Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-80/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində icarəyə götürdüyü ünvan 2 ünvanında “123” adlı kafedə, müğənnilik edən Zərərçəkmiş şəxs işdən çıxdığı təqdirdə kafenin yaxşı işləməyəcəyini nalayiq ifadələrlə bildirməsi səbəbindən sonuncunun Təqsirləndirilən şəxs şəriki Şahid4 arasında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs yaxasından tutub qulaq nahiyəsinə əli ilə vuraraq ona eşitmə zəifliyi-sağ qulağın travmatik zədələnməsi ilə müşaiyət olunmuş sağ qulaq seyvanının qançırı, döş qəfəsinin sıyrığı kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən may ayında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 123 adlı kafeni icarəyə götürmüş və kafeni icarəyə götürdükdən sonra dostu Hacı ləqəbli Xaliqə təklif etmişdir ki, gəlsin onunla şərikli işləyib kafeni idarə etsin. Kafeni işlətməyə başlayanda onlardan əvvəl kafeni icarədar kafedə canlı musiqi olmasına icazə verdiyinə görə həmin kafedə Tofiq adlı müğənni işləyirmiş və özlərinin razılığı ilə Tofiq iş yerində qalmasına icazə vermişlər. Belə ki, bir müddət Tofiq kafedə işlədikdən sonra onun müştərilərlə yaxşı münasibət qurmaması, müştərilərdən oxumağına görə pul almasını görüb ona iradlarını bildirmiş və demişdir ki, kafedən çıxsın və bir daha kafedə gəlib müğnnilik etməsin. Bundan sonra Tofiq kafedə işləyən digər musiqiçilərlə söhbət edən zaman bildirib ki, əgər o kafedən çıxıb getsə kafe əxlaqsızxana olacaq və bunu eşidən Lalə Tofiqin kafe barəsində bu kimi cümlələr işlətməsini Xaliqə çatdırıb və Xaliq Tofiqi yanına çağıraraq niyə bu kimi sözlər kafe haqqında deməsini aydınlaşdıran zaman aralarında söz mübahisəsi düşmüşdür. O, Tofiqi vurmamış, sağlamlığına xəsarət yetirməmişdir. Buna baxmayaraq zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmiş, lakin sonuncu razı olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar-fevral ayından etibarən ünvan 2 ünvanında fəaliyyət göstərən 123 kafedə müğənni kimi fəaliyyət göstərir. Həmin kafenin icarəyə götürüb işlədənlər Hacı və Nicat adlı şəxslərdir. Belə ki, 11 iyul 2024-cü il tarixdə saat təxminən 07:00 radələrində müğənni yoldaşı Kəmalə xanımla masa arxasında əyləşib söhbət edən zaman söhbət əsasında Kəmaləyə bildirmişdir ki, əgər o bu kafedən çıxsa kafe pis günə qalacaq. Onun bu kimi danışığını kafenin sahiblərindən biri olan Xaliqin sevgilisi Lalə bunu eşidib. Lalə bunu eşidəndən sonra onun Mətanət ilə danışığını gedib Hacıya çatdırandan sonra Hacı onu yanına çağırmış və onun ünvanına nalayiq sözlər işlədərək Mətanət ilə bu kimi söhbətlər aparmağına irad bildirmişdir. Öz növbəsində Hacıya demişdir ki, o, Mətanətlə ancaq bu barədə danışıq aparmışdır. Bu kimi cavabından sonra Hacı onun ünvanına nalayiq söz işlətmiş və cavabını vermişdir. Bu zaman Nicat otaqdan çıxaraq ona arxadan yaxınlaşıb özünün xəbəri olmadan şillə ilə onun sağ qulağına bir dəfə vuraraq xəsarət yetirərək döymüşdür. Bundan sonra o, ayağa qalxaraq Nicatla mübahisə edən zaman Hacı ayağa qalxararaq onu əlləri ilə tutmuş ki, Nicat onu vuraraq döysün lakin buna baxmayaraq o, Hacının əlindən çıxmışdır. Bundan sonra Nicat mətbəx istiqamətində gedərək əlini belinə atıb bıçaq çıxararaq onu vurmaq istəyən zaman iş yoldaşları əsl adı Səriyyə olan, lakin hamı onu Günay adı ilə çağıran Günay və Mətanət Nicatın qarşısına keçərək onu sakitləşdirib bıçağı ondan almışlar. Bundan sonra o, kafedən çıxararaq 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra ona Günay və Mətanət yaxınlaşmış və onun lehinə izahat verəcəyini vəd etmişlər. Günayla Mirnicat bir müddət sonra münaqişə yaşamış, Mirnicat özünün üstünə çəkdiyi bıçağı həmin münaqişə zamanı Günayən üzərinə də çıxartmışdır. Onlar arasında gərginlik yaşanmış və Günay da 102 xidmətinə məlumat vermişdir. Həmçinin, o, bildirmişdir ki, təqsirləndirilən şəxsin dayısı barışıq üçün onunla əlaqə saxlasa da, dəymiş ziyanın məbləğində razılığa gələ bilməmişlər, hazırda da təqsirləndirilən şəxslə barışmamış və ona dəyən ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 (ittiham aktına əsasən Günay) ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, ünvan 2 ünvanında fəaliyyət göstərən 123 adlı kafedə ofisiant işləyir. Lakin sonradan işlədiyi müdürü kafeni təhvil verəndən sonra adını Hacı kimi bildiyi və Nicat adlı şəxslə həmin kafeni icarəyə götürdüklərinə görə onlarla işləməyə davam etmişdir. Onu da qeyd etmişdir ki, sənədə əsasən adı Səriyyə olmasına baxmayaraq hamı onu Günay kimi tanıyır. Nicat və Hacı kafeni işlədən dövrdə həmin kafedə canlı musiqi və ifaçıların arasında Tofiq adlı müğənni olduğunu bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 06 radələrində kafedə olan zaman sonradan bildiyinə görə kafenin sahibi Nicat Tofiqə deyib ki, daha kafedə gəlib müğənnilik etmə vəTofiq bunu bildikdən sonra musiqiçilər üçün nəzərədə tutulmuş masada əyləşib Lalənin yanında söhbət edən zaman bildirib ki, əgər o, kafedən çıxıb getsə kafe əxlaqsızxana olacaq və bunu eşidən Lalə Tofiqin dediyi sözü Hacıya çatdırıb və Hacı Tofiqi yanına çağıraraq niyə bu kimi söz ifadə etdiyini soruşan zaman Hacı ilə Tofiq söz mübahisəsi etməyə başlamışlar və otaqdan çıxan Nicat arxadan gələrək Tofiqin Hacı ilə söz mübahisəsi etdiyini görüb şillə ilə Tofiqin sağ qulağına vuraraq onu döyməyə başlamışdır. Bundan sonra o və kafedə olan müğənni Mətanət onları aralaşdırmağa başlamışlar. Bu zaman Nicat əlini cibinə salaraq cib bıçağını çıxararaq Tofiqi vurmaq istəmiş və bunu görə o və Mətanət Nicatın əlindən bıçağını almışlar. Bundan sonra Tofiq kafedən çölə çıxararaq 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Möhsüm qızı ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən 123 adı ilə tanınan kafedə müğənni kimi işləməyə başlamışdır. 2024-cü ilin iyun ayının 11-də həmyerlisi olan Mirnicatın icarəyə götürdüyü kafeyə müğənni kimi işləməyə gəlmiş və gələndə kafedə Tofiq adlı müğənninin olduğunu görmüşdür. Bundan sonra kafedə müştərilər üçün bir neçə mahnı ifa etmək məqsədi ilə Tofiqə yaxınlaşaraq mikrofonu alaraq ifa etməyə başlamışdır. Bu zaman müştərilər ona pul olaraq mükafat vermişlər. O, mahnını ifa etdikdən sonra müsiqiçilərlə bir masa arxasında əyləşən zaman Tofiq müştərilərin az pul verdiyini görüb kafenin ünvanına təhqiramiz sözlər işlətmişdir. Bunu eşidən kafedə işləyən Lalə gedərək Mirnicatla şərikli kafeni işlədən Xalidə çatdırmışdır. Xalid bunu bildikdən sonra Tofiqi yanına çağıraraq Tofiqla söhbət edən zaman aralarında söz mübahisəsi yaranmış və bunu eşidən Mirnicat onlara yaxınlaşan zaman ani bir vaxtda şillə ilə bir dəfə Tofiqin qulaq nahiyəsinə vuraraq döymüşdür. O, bunu görən zaman kafedə işləyən digər işçilərlə birlikdə Tofiqlə Mirnicatı ayırmışlar. Hadisədən dərhal sonra Tofiq çölə çıxararaq 102 xidmətinə zəng edərək polisə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 123 kafesini dostu Mirnicatla birgə işlətmişdir, onu həmçinin Hacı kimi də çağırırlar. Mübahisə yaşanan gün Tofiq kafedə nalayiq ifadələr işlətdiyi üçün onunla aralarında sözlü mübahisə yaşanmışdır. Mirnicat Tofiqə hər hansı xəsarət yetirməmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi izahatla hazırkı ifadəsi arasında ziddiyyətin səbəbi o olmuşdur ki, o, ibtidai istintaqda verdiyi ifadənin əks olunduğu protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyıram. Belə ki, təxminən 4-5 ay bundan bundan əvvəl dostum Mirnicat mənə təklif etdi ki, ünvan 3 ünvanında 1000 manat aylığı olan obyekti icarəyə verirlər və həmin obyekti icarəyə götürərək kafe işlətməyimizi təklif etdi. Məndə Mirnicatla razılaşaraq həmin yəni 123 adı altında fəaliyyət göstərən kafeni icarəyə götürdük. Mənim həmin kafedə vəzifəm ancaq bazarlıq etməkdən ibarət olub. Belə ki, biz kafeni götürdükdən sonra kafedə Tofiq və Mətanəd adlı müğənni Lalə adlı ofisant işləyirdi. Biz kafeni icarəyə götürdükdən sonra Lalə ilə aramda münasibət dahada yaxınlaşdı. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saat 06.30 radələrində kafeni bağlamağa hazırlaşarkən işlətdiyimiz kafedə ofisant işləyən Lalə mənə yaxınlaşaraq dedi ki, Tofiqlə Mətanət adlı işçimiz söhbət edərkən Tofiq dedi ki, bu kafe əvvəllər faiəşə xana kimi fəaliyyət göstərib hazırdada faişəxanadır. Bunu eşidən Lalə mənə məlumat verdi ki, Tofiq belə bir söz deyib. Mən bunu iləndən sonra əsəbləşərək Tofiqi yanıma çağırdım və ona iradımı bildirərək dedim ki, sən niyə bu kimi sözlərdən istifadə edirsən və mən Tofiqlə söz mübahisəsi edən zaman Mirnicat sanitar qovşağından çıxırdı və mənim Tofiqlə söz mübahisəmi eşidib nə məsələ baş verdiyini soruşanda dedim ki, Tofiq belə bir söz işlədib. Bunu eşidən Mirnicat Tofiqə qarşı əsəbləşərək ona arxa tərəfdən yaxınlaşaraq arxadan Tofiqin sifət nahiyəsinə bir dəfə şillə ilə vuararaq döydü. Bundan sonra kafedə işləyən Mətanət, mən və X6 aralaşdırdıq. Zərərçəkmiş şəxs dedikləri yalandır. Mirnicat ona qarşı bıçaq çıxarmamış nə də ki, onu vurmaq istəmənişdir. Tofiqin dedikləri yalandır. Tofiq qəsdən Mirnicatı həbs etdirmək məqsədi ilə bu kimi ifadə verir. Hadisə zamanı kafedə mən, Mirnicat, Lalə, Mətanət və Günaydan savayı heç kim olmamışdır. Mən ümumiyyətlə Tofiqlə hər hansı bir ona qədər dialoqum olmamışdır. Sadəcə onu yanıma çağıraraq Lalənin mənə dediyini aydınlaşdırmaq istəmişəm. Başqa onunla aramda hər hansı bir söhbət olmamışdır (i.v 40-42). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 (digər ifadələrdə Lalə kimi adı keçən) ifadəsində göstərmişdir ki, o, 123 kafesində aşpaz kimi çalışır. Tərəflər arasında mübahisə yaranan gün o, Tofiqin kafe barədə “Bura əvvəl pozğunxana olub, mən getsəm yenə pozğunxana olacaq” sözlərini eşitmiş və bu barədə Xalidə (Hacı) xəbər vermişdir. Bundan sonra o, mətbəxə yemək bişirmək üçün getmişdir. Onunla bir yerdə mətbəxdə Mirnicat da olmuşdur. Daha sonra onlar zalda Xalidlə Tofiqin səsli mübahisə etdiklərini eşidib zala gəlmişlər. Bu əsnada Mirnicat Tofiqi itələmiş, lakin hər hansı xəsarət yetirməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid2 (ittiham aktına əsasən Lalə) ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən beş ilə yaxındır ki, Xaliqi tanıyıram və onun yaxın münasibətim vardır. Belə ki, 2024-cü ilin təxminən iyun ayında Xalid mənə bildirdi ki, Bakı şəhəri, Xətai rayonu Babək prospektində 123 adlı kafeni tanışı Mirnicatla kirayəyə götürüb işlədir və mənə təklif etdi ki, gəlim həmin kafedə ofisant işləyim. Məndə iş yerimdən çıxararaq Xaliqlə birlikdə gələrək onun icarəyə göturduyüm kafedə ofisant işləməyə başladım. Həmin kafedə gündəlik olaraq canlı müsiqi olurdu və müsiqiçilərdən orada Tofiq və Mətanət adlı qadın oxuyurdu. Belə ki, xx.xx.2024çü il tarixdə səhərə yaxın saat təxminən 06 radələri olardı ki, gördüm bizim kafedə müğənni işləyən Tofiq Mətanət adlı müğənni ilə əyləşib söhbət edirlər və söhbət əsasında Tofiq dedi ki, bu kafe əxlaqsızxana olub birdən mən burdan çıxsam yenədə əxlaqsızxana olacaq. Məndə bunu eşidib gedib Xaliqə dedim ki, Tofiq bu kimi söhbətlər edir. Bunu bilən Xaliq əsəbləşərək Tofiqi yanına çağırdı və ona öz iradını bildirdi ki, sən bizimlə birlikdə işləyirsən amma işlədiyin yeri əxlaqsızxana adlandırırsan lazım deyil bu kimi söhbətlər etmək. Lakin buna baxmayaraq Xaliq dediyi sözu işlədiyı kafenin ünvanına demədiyi bildirdi. Həmin avxtı mən və Mirnicat mətbəxdə idik və səs kuyü eşidən Mirnicat mətbəxdən kafenin içinə çıxdı və məndə onun arxasınca. Gördüm ki, Tofiqin Xaliqlə söz mübahisəsi edir və Mirnicat arxadan Tofiqə yaxınlaşaraq bir dəfə Xalıqın sifətinə şillə ilə vurdu. Bundan sonra mən, Xalid, kafedə ofisant işləyən əsl adı Səriyyə olan lakın hamı onu Günay adı ilə tanıyan Günay və kafedə müğənni işləyən Mətanət onları aralaşdırdıq. Aralaşdırdıqdan sonra nə baş verdiyini bilmədim və birdə gördüm ki, polis işçiləri kafeyə gələrək bizi polis bölməsinə apardılar. Zərərçəkmiş şəxs dedikləri yalandır. Mirnicat ona qarşı bıçaq çıxarmamış nədə ki, onu vurmaq istəmənişdir. Tofiqin dedikləri yalandır. Tofiq qəsdən Mirnicatı həbs etdirmək məqsədi ilə bu kimi ifadə verir. Hadisə zamanı kafedə mən, Mirnicat, Mətanət, Xalid və Günaydan savayı heç kim olmamışdır. Mən ümumiyyətlə Xalidin Tofiqin ünvanına nəlayiq küçə söyüşləri işlətməsini eşitməmişəm. Səriyyənın dedikləri yalandır. Mən həmin vaxtı Mirnicatın əlində bıçaq görməmişəm və eyni zamanda görməmişəm ki, X4 əlindən bıçaq alsınlar (i.v 43-45). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-yə göndərilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 29 iyul 2024-cü il tarixli, 752 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs eşitmə zəifliyi-sağ qulağın travmatik zədələnməsi ilə müşaiyət olunmuş sağ qulaq seyvanının qançırı, döş qəfəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə və şəraitə, yəni kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində və ya onun özü-özünə yetirməsi nəticəsində törənməsi inandırıcı deyildir (i.v. 12-13); 31 avqust 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir (i.v. 14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 70-71); qətimkan tədbirinin seçilməsi haqqında 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 82-83); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş İttiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci və 134-cü maddələrinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, cinayət işinin istintaq materiallarında adları Hacı, Lalə və Günay kimi qeyd edilən şəxslərin adları Hacı (Şahid4,) Lalə (Şahid2) və Günay adlı ilə tanınan (Şahid3 Tahir qızı) kimi oxunmuş, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 90-95); Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəylə özünü təqsirli hesab etmədiyini bildirdiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir (CPM 327.1.3). Təqsirləndirilən şəxsin dindirilməsi barədə 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Seyidov Nicat M.Məhəmmədəli oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən may ayında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 123 adlı kafeni icarəyə götürmüş və kafeni icarəyə götürdükdən sonra dostu Hacı ləqəbli Xaliqə təklif etmişdir ki, gəlsin onunla şərikli işləyib kafeni idarə etsin. Kafeni işlədməyə başlayanda onlardan əvvəl kafeni icarədar kafedə canlı musiqi olmasına icazə verdiyinə görə həmin kafedə Tofiq adlı müğənni işləyirmiş və özlərinin razılığı ilə Tofiq iş yerində qalmasına icazə vermişlər. Belə ki, bir müddət Tofiq kafedə işlədikdən sonra onun müştərilənlə yaxşı münasibət qurmaması, müştərilərdən oxumağına görə pul almasını görüb ona iradlarını bildirmiş və demişdir ki, kafedən çıxsın və bir daha kafedə gəlib müğnnilik etməsin. Bundan sonra Tofiq kafedə işləyən digər musiqiçilərlə söhbət edən zaman bildirib ki, əgər o kafedən çıxıb getsə kafe əxlaqsızxana olacaq və bunu eşidən Lalə Tofiqin kafe barəsində bu kimi cümlələr işlətməsini Xaliqə çatdırıb və Xaliq Tofiqi yanına çağıraraq niyə bu kimi sözlər kafe haqqında deməsini aydınlaşdıran zaman aralarında söz mübahisəsi düşmüşdür. Bu zaman o, Tofiqlə Xaliq söz mübahisəsi etdiyini görüb və Tofiqin bu kimi hərəkətlərinə qəzəblənərək arxadan ona yaxınlaşıb bir dəfə şillə ilə Tofiqin qulaq nahiyyəsindən vuraraq döydüyünü və bundan sonra Tofiqlə tutuşan zaman Tofiq ona bir dəfə zərbə endirərək kafedən çıxaraq getmişdir. Bundan sonra kafeyə Tofiqin 102 xidmətinə şikayəti əsasında polis əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar (i.v. 79-81). Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan ifadə özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən azad olunmaq üçün verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid2 məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsi ilə bağlı qeyd ki, onlar təqsirləndirilən şəxslə dostluq münasibətlərində olmaqla qeyri-səmimi ifadə verərək təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsi və ya ona daha yüngül cəza təyin edilməsinə nail olmaq məqsədilə ibtidai istintaq zamanı verdikləri ifadə ilə ziddiyyət təşkil edən hazırkı ifadələri vermişlər. Məhkəmə şahid X1 (digər ifadələrdə adı Günay kimi keçir) ifadəsində bıçağın mövcudluğu ilə bağlı xüsusata qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı istinad olunan şahidlə təqsirləndirilən şəxsin arasında münasibətlərin gərgin olmasına istinad edilməli və zərərçəkmiş şəxsin üzərində bıçaqla yetirilməsinə dəlalət edən xəsarətlər aşkarlanmadığını, eyni zamanda bıçağın mövcud olması hər hansı digər sübutlarla öz təsdiqini tapmadığından və ibtidai istintaq orqanı tərəfindən də təqsirləndirilən şəxsin hərəkətlərində AR CM-nin 221-ci və 134-cü maddəsinin tərkibi olmadığı üçün təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olaraq qəbul edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən sağlamlığına vurduğu ziyana görə ondan çəkdiyi xərcin əvəzi olaraq 3.000 (üç min) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin bundan əvvəl keçirilmiş baxış iclasında və hazırkı iclasda zərərçəkmiş şəxs iştirak etməmiş, iddia ilə bağlı məhkəməyə hər hansı əlavə sübut təqdim etməmişdir. Məhkəmə mülki iddia ərizəsini, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs onun səhhətinə dəyən ziyanın əvəzi olaraq 3.000 manat vəsait tələb etsə də dəymiş ziyana görə həmin məbləğdə xərc çəkməsini hər hansı sübutla əsaslandırmamış, çəkilmiş xərclərə dair mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı Şəhər İcra və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-80/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-80/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver