Məhkəmə qərarları › İş №1(011)-81/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-81/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-81/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Naxçıvan MR, Şərur rayonu, Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun tətbiq edilərək üzərində 04 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 11 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindən çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Həmzəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən binanın liftinə daxil olmaq istəyən 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bərabərinə çataraq sonuncunun boynunda olan dəyəri 480 manat olan boyunbağını dartıb qopardaraq açıq talayıb oradan qaçmaqla Zərərçəkmiş şəxs 480 manat məbləğində əmlakını ələ keçirərək soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində soyğunçuluq cinayəti törətdiyinə görə 2016-cı ildə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 4 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Oğurluq etdiyinə gö Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda rəsmi qaydada heç bir yerdə işləmir. 2020-ci ilin sentyabr ayının 18-də təxminən saat 14 radələrində o yaşadığı evdən çıxıb Xətai metrostansiyasının yanına getmiş, bir qədər də orada gəzişib bir nəfər tanışı ilə görüşmək istəsə də həmin şəxslə görüşə bilməmişdir. Buna görə də bir qədər Xətai metrosundan kənarda binanın yaxınlığı ilə piyada yerimiş, təxminən 12-13 yaşlarında bir uşağın binanın yaxınlığı ilə getdiyini, həminin uşağın boğazında qızıl boyunbağının olduğunu görmüşdür. Elə həmin vaxt uşağın boğazında olan boyunbağını soyğunçuluq yolu ilə ələ keçirməyi planlaşdırmış və uşağın arxası ilə gedib binaya daxil olmasını və əlverişli şərait yaranmasını gözləmişdir. Həmin uşaq binaya daxil olub liftə minmək istəyən zaman boynunda olan boyunbağını dartıb qopartmış və cəldlklə oradan qaçıb getmişdir. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra yol ilə keçən tanımadığı taski avtomobilini saxlatmış və onu Nərimanov rayonuna aparmasını istəmişdir. Beləcə taksi sürücüsü Nərimanov metrostansiyasının yanına çatan zaman onu saxlatmış və avtomobildən düşüb, həmin ərazidə yerləşən lombarda tərəf gedib qızılı satmaq istədiyini bildirmişdir. Lakin lombardda qızılın qramını 50 manata götürəcəklərini deyib qızılı satmaq üçün şəxsiyyət vəsiqəsi istəmişlər. Həmin vaxt onun üstündə şəxsiyyət vəsiqəsi olmadığından, eləcə də lombardda qızılı ucuz qiymətə götürdükləri üçün vermək istəməmiş və lombarddan çıxıb, oradan getmək istəmişdir. Bu zaman bir nəfər tanımadığı şəxs ona qızılı satıb-satmadığını soruşmuş, o, həmin şəxsə qızılı satmaq istədiyini bildirəndə, adını bilmədiyi həmin şəxs ona qızılın qramını 54 manata ala biləcəyini təklif etmişdir. Bundan sonra o razılaşmış və taladığı həmin qızılı ümumilikdə 274 manata satmışdır. Bundan sonra gəldiyi taksi avtomobili ilə yaşadığı evə gəlmiş, qızılın satışından əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Boyunbağını oğurlayan zaman ona hər hansı bir zor tətbiq etmədiyini, həmin soyğunçuluq cinayətini təkbaşına törətdiyini, bu barədə heç kəsə məlumat vermədiyini qeyd etmişdir. Daha sonra əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan cinayət nəticəsində psixi sarsıntı keçirmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi qanuni nümayəndəsinin iştirakı ilə elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Hazırda Landau adına orta məktəbin 7-ci sinfində oxuyur. 2020-ci ilin sentyabr ayının 8-də təxminən saat 16 radələrində o, dostları ilə həyətdə oynadıqdan sonra evinə getmək istəyən zaman bir nəfərin əlində ağacla ona tərəf gəldiyini görmüş, özü liftə minmək istəyən zaman həmin şəxs, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun çiynindən tutub lifti saxlamağını istəmiş, o, lifti saxlayıb həmin şəxsin də yuxarı mərtəbələrdən birinə qalxmaq istədiyini fikirləşdiyi üçün həmin şəxsin liftə minməsi üçün şərait yaratmış, Elçin adlı şəxs liftə daxil olarkən onun da yuxarı qalxıb-qalxmadığını soruşanda, həmin şəxs heç bir söz demədən bir əlində olan ağacı tutub ayağı ilə isə liftin qapısını saxlamaqla liftin hərəkət edib bağlanmasının qarşısını almışdır. Bir neçə saniyədən sonra isə həmin şəxs əlində olan ağacı tutmaq üçün ona vermiş, o, ağacı əlinə götürəndə həmin şəxs onun boğazında olan qızıl boyunbağını əli ilə dartıb qopartmış və liftdən çıxıb qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs onun boğazından qızıl sepini götürüb qaçarkən, ona qarşı heç bir fiziki güc, zorakılıq tətbiq etməmiş və ya onu hədələməmişdir. Əksinə əlində tutduğu ağacı ona saxlaması üçün verəndən sonra bir əli ilə çiyninə toxunub ona qorxmamasını dedikdən sonra boğazındakı boyunbağını götürüb qaçmışdır. Bundan sonra o, evlərinə gedib valideynlərinə olanları danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. 2020-ci ilin sentyabr ayının 23-də təxminən saat 16 radələrində o, evinə gələn zaman 2008-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs ona danışmışdır ki, yaşadıqları binanın girişindəki liftdə olarkən naməlum şəxs boynundakı boyunbağını qoparıb oradan qaçmışdır. Buna görə də o Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək naməlum şəxs tərəfindən oğluna qarşı soyğunçuluq törədilməsi barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs boğazından talanmış boyunbağının babası tərəfindən ona hədiyyə olaraq alındığını, həmin vaxt qızıl-zinət əşyasını 480 manata aldığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid2 Nürəddin oğlunun istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. ifadəsində göstərmişdir ki, özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Opel Astra” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu, S.Orucov küçəsindən keçərkən, bir nəfər şəxsin qaçaraq avtomobilini saxlatmış, avtomobili saxlayanda, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs təlaşla maşına əyləşərək onu Nərimanov rayonu istiqamətinə aparmağını istəmişdir. O, əvvəlcə həmin şəxsin təlaşla qaçmasından şübhələndiyi üçün həmin istiqamətə getmək istəmədiyini desə də, sonradan həmin şəxsin ləhçəsindən Naxçıvan MR-dan olduğunu, söhbət zamanı isə Şərur rayonundan olduğunu bilmiş, özü də Şərur rayonundan olduğu üçün onu dediyi istiqamətə aparmışdır. Həmin şəxs hətta Nərimanov metrostasiyasının yaxınlığında maşını saxlatmış, bir qədər gözləməyini deyib getmiş, gələndə isə gediş haqqı olaraq ona 10 manat pul vermiş və onu Xətai rayonu ərazisində düşürməyini istəmişdir. Həmin gün o, 37-ci PŞ-nə çağırılmış, öyrənmişdir ki, avtomobilinə əyləşən sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs soyğunçuluq edib. Ona görə də 37-ci PŞ-nin həyətində avtomobilinə baxış keçirilmiş və əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan Kriminalistik Tədqiqatlar İdarəsindən göndərilmiş xx.xx.2020ci il tarixli 011-9341-1220 saylı məktubdan görünür ki, “OPEL” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobildən götürülmüş əl-barmaq izlərinin əksləri KTİ-nin ADİS məlumat bankında yoxlanılmış və əl izlərindən 1 ədəd əl-barmaq izi xx.xx.1987-ci ildə Naxçıvan MR-da anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovcunun əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “OPEL” markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilin şüşəsindən götürülmüş əl-barmaq izlərinin əksləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və qablaşdırıldığı zərf cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Müstəqil Məhkəmə Eksperizasının” xx xxxxxxx 2020-ci il tarixli məhkəmə-psixoloji ekspertizasının 502 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, Zərərçəkmiş şəxs hadisə vaxtı ona qarşı edilən hərəkətləri qavramaqla, həmin hərərkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun tətbiq edilərək üzərində 04 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 11 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindən çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 adında azyaşlı uşağı var. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xətai rayonu 97 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs MKİS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə nisbətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, residiv nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış “Opel” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış “Opel” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsindən götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar