtı dostu Asiman da onlarla birlikdə olmuşdur. İntiqam ilə söhbət etdikdən sonra o, üzərində 23400 manat pulun olduğunu, lakin həmin pulu öz xətti ilə ondan nəyə görə və hansı məbləğdə pul almasını yazdıqdan sonra verə biləcəyini söyləmişdir. İntiqam heç bir problemin olmadığını artıq demək olar ki, onun işə qəbulunun həll olunduğunu, tanışlarının bu məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra İntiqam bir dənə kağıza onun Bakı Metropoliteninə mühasib vəzifəsinə düzəltmək məqsədi ilə 23400 manat pul aldığını öz xətti ilə yazmışdır. Həmin yazını yazdıqdan sonra o, 23400 manatı İntiqama vermişdir. İntiqam ona bildirmişdir ki, 15 oktyabr 2021-ci il tarixədək Bakı Metropoliteninə mühasib vəzifəsində işə başlayacaq. Bu söhbətdən uzun müddət keçdikdən aldadıldığını anlamışdır. Ona görə də o, bununla bağlı Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İstintaq zamanı ona dəymiş ziyan tam olaraq İntiqamın qohumları tərəfindən ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuş və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş (iş vərəqi 5) 15.05.2021-ci il tarixli A4 formatlı kağız üzərində olan əl yazma sənəddən görünür ki, 15.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 23400 manat pulu alması, həmin pulun qarşılığında Zərərçəkmiş şəxs Bakı Metropolitenində mühasib vəzifəsində işə düzəldəcəyinə dair öz xətti ilə iltizam yazaraq imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 15.05.2021-ci il tarixli A4 formatlı kağız üzərində olan əl yazma sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə haqqında prokuror Sərdar İmanovun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti müdafiə olunmamış və o dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.11.2021-ci il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 90) zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ümumilikdə ona dəymiş 23400 manat ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, iş üzrə maddi sübut kimi tanınmış əl yazması və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış əl yazması iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış əl yazması iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar