Məhkəmə qərarları › İş №1(011)-81/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-81/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-81/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1981-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 15 avqust 2021-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla, havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı, karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 24 avqust 2021-ci il tarixdə, saat 16 radələrində yaşayış yerini tərk edərək, “Medikal Hospital”a gedib karantin rejimini pozmaqla, xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, N.Tusi küçəsində yerləşən yaşayış binasında yaşayır. 15 avqust 2021-ci il tarixdə səhhətində narahatçılıq hiss etdiyindən və ətrafında olan insanların “Covid-19” virusuna yoluxduqlarını görərək, həkimə müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə, “Memorial” klinikasına müraciət edib, “Covid-19” testinə yoluxub- yoluxmamağı barədə yaxma testi vermişdir. 15 avqust 2021-ci il tarixdə, axşam saatlarında İTS.GOV.AZ saytından istifadəsində olan mobil telefon nömrəsinə mesaj gələrək, onun xx.xx.2021-ci il tarixdə “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxması və karantin rejimini pozduqları təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələrlə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. 24 avqust 2021-ci il tarixdə səhhətinin daha da pisləşdiyi üçün və nəfəs almağında problem yarandığı üçün, dəfələrlə Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək, yaşadığı ünvana təcili tibbi yardım briqadasının göndərilməsini xahiş etmişdir. Lakin, 103 xidmətində olan operatorlar hər dəfə ona təcili tibbi yardım briqadalarının çağırışda olduqlarını bildirmişlər. Bundan sonra o, məcbur olub həmin tarixdə, günorta saatlarında “KT” müayinəsindən keçmək üçün, yaşadığı ünvanı tərk edərək, yaşadığı evin yaxınlığında yerləşən klinikalardan birinə müraciət etmək qərarına gəlmidir. O, tibbi maskadan istifadə etməklə yaşadığı evi tərk edərək, özünə məxsus avtomobil ilə “Medikal Hospital”a getmiş və orada “KT” müayinəsindən keçərək, yenidən özünə məxsus olan avtomobil ilə yaşadığı ünvana qayıtmışdır. Hospitaldan qayıtdıqdan sonra, saat 16 radələrində Xətai Rayon Polis İdarəsinin əməkdaşları yaşadığı ünvana yaxınlaşaraq, ona “Covid-19” xəstəliyinə tutulduğu zaman, yaşayış yerini tərk etdiyini və onunla bağlı izahat yazacağını bildirmişlər. O da, yaşadığı mənzilin qarşısında həmin zaman polis əməkdaşlarına izahat vermişdir. Bundan sonra xəstəlik müddəti ərzində yaşayış yerini tərk etməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 avqust 2021-ci il tarixdə, saat 16 radələrində Xətai rayonu, N.Tusi küçəsi, ev 18, mənzil 88 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda, yaşadığı ünvanı tərk edərək, karantin rejimini pozması və virusun yayılması üçün real təhlükə yaratması barədə məlumat daxil olmuşdur. Buna görə də o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı Zakir Bəhrəmov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, N.Tusi küçəsi, ev 18 ünvanının qarşısına getmişlər. X5 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısında izahatı alınmış və izahatında Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə, saat 16 radələrində tibbi müayinə olunması üçün yaşadığı evdən çıxaraq, yaxınlıqda yerləşən “Medikal Hospital”a getdiyini etiraf etmişdir. İş üzrə digər Şahid2 vəsatətlə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, o, 6 nömrəli Şəhər Poliklinikasında həkim işləyir. Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus pandemiyası ilə əlaqədar, ərazi aidiyyəti üzrə koronavirus xəstəliyinə yoluxmuş şəxsləri qeydiyyata almışlar və mütəmadi olaraq xəstələrin səhhəti ilə maraqlanmışlar. Xətai rayonu, N.Tusi küçəsi, ev 18, mənzil 88 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs və ailəsi də koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında olmuşdur. Bu səbəbdən də, Təqsirləndirilən şəxs poliklinikada koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə sahə həkimi olduğundan, mütəmadi olaraq Fuad və ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb səhhəti ilə maraqlanıb, öz tövsiyələrini vermişdir. O, Təqsirləndirilən şəxs ilə hər dəfə əlaqə saxlayanda, nəinki Fuada tibbi tövsiyələrini, hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarına əsasən karantin nəzarətinə götürülmüş şəxslərin qarşısına qoyulmuş tələblər barədə də məlumat vermişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltması üçün ayrı otaqda qalmasını, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmasını, onunla birgə yaşayan şəxslərlə ən az bir metr məsafədə olmasını və ünsiyyət zamanı tibbi maskadan istifadə etməsini, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməsini, mənzilin daxilində mümkün qədər az hərəkət etməsini, ümumi istifadə yerlərini tez-tez havalandırmasını və özünü təcridetmə müddəti bitənə kimi yaşadığı mənzili qəti olaraq tərk etməməsini bildirmişdir. Bundan əlavə olaraq o, Fuada özünü təcridetmə müddətinin 14 gün olduğunu və yalnız bu müddət keçdikdən sonra yenidən müayinəsinin nəticəsinin neqativ çıxdığı halda, yaşadığı mənzili tərk edə biləcəyini izah etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, mobil telefonun SMS bölməsinə 15 avqust 2021-ci il tarixdə, saat 19:02-də “İTS.GOV.AZ” saytından daxil olan sms-də qeyd olunur ki, “Hörmətli Təqsirləndirilən şəxs. Sizin xx.xx.2021-ci il tarixində “Covid-19” ilə bağlı verdiyiniz testin neticesi pozitivdir. Xahiş olunur, siz ve aile üzvləriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar ve Cinayet Mecellerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz”. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Nazirlər Kabinetinin 377s nömrəli xx.xx.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən, yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X2 və X4 və Profilaktikası Mərkəzinin tövsiyələrinə əsasən, xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyyat tədbirləri 21 (iyirmi bir) günədək uzadıla bilər. “Covid-19” virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli, xx.xx.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən, ən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2 (iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər. İş materiallarından görünür ki, mobil telefonun SMS bölməsinə 22 avqust 2021-ci il tarixdə, saat 19:40-da “İTS.GOV.AZ” saytından daxil olan sms-də qeyd olunur ki, “Hörmətli Təqsirləndirilən şəxs. Sizin xx.xx.2021-ci il tarixində “Covid-19” ilə bağlı verdiyiniz testin neticesi pozitivdir. Xahiş olunur, siz ve aile üzvləriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar ve Cinayet Mecellerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz”. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasına tutulması haqqında çağırış daxil olmuşdur. Həmin vaxtdan sahə həkimi tərəfindən vətəndaş nəzarətə götürülmüş, müalicə təyin edilmiş və 14 gün müddətində evdən çıxmaması haqqında təlimat verilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 raportundan görünür ki, “Covid-19” analizinin nəticəsi müsbət olan, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanı tərk edərək, hərəkət etməsi aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyinin 18 noyabr 2021-ci il tarixli, 940 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda, onun sanitar-gigiyena qaydalarını pozmaqla, digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarından görünür ki, 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Fidan Musayeva və xx.xx.2016-cı il təvəllüdlü Leyla Musayeva adlı azyaşlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar